Milli operalarımızda Azərbaycançılıq
elementləri...
Mədəniyyət
xalqların milli birliyinə, vahid ideologiya ətrafında birləşməsinə
səbəb olan amillərdən biridir. Mədəniyyət cəhətdən
kasıb olan xalqların nə milli ideologiyası, nə də
milli düşüncə tərzi olur. Onlar kim
olduqlarını, hardan gəlib hara getdiklərini heç
zaman anlaya bilmir. Çünki tarix göstərir ki, hər
bir xalqı tarixdə var edən onun mədəniyyəti, ana
dilidir.
Azərbaycançılıq
ideologiyası - bu məbədin təməlini
qoyanlar, onu qurub möhtəşəm edən şəxsiyyətlər
çox olub. Dahi Üzeyir Hacıbəyov
da həyatı boyu bu ideologiyaya, milli məfkurəyə xidmət edib. O, düşüncə, əqidə
baxımından azərbaycançı olmasaydı,
xalqımızın tarixində böyük
mədəni inqilab sayılan bir sıra sənət hadisələrinin
müəllifi ola bilməzdi. Azərbaycan xalqı Şərqdə mədəniyyətin
inkişafı baxımından hər zaman
öndə gedən ölkə olub, bu gün də o missiyanı layiqincə yerinə yetirir. Şərqdə ilk
dramaturgiya hadisəsi, opera
və operetta janrlarının doğuluşu bizim ana Vətənimizdə-Azərbaycanda baş verdi. Azərbaycanın həyatı ilə, Azərbaycan
insanının taleyilə, mənəvi aləmilə, milli düşüncə tərzilə səsləşən
sənət əsərləri yarandı. Milli
operalarımızın meydana gəlməsi,
səhnə ömrü yaşaması əsl
tarixi hadisə kimi yaddaşlara köçdü.
Azərbaycanda milli operaları təpədən-dırnağa qədər azərbaycançılıq
ideologiyasına bağlı olan, ona xidmət edən Üzeyir
Hacıbəyov yaratdı. Milli
operamızın doğuluşu Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-də tamaşaya qoyulan "Leyli və Məcnun" operasından
başlandı. Musiqişünaslar bildirir ki, bolşevizm
işğalına qədərki dövrdə Zülfüqar
Hacıbəyovun "Aşıq Qərib" (1916, Müslüm Maqomayevin
"Şah İsmayıl" (1919)
operaları tamaşaya qoyulub.
Akademik Opera və Balet
Teatrının repertuarında ənənəvi klassik opera formasında
1927-ci ildə Qlier tərəfindən
yazılan "Şahsənəm", 1935-ci ildə Müslüm Maqomayevin
yazdığı "Nərgiz" və Üzeyir
Hacıbəyovun 1937-ci ildə əsl sənət hadisəsinə
çevirdiyi "Koroğlu"
operaları mühüm yer
tutdu. "Koroğlu"
operasının azərbaycançılıq ideologiyasına
xidmət etdiyi şübhəsizdir.
Xalqın yaratdığı "Koroğlu"qəhrəmanlıq
dastanının motivləri əsasında yaranan
"Koroğlu" operası azərbaycançılıq
ideologiyasının, milli hissiyyatın Stalin represiyası dövründə belə,
Azərbaycan xalqının ruhuna hakim kəsildiyini təsdiqləyir.
Opera və balet sənətinə nəzər
saldıqda görürsən ki, burada nə qədər məfkurəçiliyə,
milli ruha xidmət edən
mövzular və səhnə əsərləri
var. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin
ilk milli Azərbaycan baleti olan "Qız
qalası", 1945-ci ildə Qara Qarayev və Cövdət Hacıyevin
"Vətən", 1942-ci ildə Niyazinin
"Xosrov və Şirin",
1948-ci ildə Əfrasiyab Bədəlbəylinin "Nizami" operaları tamaşaya
qoyuldu.
Ötən əsrin 50-ci illərində isə Opera və Balet
Teatrının repertuarı "Sevil"
(1953, F.Əmirov), "Azad" (1957, C.Cahangirov) və s. əsərlərlə
zənginləşdi. "Gülşən"
(1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev),
"Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev),
"Məhəbbət əfsanəsi" (1962, A.Məlikov)
baletləri tamaşaya qoyuldu.
