Azərbaycanın
dövlət və ictimai
maraqlarının müdafiəsində yaradıcı təşkilatların
rolu...
Ölkəmizin milli və dövlət, ictimai maraqlarının müdafiəsinə hər bir ictimai, yaradıcı təşkilat öz töhfəsini verməlidir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrilə bağlı olan bir neçə yaradıcı təşkilat fəaliyyət göstərir. Əvvəlcədən onu da deyək ki, yaradıcı qurumların əksəriyyətinin yaşaması, fəaliyyəti dövlət büdcəsindən ayrılan dotasiya sayəsində mümkündür. Çünki onların çoxunun bu vəsaitsiz yaşamaq şansları çox zəfdir.
Bunu mütəxəssislər və o qurumların təmsilçiləri dilə gətirirlər. Yaradıcı təşkilatlar yarandığı zamandan indiyə qədər həmişə dövlət və ictimai maraqların müdafiəçisi kimi çıxış edib. Bu da bəlkə də bu qurumların daxilən dövlətə və ictimaiyyətə bağlılığı ilə əlaqədardır. Ölkəmizdə əksər yaradıcı təşkilatların həyata keçirdiyi layihələrin sayı o qədər çox olmasa da təşkilatlardan bildirilir ki, bunlar dövlətçiliyə xidmət edir.
Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində yaradıcı təşkilatların rolu necə hiss olunur?
İlk olaraq bu sahədə xüsusilə fərqlənən Azərbaycan Yazıçılar Birliyinin (AYB) bu istiqamətdə gördüyü işlərlə tanış olduq. Bildirək ki, AYB yarandığı gündən indiyə kimi fəaliyyətində dövlət, xalq kimi anlayışlara üstünlük verib. Düzdür, sovet illərində bu qurum hakim ideologiyaya xidmət göstərir, onun dəst-xəttini dəstəkləyirdi. Bununla paralel olaraq ictimai maraqaların da müdafiəsinə diqqət yetirirdi. Belə demək mümkünsə, Azərbaycan Yazıçılar Birliyi 70 ilə yaxın bir müddətdə bolşevizm, sos-realizm xəttinə sadiq olub. Amma bir məsələ də var ki, AYB bu illərdə nə dilimizə, nə də milli kimliyimizə xəyanət edib. Ola bilsin, bu sahədə müəyyən çatlar yaranıb, amma bütövlükdə qələm adamları qəlbən xalqa bağlı olub. Onlar bolşevizmi mədh edən şeir və poemaların içində belə, üstüörtülü də olsa, xalqımızın milli və ictimai maraqlarına yer ayırıb. Azərbaycan ədəbiyytının dəst-xətti ictimai-siyasi ab-havanın təsirindən bəzən dəyişib də. Amma dövlətimiz müstəqillik qazandıqdan sonra qələm adamları daxillərində yaşatdıqları duyğuları dilə gətirib dövlətə, dövlətçiliyə, ictimai maraqlara söykənən əsərlərə köçürürlər.
Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində Azərbaycan Yazıçılar Birliyinin rolu nədən ibarətdir?
Azərbaycan Yazıçılar Birliyinin
mətbuat katibi, şair-publisist
Ədalət Əsgəroğlu bizimlə söhbətində
bildirdi ki, bu qurumun əslində fəaliyyəti
dövlət və ictimai maraqların
müdafiəsinə həsr edilib. Birlik təmsilçisinin sözlərinə
görə, hazırda bu təşkilata üzv olan yazarların çoxu öz
yaradıcılığı, düşüncəsi və
mövqeyilə bu amala
xidmət edir. AYB üzvləri
arasında dövlətçilik maraqlarının müdafiəsilə
bağlı əsərlər yazanların az
olmadığını qeyd edən Ə.Əsgəroğlu
deyir ki, özünü Azərbaycan dövlətinin təəssübkeş
vətəndaşı sayan hər bir qələm adamı bu
sahədə iş görməlidir:
"Sizin toxunduğunuz
bu məsələ çox
vacib bir məsələdir.
Bu hər bir
yazıçı, şairi özünə
cəlb etməli bir haldır. Onlar bilməlidir ki,
dövlətimizin maraqlarına hər bir yazar xidmət etməlidir. Bizim
üçün dövlət və
dövlətçilik çox əziz və
müqəddəs olmalıdır. Dövlət maraqlarına zidd olan heç
bir addım atmaq
lazım deyil. Azərbaycan
Yazıçılar Birliyinin dəst-xətti
elə dövlətə, dövlətçiliyə, ictimaiyyətə
bağlıdır. Birlikdə elə hamımızın
çalışdığı budur ki, dövlət maraqlarımıza xidmət edək.
