Əlil uşaqlara dövlət qayğı siyasətinin

ictimai mənafeyə uyğunluq məsələsi...

 

 

Uşaqların ürəkdən sevinib gülməsi, öz fikirlərini doğru-dürüst şəkildə ifadə etməyi bacarması biz böyükləri sevindirən məqamlardandır. Əlil uşaqları da fiziki cəhətdən normal uşaqlardan fərqləndirmirik. Əlil uşaqların özlərini ifadə etmək üçün onlara şəraitin yaradılması, istedadlarının üzə çıxarılmasına yardımlar edilməsi çox yaxşı bir haldır.

  

   Respublikamızda normal uşaqlarla yanaşı, əlilliyi olan uşaqlar da var. Əlilliyi olan uşaqların xoş rifahı naminə aparılan dövlət siyasəti fiziki qüsurlu uşaqların özlərini və valideynlərini təmin edir. Bildiyimiz kimi, ölkəmizdə uşaqların rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir. Fiziki qüsurlu uşaqların yaxınları hər zaman qeyd edir ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev əlilliyi olan uşaqlara xüsusi diqqət yetirib. Bu cür uşaqlara qayğı göstərilməsini miras qoyan H.Əliyev sağlığında dəfələrlə fiziki qüsurlu, lakin istedadlı uşaqlarla görüşlər keçirib. Sosioloq Məhbubə Eminovanın sözlərinə görə, Heydər Əliyevin bu istiqamətdə qurduğu işlər, həyata keçirdiyi siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: "Azərbaycan müstəqillik illərində insan hüquqları, xüsusilə uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara qoşulub, bununla bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də ayrıseçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu təmin etmək üçün bütün səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir. Bu sənədlərdən irəli gələn vəzifələri həyata keçirmək məqsədilə ölkəmizdə müvafiq qərarlar qəbul edilib. Əlilliyi olan uşaqların təhsil məsələsi heç də onların müalicə almasından sonrakı məsələ deyil. Onların təhsili də dövlətin diqqətindədir. Dəfələrlə əlil uşaqların təhsil probleminin aradan qaldırılması məqsədilə yığıncaqlar, konfranslar keçirilib. Xeyli vaxt bundan əvvəl "İnklüziv təhsil: görülən işlər və qarşıda duran vəzifələr" adlı beynəlxalq konfrans keçirildi. Həmin konfransın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb olunması yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və onlar üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək addımlarımızı müəyyənləşdirmək, bu sahədə digər ölkələrin uğurlu təcrübə nümunələrini təqdim etmək idi. Hazırda ölkəmizdə əlilliyi olan 60 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır (onlardan 1353 nəfəri müəssisədə gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. "Təhsil haqqında" Qanunda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin edilməsi təsbit edilib.

   Bu məsələlər "Təhsil Haqqında" Qanunda əks olunsa da, bu sahədə müəyyən problemlər mövcuddur. Bu problemlər nədən ibarətdir? Mən bir neçə dəfə əlil uşaqların yaxınları ilə söhbət etmişəm. Bakıda 219 saylı məktəb var ki, o məktəbin müəllimləri xüsusi olaraq evlərə gəlir, əlilliyi olan uşaqlara dərs deyir.

   Bəzən elə olur ki, aradakı məsafə uzaq olduğundan, o məktəbin müəllimləri əlil uşağın yanına gələ bilmir. Bu halda, həmin şagirdin valideyni Təhsil Nazirliyinə müraciət edir, nazirlik isə, öz növbəsində, ərazidə yerləşən məktəbin fənn müəllimlərini fiziki əngəlli uşaqla(larla) məşğul olmağa təhkim edir. Elə olur ki, o müəllimlər səhlənkarlıq edərək əlil şagirdin yanına vaxtlı-vaxtında getmir. Dövlət əlil uşağın təhsil hüququnu tanıyır və onun təhsil almasını istəyir, ancaq bəzi müəllimlər onlara verilən tapşırığı yerinə yetirmək istəmir. İndi, bildiyimiz kimi, inklüziv təhsil forması yaradılıb. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqram fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nail olmaq imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərarvermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud olan uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır".

   M.Eminova dedi ki, indiyə kimi əlil uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət dəstəyilə çoxlu tədbirlər keçirilib. Onlardan biri də Bakıda "Təcriddən inteqrasiyaya doğru" adlı beynəlxalq konfrans olub. Ekspert bildirdi ki, 20-yə yaxın ölkədən ekspert və məruzəçilərin qatıldığı konfrans əlillik məsələlərinə həsr olunub: "Əlillik məsələlərinin araşdırılması, əlil uşaqların inklüziyası və bu sahədə aparılan işlərə dəstək vermək məqsədilə keçirilən "Təcriddən inteqrasiyaya doğru" əlillik məsələlərinə həsr olunan 1-ci Bakı Beynəlxalq Konfransının təşkili təqdirəlayiq haldır: "Əlillik kimi vacib mövzunun beynəlxalq səviyyədə gündəmə gətirilməsi məsələsi dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə dövlətlə yanaşı, Heydər Əliyev Fondu da böyük işlər görür, Fondun təşəbbüsünü yüksək qiymətləndirirəm. Əlil uşaqların, əlil insanların həyat şəraitinin yaxşılaşdırılmasına diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin uğurlu göstəricisidir. Artıq Azərbaycanda əlillərlə işin təşkilində müasir metodlardan istifadə edilir. Belə konfransların təşkili, eyni zamanda, böyük maarifçilik işinə təkan verir. Əlil uşaqların cəmiyyətin bir parçası olmasını şərtləndirən dövlət siyasəti ictimaiyyətin də bu istiqamətdə maraqlarını müdafiə edir".

