Xaricdəki mədəniyyət mərkəzləri azərbaycançılıq ideologiyasının daşıyıcısı kimi

 

Azərbaycan mədəniyyəti tarixən Şərq mədəniyyətinin gözü sayılıb. Təsadüfi deyil ki, dünyanı heyrətə salan bir sıra mədəniyyət-incəsənət nümunələri Azərbaycan torpağında yaranıb. Xoşbəxt xalqıq bu baxımdan. Azərbaycan mədəniyyəti onun minillərlə yaşı olan xalçaçılıq, tikmə, toxuma sənətində, şəbəkələrdə, quramalarda, butalarda, milli musiqisində, sazında, balabanında, tütəyində, neyində, tarında, kamançasında, qavalında əks olunub.

   Misgərlik, dulusçuluq, oyma, döymə, dəmirçilik və s. xalq sənəti örnəklərində özünü büruzə verib. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız bəşəriyyətə çox hədiyyələr verib. Azərbaycan mədəniyyəti tarixən əcnəbiləri cəzb edib, onları sehrinə salaraq özünə məftun edib. Azərbaycan dövləti ərazisində qurulan dövlətlər, xanlıq və sultanlıqlar dövründə də, Azərbaycan Xalq Cumhuriyyəti zamanında da, Sovet illərində də, bugünkü müstəqillik çağında da mədəniyyətimiz dövlətimizin maraq dairəsində olub. Müstəqil Azərbaycanın isə hazırda konkret mədəniyyət siyasəti mövcuddur. Mədəniyyət konsepsiyamızın əsasında dövlətə və dövlət müstəqilliyimizə söykənən, milli maraqlarımızı, mədəniyyət ənənələrimizi yaşadan və təbliğ edən bir ideya dayanır. Əsas məsələ isə mədəniyyətimizin azərbaycançılıq ideologiyasının tərkib hissəsi olmasıdır. Mədəniyyətimiz milli ideologiyamızın əsaslarından birini təşkil edir. Azərbaycan dövlətinin mədəniyyət siyasətinə daxil olan məqamlardan biri milli mədəniyyətimizin başqa ölkələrdə də təbliğ edilməsi, tanıdılması ilə bağlıdır. Azərbaycan xalqı sülhə, dostluğa, mədəni əlaqələrə, qarşılıqlı ünsiyyətə açıq ürəkli xalqdır. Əsas dostlarımızı da mədəniyyətimiz qazandırıb bizə. Mədəniyyətimiz azərbaycançılıq ideologiyasına bir də xaricdə açılan mədəniyyət mərkəzlərinin gördüyü işlərlə xidmət edir.

   İyirmi ilə yaxındır ki, davamlı olaraq xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzləri, Mədəni Əlaqələr Dərnəkləri açılır. Onlardan bəhs etməzdən öncə, yadınıza bu ilin sentyabr ayında Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimini salmaq istəyirik. Bir neçə gün əvvəl baş verən bu tarixi mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısı və xanımı mərkəzdə yaradılan şəraitlə tanış olub. Onlara məlumat verilib ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir: " Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq". Bu fikirlər mətbuatda mərasimlə bağlı yer alan rəsmi məlumatdan götürülüb. Məlum olduğu kimi, mərkəzin binası 1904-cü ildə inşa olunan tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.

   Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırıb.

   Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir.

   Məlumat üçün bildirək ki, Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalçaxalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixikeçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.

   Məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir. Mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu, həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.

   Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.

   Göründüyü kimi, Parisdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi bir azərbaycançılıq məbədidir. Burada Azərbaycan xalqının həyatına, məişətinə, keçmişmüasir aləminə aid olan bütün nümunələr var. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, xalçaçılığının, təsviri incəsənətinin, mətbəxinin, musiqisinin cəmləşdiyi Mədəniyyət Mərkəzi azərbaycançılıq ideologiyasının təbliğində böyük rola malikdir. Xaricdə oxuyan, Fransada yaşayan soydaşlarımız bu mərkəzə baş çəkdikcə tariximizlə, mədəniyyətimizlə maraqlanacaq, böyük bir xalqın bir parçası olduqları ilə fəxr edəcək. Azərbaycançılıq sevgisinin, bu ideologiyaya xidmətin güclənməsinə dəstək verən Mədəniyyət Mərkəzinin açılması təqdirəlayiqdir. Öz xalqının tarixini gəlib bu mərkəzdə öyrənəcək azərbaycanlılar. Elə ailələr var ki, onlar 100 ildir ki, Fransada yaşayır. Onların davamçıları mədəniyyətimizdən xəbərsizdir. Bu mərkəz o ailələrin davamçıları üçün bir azərbaycançılıq məktəbi olacaq. Azərbaycanla bağlı kitablar, muğam otağı, xalçaların sərgisi azərbaycançılıq sevgisini təbliğ etmirmi?