Hər bir vətəndaş, xüsusən
də qələm adamı Azərbaycanın dövlət
maraqları naminə hər zaman yorulmadan mübarizə aparmalıdır. Milli və dövlət mənafeyi ən
yüksək səviyyədə qorunmalıdır ki, xalqımız özünü
vətəndə daha xoşbəxt saya bilsin. Bilirsiz,
hər addan üstün
bir ad var-vətəndaş.
Vətəndaş şair, vətəndaş
yazıçı olmaq da
böyük xoşbəxtlikdir. Hər bir vətəndaşın da
əsas vəzifəsi odur ki,
dövlət maraqlarına sadiq qalsın. Mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan yazarları bu sahədə
daha fəal olmağa
çağırıram. Çünki bu hamının çiyninə düşən
bir məsuliyyətdir. Şairə,
yazıçıya, söz adamına ən
böyük qiyməti xalq,
ictimaiyyət və dövlət verir.
Yəni şairin vətəndaş şair olub-olmaması ictimaiyyət, dövlət
tərəfindən qiymətləndirilir".
Ə.Əsgəroğlu hesab edir ki, təmsil etdiyi qurum başqa yaradıcı-ictimai təşkilatlarla müqayisədə Azərbaycanın dövlət maraqlarına daha sayğı ilə yanaşır. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsi istiqamətində AYB-nin gördüyü işlər başqa qurumlara da nümunə ola bilər: "Azərbaycan Yazıçılar Birliyində Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsi sahəsində görülən işlər deyərdim ki, başqa yaradıcı təşkilatlarda görülməyib. Mənə belə gəlir ki, dövlətçiliyin təəssübkeşliyi baxımından bizimlə müqayisə ediləcək ikinci bir təşkilat yoxdur. Azərbaycan Yazıçılar Birliyi bu məsələdə başqa yaradıcı qurumlara əyani nümunədir. Bizim qurumdan öyrəniləcək çox şeylər var. Biz elə şeylərdən yazır, elə şeylərdən danışırıq ki, bu həm xalqın, həm də dövlətin ürəyindən olur. Hər bir yazıçı yazarkən, hansısa bir tədbirə qatılarkən mütləq dövlət maraqlarını nəzərə almalıdır. Bu bizim başlıca işimizdir".
Yazıçı və şairlərin ictimai və dövlət maraqlarını əks etdirən bədii-publisistik kitablar yazdığını deyən Ə.Əsgəroğlu hesab edir ki, bu kitablar hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Belə kitabların öz prinsipial vətəndaşlığı ilə seçilən qələm adamları tərəfindən ərsəyə gətirildiyini deyən Ə.Əsgəroğlunun dediyinə görə, ictimai məzmunlu, eyni zamanda da dövlət maraqlarından çıxış edən kitabların təbliğatı geniş səviyyədə olmalıdır. AYB sədri, xalq yazıçısı Anarın məşhur "Azərbaycançılıq" kitabının bu tələblərə cavab verdiyini deyən Ə.Əsgəroğlunun dediyinə görə, belə kitabların yazılmasına daha çox ehtiyac var: "Azərbaycan Yazıçılar Birliyinin bu məsələdə mövqeyi bəllidir. Biz əlimizdən gələn qədər bu işə dəstək oluruq. Birliyimizin sədri Anar müəllimin dünya azərbaycanlıları arasında geniş yayılan "Azərbaycançılıq" kitabı bu baxımdan təqdirəlayiqdir. Bu kitab elə də qalın deyil, nazikdir, ancaq onun əhəmiyyəti çox böyükdür. Bu kiçik kitabda dövlətçiliyə bağlılıq xətti çox yüksək səviyyədədir. Sevindirici haldır ki, "Azərbaycançılıq" oxucular tərəfindən maraqla qarşılandı. Deyərdim ki, xaricdəki diasporamızın köməkliyilə bu kitab geniş şəkildə yayıldı. Burada azərbaycançılıq ideologiyası, mənəvi dünyamız, milli dəyərlərimiz, dövlətçiliyimiz, ictimai maraqlarımız bir-birilə üzvü surətdə bağlılıq təşkil edir. Yazıçı bilməlidir ki, onun üzərinə çox böyük yük düşür və o yükü şərəflə daşımalıdır. Anar müəllim bu vəzifəni çox dərindən anladığı üçün "Azərbaycançılığı" yazdı. Hesab edirəm ki, bu cür kitablar daha geniş səviyyədə, miqyasda yayılmalıdır ki, erməniləri birdəfəlik susdura bilək. Sizə bir söz deyim, Baqramyan, Akopyan kimi erməni yazıçılarının Qarabağ məsələsilə bağlı, bizim əleyhimizə yazdığı kitabları erməni diasporu daha geniş miqyasda yayır. Azərbaycan xalqı, dövləti ziyanına yazılan hər bir kitab erməni diasporu tərəfindən bir neçə dilə tərcümə edilib yayılır. Heç kəs məndən inciməsin, bizim diasporamız müəyyən istisnaları nəzərə almasaq, bu sahədə fəal deyil. Yazıçı və şairlərin, alimlərin Azərbaycan həqiqətlərilə bağlı çap olunan kitablarını tərcümə edib yaymaqda elə də maraqlı deyillər. Niyə də Azərbaycanın dövlət və ictimai maraqlarına xidmət edən əsərlər xaricdə də yayılmasın? Məncə bu bizə daha çox gərəkdir".
