Mediada Azərbaycan dilinin mühafizəsi üzrə dövlət siyasətinin ictimai mənafelərlə uzlaşması...

 

 Dünyada anamızın dilindən gözəl, şirin çox az şey var. Dilimiz bizi bir xalq kimi bütün zamanların tufanından keçirərək gətirib XXI əsrə çıxarıb. Azərbaycan dilinin yaşamasında, təbliğində, qorunmasında əməyi olan vasitələrdən biri mətbuat olub. Mətbuat təmsilçiləri hər zaman dilimizin qeydinə qalmağa çalışıb. Ümumiyyətlə, ictimaiyyət dilimizlə bağlı yenilikləri, dilimizin tələb və qaydalarını, sözlərin işlədilmə, ifadə formalarını mətbuatdan öyrənib.

   Bu da ona dəlalət edib ki, media dövlətin ana dili siyasətini ictimaiyyətə uğurla çatdırıb. Ana dilimizin mətbuatda qorunması, yaşadılması son illər ən çox müzakirə edilən məsələlərdən biridir. Sirr deyil ki, dilin qeydinə qalan, onun saflığını qoruyan, yad təsirə məruz qalmasının qarşısını alan media orqanları ilə yanaşı, dilimizi korlayan, onun təəssübünü çəkməyən KİV-lər də var. Bu da təbii ki, ictimaiyyətin narazılığına səbəb olur. İctimaiyyət hesab edir ki, bəzi media orqanları dövlətin dil siyasətini dövlət və ictimai maraqlar istiqamətində müdafiə edə bilmir. Azərbaycan dilinin media vasitəsilə daha çox təbliğ edilmək imkanı olduğu bəllidir.

   Dövlətin dil siyasətinin ana xəttini dilimizin müdafiəsi, onun daha uzaq mənzillərə qədər yaşayıb inkişaf etdirilməsi, qloballaşma tufanına dözməsi istəyi təşkil edir. Vaxtaşırı olaraq dil təəssübkeşləri mediaana dilimiz, onun ictimai maraqların müdafiəsinə təsiri kimi məsələləri gündəmə gətirir. Əslində, mətbuat bir növ dil süzgəci rolu oynamalıdır ki, dil pozuntularının qarşısı alınsın.

   Bəllidir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun və digər qurumların təşəbbüsü ilə dilimizin müdafiəsilə bağlı tədbirlər, müzakirələr keçirilir. Təbii ki, mediada dövlətin ana dili siyasətinin hansı səviyyədə aparılması burada daha çox incələnib. Bir məsələ də var ki, dilimizin KİV-lərdə qorunması səviyyəsi əksər hallarda mütəxəssisləri qane etmir. Bu da səbəbsiz deyil. Çünki bəzi media orqanları o qədər yad-yabançı sözlərdən yamaq kimi istifadə edir ki, bu da dilimizin gözəlliyinə kölgə salır.

   Dilçi Tamilla Bağırlı bizimlə söhbətində bildirdi ki, ana dilimizlə əlaqədar dövlət səviyyəsində qəbul edilən bütün qərarların icrasında medianın daha böyük rolu olmalıdır.

   T.Bağırlı bildirdi ki, peşəkar jurnalistredaktor kollektivilə əhatə olunan media orqanlarında dilimizin mühafizəsi, yad təsirlərdən qorunması halları mövcuddur. Peşəkarlar olmayan yerdə isə dil öz böhran çağını yaşayır. T.Bağırlının sözlərinə görə, media qurumlarına rəhbərlik edən insanlar da ana dilimizin əzilməsindən, çirklənməsindən narahat olduqlarını dəfələrlə dilə gətirib.

