Nazirlərin bölgə sakinləri ilə birbaşa görüşləri nəyə xidmət edir?

 

  Hüquqşünas dövlətlə ictimaiyyət münasibətlərinin daha da istiləşdirilməsi yollarından danışır

 

  Hər bir dövlət öz vətəndaşlarının rifahı uğrunda böyük addımlar atmalıdır. Dövlət üçün vətəndaş, vətəndaş üçün də dövlət əziz olmalıdır. Eyni zamanda, dövlət və ictimaiyyət bir-birinin maraqlarının müdafiə etməlidir. İctimaiyyətlə dövlətin vahid canda birləşməsi önəmlidir. Vətəndaşın, ictimaiyyətin dövlətə, dövlətçiliyə bağlanması, dövlətin siyasətini dəstəkləməsi vacib bir haldır. Çünki vətəndaşı var edən onun dövlətinin varlığıdır, bütövlüyüdür. Azərbaycan cəmiyyəti, ictimaiyyəti dövlətimizin maraqlarını hərtərəfli şəkildə müdafiə edir. Dövlətimiz də ictimaiyyətin maraqlarını hər zaman qoruyur.

   Camaatın dövlətlə əlaqəsinin möhkəmlənməsində məmurların, müxtəlif vəzifə sahiblərinin, əlaqədar qurumların xüsusi rolu olmalıdır. Vətəndaş və dövlət vəhdətinin formalaşmasında rol oynamalı olan vəzifəli şəxslər bəzi hallarda bu işin öhdəsindən layiqincə gələ bilmir. Bu da, istər-istəməz, həmin məmurlarla ictimaiyyət arasında ciddi problem yaradır. Amma bu problem dövlət və ictimaiyyət münasibətinə xələl gətirmir. Ona görə ki, xalq, ictimaiyyət dövlətini hansısa bir məmura görə sevmir, onu vətəni, qeyrəti olduğu üçün sevib müdafiə edir.

   Azərbaycan ictimaiyyəti dövlətdən, dövlət başçısından, onun həyata keçirdiyi işlərdən razıdır. Çünki edilən hər bir şey, atılan hər bir addım xalqın rifahı üçündür. Bunu dəfələrlə ölkə başçısı özü də bəyan edib.

   Qeyd etdiyimiz kimi, əhalinin müəyyən qisminin bəzi məmurlardan narazılığı var. Səbəb isə son zamanlara qədər bir sıra məmurların əhalinin problemlərinə biganə qalması, ictimaiyyət nümayəndələrini qəbul edib onları narahat edən məsələlərin həllinə yardımçı olmaması olub. Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtaşırı olaraq bölgələrə səfər edir, rayonlarımıza baş çəkir və burada ictimaiyyət nümayəndələrini qəbul edib əhalinin problemlərilə maraqlanır. Prezidentin elə bir səfəri yoxdur ki, orada ictimaiyyət təmsilçilərilə görüş olmasın. Prezidentin bu görüşləri, təmasları ictimaiyyət tərəfindən böyük sevgilə qarşılanır.

   Artıq son dövrlər Azərbaycan dövlətində müxtəlif vəzifələr tutan şəxslərin də ictimaiyyətlə davamlı görüşləri olur. Onlar Bakıda və bölgələrdə ictimaiyyət nümayəndələrilə görüşür, onları narahat edən məsələlərə yardım etməyə çalışır. Əslində, ictimaiyyətlə belə görüşlərin intensiv xarakter alması çox vacibdir. Məmurlar əhali ilə davamlı görüşməlidir ki, camaatın rahatlığını pozan hallar tezliklə aradan qaldırılsın.

   Məlumatlara görə, rayon icra hakimiyyəti başçıları, nazirlik və komitə rəhbərləri əhali ilə görüşlər keçirir, onların narahatlığına səbəb olan məsələlərə münasibət bildirir.

   Hüquqşünas Azər Muxtarov bizimlə söhbətində bildirdi ki, vətəndaşların məmurlar tərəfindən qəbul edilməsi müsbət haldır və bu, dövlətlə ictimaiyyət münasibətlərinin daha da istiləşməsində böyük rol oynayır. A.Muxtarovun sözlərinə görə, ictimaiyyət nümayəndələrini narahat edən əsas məsələlər məhkəmələrlə, torpaq, mülk problemlərilə bağlı olur: "Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü siyasət, gördüyü işlər ictimaiyyətin ürəyincədir. Xalq Prezidentin Azərbaycan dövlətinin, xalqının rifahı, sosial müdafiəsi uğrunda atdığı addımları dəstəkləyir. Çox böyük işlər görülür bu sahədə. Cənab İlham Əliyev hər zaman əhalinin problemlərinə yerindəcə reaksiya verib. O hər bir məsələyə xüsusi diqqət yetirir. O, bütün məmurlara da göstəriş verir ki, əhali ilə tez-tez görüşüb onların çətinliklərilə maraqlansınlar. Axır vaxtlar nazirlər, komitə rəhbərləri, icra başçıları və başqa vəzifəli şəxslər rayonlara səfər edərək orada ictimaiyyət təmsilçilərilə görüşür. Bu çox müsbət haldır. Vaxt vardı ki, camaat o məmurların qəbuluna düşə bilmirdi, indi isə onlar özləri xalqın görüşünə gedir. Bu görüşlər aprel ayında daha intensiv hal alıb. Bir müddət əvvəl ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin ailə üzvləri ilə, ictimaiyyət təmsilçilərilə böyük bir görüş keçirib. Rsəmi xəbərlərə görə, bu görüşün təşəbbüskarı ədliyyə naziri Fikrət Məmmədov olub. Bildirim ki, ilk dəfə idi ki, bu cür tədbir keçirilib. Bu da Azərbaycan hökumətinin saxlanan şəxslərə hər cür qayğı göstərməsinin təzahürüdür. Bir neçə yeni cəzaçəkmə müəssisəsi tikilir ki, orada saxlanan şəxslərin şəraiti daha da yaxşı olsun. Şəki şəhərində dünya standartlarına cavab verən yeni müəssisə tikilib, yaxın günlərdə istifadəyə veriləcək. Digər yerlərdə də işlər aparılır. Bunlar rəsmi məlumatlardır. İctimaiyyətlə görüşdə diqqətçəkən məsələlərdən biri məhbus ailələrinin şikayətlərinin dinlənilməsi, bu barədə ölçü götürüləcəyi fikrinin irəli sürülməsi olub. Penitensiar Xidmətin rəisi Mədət Quliyev orada deyib ki, qanunazidd hərəkət edən əməkdaşlar cəzalandırılır. Onun sözlərinə görə, elə həftə yoxdur ki, qanunun tələblərini pozan əməkdaş xidmətdən azad edilməsin. Bundan başqa, onlar məhkumlara verilən yeməklərin keyfiyyətinin yaxşı olmasına çalışdıqlarını da deyib. Bu da yaxşı haldır ki, məhkumların ailələri onların taleyindən nigaran qalmayacaq".

