Sürətlə mobilləşmə rabitəni hara aparır?

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   14 fevral 1876-cı ildə ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "Bell Telephone Company" adlı şirkətini qurdu. Bir il sonra ABŞ-da, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu.

   On il sonra isə ABŞ-da telefon istifadəçilərinin sayı 150 minə, İngiltərədə 26 minə, Almaniyada 22 minə çatdı.

   İlk telefon stansiyası 1877-ci ildə ABŞ-ın Konnektikut şəhərində fəaliyyətə başlayıb. 1883-cü ildə isə Boston və Nyu-york şəhərləri arasında rabitə əlaqəsi yaradılıb. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verib. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır.

   Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim edib. Onun çəkisi 794 qram, həcmi isə 33x4,4x8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

   Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

   Azərbaycan prezidentinin sərəncamı ilə hər il 6 dekabr tarixi "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü" kimi qeyd olunur. Bu tarix Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü kimi də təqvimə düşüb. Beləliklə, Azərbaycan rabitəsi 131 illik tarixi inkişaf yolu keçib. İndi inkişafın əsas lokomotivi rolunda mobil rabitə çıxış edir.

   Ölkəmizdə mobil telefon nömrələrinin sayı 10 milyon ədəddən çoxdur. Azərbaycan əhalisi il ərzində mobil rabitəyə 4 milyard manata yaxın pul xərcləyir. Bu gün mobil rabitə əlçatan olub və bir çox adamlar mobil telefonla ehtiyac ucbatından deyil, sadəcə, ünsiyyət qurmaq üçün istifadə edir. Bunun üçün isə pul ödəmək lazım gəlir.

   Mobil rabitə Azərbaycanda iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarından biridir. Mobil rabitənin əhali arasında yayılması səviyyəsinə görə, ölkəmiz artıq çoxdandır ki, MDB ölkələri arasında aparıcı yerlərdən birini tutur.

   Dünya üzrə mobil telefon abunəçilərinin sayında artım inkişafda olan ölkələr hesabına baş verir. Artıq Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə dünya üzrə orta göstəricini də keçib.

   Əslində mobil rabitənin gələcək inkişaf perspektivləri hər birimiz üçün mühüm mövzu olaraq qalır. Hər gün ölkədə minə yaxın insan mobil şəbəkələrin abonenti olur. Mobil telefon artıq həyatımızın tələbatına çevrilib. Artıq istifadəçilər imkanlarından maksimal istifadə etmək məqsədilə operatorların xidmətlərinə, telefonlarının funksiyalarına daha çox diqqət yetirməyə başlayıblar. 3G və 4G buna misaldır. Lakin İKT üzrə ekspert Hacı Hacıyev hesab edir ki, ölkədə mobil operatorların təqdim etdiyi 3G və 4G xidmətlərində müəyyən problemlər var. "3G artıq operatorların hamısında var. Birinci "Azərfon" başladı. Sonradan digər iki operatora da verildi. Ondan qabaqsa tezlik olaraq yalnız "BBTV"-də idi. Bu lisenziya mobil operatorlara verilənən sonra tezlik onlar arasında bölündü. İndi hər 3 mobil operatorun 3G linsenziyası var. 4G isə texniki baxımdan yalnız "Azercell"dədir. Bununla belə 4G texnologiyası inkişaf etməyib və qiyməti kifayət qədər yüksəkdir. Əhatə dairəsi də bütün Bakını əhatə etməyib".

   Qeyd edək ki, hazırda Azərbaycanda ən çox istifadə olunan qeyri-səsli xidmət SMS-dir. Bundan başqa, telefon vasitəsilə informasiya xidmətlərinə olan maraq daha sürətlə artır, istənilən nöqtədən əlverişli tariflərlə internetə dərhal çıxış isə işgüzar aləmdə artıq bir zərurətə çevrilib.

   Mobil rabitənin əhatə dairəsinin genişlənməsi və yeni texnologiyaların, xüsusilə "üçüncü nəsil" - 3G və daha qabaqcıl olanların tətbiqi Azərbaycanda informasiya texnologiyalarının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu texnologiyalar bütün iş adamlarının və sıravi vətəndaşların informasiya məkanına qovuşmağına imkan yaradır. Biliklərə əsaslanan cəmiyyətin əsas mühərriki kommunikasiya xidmətləridir. Bu növ xidmətlər iqtisadi artıma, sosial sahəyə və ətraf mühitə töhfə verir, daxili və xarici sərmayələri cəlb edir. Bütün operatorlar üçün bərabər şərait yaratmaqla və innovativ texnologiyaların tətbiqinə imkan açmaqla Azərbaycan, informasiya texnologiyaları sahəsində Qafqazdakı birinciliyini qoruyub saxlaya və həqiqi informasiya cəmiyyətinə çevrilə bilər.

   Ekspertlərin proqnozuna görə, Azərbaycanda 2013-cü ildə 3-cü nəsil şəbəkə (3G) abonentlərinin sayı ümumi istifadəçilərin təxminən yarısına bərabər olacaq. Bu isə səsli telefoniya, video zənglər, multimedia məlumatlarının ötürülməsi kimi yeni mobil rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

   Azərbaycanda 3G üzrə xidməti bütün mobil operatorlar göstərə bilir. Bu hal iqtisadi cəhətdən inkişaf etmiş istənilən ölkədə olduğu kimi, artıq Azərbaycanda da həm sıravi vətəndaşlar, həm də iş adamlarına ən müasir texnologiyaların bütün üstünlüklərindən faydalanmaq imkanı verib. Bütün operatorlara öz müştərilərinə ən son texnologiyaları təqdim etmək üçün bərabər şərait yaradılıb. Bu isə öz növbəsində İKT sektorunun inkişafı üçün daha geniş imkanlar yaradır.

