Heydər Əliyev və dünya
azərbaycanlılarının həmrəyliyi
Doğulduğum kənd Araz çayının qırağında olduğu üçün,
uşaqlıq dövründə tikanlı məftillərin
niyə çəkildiyi, rus sərhədçilərinin
bizi Araz
çayına hansı səbəbdən buraxmadıqları
ilə çox maraqlanırdım. Qoca nənəm həmişə deyərdi ki, Arazın o tayında yaşayanlar da bizim millətdi, sadəcə onlarla
bizi ruslar
ayırıb.
Onun savadı yox idi, ancaq sonradan
gördüm ki, bu millətin taleyinə düşən
ayrılıq, ikiyə bölünməyin səbəbini nənəm
tam izah edə bilməsə də, bir sadə cümləsi ilə
millətin faciəsinə səbəb olan tarixi hadisənin əsl
səbəbkarlarına düz işarə edib. Nənəmin qəlbində olan
Cənub həsrətində milli
ayrılıqdan daha çox
doğma insan itkisinin üzüntüsü
yaşayırdı. O həmişə deyirdi
ki, "Qaçaquş"
vaxtı doğma bacım o
tayda qaldı. Yaşlı nəslin
nümayəndələri bilir ki, keçən əsrin əvvəlində
ermənilərin Naxçıvana etdiyi
basqın vaxtı əhalinin, xüsusilə də
qadınların bir hissəsi düşməndən
qorunmaq üçün
Arazı keçərək Cənuba sığınıb. Məhz
"Qaçaquş" adı da həmin vaxtdan qalıb
və nənəm o hadisələr
zamanı bir bacısını itirib. Bu həsrəti
savadlı insanlar milli
faciə kimi, savadsızlar isə
doğmalarının itkisi kimi dəyərləndirsə də, mahiyyət
etibarilə heç nə dəyişmir.
Nəticədə ürəyimiz hələ də Cənub həsrəti
ilə sızlamaqdadır.
Həmin vaxt 13 yaşım vardı. Naxçıvanda Milli Azadlıq Hərəkatının
dalğası öz pik
həddinə çatdı, hətta gedən proses
böyük bir
imperiyanın sərhədlərinin sökülməsi ilə
nəticələndi. Naxçıvanın sərt
qışına baxmayaraq, o
taylı-bu taylı əhali bir-biri ilə
danışmaq, görüşmək üçün
Arazın qırağına axın edirdi.
Öz itkin düşmüş doğmalarını soraqlaşaraq tapanlar,
qışın soyuğuna baxmayaraq, özlərini suya
ataraq bir-biri ilə
görüşmək istəyirdi. Hətta həmin hadisələr
zamanı istər bizim vətəndaşlarımızdan,
istərsə də cənublu qardaşlarımızdan bir neçə nəfər suda
boğularaq dünyasını dəyişdi.
Bir az əvvəl haqqında söhbət etdiyim nənəm də soraqlaşıb öz bacısı haqda məlumat
əldə etdi, ancaq
təəssüflər olsun ki, o, dünyasını dəyişmişdi.
İtkin düşən və sonradan rəhmətə gedən
bacısının övladları ilə görüşəndə
nənəmin hansı hisslər keçirdiyi
hələ də yadımdan çıxmır. Məhz onda mən millətimizin hansı iztirabı
çəkdiyini anlamağa
başladım.
Mən yaxın tariximizdə
Naxçıvanda cərəyan edən hadisələri təsadüfən
yada salmadım. Bəli, milli
birliyimizə və həmrəyliyimizə gedən yol, bu istiqamətdə
aparılan dövlət siyasətinin əsası məhz
Naxçıvanda qoyulduğu üçün bunu etdim.
Danılmaz faktdır ki, istər sərhədlərin
sökülməsi, istərsə də 31 dekabrın Azərbaycan
tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi daxil olması prosesi ilə bağlı siyasi qərar
da məhz dahi siyasətçi Heydər Əliyevin rəhbərlik
etdiyi Naxçıvan Ali Məclisi tərəfindən verildi.
