YUNESKO
çərçivəsində Azərbaycançılıq
təbliğatı...
Bəşəri
dəyərə malik maddi
və mənəvi irsin, abidələrin ən
böyük mühafizəçisi, himayədarı
olan YUNESKO Azərbaycana aid
olan bir neçə dəyəri
öz siyahısına daxil
edib. Azərbaycan torpağı tarixən
bəşəriyyət üçün
maraqlı olub. İstər onun yerüstü sərvətləri,
istərsə də mənəvi sərvətləri hər zaman dünya
insanının marağını özünə çəkib.
Minbir zəhmət hesabına YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat
örnəkləri dünyada Azərbaycanın
eşidilən səsidir. YUNESKO-da Azərbaycan
xalqının və Azərbaycan məmləkətinin
döyünən qəlbi olan
xalçalarımız, muğam və
aşıq sənətimiz, İçəri Şəhərimiz,
Qobustanımız bir möcüzə kimi insanların qəlbini ovsunlayır. Bu abidələrimizin hər biri
bir azərbaycançılıq nümunəsi,
milli ideologiyamıza xidmət edən məfhumlardır.
"Azərbaycanın xalçası" sənəti
2010-cu il 15-18 noyabr
tarixlərdə Keniya Respublikasının
Nayrobi şəhərində keçirilən
YUNESKO-nun Qeyri-maddi mədəni
irs üzrə Hökumətlərarası
Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə
Azərbaycan Prezidenti İlham
Əliyevin xalqımızın mədəniyyətinə
göstərdiyi yüksək qayğısı, həmçinin
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və
beynəlxalq səviyyədə təbliği məqsədilə
Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın
təşəbbüsləri və dəstəyi ilə həyata
keçirilən silsilə tədbirlər nəticəsində
mümkün olub.
Bundan əvvəl isə, muğam və aşıq sənəti, Novruz bayramı da YUNESKO-nin müvafiq
siyahısına salınıb. Muğam və
aşıq sənəti artıq milli
maraqlarımızı, azərbaycançılığımızı
özündə yaşatmaqla
yanaşı, həm də bəşəri məqsədlərə
xidmət edir. Xalçalarımız illər
əvvəl bəzi dünya ölkələrində
İran, Qafqaz
xalçaları kimi təqdim edilirdisə,
bu gün Azərbaycan
xalçaları kimi tanınır.
Məlumdur ki, ölkəmiz 1992-ci ilin iyunundan YUNESKO-ya üzv qəbul olunub. 1996-cı ildə isə YUNESKO ilə Azərbaycan
arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə
bu nüfuzlu təşkilatı
ilə əlaqələrimiz genişlənməkdədir.
2004-cü il avqustun
13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf
etdirilməsi sahəsində yorulmaz səylərinə
görə Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
YUNESKO-nun xoşməramlı səfiri
adına layiq görülüb.
Məhz bundan sonra bu təşkilatla Azərbaycan arasında əlaqələr
daha da inkişaf
etməyə başlayıb.
Ekspertlər bildirir ki,
YUNESKO bəşəri dəyərlərin dünyada
qorunması, onların gələcək nəsillərə
çatdırılması istiqamətində ardıcıl iş aparır. Azərbaycanın
da qeyri-maddi mədəniyyət
nümunələri bu təşkilatın
diqqətini çəkib və milli-mənəvi dəyərlərimizdən
olan muğam sənəti,
Novruz bayramı, aşıq və xalça sənəti bu
təşkilatın qeyri-maddi mədəni
irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi böyük
hadisə sayılmalıdır. Xalqımızın
yaratdığı sənət incilərinin YUNESKO-nun
xəttilə təbliğ edilməsi bir xalq kimi bizə ancaq müsbət imic
qazandırır.
Məlumat üçün
bildirək ki, Mehriban
xanım Əliyevanın Azərbaycanın qeyri-maddi
mədəni irs nümunələrinin
qorunması və YUNESKO - Azərbaycan əlaqələrinin
inkişafı naminə göstərdiyi xidmətlər nəticəsində
ölkəmiz qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitəyə üzv seçilib. Bundan sonra həmin sahədə əlaqələr daha da möhkəmlənib.
Onu da
yadınıza salaq ki,
Azərbaycan muğam sənəti
2003-cü ildə YUNESKO-nun qeyri-maddi mədəni irsin
qorunması üzrə reprezentativ
siyahısına daxil edildi.
Bundan sonra muğam sənətimizə
diqqət və qayğı daha da artmağa
başladı. Xüsusilə Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
Heydər Əliyev Fondu tərəfindən
muğam sənətimizin qorunması və
inkişafı ilə bağlı bir
sıra uğurlu tədbirlərin həyata
keçirilməsi bu sahədə böyük canlanmaya səbəb
oldu. Bakıda Beynəlxalq Muğam
Mərkəzi tikildi. Bu
sahədəki uğurlardan danışarkən
Azərbaycan muğam antologiyasının,
Qarabağ xanəndələri albomunun hazırlanmasını, Azərbaycanda keçirilən
beynəlxalq muğam müsabiqələrini
və s. misal göstərmək
olar.