Bu opera əsərlərinin
hər birinin kökündə millilik, Azərbaycan xalqına, torpağına
böyük sevgi dururdu. Mayası milli
olan və azərbaycançılıq
ideologiyasına xidmət edən bu opera və balet əsərləri
sovet dövründə insanların milli düşüncəyə sahib olması yönündə böyük işlər gördü.
Xalq musiqisindən, folklordan
bəhrələnən bu səhnə əsərləri
azərbaycançılıq ideologiyasına bir töhfə idi. Təbii,
sovet dövründə heç
bir müəllif bu əsərlərin
milli yöndə
yazıldığını dilə gətirmirdi, heç gətirməzdi də. Amma bu əsərlərin alt qatına varanlar orada açıq-aşkar Azərbaycançılıq
izlərini görürdü.
Müstəqillik dövründə bu
musiqi əsərlərinin təhlili,
onların Azərbaycançılıq ideologiyasının
yayılmasında rolu
araşdırılır, bu sənət
numunələrinin bu sahədə müstəsna
xidmətləri qeyd edilir.
Azərbaycan milli musiqi
mədəniyyətinin dünyada
şöhrət qazanan mənəvi xəzinə
olduğunu yazan
musiqişünasların bildirdiyinə görə, onlar azərbaycançılıq
ideyalarını da özündə təcəssüm
etdirir. Azərbaycan milli musiqi mədəniyyətinin
professional və xalq
musiqisindən ibarət olduğunu
xatırladan musiqişünaslar Azərbaycanın
mərhum prezidenti Heydər Əliyevin azərbaycançılıq
ideyalarının təcəssümü olan
milli musiqi mədəniyyətimiz
haqqında bu sahənin təmsilçilərinə
dediklərini yada salır: "...Azərbaycan
xalqının musiqi irsi
zəngindir. Biz folklor
musiqisini, əsrlər və minilliklər
ərzində xalq tərəfindən
yaradılıb nəsildən-nəslə yadigar
verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın
keçmişdə, əsrin əvvəlində yaradılan, lakin tarixən qısa müddət ərzində
böyük, şanlı yol
keçərək, indi müasir
professional sənətin ən yüksək
səviyyəsində duran professional
musiqini də nəzərdə tuturuq. Sizin
yaradıcılıq fəaliyyətiniz, bax,
bu bünövrəyə əsaslanmalı,
bu təməl üzərində
qurulmalıdır, siz bu
zəngin materialdan geniş
istifadə etməlisiniz".
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun
fikrincə, milli musiqi
mədəniyyətimiz azərbaycançılığı
bədii obrazlı, melodik şəkildə
ifadə edir. Bununla
yanaşı, o yazır ki,
milli operalarımız azərbaycançılıq
ideologiyasına xidmət edən Üzeyir
bəyin millətin mədəniyyətinə verdiyi
qiymətli hədiyyədir: "Azərbaycanda
operanın yaranması peşəkar musiqi
sənətinin digər janrlarının inkişafı ilə
hazırlanıb və öz-özlüyündə Azərbaycan
musiqisinin inkişafında yeni
və mühüm
sıçrayış, yeni musiqi yaradıcılığının şifahi vərdişlərindən musiqi mədəniyyətinin müasir
formasına keçid olub.
Eyni zamanda, operanın
Azərbaycanda yaranması tamamilə qanunauyğun
haldır. Təbiidir ki, musiqi
sənətinin ən mürəkkəb janrı olan opera Azərbaycanda klassik operanın ənənəvi
formalarında yarana bilməzdi. İlk Azərbaycan operaları
öz-özlüyündə musiqi sənətinin
qeyri-adi janrında yaranmışdı - bunlar muğam operaları idi. Bu operaların musiqi materialının əsasını əsrlər
boyunca Azərbaycan folklor
yaradıcılığında yaşayan
xalq vokal-instrumental poemalar, daha doğrusu, muğamlar təşkil
edirdi".
