Gənc nəslin tərbiyəsində 20 Yanvar ibrətləri...

 

  "Nəzərə alsaq ki, bu bizim yaxın tariximizdir, o zaman məsələnin mahiyyətini daha dərindən anlamağa imkan yaranır"

 

  Hansı əsrdə, dövrdə yaşamadan asılı olmayaraq, tariximizi, adət-ənənələrimizi, dəyərlərimizi yaşatmalı, ona hər zaman sahib çıxmalıyıq. Bu cür düşüncə tərzi milli şüurun ayrılmaz tərkib hissəsi olmalıdır. Tariximizin bir sıra keşməkeşli mərhələlərində baş verən acı dərslərdən düzgün nəticə çıxarmaq və bunu gənc nəslin diqqətinə əhatəli formada çatdırmaq lazımdır.

   Düzgün dəyərləndirmə və bundan çıxış edərək nəticə çıxarmağın yolu obyektiv yanaşma tərzindən keçir. Ola bilsin, tarixin hansısa dönəmlərində buraxılan səhvləri qəbul, həzm etmək çox üzücü görünsün. Ancaq real əsaslara söykənərək nəticə çıxarmaq baxımından bunun əhəmiyyəti danılmazdır. Eyni zamanda, dövlətin malik olduğu prinsipial dəyərlərin qorunması baxımından bunun önəmi böyükdür. Çünki bir növ bu deyilənlər ümumilikdə dövlətin milli ideologiyasını təşkil edir. Bütövlükdə dövlətin malik olduğu ideologiyanın vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, ötürə biləsən. Bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını həyata keçirmək lazımdır. Sözügedən zümrəyə arzuolunan səviyyədə bunu aşılaya bilsək, sadalanan dəyərlərin yaşadılmasında elə də çətinlik olmaz. Qeyd edək ki, milli mənlik şüuru özünüdərk, özünütapmaq deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir. Bütün bunlar həm də milli kimlik məsələsinin dərk olunması deməkdir. Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır. Milli mənlik şüurunu, vətənpərvərlik hisslərini qavrayıb dərk etmək üçün bir sıra tələblərə əməl olunması təmin edilməlidir. Çünki haqqında danışdığımız məfhum uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü biruzə verən məsələdir. O üzdən, sözügedən ideya gəncliyə aşılanmalıdır.

   Tarix boyu Azərbaycan xalqı min bir faciə ilə üzləşib. Bir sıra istilaçı hücumlar nəticəsində zaman-zaman malik olduğu tarixi əraziləri itirmək məcburiyyətində qalıb. Bu da millətimizin yaddaşında acı izlər buraxıb. Xüsusən də ötən yüz il ərzində millətimizin başına bir sıra müsibətlər gəlib və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə düçar olub. İndinin özündə də o yaralar sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız olsa da, bütün bu baş verənləri heç cür unutmaq olmaz. Məsələ ondadır ki, XIX-XX əsrlər bununla bağlı ən faciəli və dramatik hadisələrin baş verməsilə yadda qalıb. Belə ki, 1813-cü ildə İranla Rusiya arasında imzalanan "Gülüstan", daha sonra 1828-ci ildə imzalanan "Türkmənçay" müqavilələrilə böyük Azərbaycan iki yerə bölünərək işğal edildi. Yüzlərlə kənd yandırıldı, tarixi abidələr məhv edildi və s. Nəticədə xeyli sayda soydaşımız doğma yurdunu tərk etməli oldu. Bununla kifayətlənməyən rus imperiyası şimali Azərbaycanda erməniləri məskunlaşdırmağa başladı. 1918-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, bunun ömrü çox uzun olmadı. İyirmi üç aydan sonra bolşevik Rusiyası Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə son qoydu. ADR ölkənin o dövrdə bir sıra beynəlxalq qurumlarda tanınması üçün böyük iş gördü. Məhz həmin işlərin nəticəsi idi ki, 1920-ci ilin yanvarında Versal konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini tanıdı. Ondan sonrakı dövrdə Azərbaycan işğal olunduğuna görə ölkəmizin beynəlxalq qurumlarda təmsil olunması olduqca məhdud çərçivədə oldu. 80-ci illərin sonlarında başlayan xalq hərəkatı və müstəqilliyə gedən yol heç də rahat olmadı. O dövrdə vüsət alan erməni separatizmi və onlara himayədarlıq edən Sovet Rusiyası soydaşlarımızın öz dədə-baba yurdundan didərgin salınmasına, torpaqların işğalına çalışırdı. Çox təəssüflər olsun ki, qüvvələr nisbətinin qeyri-bərabərliyi və Azərbaycanın yaşadığı informasiya blokadası qismən də olsa məkrli niyyətlərin həyata keçməsinə səbəb oldu. O dövrdə Azərbaycanın üzləşdiyi ən böyük faciələrdən biri də 20 Yanvar qətliamı oldu. Belə ki, sovet imperiyası Azərbaycanda milli azadlıq hərəkatını boğmaq üçün 1990-cı ilin 20 yanvarında dinc nümayişçilərə divan tutdu. Gülləbaran nəticəsində 131 nəfər şəhid edildi, yüzlərlə insan yaralandı. Lakin bütün bu repressiyalara baxmayaraq, xalqın azadlıq istəyini boğa bilmədilər. Əksinə, azadlıq uğrunda mübarizə yüksələn xətt üzrə inkişaf etməyə başladı. Nəticədə 1991-ci ilin avqustun 30-da müstəqillik haqqında bəyənnamə, həmin ilin 18 oktyabrında isə müstəqillik haqda Konstitusiya aktı qəbul olundu. Hər il xalqımız böyük izdihamla 20 yanvar şəhidlərini yad edir, onların müstəqillik uğrunda göstərdiyi rəşadəti qiymətləndirir. 20 Yanvar müstəqilliyə gedən yolun mühüm bir hissəsidir. O şəhidlər həm də gənclər üçün bir azadlıq, vətənpərvərlik rəmzi hesab olunur. Bu nöqteyi-nəzərdən, 20 Yanvar hadisələri gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, milli mənlik şüurunun dərkində nə kimi rol oynayır?

