Azərbaycan
dövlətinin məcburi köçkünlərə
yönəlik siyasətinin ictimai mənafe
aspektləri...
Taxtakörpü-552
məcburi köçkün ailəsinin sevinc məkanı...
Qaçqın, köçkün həyatı yaşamaq işgəncədir. Bir insanın öz vətənində qaçqın, məcburi köçkün olaraq yaşaması heç ürəkaçan məsələ deyil. Ancaq nə edək ki, 1 milyon nəfərdən artıq vətəndaşımız ermənilərin təcavüzü nəticəsində Dağlıq Qarabağdan-ata ocaqlarından, yurd-yuvalarından didərgin düşüb. Respublikamızın bir bölgəsindən məcburi köçkün düşən insanlar başqa bölgələrimizdə özlərinə yurd-yuva qura bilib.
Bunlar hamısı Azərbaycan dövlətinin qayğısı sayəsində baş verib. Azərbaycan dövlətinin iqtisadi, sosial-siyasi, mədəni yüksəlişi göz önündədir. Bu uğurlar hər bir vətəndaşın həyatına yazılan vacib məqamlardır. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri də xoş hadisələrdir. Bu məsələyə müxtəlif yazılarda qayıdacağıq. İndi isə tarixin 2011 səhifəsinə qayıtmaq istəyirik. Bu tarixdə məcburi köçkünlərin həyatını dəyişən, yeniləyən yaddaqalan hadisələr az olmayıb. Sözsüz ki, bu sevincli anlar onların müvəqqəti, yəni öz yurdlarına qayıdacaqlarına qədər yaşamaları üçün inşa edilən mənzillərlə təmin edilməsilə bağlıdır.
2011-ci ilin ilk aylarında Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin açılışı oldu. Bu mərasimdə ölkəmizin başçısı İlham Əliyev də iştirak edirdi. Qaçqınlara mənzillərin verilməsi də, dövlət başçımızın həmin tədbirlərə qatılması da məcburi köçkünlərə böyük bir qayğı nişanəsidir.
Sosioloq Aytəkin Kamranqızı (Bağırova) deyir ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə bəslənən münasibət birbaşa dövlətin və dövlət başçısının bu sahədə siyasətinin dürüst aparıldığını önə çəkən məqamdır: "Azərbaycan xalqının, dövlətinin, cəmiyyətinin hazırda yeganə böyük problemi Dağlıq Qarabağın ermənilər tərəfgindən işğal edilən ərazilərinin qaytarılması ilə bağlıdır. Xalqımız dövlətimizə böyük ümid bəsləyir ki, dövlətimiz torpaqlarımızı azad edəcək. Qayıdaq məcburi köçkünlərə yaradılan şəraitə. İndi onların böyük əksəriyyəti çadır şəhərcikləri, fin düşərgələrdən ayrılıb, köçkünlərin çoxuna çox yaraşıqlı, hər bir şəraiti olan mənzillər verilib, yenə də veriləcəyi bildirilir. Tarixə qayıtsaq, bu sahədə görülən böyük işləri yada salmış olarıq. Vaxtilə Bakıda və onun ətraf qəsəbələrində yerləşən məcburi köçkünlər normal vəziyyətdə yaşasalar da, rayonlara sığınan məcburi köçkünlər çox ağır şəraitdə yaşayırdılar. Bu da onları ciddi narahat edirdi. İndi demək olar ki, rayonların çoxunda məcburi köçkünlər üçün binalar inşa edilir. Onlardan biri də Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin salınması idi. 2011-ci ildə baş verən bu xoş hadisənin şahidləri sırasında Prezidentimiz cənab İlham Əliyev də vardı. O öz çıxışında indiyə qədər məcburi köçkünlər üçün görülən işlərdən də danışdı, görülməsi nəzərdə tutulan işlərdən də. Taxtakörpüdə salınan bu gözəl qəsəbədə 552 ev tikilib. Burada məktəb də tikilib, bütün infrastruktur yaradılıb . Bu qəsəbəyə işıq, su, qaz çəkilib. Cənab Prezident deyirdi ki, bu qəsəbənin yaradılması çox gözəl hadisədir".
A.Kamranqızının dediyinə görə, ölkədə çadır şəhərciklərinin ləğv edilməsi təşəbbüsü xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə bağlıdır: "Cənab Prezident də vurğulayıb ki, çadır şəhərciklərinin sökülməsi məsələsi, təşəbbüsü vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb. Belə ki, 1990-cı illərin sonlarında Azərbaycanda yaradılan Dövlət Neft Fondunun ilk ödəmələri məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xərclənib. Bu siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin maddi imkanları daha da genişdir. Bizim böyük imkanlarımız var ki, bu proses daha da sürətlə getsin".