Alimin sözlərinə görə,
bolşevik işğalından əvvəl
yaranan "Şah
İsmayıl" operası həm dövlətçilik
ideyalarına, həm də milli məfkurəyə
bağlı əsər olub. Elə bu dövrdə ərsəyə gələn
"Aşıq Qərib" operası, "Əlli yaşında
cavan", "Evliykən subay"
musiqili komediyaları milli
sənət nümunələri kimi diqqəti
cəlb edirdi.
Daha sonra V.Ömərov
yazır ki, ilk Azərbaycan
operaları və musiqi komediyaları mühüm tarixi rol oynayıb: "Onlar Azərbaycanda peşəkar musiqi sənətinin digər janrlarının
yaranması üçün möhkəm
təməl olub, milli
musiqi teatrını yaradıb və onun inkişafına yol
açıb, həmçinin, opera
ifaçılığı məktəbinin təşkilinə
kömək edib. Böyük
Azərbaycan bəstəkarı Fikrət Əmirov Azərbaycan
milli operaları və onlarda
öz əksini tapan
azərbaycançılıq ideyaları haqqında deyib: "Azərbaycan operaları arasında Üzeyir Hacıbəyovun "Koroğlu"
və Müslüm Maqomayevin
"Nərgiz" əsərləri xüsusi
yer tutur. Bu bəstəkarlar birinci olaraq operamızın səhnəsinə yeni qəhrəmanlar gətirdilər və Azərbaycan
opera sənətində inqilabi
xalq mövzusunu təsbit
etdilər. Qəhrəmanlıq pafosu ilə
dolu olan, yüksək vətənpərvərlik ruhunda bəstələnən "Koroğlu" operamızın şah
əsəri kimi şöhrət
qazandı. 1940-cı ilə qədər Azərbaycan teatrı
səhnəsində professional milli balet əsərləri
yox idi. Əfrasiyab Bədəlbəylinin
ilk milli baleti - "Qız qalası" üzərində
teatrımızın bütün
yaradıcılıq kollektivi böyük həvəs və ruh
yüksəkliyi ilə çalışdı, teatrın geniş yaradıcılıq imkanları aşkara çıxdı. Bundan
sonrakı illərdə bir-birinin
ardınca milli baletlərimiz yarandı. Qara Qarayevin "Yeddi gözəl", Soltan
Hacıbəyovun "Gülşən" və başqa əsərləri meydana
gəldi. Xalqın həyatını daha əhatəli
musiqi lövhələrində təsvir
etmək üçün opera
bəstəkara geniş imkanlar
verir. Məsələn, dahi
sənətkar Üzeyirin "Koroğlu"su
xalqımızın qəhrəmanlıq tarixini
gözəl musiqi dili
ilə danışmağın ən yaxşı nümunəsidir.
Bu əsər xalqın müəyyən
dövrdəki mübarizəsinin, duyğu
və düşüncələrinin musiqi
ensiklopediyasıdır. Opera müəllifdən
həm də fədakarlıq gözləyir. Hər yeni yazılan əsərin mütləq
müvəffəqiyyət qazanacağına ümid
etmək çətin olsa da,
bu, sənətkarı ilhamlı əməkdən,
yaradıcılıqdan çəkindirməməlidir".
V.Ömərov yazır ki, Azərbaycan
və Zaqafqaziyanın musiqi həyatında
əvəzsiz rol oynayan
qədim Azərbaycan şəhəri Şuşa
böyük bir konservatoriya rolunda
çıxış edib: " Bunu bizim düşmənlərimiz
də etiraf edir.
"Azərbaycan şəhəri Şuşa
çoxdan bəri Şərq musiqi mədəniyyətinin böyük
mərkəzlərindən biri kimi məşhurdur. Zaqafqaziya
xalqlarının musiqi sənətinin
inkişafında Şuşa xüsusi rol oynayıb.
Şuşanın əhəmiyyəti haqqında erməni
musiqişünası V.Korqanov yazıb:
"Poeziyanın, musiqinin və nəğmənin
bəxtiyar vətəni olan Şuşa Zaqafqaziyanı musiqiçilər və
müğənnilərlə təmin edir.