   Müasir İnkişaf İctimai Birliyinin rəhbəri Mübariz Aşırlının sözlərinə görə, 20 Yanvar faciəsi, Xocalı və 31 Mart soyqırımları bizim qan yaddışımızdır: "O üzdən bunları unutmamalıyıq və çox yaxşıdır ki, hər il bununla bağlı geniş tədbirlər keçirilir. Hesab edirəm ki, bütün bunlar gənc nəslin vətənpərvərliklə bağlı tərbiyəsində çox mühüm rola malikdir. Bu həm də gənclərin milli kimliyini tanımalarına, milli mənlik şüurunu dərk etmələrinə stimul verən hadisədir. Milli kimliyini, keçmişini bilən bir millətin gəncliyi, gənc nümayəndələri yoxdursa, onda o millətin axırı yoxdur. Bu baxımdan, 20 Yanvar gənclərin düşüncə tərzində çox mühüm çəkiyə malik olan tarixi hadisədir. Nəzərə alsaq ki, bu bizim yaxın tariximizdir, o zaman məsələnin mahiyyətini daha dərindən anlamağa imkan yaranır. Ancaq bir məqam da var ki, onu qeyd etməmək doğru olmaz. Məsələ ondadır ki, biz hər il faciələrimizin ildönümlərini daha yaxşı şəkildə keçirdə bilərik, nəinki təkcə ümumrespublika matəm günü kimi qeyd etməklə kifayətlənmək. Biz bir qədər daha fərqli formada və daha təsirli vasitələr seçərək bunu təbliğ edə və gənclərə aşılaya bilərik. O üzdən, bu istiqamətdə bir qədər düzəlişlər etsək yaxşı olar. Nəzərə almaq lazımdır ki, gəncliyin üzərinə böyük yük düşür. Bu istiqamətdə gəncliyə hər cür yardım göstərmək lazımdır ki, onlar bu işin öhdəsindən layiqincə gələ bilsin. Bunun başlıca meyarlarından biri də vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir".

   M.Aşırlının mövzu ilə bağlı səsləndirdiyi fikirlərdən o da məlum oldu ki, "Tariximizi elə təqdim etmək lazım deyil o mənada ki, biz hər zaman əzilmişik, iztiraba məruz qalmışıq. Doğrudur, 200 il müstəmləkə əsarəti xalqımıza çox böyük zərbələr vurub. Ancaq bundan çıxış edərək xalqımızı məzlum formasında təqdim etmək doğru deyil. Bu cür yanaşma tərzi məğlubiyyət, kölə, qul psixologiyası aşılayır. Ona görə də mümkün qədər bu cür təfəkkür tərzindən imtina etmək lazımdır. Yəni bu yöndə aparılan təbliğatı bir balaca dəyişmək və fərqli yol seçmək lazımdır. O düzəlişlər ona gətirib çıxarmalı və elə bir metodlar seçilməlidir ki, insanlarda sabaha güclü bir ümid, inam olsun. Gənclər qalibiyyət şüuru, təfəkkürü, hiss və həyəcanı ilə yaşasın. Gənclər daim qalib gəlmək və bu qalibiyyətə çatmaq mübarizəsilə yaşasın. Bu cür təbliğat metodu seçilərsə gənclərdə vətənpərvərlik və döyüş ruhu bir az da artacaq. Bütövlükdə milli dəyərlərimizə söykənən və bu dəyərləri düşüncələrində, davranışlarında, iş fəaliyyətində yaşadan gənclərimiz çoxdur. Sadəcə, çalışmaq lazımdır ki, aparılan təbliğat nəticəsində onların sıraları bir qədər də genişlənsin. Milli dəyərlərə önəm verən təşkilatlara şərait yaratmaq və onları stimullaşdırmaq lazımdır. Unutmaq olmaz ki, sözügedən gənclər milli-mənəvi dəyərlərin daşıyıcılarıdır və onların üzərinə böyük iş düşür. Bu nöqteyi-nəzərdən müasir gənclik 20 Yanvarı bir qəhrəmanlıq məktəbi kimi qəbul etməlidir.

   Vətənə, torpağa bağlılıq kimi qəbul etməli, onun azadlığı uğrunda aparılan mübarizə kimi dəyərləndirməlidir. Mənə elə gəlir ki, milli mənlik şüurunun gənclərə aşılanması istiqamətində təbliğat-təşviqat işləri ciddi şəkildə aparılmalıdır. Lazım gələrsə, bu genişmiqyaslı kampaniya formasında olmalıdır. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanda milli-mənəvi dəyərləri aşılayan sistem formalaşdırılmalıdır. Ailə tərbiyəsindən tutmuş, təhsil müəssisələrinin timsalında qabarıq şəkildə bu özünü göstərməlidir. Bir daha qeyd edim ki, gənclərin timsalında milli-mənlik şüurunun yaşadılması təbliğatdan keçir".

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2012.- 17 yanvar.- S. 15.