Müstəqillikdən
milli həmrəyliyə
Ötən əsrin sonlarında Azərbaycanda xalqın iradəsi ilə başlanan milli azadlıq mübarizəsi, nəhayət ki, öz uğurlu bəhrəsini verdi. Doğma Azərbaycanımız XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşdu. Qazanılan bu azadlıq, bu istiqlal xalqımız üçün nə qədər əziz, nə qədər şirin idisə, onun qorunub saxlanması bir o qədər çətin və məsuliyyətli idi. Digər tərəfdən isə, müxtəlif dövrlərdə ölkəmizdən qoparılaraq digər dövlətlərin tərkibinə daxil edilmiş tarixi ərazilərimiz və eləcə də müxtəlif səbəblərdən dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan soydaşlarımızla da bağlı çoxsaylı problemlər həll edilməli idi. Problemlərin qarşılıqlı şəkildə həlli daha səmərəli ola bilərdi. Bunun üçün dövlətimiz xaricdə yaşayan soydaşlarımızın problemlərini dərindən öyrənməklə onların həlli istiqamətində qəti addımlar atmalı, xaricdə yaşayan soydaşlarımız isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında, dilimizin, mədəniyyətimizin müxtəlif ölkələrdə təbliğ olunmasında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında dövlətimizə yaxından kömək etməli idi. Bütün bunların həyata keçməsi üçün ilk növbədə dünyanın müxtəlif ölkələrində, tarixi vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında fikir, əməl birliyinin, qarşılıqlı əlaqələrin yaradılması və möhkəmləndirilməsi, siyasi baxışından, sosial mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən sayan hər bir şəxsin vahid ideya, Vətənə, torpağa məhəbbət amalı uğrunda birləşərək milli birlik, həmrəylik nümayiş etdirməsi vacib şərt idi. Məhz milli birliyə, həmrəyliyə nail olmaqla ölkəmiz uğurlar, qələbələr əldə edə bilərdi. Milli birlik və həmrəylik zamanın, müasir dövrün tələbi idi. Bu gerçəkliyi düzgün qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev istər müstəqil Azərbaycanın daxili, istərsə də xarici siyasət xəttində milli birliyə, həmrəyliyə olduqca mühüm əhəmiyyət verirdi. Elə dünya azərbaycanlılarının milli birliyinin, həmrəyliyinin yaradılması ideyasının əsası da ilk dəfə onun tərəfindən qoyuldu.
Milli həmrəylik istiqamətində verilən ilk
siyasi qərar
Təcrübəli
dövlət xadimi olan
Heydər Əliyev hələ Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri
olarkən dünya azərbaycanlılarının
milli birlik və həmrəylik
ideyasını dövlət siyasəti səviyyəsinə
qaldırmağa nail oldu.
Belə ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi qarşısında vəsatət
qaldırıldı. Məhz Heydər Əliyevin təşəbbüsü
ilə 31 dekabr Azərbaycan tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik
Günü kimi daxil edildi.
Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra ölkədə
davamlı sabitlik və iqtisadi tərəqqinin əsası
qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq
anlayışı milli təfəkkür tərzinə
çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı
ölkələrində məskunlaşmış
soydaşlarımız üçün milli iftixar, mənəvi
dayaq və güvənc yeri oldu. Ona
görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail
olunması Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı əvəzsiz xidmətlərindən
biridir.
Azərbaycanlıların həmrəyliyinin
həm ölkəmiz üçün, həm də
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət
kəsb etdiyini düzgün dəyərləndirən Heydər
Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması
məsələlərini diqqət mərkəzində
saxlayırdı.
Ulu öndər xarici ölkələrə
etdiyi səfərlər zamanı Azərbaycan diasporunun
nümayəndələri ilə görüşlər
keçirər, onların problem və qayğıları ilə
yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair
dəyərli tövsiyələr verərək deyərdi:
"Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər
olması əsas şərtlərdən biridir".
