Xaricdəki mədəniyyət mərkəzləri
azərbaycançılıq ideologiyasının
daşıyıcısı kimi
Azərbaycan mədəniyyəti
tarixən Şərq mədəniyyətinin gözü
sayılıb. Təsadüfi deyil ki, dünyanı heyrətə
salan bir sıra mədəniyyət-incəsənət
nümunələri Azərbaycan torpağında yaranıb.
Xoşbəxt xalqıq bu baxımdan. Azərbaycan mədəniyyəti
onun minillərlə yaşı olan
xalçaçılıq, tikmə, toxuma sənətində,
şəbəkələrdə, quramalarda, butalarda, milli
musiqisində, sazında, balabanında, tütəyində,
neyində, tarında, kamançasında, qavalında əks
olunub.
Misgərlik,
dulusçuluq, oyma, döymə, dəmirçilik və s.
xalq sənəti örnəklərində özünü
büruzə verib. Mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız
bəşəriyyətə çox hədiyyələr
verib. Azərbaycan mədəniyyəti tarixən əcnəbiləri
cəzb edib, onları sehrinə salaraq özünə məftun
edib. Azərbaycan dövləti ərazisində qurulan dövlətlər,
xanlıq və sultanlıqlar dövründə də, Azərbaycan
Xalq Cumhuriyyəti zamanında da, Sovet illərində də,
bugünkü müstəqillik çağında da mədəniyyətimiz
dövlətimizin maraq dairəsində olub. Müstəqil Azərbaycanın
isə hazırda konkret mədəniyyət siyasəti
mövcuddur. Mədəniyyət konsepsiyamızın əsasında
dövlətə və dövlət müstəqilliyimizə
söykənən, milli maraqlarımızı, mədəniyyət
ənənələrimizi yaşadan və təbliğ edən
bir ideya dayanır. Əsas məsələ isə mədəniyyətimizin
azərbaycançılıq ideologiyasının tərkib
hissəsi olmasıdır. Mədəniyyətimiz milli
ideologiyamızın əsaslarından birini təşkil edir.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinə
daxil olan məqamlardan biri milli mədəniyyətimizin
başqa ölkələrdə də təbliğ edilməsi,
tanıdılması ilə bağlıdır. Azərbaycan
xalqı sülhə, dostluğa, mədəni əlaqələrə,
qarşılıqlı ünsiyyətə açıq
ürəkli xalqdır. Əsas dostlarımızı da mədəniyyətimiz
qazandırıb bizə. Mədəniyyətimiz azərbaycançılıq
ideologiyasına bir də xaricdə açılan mədəniyyət
mərkəzlərinin gördüyü işlərlə xidmət
edir.
İyirmi ilə
yaxındır ki, davamlı olaraq xarici ölkələrdə
Azərbaycan Mədəniyyət Mərkəzləri, Mədəni
Əlaqələr Dərnəkləri açılır.
Onlardan bəhs etməzdən öncə, yadınıza bu
ilin sentyabr ayında Parisdə Heydər Əliyev Fondunun və
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə
yaradılan Mədəniyyət Mərkəzinin
açılış mərasimini salmaq istəyirik. Bir
neçə gün əvvəl baş verən bu tarixi mərasimdə
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva iştirak edib. Azərbaycan Mədəniyyət
Mərkəzinin açılışında iştirak edən
dövlətimizin başçısı və xanımı mərkəzdə
yaradılan şəraitlə tanış olub. Onlara məlumat
verilib ki, Parisin mərkəzində - Eyfel qülləsinin
yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət
Mərkəzi ölkəmizin dünya mədəniyyətinin
paytaxtında təbliğ olunması istiqamətində
atılan ən mühüm addımlardan biridir: "
Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət
hadisəsi dünya gündəminə mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq platformasının
aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən
yüksək səviyyədə tanıdılmasına xidmət
edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə
dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz
Parisin mədəni həyatında fəallığı ilə
seçilən Azərbaycanın bu sahədə həyata
keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə
də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət
Mərkəzi həm də ölkəmizə sonsuz
marağı təcəssüm etdirir. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
ölkəmizin xaricdə tanıdılması istiqamətində
həyata keçirdiyi tədbirlərin mühüm hissəsi
Parisin mədəni həyatı ilə bağlıdır.
Yeni mədəniyyət ocağı isə bu sahədə
işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən
idarə olunmasına və daha səmərəli fəaliyyətin
qurulmasına geniş imkanlar açacaq". Bu fikirlər mətbuatda
mərasimlə bağlı yer alan rəsmi məlumatdan
götürülüb. Məlum olduğu kimi, mərkəzin
binası 1904-cü ildə inşa olunan tarixi tikilidir.
Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə
bir növ Azərbaycanın mədəniyyət ocağı
funksiyasını yerinə yetirəcək və ölkəmizlə
bağlı müxtəlif humanitar tədbirlərin təşkil
olunmasına geniş imkanlar açacaq.
Qeyd edək ki, Prezident
İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin
həyətində dövlət bayrağımızı
qaldırıb.