   Keçən ilin oktyabr ayında Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Mediaana dilindən istifadə xüsusiyyətləri" adlı layihəsi çərçivəsində "Media və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda keçirilən "Dəyirmi Masa"nı yada salan dilçi alim bildirdi ki, bu layihəni zəruri edən məqamlar çox olduğundan, onun reallaşması böyük fayda verib. Ekspert dedi ki, MŞ bir mətbuat qurumu olaraq 2011-ci ildə də ana dililə bağlı layihə həyata keçirib. T.Bağırlının bildirdiyinə görə, ana dilimizin normalarına əməl edilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsi tədbirləri həyata keçirilərkən mediada ana dilinə münasibət məsələsi müzakirə olunub. Burada həmçinin nöqsanların aradan qaldırılması istiqamətində ayrı-ayrı mətbu vasitələrin özləri tərəfindən təşəbbüslər irəli sürüldüyünüqeyd edən dilçi bildirdi ki, bu sahədə hələ görüləsi xeyli var. Mətbuat Şurasının KİV DF-nin maliyyə dəstəyilə bu sahədə həyata keçirdiyi işlərin, monitorinqlərin nəticələrinə toxunan T.Bağırlının sözlərinə görə, əldə olunan nəticələr də onu deməyə əsas verib ki, mövcud sahədə bəzi müsbət meyllər yaranıb: "Bununla belə, mediamızın ana dilindən istifadəsində meydana çıxan problemlər hələ də aktuallağını qorumaqdadır. Bilirik ki, Azərbaycan Mətbuat Şurası bunu nəzərə alaraq keçən ilin payızında ondan əvvəlki layihənin davamı olaraq "Mediaana dilindən istifadə xüsusiyyətləri" adlı layihə həyata keçirib.

 

   Keçən ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. MŞ-nın barəsində danışdığım layihəsi eyni zamanda, həmin sənəddə ifadəsini tapan məsələlərin həllinə bir növ dəstək göstərmək məramından irəli gəlir. Həmin layihənin konkret məqsəd və vəzifələri haqqında söhbət açsaq bildirməliyik ki, burada əsas xətt ölkənin media orqanlarının Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nə dərəcədə riayət etdiklərini müəyyənləşdirməkdən, konkret meylləri izləməkdən, qarşıya çıxan problemləri qruplaşdırmaqdan, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasından ibarət olub. Mövcud istiqamətdəki başlıca fəaliyyət isə aylıq monitorinqin keçirilməsi olub. Azərbaycan Mətbuat Şurasının müvafiq təlimatına əsasən, ölkənin tanınan, ictimai fikrə təsir göstərən 30 qəzetində aparılmış monitorinqin birinci mərhələsi iyul, avqustsentyabr aylarını əhatə edib. Leksik pozuntuların müəyyənləşdirilməsində alınma sözlərin, terminlərin, dialekt və şivə sözlərin, neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara diqqət yetirilib. Morfolojisintaktik pozuntular qrammatik pozuntular kimi araşdırılıb. Həmçinin, dili praktik bilməməkdən və bəhs olunan predmeti bilməməkdən irəli gələn pozuntular nəzərdən keçirilib. Keçən ilin iyul, avqustsentyabr aylarında monitorinqi aparılmış qəzetlərdə ümumilikdə 2993 pozuntu faktı qeydə alınıb. Bunlardan 437-si alınma sözlərin işlədilməsi ilə bağlı pozuntulardır. 208 pozuntu faktı terminlərin işlədilməsi ilə əlaqədardır. Dialekt və şivə sözlərin düzgün işlədilməsinə dair 96 fakt qeydə alınıb. 278 halda KİV-lər neologizmlərin yaradılması və işlədilməsi ilə bağlı pozuntulara yol verib. Bu mənada morfoloji pozuntuların sayı 275, sintaktiklərin sayı isə 376 olub. Üslubi pozuntuların ümumi sayı 1323-dür ki, onlardan dili praktik bilməməkdən irəli gələnlər 686, dilin qaydalarını bilməməkdən irəli gələnlər 284, bəhs olunan predmeti bilməməkdən irəli gələnlər 353-dür. Bu, quru statistika kimi görsənsə də, əslində dilimizin işlədilməsi qaydalarına zidd məqamlardır. Onlar dilimizi korlayan faktlar kimi qeyd olunub".