   Artıq inkişaf etmiş ölkələrdə 4G-nin də tətbiqi kütləviləşib."TeliaSonera" şirkəti dünyada ilk dəfə olaraq 4G mobil rabitə xidmətlərini Stokholm və Oslodakı abonentlərin istifadəsinə verib. 3G-dən 10 dəfə daha sürətli olan 4G-ni Azərbaycanda tətbiq etmək imkanları genişdir. Ölkəmizdə "dördüncü nəsil" mobil rabitə şəbəkəsini tətbiqinə başlanılıb və bu baxımdan Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Bildirək ki, 4G-ni hazırda dünyanın heç də bütün ölkələrində tətbiq edilmir. Yeni texnologiyanın tətbiqi müəyyən yeniliklər tələb edir. Azərbaycan bu işin öhdəsindən gəlsə də bəzi təkmilləşdirmələrin aparılması vacibdir. Hələlik 4G xidmətlərindən istifadə olduqca bahadır.

   Mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilsə də bəzən zərərli tərəfləri də olur. Mobil telefondan normadan çox istifadə etmək bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

   Hazırda Nobel mükafatçısı amerikalı Devra Devis yeni kitabı "Disconnect" ("Əlaqəni kəs") ilə gündəmdədir. Devis öz kitabında, mobil telefonların sağlamlığa təsiri ilə bağlı "dünyavi təhlükə xəbərdarlığı" elan edilməsinin vacib olduğunu bildirib. Mobil telefonlar şəbəkəsinin böyük səyləri nəticəsində bu cihazın zərərlərini göstərməyə çalışan elm xadimləri təqiblərə məruz qalır və hətta dünyanın bir nömrəli sağlamlıq qurumu olan Ümumdünya Sağlamlıq Təşkilatında (WHO) da mobil telefonlarla bağlı məsələdə fikir ayrılıqları mövcuddur.

   Pittsburg Universitetinin Onkoloji Departamentinin direktoru olan və bir çox mükafatlara layiq görülən Devis kitabında deyib: "Bir elm xadimi kimi bundan 6 il əvvəl mobil rabitənin təhlükəsiz olduğunu düşünürdüm. Hökumətlərin, səhiyyə təşkilatların, insan sağlamlığı üçün bu dərəcədə təhlükə yaratdığından şübhələnilən bir cihazın bütün dünyada sürətlə yayılmasına bilə-bilə icazə verməyəcəklərinə inanırdım. Ancaq son 6 ildə öyrəndiklərim məni bu fikirdən döndərdi".

   Kitabda mobil rabitənin zərərli təsirindən qorunmaq üçün bəzi məsləhətlər də yer alır. O tövsiyə edir ki, mobil rabitə yaradarkən mütləq qulaqcıqdan istifadə edin. Amma bu qulaqcıq Wireless ve Bluetooth tipli olmamalıdı. Şüalandırma səviyyəsi az olan telefon alınmalıdır. Lift, avtomobil, metro, qatar kimi qapalı yerlərdə telefondan istifadə edirlməsə daha yaxşıdır. Telefonun elektromaqnit dalğaları yayılan antenaları arxa hissəsindədir. Həkim tövsiyə edir ki, telefonu cibinizdə gəzdirdiyiniz zaman bədəninizlə təmasda olan tərəfi ekran olan üzü olmalıdır. Hamilə qadınlar mobil telefonu qarın bölgəsinə yaxınlaşdırmamalıdır. Qulaqcıqdan istifadə etmədiyiniz zaman səsgücləndirici ilə danışın. Heç bir halda telefonu qulağınıza yaxınlaşdırmayın. Qısa danışıqları mümkün olduqca SMS vasitəsilə aparın. Yatdığınız zaman telefonunuzu söndürməmisinizsə heç vaxt yastığınızın altına qoymayın. Ümumiyyətlə çalışın, telefonunuz yatdığınız otaqda olmasın.

   Belə çıxır ki, artıq günümüzün reallığına çevrilən mobil rabitədən istifadə zamanı bir daha diqqətli olmalı və bacardığımız qədər bu ünsiyyət vasitəsindən az istifadə etməliyik.

   Yeri gəlmişkən, hind alimləri isə müəyyən edib ki, mobil rabitə qüllələri və mobil telefonların özləri tərəfindən şüalandırılan elektromaqnit dalğaları bal arıları üçün ciddi təhlükə mənbəyidir. Mütəxəssislər apardıqları təcrübə nəticəsində müəyyən edib ki, arı populyasiyalarının (sayının) azalmasının səbəbi ətrafda mobil rabitə qüllələrinin olmasıdır. Qüllələr tərəfindən şüalandırılan dalğalar işçi arıların navigasiya vərdişlərinə, başqa sözlə, səmti tapmaq bacarıqlarına mənfi təsir göstərir, bu arılar isə, məlum olduğu kimi, bal ailələrinin həyat fəaliyyətinin təmini üçün zəruri olan çiçək şirəsinin toplanmasına görə cavabdehdirlər. Nəticədə, arılar yuvalarına qayıda bilmir və 10 gün ərzində məhv olurlar.

 

  

   Ulduzə QARAQIZI

 

   Ekspress.-2013.-3 aprel.-S.9.