Mərkəzin əsas
özəlliyi burada Azərbaycan mədəniyyətinə
dair nümunələrin sərgilənməsidir. Müxtəlif
ekspozisiya zallarının yaradıldığı mərkəzdə
Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur.
Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara,
misgərlik məmulatlarına qədər hər şey burada
Azərbaycanın qədim və zəngin tarixindən xəbər
verir.
Məlumat
üçün bildirək ki, Azərbaycan xalçaları mərkəzdəki
ekspozisiyanın ən qiymətli inciləri
sırasındadır. Milli
xalçaçılığımızın bütün
istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə
yaşı yüz illərlə ölçülən
xalça və xalça məmulatlarının geniş
çeşidi təcəssüm tapıb. Burada Azərbaycan
xalçaçılıq məktəblərinin tarixi və
keçdiyi inkişaf yolları barədə məlumat verilir.
Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin
bir parçası olan ölkəmizdə qədimlərdən
yaranıb formalaşan rəssamlıq sənəti -
miniatür məktəbi barədə ətraflı məlumat
verir. Zinət və müxtəlif bəzək əşyalarının,
xalq incəsənətinin bütün istiqamətlərinə
dair nümunələrin, taxta üzərində oyma sənətinin
təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan
milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu
özündə təcəssüm etdirən kuklalar,
bürüncdən hazırlanan heykəllər də maraq
doğurur.
Məlumata görə,
Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana
da yaradılıb. Zənginliyi ilə diqqət çəkən
bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan
ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan
başqa, mədəniyyətimizin müxtəlif qollarına
dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə
gələnlərdə ədəbiyyatımız, rəssamlıq
sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə
incəsənətin digər növləri barədə məlumatların
əldə edilməsinə imkan verir. Mərkəzdə gənc
rəssamların işləri də təqdim olunur. Odur ki, bu
mərkəzin yaradılması ölkəmizdə inkişaf
edən müasir incəsənətin nümunələrinin
Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından
olduqca əhəmiyyətli hadisədir. Bu, həm də Azərbaycanda
müasir incəsənətə verilən dəyərin təzahürüdür.
Burada Azərbaycan
musiqisinin təbliğinə də geniş yer ayrılıb.
Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin
sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə
keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin
nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.
Göründüyü kimi, Parisdə açılan Azərbaycan
Mədəniyyət Mərkəzi bir azərbaycançılıq
məbədidir. Burada Azərbaycan xalqının həyatına,
məişətinə, keçmiş və müasir aləminə
aid olan bütün nümunələr var. Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının,
xalçaçılığının, təsviri incəsənətinin,
mətbəxinin, musiqisinin cəmləşdiyi Mədəniyyət
Mərkəzi azərbaycançılıq ideologiyasının
təbliğində böyük rola malikdir. Xaricdə oxuyan,
Fransada yaşayan soydaşlarımız bu mərkəzə
baş çəkdikcə tariximizlə, mədəniyyətimizlə
maraqlanacaq, böyük bir xalqın bir parçası
olduqları ilə fəxr edəcək. Azərbaycançılıq
sevgisinin, bu ideologiyaya xidmətin güclənməsinə dəstək
verən Mədəniyyət Mərkəzinin
açılması təqdirəlayiqdir. Öz xalqının
tarixini gəlib bu mərkəzdə öyrənəcək azərbaycanlılar.
Elə ailələr var ki, onlar 100 ildir ki, Fransada
yaşayır. Onların davamçıları mədəniyyətimizdən
xəbərsizdir. Bu mərkəz o ailələrin
davamçıları üçün bir azərbaycançılıq
məktəbi olacaq. Azərbaycanla bağlı kitablar,
muğam otağı, xalçaların sərgisi azərbaycançılıq
sevgisini təbliğ etmirmi?
Azərbaycandan kənarda
Milli Mədəniyyət Mərkəzləri hələ
keçən əsrin 90-cı illərinin sonlarından
yaranmağa başlayıb. Bu dövrdə o mədəniyyət
mərkəzlərinin fəaliyyəti zəif olsa da, sonralar
Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyilə
o təşkilatların bir çoxu yenidən quruldu, bəzilərinin
isə fəaliyyəti gücləndirildi.
2008-ci il noyabrın
12-də Özbəkistanın Zərövşən vilayətində
Azərbaycan Mədəniyyət Mərkəzi
açılıb. Özbəkistanda açılan bu mədəniyyət
mərkəzi Azərbaycan və özbək xalqının
dostluq münasibətlərinin möhkəmləndirilməsinə,
qarşılıqlı mədəni əlaqələrin
gücləndirilməsinə xidmət edib. Bu mərkəz də
illərdir ki, bir Azərbaycan evi kimi
soydaşlarımızı öz ətrafına toplayır. Azərbaycan
mədəniyyətini təbliğ edən mərkəz
musiqimizi, mədəniyyətimizi təbliğ etməklə
azərbaycançılıq ideologiyasını təbliğ
edir, yayır.