Qeyd edək ki, ölkə başçımız 2011-ci ildə Taxtakörpüdə laçınlı köçkünlər üçün inşa edilib istifadəyə verilən yeni qəsəbənin açılışında bir sıra diqqətçəkən məsələlərə toxunub. O bildirib ki, son illər ərzində onlarla yeni qəsəbə salınıb, minlərlə insan yeni gözəl evlərə köçürülüb: "...Mənə verilən statistik məlumatlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənmişdir. Onun 3,7 milyardı Azərbaycan dövləti tərəfindən xərclənmişdir. Həm Dövlət Neft Fondu və həm də Azərbaycan büdcəsi tərəfindən bu məsələlər həllini tapmışdır. Növbəti illərdə, xüsusilə gələn ildən başlayaraq daha da böyük məbləğdə vəsait nəzərdə tutulacaqdır ki, hazırda çətin vəziyyətdə yaşayan köçkünlərin problemlərini də tezliklə həll edək. Təbii ki, biz ilk növbədə ən ağır vəziyyətdə yaşayanların problemlərini həll etmişik - çadır şəhərcikləri artıq ləğv edilib. İndiki mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxanalarda, hərbi hissələrin ərazilərində məskunlaşmış köçkünlərin problemlərini həll edirik. Siz də bu vaxta qədər fin qəsəbələrində çox ağır, çətin vəziyyətdə yaşamısınız. İndi isə bu qəsəbə salınıb. Burada yaşamaq üçün bütün imkanlar vardır. Ancaq bu da müvəqqəti yaşayış məntəqəsidir. Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik. Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq. Bunu etmək üçün bilirsiniz ki, danışıqlar aparılır, səylər göstərilir. Azərbaycan dövləti qarşısında bu məsələdən daha vacib məsələ yoxdur. Çünki bütün başqa sahələrdə ölkəmiz uğurla inkişaf edir. İyirmi illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bilməz. Azərbaycanda son illər ərzində yaşanan iqtisadi inkişaf dünya miqyasında nadir xarakter daşıyır.
Nə vaxta qədər ki, danışıqlar prosesindəyik, Qarabağ məsələsində hər şey təkcə bizdən asılı deyildir. Çünki danışıqların iki tərəfi vardır - bir tərəf Azərbaycan, digər tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq format fəaliyyət göstərir. Minsk Qrupu 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Amma heç bir nəticə yoxdur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsələ öz həllini tapmır. Çünki dünyadakı erməni lobbisi, ermənilərin havadarları, onlara dəstək verənlər buna imkan vermirlər. Biz görürük ki, erməni lobbisi bəzi böyük ölkələrin siyasətinə də öz təsirini göstərir"...
Sonra həmin mərasimdə ölkə başçısı məcburi köçkünlərə ümid verərək bildirib: "Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni tezliklə öz xeyrimizə ədalətli şəkildə həll edək. Bu məsələnin ədalətli həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və bərpa ediləcəkdir. İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcəkdir. Mən buna şübhə etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu daha da tezliklə öz həllini tapsın, köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deməyə əsas verən bir neçə amil vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. Həm bizim artan siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu daha da artıracağıq, - artan əhalimiz vardır. Yəni, bütün bu regional geosiyasi məsələləri həll edən amillər bizim mövqeyimizi dəstəkləyir. İllər keçdikcə biz daha da güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır. Əziz dostlar, siz Laçın rayonunun sakinlərisiniz. Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində, sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq. Laçının işğal altına düşməsi, eyni zamanda, başqa rayonların işğal altına düşməsinə gətirib çıxarıb. Çünki 1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün sonra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi, əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən torpaqlar, o cümlədən Laçın Azərbaycan torpağıdır. Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan xanlığında da azərbaycanlılar yaşamışlar. İndiki Ermənistan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib çıxarmışdır. Mən tam əminəm ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin işğalına məruz qalmazdı"...
Azərbaycan dövlətinin məcburi köçkünlərə bəslədiyi qayğı bununla bitmir, gələn sayımızda yenə də başqa bölgələrdə tikilən binalardan, məcburi köçkünlərə yaradılan şəraitdən danışacağıq.
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-12-14 aprel.-S.15.