2001-ci il noyabrın 9-10-da Bakıda
keçirilən Dünya azərbaycanlılarının
birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən
yüksək zirvələrindən biri oldu. Heydər Əliyevin 2001-ci il
mayın 23-də imzaladığı sərəncama əsasən
keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın və
həmvətənlərimizin müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha
da möhkəmləndirilməsi, dünya azərbaycanlıları
arasında birliyin, həmrəyliyin təmin
olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət
və birliklərinin fəaliyyətinin gücləndirilməsi
və əlaqələndirilməsi üçün
şərait yaratdı.
Bu qurultayın keçirilməsi
milli idealların, azərbaycançılıq
ideyalarının gerçəkləşməsi yolunda
mühüm addım idi. Qurultay həm
də müstəqil Azərbaycanın və eləcə də
bütün dünya
azərbaycanlılarının həyatında tarixi
ictimai-siyasi hadisə kimi
yadda qaldı. Qurultayda
ən yaddaqalan məqam isə ümummilli lider Heydər
Əliyevin proqram xarakterli
çıxışı oldu. Mərhum prezident dünya
azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi,
Azərbaycan dövləti ilə dünya
azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi,
qarşıya çıxan problemlərin həllində səylərin
birləşdirilməsi, Azərbaycan dilinin
və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf
etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söylədi.
I qurultaydan sonra diaspor təşkilatlarının
fəaliyyətində canlanma yarandı,
soydaşlarımızın birləşdiyi cəmiyyətlər
dünyanın hər yerində daha aktiv fəaliyyət
göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində
dövlət Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin siyasətini daha
səmərəli həyata keçirmək üçün
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi
(indiki Diasporla İş üzrə Dövlət Komitəsi)
yaradıldı.
Heydər Əliyevin milli birlik və həmrəylik ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Ötən illərin büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.
Artıq
Həmrəylik Günü milli bayrama çevrilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ayrı-ayrı ölkələrdə
yaşayan soydaşlarımızın və
həmvətənlərimizin respublikamızla əlaqələrinin
daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları
arasında birliyin və həmrəyliyin
yaradılması işində mühüm rol oynamaqdadır. Bu bayramın dövlət səviyyəsində
qeyd edilməsi isə bütün
dünya azərbaycanlıları tərəfindən
artıq bir zərurətə və mənəvi
ehtiyaca çevrilib.
Milli birlik və həmrəylik
ideyalarını layiqincə davam etdirən Prezident İlham
Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik
Günü ərəfəsində soydaşlarımıza
ünvanladığı təbriklər ümummilli lider Heydər
Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik
siyasətinin dövlət səviyyəsində və
çox böyük uğurla həyata keçirildiyini
nümayiş etdirir.
Dünya azərbaycanlılarına
etdiyi müraciətlərin birində dövlətin diaspor quruculuğuna
böyük diqqət yetirdiyini bildirən Prezident İlham
Əliyev, həmçinin, həmvətənlərimizin azərbaycançılıq
ideyası ətrafında sıx birləşmələrindən
razılığını ifadə edib.
31 dekabr tarixinin xüsusi yükü və böyük qayəsi həm də ondan ibarətdir ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş mərhum prezident Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilib, ümumxalq, ümummilli bayrama çevrilib. Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə Vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.
Göründüyü kimi, Azərbaycan dövləti milli
birlik və həmrəyliyə xidmət
edən dövlət siyasəti yürütməklə bütün soydaşlarımıza onların
Azərbaycan adında vahid və qüdrətli
bir dövlətlərinin olması
mesajını verir. Bəli, tam əminliklə deyə bilərik ki, dünyada yaşayan hər bir azərbaycanlının
AZƏRBAYCAN adlı ümumi bir evi var.
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər. -
2013.- 2 dekabr.- S.10.