Milliliklə fərdiliyin vəhdəti...

 

 Yanvarın 29-da yazıçı Xeyrəddin Qocanın doğum günüdür

 

 Azərbaycan ictimai və ədəbi fikrində özünü təsdiq edənlərdən biri, yazıçı, sabiq millət vəkili, Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq Baş Konsulu... Xeyrəddin Qoca yaradıcılığına jurnalist kimi başlamış, illər uzunu bir-birindən maraqlı əsərlər yaradaraq seçilən ədəbi simaya çevrilmişdir. O vətənpərvər publisist, kəskin və dolğun yazıların müəllifi, gülüşü göz yaşı ilə müşayiət olunan satirikdir. Ədibin əsərlərində Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev kimi klassiklərin harayı, ruhu duyulur.

 

   Derlər utan, heç kəsə bir söz demə,

   Həq sözü derkən utana bilmirəm.

   Neyləməli, göz görür, ağlım kəsir,

   Mən günəşi göydə dana bilmirəm.

 

   Böyük Sabirin bu fikirlərini yaradıcılığının leytmotivi hesab edən Xeyrəddin Qoca haqqında böyük Mirzə Cəlil tədqiqatçısı, akademik İsa Həbibbəylinin aşağıdakı düşüncələri təsadüfi deyildir: "Yazıçı Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir. Ədib Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallarının" bədii obrazlarını yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin Qocanın "maralları" həm də Molla Nəsrəddin "marallarının" davamçıları, xələfləridir.

   Ümumiyyətlə o, müstəqillik dövrü Azərbaycan publisistikasının tanınmış nümayəndəsi, satirik nəsr   sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı püblisistdir ("Xalq qəzeti" 24 yanvar 2010-cu il. "Həyati proseslərin axarında"adlı məqalədən).

   Cəmiyyətdəki naqislikləri, əyrilikləri olduğu kimi, həm də zamanında qələmə almaq hər yazıçıya xas cəhət deyil. Xeyrəddin Qoca sadə xalqın içindən çıxdığı üçün dərdlərimizi görə bilir. Sabir demişkən, "düzü düz, əyrini əyri" yazmağı bacarır. O, sözü bəzək-düzəksiz, birbaşa deyir. Yazıçının gülüşü hadisələrin, vəziyyətin mahiyyətindədir və həssas oxucu, tamaşaçı onu asanlıqla qavraya bilir. Beləliklə o, həmişə vicdanının səsini dinləyir, bütün yalanlardan, riyakarlıqlardan, xudbinliklərdən uzaq bir insan kimi cəsarətli qələmilə bu millətə şərəflə xidmət edir. "Əslində o, hələ əsərlərinin çoxunu yaza, ürəyindəkiləri deyə bilməyib... Onun üzündə, xüsusən də gözlərində həmişə gizli bir kədər, nigarançılıq duyulur. Yazıçı nədən narahatdır görəsən? İşğal olunan dədə-baba torpaqlarımızdanmı, tarix boyu yadellilər tərəfindən parça-parça olunmuş, qismətinə didərginlik, qaçqınlıq düşən bu millətin taleyindənmi, yoxsa bəzi insanların get-gedə öz yolunu azmasındanmı? Bu dərəcədə millətinə, torpağına bağlı insanlar, əslində, daxilən özlərini çox qoca hesab edirlər, çünki onların içində heç kəsin anlaya və görə bilməyəcəyi bir ağrı-acı var: illərin, əsrlərin, qərinələrin ağrı-acısı... Heç şübhəsiz, Xeyrəddin Qocaya bundan sonra min ömür də verilsəydi, o elə bu cür olardı, bu cür yaşayardı, "Bu bizim zamanədir" deyər, " Hərəyə öz payını verərdi" (Cüdabə Sərvi).