   Qeyd edək ki, dilçinin barəsində danışdığı layihə üzrə yaradılmış monitorinq qrupunun rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov məsələ ilə bağlı qeyd edib ki, rəsmi qəzetlərdə dilüslub səhvləri nisbətən az olub. Abbasov bunun səbəbi kimi təkcə peşəkarlıq amilini deyil, ümumən qəzetçilik texnologiyasına yanaşmanı vurğulayıb. Onun sözlərinə görə, aşkara çıxarılmış nöqsanların bir çoxu həmin texnologiyanın ümumiyyətlə işləməməsindən xəbər verir. Bu mənada korrektə, redaktə işinin lazımi səviyyədə qurulmamasını demək üçün əsaslar yaranır. Bəzən eyni qəzetdə həm dilin normaları baxımından yararlı, həm də yararsız material gedir. Belə faktları peşəkarlıqla da əlaqələndirən Abbasov redaksiyalarda yazdığı yazının redaktə olunmadan birbaşa qəzet səhifəsinə çıxarılması mümkün olan çox az şəxslərin çalışdığına diqqət çəkib: "Bizim nəzərə çatdırdıqlarımız tövsiyə xarakterlidir. Amma dilimizin qorunması mütləq məsələdir. Ona görə də hesab edirəm ki, bu mövzuda diskussiyalar açılmalıdır. Bu müzakirələr daim gündəmdə qaldıqca səhvlər də azalacaq. Bir məsələyə də diqqət yetirilməsini istərdim: monitorinq müəyyənləşdirib ki, problemlər heç də hansısa sözlərin düzgün yazılıb-yazılmaması ilə bağlı deyil. Daha çox qrammatiküslubi pozuntular da önəm daşımaqdadır".

   Azərbaycan Milli Məclisinin deputatı, MŞ-nin Dil komissiyasının sədri, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Azərbaycan ədəbi dilinin qorunması məsələsinin daim gündəmdə saxlanmasının vacibliyini vurğulayıb: "Dildən istifadədə daha bərbad vəziyyət telekanallardadır. Onlar dilimizin korlanmasında "mühüm" rol oynayır. Nəzərə alaq ki, auditoriyaları daha genişdir. Hesab edirəm ki, ictimai müzakirələrin qayəsi dilimizi sevdirmək üzərində qurulmalıdır. Biz əksər hallarda sevdiyimiz şeylərə qısqanc yanaşan xalqıq. Dilibu müstəviyə qaldırmaq vacibdir. Çünki dil azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm amildir".

   Fikirlərdən də göründüyü kimi, Azərbaycan dilinin media vasitələrində qorunması üçün görülən işlər kifayət deyil. Bunun üçün hələ də xeyli işlər görülməlidir. Bununla belə, Azərbaycan dilinin inkişafında və irəliləməsində çağdaş mətbuatın rolu danılmazdır.

 

   Milli mediamızda kifayət qədər dil təəssübkeşləri çalışır ki, onlar dilimizin müasir dövrdə öz şəhd-şirəsini, əzmini qoruyaraq yaşamasına çalışır. Təbii ki, Azərbaycan dilinin daha işlək olması, onun yad ünsürlərdən təmizlənməsi prosesinin önündə milli mediamız getməlidir, gücü çatdığı qədər də gedir. Bəzi dilçi alimlərin qənaətinə görə, bəzi dilçilər dilin kütləvi pozulması məsələsində medianı suçlayır, əslində isə burada medianın günahı azdır.

   Dilçi Ülviyyə Rəhimovanın dediyinə görə, müstəqil mediamız hələ çox gəncdir, bu səbəbdən də onun dilin tam qaydalarını qoruması imkansızdır. Dilçi ümid edir ki, görülən tədbirlər nəticəsində və jurnalist, redaktor peşəkarlığının artırılması sayəsində milli mediamızda dil pozuntuları problemi tədricən azalacaq. Dilçi hesab edir ki, Azərbaycan qəzetləri ana dilimizin qorunması sahəsində telekanallardan xeyli irəlidədir. Ekspertə görə, dilimizin mediada müdafiəsi, işlədilməsi və təbliği ictimai maraqlarla uyğunluq təşkil edir. Mediamız dövlətimizin dilimizin müdafiəsilə bağlı siyasətini ictimaiyyətə çox uğurla çatdırır. Təbii ki, tələbləri öz səhifəsində canlandırmaqla böyük işlər görür.

 

   Ardı var...

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 12 avqust.- S. 11.