   Hüquqşünas dedi ki, sosial müavinətlərin verilməsində və s. sahələrdə müəyyən problemlər olduğu üçün bu, ictimaiyyəti ciddi narahat edir. Odur ki, onlar öz şikayətlərini zaman-zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və mətbuata ünvanlayır. Bu şikayətləri yerindəcə araşdırıb həll etmək üçün nazir Füzuli Ələkbərov ictimaiyyət nümayəndələrini qəbul edib, onları dinləyib. A.Muxtarovun sözlərinə görə, F.Ələkbərov bu yaxınlarda Astara, Hacıqabul, Saatlı, Biləsuvar, habelə Bakının Nərimanov, Xətai, Sabunçu, Suraxanı, Xəzər rayonlarından və Sumqayıt şəhərindən olan 30 nəfərədək vətəndaşı qəbul edib: "Bu görüşdə hər kəs öz probleminin ədalətli həllinin təmin olunmasını istəyib. Nazirin göstərişilə onların müraciətləri obyektiv və ədalətli şəkildə araşdırılıb".

   Qeyd edək ki, bu görüşlə bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata daxil olan mıəlumata görə,müraciətlər araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatlılıq səviyyəsinin aşağı olduğu müəyyən edilib: "Belə vətəndaşlara müraciətlərində qaldırılan məsələlərlə bağlı hüquqi izahatlar verilib. Eyni zamanda, bir sıra vətəndaşların zəruri sənədləri toplayaraq təqdim edə bilməməsinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər ünvanladığı məlum olub.

   Müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bəzən vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda, bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşlarda haqlı narazılıq yaratdığı müəyyən edilib. Nazir Füzuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib".

   Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirdiyi bəllidir. Xəbərlərə görə, iki gün ərzində Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşan Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb, polis fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı, onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.

   Bu il aprelin 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirib. Yerli dindarların və ictimaiyyət nümayəndələrinin qatıldığı bu tədbirə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılıb. Qurumdan aldığımız məlumata görə, Elşad İskəndərov görüşə gələn vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb: "Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıb. Elşad İskəndərov vətəndaşları narahat edən bütün məsələlərin tezliklə həll ediləcəyini bildirib. O, Şirvan regionunda yaşayan din xadimlərinin, dini icmaların təşkilatçılığını da yüksək qiymətləndirib".

   Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin qəbulunu keçirib. Mətbuatın verdiyi xəbərə görə, nazir sakinlərin müraciətlərini dinləyib, müraciətlərə aidiyyəti üzrə baxılması üçün tapşırıqlar verib. Görüşdə iştirak edən ictimaiyyət nümayəndələri deyiblər ki, nazir onların bütün problemlərinin həll ediləcəyini vəd edib və bu istiqamətdə müvafiq tapşırıqlar verib.

   Aprel ayında iqtisadi inkişaf naziri Şahin Mustafayev də ictimaiyyətnən görüşüb. Şirvan şəhərindəki Mədəniyyət Evində baş tutan görüşdə Şirvan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nazirliyin məsul işçilərinin iştirak etdiyi görüşdə 60-dək vətəndaşın müraciətinə baxılıb. Bütün vətəndaşlar fərdi qaydada qəbul edilib. Qəbula yazılışlar açıq və şəffaf şəkildə aparılıb: "Müraciətlər əsasən işə qəbul, yol infrastrukturunun salınması, sahibkarlara və fermerlərə güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar problemlərin həll olunması, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub. Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb".

   Yüksək çinli dövlət məmurlarının ictimaiyyətlə keçirdiyi görüşlər dövlət və xalq arasındakı münasibətləri daha da möhkəmləndirir. Bundan da görünür ki, dövlət ictimaiyyətin maraqlarının müdafiəsində maraqlıdır və bu sahədə böyük işlər görür.

 

  

    İradə SARIYEVA

   

    Bakı Xəbər.-2013.-23 aprel.-S.15.