2000-ci illərdən
sonra xaricdə Azərbaycan Mədəniyyət-Tədris mərkəzlərinin
sayı durmadan artmağa başlayıb. Mərkəzlərdə
azərbaycan dili, mədəniyyəti, məlumata görə,
universitet tərəfindən xaricdə aparılan işlərin
əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin,
ümumilikdə azərbaycanşünaslığın təbliği
dayanır. Bu məsələdə Azərbaycanın bəzi
ali məktəbləri dövlətin məlum siyasətinə
dəstək verir. Respublikamızda ilk dəfə Azərbaycanşünaslıq
ixtisası açılan Bakı Slavyan Universiteti müxtəlif
ölkələrin ali təhsil ocaqlarında Azərbaycan
dilini və mədəniyyətini təbliğ etmək məqsədilə
Azərbaycan dili və mədəniyyət mərkəzlərinin,
eləcə də azərbaycanşünaslıq ixtisası
üzrə kadr hazırlığı istiqamətində
geniş fəaliyyət sahəsinə malikdir. Bunun ən bariz
nümunəsi kimi 2009-cu ilin aprel ayında Rusiyanın
nüfuzlu universitetlərindən hesab olunan Moskva Dövlət
Linqvistik Universitetində və 2010-cu ilin dekabr ayında isə
Belarusun M.Tank adına Minsk Dövlət Pedaqoji Universitetində
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
açılmasını göstərə bilərik. Mərkəzin
fəaliyyətində tədris və mədəniyyət,
ümumilikdə azərbaycanşünaslıq təbliğ
olunur. Dünyanın bir çox ölkələrinin
nüfuzlu ali təhsil ocaqları ilə sıx əlaqə
saxlayan Bakı Slavyan Universiteti öz əhatə dairəsini
getdikcə genişləndirir. Artıq Ukraynanın Poltava
İqtisadiyyat və Ticarət Universitetində Azərbaycanşünaslıq
Tədris-Mədəniyyət Mərkəzi
açılıb. Mərkəzin açılış mərasiminə
BSU-nun nümayəndə heyəti də qatılıb. Mərkəzin
açılışının Azərbaycanın müstəqilliyinin
20-ci ildönümü ərəfəsinə təsadüf
etməsi xüsusi əlamətdar hadisə kimi qeyd oluna bilər.
Qeyd edək ki, BSU-da
2001-ci ilin oktyabrından Ukraynanın Azərbaycandakı səfirliyinin
dəstəyi ilə təsis edilən Ukrayna Tədris-Mədəniyyət
Mərkəzi fəaliyyət göstərir. Mərkəz iki
ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin
güclənməsində xüsusi rola malikdir. Qeyd edək ki,
həm xarici dövlətlərdə açılan, həm də
onların ali məktəblərində fəaliyyətə
başlayan Azərbaycan Mədəniyyət Mərkəzləri
azərbaycançılıq ideologiyasının daha geniş
səviyyədə yayılmasına xidmət edir.
Azərbaycan dövlətinin
böyük qayğı və diqqət göstərdiyi
Gürcüstanda yaşayan soydaşlarımız Heydər Əliyev
Fondunun da köməyini öz üzərində hiss edir. Belə
ki, Gürcüstanda yaranan Azərbaycan Mədəniyyət Mərkəzlərinin
bir çoxu H.Əliyev Fondunun dəstəyilə fəaliyyət
göstərir. Məlumat üçün bildirək ki, Fond tərəfindən
Rustavi şəhərində yeni istifadəyə verilən Azərbaycan
Mədəniyyət Mərkəzinə kompyuter avadanlıqlar
təqdim olunub. Yeri gəlmişkən, Marneulidəki Azərbaycanlıların
Mədəniyyət Mərkəzi azərbaycanlıların mədəniyyətinin
qorunması, inkişafı, təbliği, təhsil sahəsində
ciddi işlər aparır. Gənclərdən ibarət
çox gözəl kollektiv formalaşıb və onlar
qısa zaman ərzində xeyli vacib layihələr həyata
keçirib. Məsələn, bir-iki il əvvələ qədər
Gürcüstanda Azərbaycan rəqsini, musiqi mədəniyyətini
yüksək səviyyədə təqdim və təbliğ
edən bir qrup yox idi. Fondun dəstəyilə Mədəniyyət
Mərkəzi bu sahədə ciddi işlər görüb.
"Sarvan" adlı gözəl rəqs qrupu yaranıb.
Azərbaycan Mədəniyyət
Mərkəzləri başlıca olaraq dilimizin təbliğatçısıdır.
Mədəniyyətimizin, mənəviyyatımızın
soydaşlarımız arasında daha geniş
yayılmasını öz çiyninə götürüb
bu mərkəzlər. Azərbaycan dövlətinin,
xalqının mədəni birliyinə xidmət edən mərkəzlər
azərbaycançılıq ideologiyasının
şüurlarda kök atmasına da müsbət təsir edir.
İradə SARIYEVA
Bakı xəbər .- 2012.- 25 sentyabr.-
S. 15.