İndi xalqımızın milli-mənəvi
sərvəti olan muğamlarımız
dünyanın əksər ölkələrində səslənir
və böyük maraqla
qarşılanır.
YUNESKO və Azərbaycan əlaqələrini
araşdıran mütəxəssislər deyir
ki, qloballaşma şəraitində
aparılan bu işlər milli-mənəvi
dəyərlərin dünyaya
inteqrasiyasına geniş yol
açır: "Belə bir
şəraitdə Mehriban xanım tərəfindən
aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irsin
qorunması üzrə reprezentativ
siyahısına daxil edilməsi muğam sənətinin dünyanın mədəni
irs siyahısına daxil
edilməsindən sonra yeni
bir uğurun
yaranmasına gətirib çıxardı. Bu,
milli irsimizin dünyəviliyini,
bəşəriliyini, ona irqindən,
dinindən asılı olmayaraq, bütün millətlərin maraq
göstərməsini təsdiqlədi. Aşıq sənətinə
qarşı yaranmış soyuq münasibəti
xeyli mülayimləşdirdi. Azərbaycan
xalq yaradıcılığının dünyada işıqlandırılmasına zəmin
yarandı və bu irsin
bəşəriliyini ifadə edən amil
kimi ortaya qoyulması
ilə səciyyələndi. Tezliklə aşıq sənətimiz
dünyada tanıdılmağa
başlandı, Parisin Luvr
Muzeyində və Strasburq şəhərində
Azərbaycan aşıqları konsert
proqramları ilə çıxış etdilər. Beynəlxalq
çərçivədə qəbul edilən Azərbaycanın
milli-mənəvi dəyərləri, sözün
əsl mənasında, dünyanı təəccübləndirmək
iqtidarındadır. YUNESKO-nun Qeyri-Maddi-Mədəni İrsin
Qorunması üzrə Komitəsinin Abu-Dabi
şəhərində keçirilən 4-cü sessiyasında
qurumun yekun qərarına
əsasən Azərbaycanın aşıq sənəti ilə
yanaşı, Novruz bayramı da YUNESKO-nun qeyri-maddi-mədəni
irs siyahısına salındı. Novruz bayramının bir
sıra dövlətlərdə qeyd
edildiyi nəzərə alınaraq təşkilatın
tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi-mədəni
irs nümunəsi kimi
YUNESKO-ya təqdim olunmuşdu".
Muğam və aşıq sənətinin, Novruz
bayramının YUNESKO-nun bəşəriyyətin
qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil
edilməsindən sonra diqqət Azərbaycan
xalçasının möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi. Beləliklə,
yuxarıda qeyd etdiyimiz
kimi, 2010-cu ildə Azərbaycan mədəniyyətində
önəmli hadisələrdən biri -
xalçaçılıq sənətimizin YUNESKO-nun
bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ
siyahısına daxil edilməsi hadisəsi
baş verdi.
Sənətşünas Mehparə Sultanova
YUNESKO-da qeyri-maddi irs siyahısına salınan dəyərlərimizin
azərbaycançılıq ideologiyasının təbliğindəki
roluna toxunaraq yazır
ki, onların oynadığı rolun əhəmiyyəti böyükdür.
Ekspert xalça sənətinin
YUNESKO-dakı yerini dəyərləndirərək
yazır ki, o, Azərbaycanın
inkişaf mərhələsində olduğunu ifadə edir:
"Azərbaycan xalça sənətinin
qorunması və inkişaf etdirilməsi
haqqında" Qanunun qəbul edilməsi,
Prezident İlham Əliyevin
sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa
edilməsi bu qədim el
sənətinə dövlət qayğısının ifadəsidir.
Məlumdur ki, hər bir
xalq dünya mədəniyyətini
öz töhfələri ilə zənginləşdirir
və bütün bunlar
bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət
ümumbəşəri əhəmiyyət kəsb edir. Xalqımızın milli
sərvətlərindən, eyni zamanda, ümumbəşəri mahiyyətli mədəni
dəyərlərdən biri də Azərbaycan
xalçasıdır.
Azərbaycan xalça sənətinin
yaranması və inkişafı milli mədəniyyətimizin
ayrılmaz tərkib hissəsidir. Tədqiqatlar göstərir ki, Azərbaycan xalça
sənəti tunc dövründən başlayaraq inkişaf edib, daha da
zənginləşərək bu
günümüzə gəlib çatıb. Bəlkə də
bu sənətin yaşı elə
xalqımızın yaşına bərabərdir. Doğma torpağımızın rəngarəng
boyaqların hazırlanmasına imkan verən
zəngin bitki aləmi və zərif yunu xalça sənətinin
yaranmasına və inkişafına şərait yaradıb.