O bütün Zaqafqaziyaya
hər mövsüm, hətta hər ay üçün yeni mahnılar, yeni havalar yaratmaqla onun üçün
konservatoriyanın işini görür".
Sənətşünas Elmira Abasova isə milli opera sənətinin milli
ideyaların tərənnümündə rol
oynadığını qeyd edir: "Üzeyir
Hacıbəyovun əzəmətli xalq qəhrəmanlığı
operası "Koroğlu" xüsusi əhəmiyyət kəsb edir. Milli musiqi
teatrının klassik nümunəsi olan bu əsər Azərbaycan
musiqisinin mürəkkəb yol keçmiş tarixi inkişafının gözəl
barıdır. "Koroğlu"
operası dünya musiqi
mədəniyyətinin ən gözəl incilərindən biridir. Bəstəkar doğma
xalqının folkloru üçün
ən səciyyəvi nə varsa,
hamısını öz əsərinin
canına hopdurub, dünya
musiqisinin yaşamağa
qabil ənənələrindən
yaradıcılıqla istifadə edib. Süjeti qədim tarixdən
götürülsə də, Üzeyir
Hacıbəyov öz ölməz
operasını bu günün
canlı nəfəsi ilə yaşadıb".
V.Ömərov yazır ki, azərbaycançılıq
ideyalarını tərənnüm edən milli
musiqi mədəniyyətini, o cümlədən, milli opera sənətini Heydər Əliyev yüksək
dəyərləndirirdi: "Ulu
Öndərin layiqli siyasi
varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
milli musiqi mədəniyyətimizdə,
xüsusən, ölməz Üzeyir bəyin
"Koroğlu" operasında milli-mənəvi
dəyərlərə yüksək qiymət verərək bildirib: "İyirmi il ərzində ölkəmiz böyük
və şərəfli yol keçmişdir, bütün
sahələrdə böyük uğurlara imza
atmışdır. Uğurlarımızın təməlində
məhz milli-mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə
güclü mövqelərə malik olmaq olar,
- halbuki bunun üçün də çox
çalışmaq lazımdır, - ancaq
milli-mənəvi dəyərlər olmadan
heç bir ölkə,
heç bir xalq inkişaf edə bilməz.
Bizim üstünlüyümüz
ondan ibarətdir ki, gənc
və güclü dövlətimiz
möhkəm təməl üzərində qurulub.
Çoxəsrlik tarix, mədəniyyət
üzərində qurulub. Milli-mənəvi
dəyərlər bizim üçün
ən vacib məsələdir. Biz, təbii ki, ümumbəşəri
dəyərləri bölüşürük.
Ancaq bizim üçün başlıca dəyərlər
öz milli Azərbaycan
dəyərlərimizdir".
Musiqişünas Səadət
İsfəndiyarovanın sözlərinə görə də,
milli operalarımız azərbaycançılıq
ideologiyasına xidmət edir. S.İsfəndiyarovanın
bildirdiyinə görə, son illər yaranan "Xan qızı
Natəvan" operası da azərbaycançılığa
xidmət edir. Mərhum xalq
artisti, professor-bəstəkar Vasif Adıgözəlovun yaratdığı bu operanın xalqımızın dövlətçilik,
mədəniyyət tarixində xüsusi yeri var: "Bizim qeyri-milli ruhda yazılan operamız, operettamız, baletimiz yoxdur. Nə yazılıbsa,
hamısı milli ruhu
əks etdirir. Azərbaycan xalqının
düşüncəsini, qəhrəmanlığını,
mənəviyyatını canlandırır bu
nümunələr. "Xan qızı
Natəvan" operası Qarabağ
Xanlığının nümayəndəsi xan
qızı Xurşudbanu Natəvanın həyatından,
Qarabağdan, milli
birliyimizdən, torpaq uğrunda
mücadiləmizdən bəhs edir. Milli ruhda yazılıb. Azərbaycançılıq
ideologiyasına bağlı bir səhnə
əsəridir"...
İradə SARIYEVA
Bakı xəbər.- 2012.- 19 sentyabr. - S.15.