   Nasirin yaradıcılığı ilə daha yaxından tanış olduqca başa düşürsən ki, cən demə, rayona yenicə təyin olunan prokurorun qəbulunda növbəyə dayananlar onu təbrikə gəlməyiblər, masasının üstünə qoyulan zərflərdə də şikayət məktubları yox, "haqq" gətiriblər, "sifətsiz qələm sahibləri yaza-yaza camaatı da sifətsiz edirlər", nəyə görəsə "millətimizin cavanları saçlarının, çöhrələrinin rəngini dəyişərək özlərini əcnəbilərə oxşadırlar". "Bəzi insanlar bekarçılıqdan şeir yazır, şair "olurlar", "yaltaqların şəlpəsi" həmişə işləyir, "gözükölgəlilər", "bəli", "bəli" deməyi bacaranlar böyük-böyük vəzifələr ala bilirlər" və sair və ilaxır. Yazıçının "Filankəslər", "Hərə öz payını götürsün...", "Marallar", "Gərək yazam", "Bu da belə həyatdır", "Biz-bizə bənzərik" Türkiyədə çıxan "Bu dünyadan məktublar" kitabları Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş "Hərənin öz payı" Azərbaycan Dövlət Televiziyasında səhnələşdirilmiş, "Qonşulaşma, qohumlaşma, kirvələşmə" Azərbaycan radiosunun efirində səslənmiş, "Düzü-düz, "əyrini-əyri", "Bu bizim zamanədir", "Toy olacaq" adlı komediyalarının hər biri oxucular, tamaşaçılar və dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış, bu əsərlər haqqında mətbuatda dəfə-dəfə dəyərli yazılar dərc olunmuşdur.

   2003-cü ilin avqustunda Heydər Əliyev Sarayında keçirdiyi "Satira gecəsi" indi də yaddaşlardan silinmir. Göründüyü kimi, ədib orijinal, özünəməxsus ad seçmişdir. Çünki yazıçı böyük satiriklərin "səslərinin" çoxlarının xoşuna gəlmədiyini yaxşı bilir...

   Xeyrəddin Qoca Neftçala rayonunda yaşayıb-yaradan, şəxsiyyətinə böyük hörmət bəslədiyi professor İmamverdi Əbilovun onun Yazıçılar Birliyində keçirilən 60 illik yubileyinə göndərdiyi təbrik teleqramını yüksək qiymətləndirir. İmamverdi müəllim yazır: "Məzmunlu, mənalı ömründə ictimai, ədəbi-estetik fikir tariximizə əlavələr möhürləmiş yaradıcı ziyalı kimi Xeyrəddin Qocada millət məhəbbətinin sirrini sadalamaq zərurəti yaranarsa, tərəddüdsüz sadalardım: sadəlik, təkəbbürə nifrət, ailə-övlad, ata-ana mehrinə sonsuz tələbat, klassik irsə bağlılıq, yumora lirik münasibət, sözü bütövlülük, cəsarət, mənəvi təmizlik.

   Onun sosial-estetik idealındakı milli müəyyənlik yaradıcılq yolunu davam etdirən gənc nəsil üçün əsl örnək, nümunə məktəbi olmalıdır. Mən ondakı milliliklə fərdiliyin vəhdətinə heyranam. Xeyrəddin Qoca hürriyyət təşnəli ədəbiyyatımızın satirik ruhlu, yumoristik qayəli, humanist təbiətli yorulmaz nümayəndəsidir".

   Ümumiyyətlə, Xeyrəddin Qoca haqqında xalq yazıçıları Anar, Elçin, xalq şairləri Qabil, Fikrət Qoca, Cabir Novruz, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, yazıçı Hidayət, professor Pənah Xəlilov, Nizami Cəfərov, əməkdar incəsənət xadimi Ayaz Vəfalı başqaları dəyərli fikirlər söyləmişlər.

   Türkiyəli professor Camal Anadolu Xeyrəddin Qocanı "Azərbaycanın Əziz Nesini" adlandırır, türk yazıçısı İrfan Ülkü yazır: "Xeyrəddin Qoca Azərbaycanın Zoşşenkosudur" Tanınmış qəzetçi Dursun Özdən isə Xeyrəddin Qocanı Nəsrəddin Xocaya bənzədir.

   Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov yazır: "Əlbəttə, bütün bu müqayisələr Xeyrəddin Qoca yaradıcılığının yalnız formal zahiri tərəfi, yazı üsulu, yaxud üslubu ilə bağlı deyil, eyni zamanda türk oxucularını onun məzmunu, mündərəcəsi, yazıçının yaradıcılıq məqsədi, ideya-fikir dünyası ilə tanış etmək məqsədlərindən irəli gəlir. Xeyrəddin Qocanın hekayələrində Mixail Zoşşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür - Xeyrəddin Qocadır".

   Yazıçı uzun, keşməkeşli yaradıcılıq yollarında şəxsən tanıdığı, yaxından müşahidə elədiyi insanlar, şəxsiyyətlər, təbii ki, həm də cəmiyyətin "artıq-urtuqları" barədə yazıb. Birincilərin hörmət-izzətini qazanıbsa, ikincilərin hiddətinə, təqiblərinə düçar olub. Vəzifə almaq üçün ikiqat əyilənlər, hay-küy salanlar, min bir sifətə düşənlər, yaltaqlar, məddahlar, cahillər, nadanlar, əliəyrilər... yazıçı satirasının hədəfləridir. İstər oxucu, istərsə də tamaşaçı bu tiplərlə üzləşdikcə bəzən ürəyində, bəzən isə qəh-qəhə ilə gülür. Rəzilliklərə etiraz əlaməti olaraq nifrətini, qınağını yağdıra-yığdıra gülür. Gülür düşünür...

   Xeyrəddin Qoca, yazıçı olmaqla yanaşı, cəmiyyətimizdə həm siyasətçi, ictimai xadim kimi tanınır.

   Vaxtilə Heydər Əliyevə atılan böhtan iftiralar yazı-pozu aləmində ilk olaraq Xeyrəddin Qocanı narahat etdi. Böyük öndərə qarşı ünvanlanmış qarayaxmalara qarşı çıxan X.Qoca o vaxt heç bir qələm sahibinin cəsarət etmədiyi işi gördü - 1990-cı ilin iyun ayından etibarən davamlı olaraq bütün çıxışlarında, yazılarında görkəmli dövlət xadimini müdafiəyə qalxdı. Buna görə dəfələrlə cəzalandırıldı. Belə ki, dörd dəfə qəzet redaksiyalarındakı işindən uzaqlaşdırıldı. Bəzən istehza ilə açıq-aşkar "daha Heydər Əliyev qayıtmayacaq" deyə onu ittiham etdilər. Xeyrəddin Qoca isə ardıcıl olacaq deyir yazırdı. "O Kişi mütləq qayıdacaq!" Bəli, Xeyrəddin Qoca deyən oldu: o Kişi qayıtdı.

   Yazıçının yaradıcılığı heç zaman diqqətdən kənar qalmamışdır. 2000-ci ildə ədibin həyat və yaradıcılığından bəhs edən "Xeyrəddin Qoca" adlı foto-kitab, 2005-ci ildə "Ömür belə keçir..." adlı kitab buraxılmışdır. "İctimai televiziya yazıçı haqqında "Ömür belə keçir..." adlı film çəkmişdir. Onun əsərləri, fotoşəkillərinin bir qismi və mətbuat yazıları S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, pyesləri, tamaşaları, çıxışları, müxtəlif səs yazıları isə Dövlət Səsyazma Arxivində qorunub saxlanır".

   Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli Sərəncamı ilə mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

   Yazıçının mənalı ömrünü yaş həddi ilə ölçmək çətindir. Ədib klassik və Azərbaycan ədəbiyyatı bulağından su içə-içə yazıb-yaratmaqda davam edir. İndi Molla Nəsrəddin həyatda olması da, mollanəsrəddinçilər məktəbinin davamçılarından biri kimi, onun gülüşü xeyirə, yaxşılığa, halallığa, nikbinliyə yol açır.

 

 

   Mirsaleh AXUNDLU

 

   Bakı xəbər.- 2012.- 27-29 yanvar.-S.14.