   Azərbaycandan kənarda Milli Mədəniyyət Mərkəzləri hələ keçən əsrin 90-cı illərinin sonlarından yaranmağa başlayıb. Bu dövrdə o mədəniyyət mərkəzlərinin fəaliyyəti zəif olsa da, sonralar Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyilə o təşkilatların bir çoxu yenidən quruldu, bəzilərinin isə fəaliyyəti gücləndirildi.

   2008-ci il noyabrın 12-də Özbəkistanın Zərövşən vilayətində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Özbəkistanda açılan bu mədəniyyət mərkəzi Azərbaycan və özbək xalqının dostluq münasibətlərinin möhkəmləndirilməsinə, qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsinə xidmət edib. Bu mərkəz də illərdir ki, bir Azərbaycan evi kimi soydaşlarımızı öz ətrafına toplayır. Azərbaycan mədəniyyətini təbliğ edən mərkəz musiqimizi, mədəniyyətimizi təbliğ etməklə azərbaycançılıq ideologiyasını təbliğ edir, yayır.

   2000-ci illərdən sonra xaricdə Azərbaycan Mədəniyyət-Tədris mərkəzlərinin sayı durmadan artmağa başlayıb. Mərkəzlərdə azərbaycan dili, mədəniyyəti, məlumata görə, universitet tərəfindən xaricdə aparılan işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır. Bu məsələdə Azərbaycanın bəzi ali məktəbləri dövlətin məlum siyasətinə dəstək verir. Respublikamızda ilk dəfə Azərbaycanşünaslıq ixtisası açılan Bakı Slavyan Universiteti müxtəlif ölkələrin ali təhsil ocaqlarında Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək məqsədilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin, eləcə də azərbaycanşünaslıq ixtisası üzrə kadr hazırlığı istiqamətində geniş fəaliyyət sahəsinə malikdir. Bunun ən bariz nümunəsi kimi 2009-cu ilin aprel ayında Rusiyanın nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət Linqvistik Universitetində və 2010-cu ilin dekabr ayında isə Belarusun M.Tank adına Minsk Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılmasını göstərə bilərik. Mərkəzin fəaliyyətində tədris və mədəniyyət, ümumilikdə azərbaycanşünaslıq təbliğ olunur. Dünyanın bir çox ölkələrinin nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini getdikcə genişləndirir. Artıq Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzi açılıb. Mərkəzin açılış mərasiminə BSU-nun nümayəndə heyəti də qatılıb. Mərkəzin açılışının Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf etməsi xüsusi əlamətdar hadisə kimi qeyd oluna bilər.

   Qeyd edək ki, BSU-da 2001-ci ilin oktyabrından Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təsis edilən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mərkəz iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsində xüsusi rola malikdir. Qeyd edək ki, həm xarici dövlətlərdə açılan, həm də onların ali məktəblərində fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzləri azərbaycançılıq ideologiyasının daha geniş səviyyədə yayılmasına xidmət edir.

   Azərbaycan dövlətinin böyük qayğı və diqqət göstərdiyi Gürcüstanda yaşayan soydaşlarımız Heydər Əliyev Fondunun da köməyini öz üzərində hiss edir. Belə ki, Gürcüstanda yaranan Azərbaycan Mədəniyyət Mərkəzlərinin bir çoxu H.Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Fond tərəfindən Rustavi şəhərində yeni istifadəyə verilən Azərbaycan Mədəniyyət Mərkəzinə kompyuter avadanlıqlar təqdim olunub. Yeri gəlmişkən, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi azərbaycanlıların mədəniyyətinin qorunması, inkişafı, təbliği, təhsil sahəsində ciddi işlər aparır. Gənclərdən ibarət çox gözəl kollektiv formalaşıb və onlar qısa zaman ərzində xeyli vacib layihələr həyata keçirib. Məsələn, bir-iki il əvvələ qədər Gürcüstanda Azərbaycan rəqsini, musiqi mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ edən bir qrup yox idi. Fondun dəstəyilə Mədəniyyət Mərkəzi bu sahədə ciddi işlər görüb. "Sarvan" adlı gözəl rəqs qrupu yaranıb.

   Azərbaycan Mədəniyyət Mərkəzləri başlıca olaraq dilimizin təbliğatçısıdır. Mədəniyyətimizin, mənəviyyatımızın soydaşlarımız arasında daha geniş yayılmasını öz çiyninə götürüb bu mərkəzlər. Azərbaycan dövlətinin, xalqının mədəni birliyinə xidmət edən mərkəzlər azərbaycançılıq ideologiyasının şüurlarda kök atmasına da müsbət təsir edir.

 

 

 İradə SARIYEVA

 

 Bakı xəbər .-2012.- 24 sentyabr.- S. 14.