Ölkə ərazisində aparılan arxeoloji
qazıntılar və yazılı mənbələrə
görə, Azərbaycanda xalça toxuculuğu tunc
dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Qeyd edək
ki, hər bir xalça ölkənin təbiətini, tarixini və həyat tərzini əks etdirir. Tarixi mənbələrə
görə, Azərbaycan orta əsrlər
dövründə Şərqdə xovlu və
xovsuz xalçaların istehsalına
görə mühüm mərkəzlərdən
biri olub. Qədim sənət
nümunəsi kimi Azərbaycan
xalçaları bütün dünyada məşhurdur. Tədqiqatlar
göstərir ki, Azərbaycanın
şimal-şərq hissəsi VI-VII əsrlərdə yüksək
keyfiyyətli xalça istehsalına
görə mərkəz rolunu oynayıb. Orta əsrlərdən başlayaraq
Azərbaycan xalçaları bütün
dünyada ticarət vasitəsi olub. Ölkədə müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça
növləri yaranıb.
İpək yolu üzərində olan dövlətlərdə xalça
sənəti mövcuddur. Amma
bütün ölkələrdə istehsal olunan xalçalardan Azərbaycan xalçası qiymətli
və zəngindir".
Xalçaçı rəssam Eldar
Mikayılzadə də xalçalarımızın,
aşıq və muğam sənətimizin,
Novruz bayramımızın, habelə Qobustan və İçəri Şəhərimizin
YUNESKO-da azərbaycançılığı
təmsil etdiyini deyib.
Bundan başqa, xalçaçı rəssam bildirib ki, müasir
dünya informasiya
dünyasıdır və bir ölkənin
mədəni-mənəvi həyatı haqqında informasiya nə qədər çox
olsa, onun əməyinin
nəticələri daha yüksək olar, daha çox
tanınar: "Qloballaşan dünyada informasiya bolluğu xalqın tanınması deməkdir.
Bu baxımdan Azərbaycan istər neft, istər muğam, istərsə
də xalçası ilə nə qədər çox tanınsa, onun mövqeyi bir o qədər möhkəmlənmiş olar.
Xalça sənətimizin YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısına daxil edilməsi həm də dünya
muzeylərində xalçalarımızın "fars", "Qafqaz" və
"erməni" adı altında təqdimatının
qarşısını alan faktora çevriləcək". İranda xalçaların 80%-nin Azərbaycan
xalçası olduğunu dilə gətirən
mütəxəssis xalçalarımızın siyahıya gec düşməsindən təəssüfləndiyini
də dilə gətirdi: "Xalçalarımız dünyada nə qədər tez
tanınsaydı, onlara fars,
erməni xalçası deməzdilər. Amma
nəzərə almalıyıq ki, dünyada öz peşəkar
toxunuşu ilə tanınan qədim Orta Asiya
xalçalarından əvvəl Azərbaycan
xalçalarının bu siyahıya daxil edilməsi çox böyük hadisədir. Bu
heç də təsadüfi deyil və qədim kökə əsaslanır.
İran xalçalarından fərqli olaraq Azərbaycan xalçası şifahi xalq ədəbiyyatı
ilə çox sıx bağlıdır.
Bizim xalçalarımız nənələrimizin,
babalarımızın dilində olan
bayatılarla, şeirlər və qoşmalarla
uyğunlaşdırılıb nəsildən-nəslə
keçərdi. Bu, şifahi
xalq ədəbiyyatı ilə çox bağlı olduğuna
görə, bizim nənələrimizin toxuduğu əl işləri maddi
ehtiyacdan deyil, daha çox mənəvi ruhundan gəlmədir. Bu da əsas verdi ki, məhz Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin
reprezentativ siyahısına daxil edilsin. Mən özüm İstanbulda fərdi
sərgimdə müsahibə verərkən belə bir fikir söylədim:
"Xalça azərbaycanlıların ana dilidir. Hər xalq bir sənət növü vasitəsilə dünya
ilə danışıb. Azərbaycan xalqı da
danışıq dilini xalçada
tapıb".
Heydər Əliyev Fondunun rəhbəri
Mehriban Əliyeva YUNESKO tədbirlərindən
birində çıxış edərkən mədəniyyətimizin
həm milli, həm də bəşəri
mahiyyət daşıdığını vurğulayıb. Bununla belə, xanım Əliyeva deyib ki, milli
mədəniyyətimiz Azərbaycan xalqının və
dövlətinin varlığıdır: "... Əlbəttə,
bizim əsas varlığımız mədəni
irsimizdir. Azərbaycanın qədim xalçaçılıq
məktəbi, nadir miniatürləri, ədəbiyyatı
və poeziyası, musiqisi, rəqsləri,
təsviri sənəti, memarlıq abidələri var".
Azərbaycan və azərbaycançılıq
ideologiyasının ana xəttini təşkil
edən muğam, aşıq sənəti
və xalçalar YUNESKO-nun
qoruduğu, məmləkətimizin
adına təbliğ etdiyi sərvətlərimizdir.
YUNESKO-dakı digər sərvətlərlə
bağlı mövzunu davam
etdirəcəyik.
İradə SARIYEVA
Bakı
xəbər.- 2012.- 18 sentyabr.- S. 15.