   M.Eminovanın sözlərinə görə, insan haqlarını əlində bayraq edən bəzi Avropa dövlətlərində nəinki əlil uşaqlara qayğı göstərilir, belə uşaqlar ana bətnindəcə məhv edilir. Ancaq Azərbaycanda fiziki qüsurlu uşaqlara dövlətin hərtərəfli yardım etdiyini qeyd edən M.Eminova hesab edir ki, dövlətimiz bu sahədə də başqa dövlətlərə bir nümunədir: "Azərbaycan dövləti əlil uşaqlara hər zaman qayğı göstərib. Ümummilli lider Heydər Əliyev isə belə uşaqlara xüsusi həssaslıqla yanaşır, onlara sevgi bəsləyirdi. Heydər Əliyevin dövründə əlil uşaqlarla bağlı böyük bir tədbir keçirildi. Bu tədbir çərçivəsində rəsm sərgisi də oldu. Heydər Əliyev əlil uşaqlarla söhbət etdi, onların arzu və istəklərilə tanış oldu. Azərbaycanın istedadlı əlil uşaqları xaricdə keçirilən tədbirlərə də dəvət alır. Belə ki, bir neçə il əvvəl İstanbulda keçirilən "VI Gülən uşaqlar şənliyi"ndə iştirak edən Azərbaycan uşaqları burada da fərqlənib. Türkiyə Onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin "Əlil uşaq və gənclərlə iş mərkəzi" adlı təşkilat da qatılıb.

   Əlil uşaqların rəsm sərgiləri, musiqili çıxışları, bədii qiraət sahəsində göstərdikləri hünər hər zaman diqqəti cəlb edir. Məlumdur ki, əlil uşaqların vətən sevgisi heç də normal uşaqların vətənpərvərliyindən zəif deyil. Onlar da bu hisslərini ifadə etmək üçün yaradıcılığa üz tutur. Bu ilin may ayının 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ədəbi-bədii və musiqili tədbir keçirildi. İki gün davam edən tədbirdə əlillərin ümumrespublika yaradıcılıq baxış-müsabiqələrinin qalibləri olan istedadlı əlillər tanınan sənətçilərlə birgə vokal, instrumental ifaçılıq və poeziya nominasiyaları üzrə ifalarını təqdim edib.  

   Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində yaşayan 15 nəfər istedadlı əlilin, o cümlədən 2 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın ümummilli lider Heydər Əliyevə, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevaya, dövlətimizin rəmzlərinə və digər mövzulara həsr etdikləri 40-dək sənət əsəri nümayiş etdirilib. Tədbirdə iştirak edən rəsmi şəxslər ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əlillərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə tədbirlərin ilbəil geniş vüsətlə davam etdirildiyini vurğulayıblar". 

   Onu da deyək ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına yeni mənzillə, 3500-dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin edilib. Son illərdə müxtəlif bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb və hər il 8 mindən zox əlilə bərpa-müalicə xidməti göstərilir. Təkcə ötən il ərzində 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin istirahət zonalarında istirahəti, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi təmin olunub.

   Bildirək ki, Azərbaycanda əlil uşaqlarla bağlı dövlət tərəfindən həyata keçirilən işlər saysız-hesabsızdır. Dövlət və ictimai maraqların müdafiəsinə böyük töhfə olan bu tədbirlər cəmiyyətin ayrılmaz hissəsi olan əlil uşaqların işıqlı gələcəyini təmin edir. Heç bir əlil uşaq sahibsiz deyil, onun ailəsindən başqa sahibi də var, bu, Azərbaycan dövləti və Azərbaycan ictimaiyyətidir. Hər bir əlil övlad hər bir Azərbaycan ailəsinin qayğısını öz üzərində hiss etməlidir. Əlil uşaqlarla bağlı dövlətin həyata keçirdiyi layihələr çərçivəsində onların istedadları üzə çıxır və nəticədə müxtəlif mükafatlarla təltif edilirlər. Bu ilin noyabr ayında əlil uşaqlarla bağlı keçirilən müsabiqə buna nümunədir. Noyabrın sonlarında respublika üzrə əlil uşaqların yaradıcılıq müsabiqəsi keçirildi. Musiqi və incəsənətin müxtəlif sahələrini əhatə edən bu yarışmada 12 nəfər əlil uşaq qalib gəldi.

   Belə müsabiqələrin, yarışların, festivalların keçirilməsi əlil uşaqların sosial və mənəvi müdafiəsində özəl rol oynayır. Bu uşaqlar həm təhsilə cəlb edilir, həm də yaradıcılıq imkanlarının üzə çıxarılması üşün onlara şərait yaradılır.Bu da dövlət və ictimai maraqların bu məsələdə vəhdət təşkil etdiyini bir daha təsdiqləyir.

 

İradə SARIYEVA

Bakı xəbər. - 2013.- 2 dekabr.- S.15.