Öz yaradıcılığında ictimai və dövlət maraqlarının müdafiəsilə əlaqədar xüsusi əsərlərin yazıldığını xatırladan müsahibimiz haqlı olaraq deyir ki, xalqımı nə düşündürür, mən də o problemdən yazmışam. Qeyd edək ki, Ədalət Əsgəroğlunun yaradıcılığında vətəndaş mövqeyi, ictimai mövqe zəif görsənmir, o, xalqın və dövlətin maraqlarına sadiq yazardır.
AYB təmsilçisinin sözlərinə görə, Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə yazıb yaratmağı bir yazar kimi özünə böyük bir şərəf bilir: "Bilirsiz ki, hər zaman xalqımızı, dövlətimizi təbliğ edən yazıçılardan biriyəm. Mənim Xocalı soyqırımına həsr edilən bir neçə poetik əsərim var. "Yaddaşımızın qan izi", "Xocam, Xocalım" və başqa əsərlərimi ictimai mövqedən çıxış edərək yazmışam. Xalqımı ağrıdan bir mövzuya toxunmuşam. İtaliyada Azərbaycan yazarlarının əsərləri çap olunub. Orada mənim də poetik örnəklərim var. Həmin nümunələr arasında qələmə aldığım "Qarabağlı partizan qız" nümunəsi də var. Burada mən qarabağlı bir qızın düşmənə müqavimətini əks etdirib onun qoçaqlığını qələmə alıram. Hesab edirəm ki, dərdlərimizi ağlayıb sızıldamadan həqiqət olaraq dünyaya çatdırmalıyıq. Təbii həqiqətdə böyük sirr gizlənir, dünya ictimaiyyətini də o sirrlə tanış etmək lazımdır. Azərbaycanda dövlət və ictimai maraqların müdafiəsində fəal olan yazarlar bilir ki, bu sahədə hər gün təbliğat aparmalıdır. Müasir Azərbaycan ədəbiyyatı bu baxımdan dövlətin, dövlətçiliyin yanındadır. Ədəbiyyatımız və söz adamlarımız dövlət və ictimai maraqlara xidmət etməlidir, edir də. Düşünürəm ki, bütün yaradıcı təşkilatlar, qurumlar Azərbaycan dövlətinin maraqları ətrafında birləşməlidir. Dövlətimiz yaradıcı şəxslərə, yaradıcı qurumlara xüsusi önəm verir, elə xalqımız da. Bizi yaşadan elə onların məhəbbətidir".
Ədalət Əsgəroğlunun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin xəttilə çıxan nəşrlərdə də dövlətçilik maraqları, dövlətin müdafiəsi tamamilə nəzərə alınır. Bundan başqa, o bildirdi ki, Birliyin yaşlı, təcrübəli üzvləri ədəbiyyata gələn gənc nəslə də dövlətə, dövlətçiliyə sadiq olmağı tövsiyə edir. Gənclərin də bu xətti tutduğunu vurğulayan Ə.Əsgəroğlu ümid edir ki, bundan sonra da ədəbiyyatımız və söz adamlarımız bu məsələyə sadiq qalacaq.
İradə SARIYEVA
Baki Xəbər.-2013.-5 -7
aprel.-S.15.