Binəqədi rayonunun
sosial - iqtisadi
inkişafı:
real vəziyyət və perspektivlər
Doğma Bakının inzibati ərazisinin tərkib hissəsi olan Binəqədi rayonu Sovetlər dövründə S.M.Kirovun adını daşıyıb. Bu inzibati ərazinin "Binəqədi rayonu" adlandırılması müstəqilliyimizin ilk günlərində reallaşıb. Ərazisi 169,38 kv. km, əhalisinin faktiki sayı 400 min nəfər, inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir.
Rayon 4 (6,7,8,9) mikrorayon və 6 (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May) qəsəbədən ibarətdir. Binəqədi rayonunda 5 (Binəqədi, Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbə, Xocasən) yerli idarəetmə qurumu - bələdiyyə fəaliyyət göstərir.
Qısa tarixi oçerk
Şifahi
mənbələrə görə, "Binəqədi"
sözündəki "binə" termini
2 mənada işlədilib: 1) əsasən, maldarlıqla məşğul
olan əhalinin kənd
yaxınlığında məskun saldığı yer; 2) ov quşunun
gizləndiyi, sığındığı yer.
"Qədi" sözü isə "qədim,
köhnə" anlamlarını verir.
Toponimdən göründüyü kimi, Binəqədi Odlar
diyarı və xalqımızın qədimliyinə şahidlik edən məkanlardan biridir. Həmin səbəbdən rayondakı dini - mədəniyyət abidələri, qoruqlar dövlət tərəfindən
mühafizə edilir. Və hazırda bu iş dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə
çevrilib. Burada 1915-ci ildə inşa edilən hamam,
1908-ci ildə tikilən məscid və minarə, XVIII əsrə
aid Ovdan, XV-XVII əsrlərin
yadigarı olan yaşayış yeri, XVII əsrə aid Karvansara, 1658-ci ildə inşa
edilən məscid, neft mədənləri
ərazisindəki Tunc dövrü
"Nekropolu", "Binəqədi IV dövr fauna və flora qəbirstanlığı" qoruğu, "Keyrəki" vulkan
dağı mövcuddur.
1940-cı ildə Binəqədi yaxınlığında qədim gərgədanın elmə məlum olmayan növünün skleti, çoxlu quş və heyvan sümükləri tapılıb. 1963-cü ildə Binəqədidə Tunc dövrünə aid qəbirdən qadın skleti, tunc üzük, sancaq, qolbaq, 200-ə qədər muncuq, gil piyalə və s. əşyalar da aşkar edilib.
Binəqədi bitumluğunda IV
dövrə aid fauna 1938-ci ildə Azərbaycan geoloqu Ə.S.Məstənzadə
tərəfindən aşkar edilib. Burada
50.000 növ onurğalı heyvan qalığı tapılıb. Binəqədi
faunası heyvan qalıqlarının çoxluğu və növlərin müxtəlifliyinə
görə Kaliforniyadakı məşhur Ranco-lya-Brea
asfaltlarında aşkar edilən IV dövr faunasından zəngindir. Binəqədi
faunası nəinki Cənubi Qafqaz
faunasının tarixi, hətta bütün Qafqazın, Ön
Asiyanın və keçmiş SSRİ-nin Avropa hissəsinin
palefaunasına aid mürəkkəb
problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir.
Binəqədi neft yatağı sahəsində
Keyrəki, Abix, Ziyilpiri, Keçəldağ palçıq
vulkanlar və çoxlu şor göllər var.
Müasir Binəqədi inkişaf yolunda
Binəqədi rayonunda 99 sənaye müəssisəsi fəaliyyət
göstərir. Hazırda rayonda
3 mədənçıxarma, 17 müxtəlif içki
və tütün məmulatları daxil olmaqla qida
məhsulları, 3 toxuculuq və tikinti, 6 odun emalı və
ağac məmulatları, 3 kimya, 4 metallurgiya, 63 təyinatlı
kiçik müəssisələr
müxtəlif çeşidli məhsullar
istehsal edir. Məhsulları ilə respublika
və dünya bazarlarında öz sözünü deyən
"Binəqədi Oil KOMPANİ" Neft Şirkəti, "Bot
MMC", "B.Sərdarov adına maşınqayırma zavodu", "Bakı Poladtökmə"
ATSC, "FAV Boya" və "Bilfa Boya", "Koka-kola BOTTLERS LTD", "Qolden
Uoter", "Mars Overseas" kimi iri şirkətlər Binəqədi rayonunun sosial-iqtisadi
inkişafında mühüm rol oynayır.
Əhalinin sağlamlığının keşiyində duran tibb müəssisələri rayonda kifayət qədərdir. 4 Diaqnostika Mərkəzi, 10 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyindəki 12 tibb müəssisəsi, o cümlədən 9 nömrəli Qadın Məsləhətxanası, 8 nömrəli Stomatoloji Poliklinika, 400 çarpayılı, çoxprofilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası fəaliyyət göstərir. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, cari ilin 9 ayı ərzində təbii artım yüksələn xətlə gedib. Bu artım təbii ki, yeni uşaq badçalarının tikilməsini zəruri edir. Tələbatı ödəmək məqsədilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 3 uşaq bağçası əsaslı təmir olunub.
RİH-nin şöbə müdiri Tamella Hacıyeva mətbuata bildirib ki, 219 saylı körpələr evi millət vəkili Madər Musayevin maliyyə hesabına təmir olunur. O həmçinin deyib ki, 2013-cü ildə Xocasən qəsəbəsində 200, Binəqədi qəsəbəsində isə 240 yerlik yeni uşaq bağçaları tikiləcək. Qeyd edək ki, bu obyektlərin tikintisi Prezidentin rayona etdiyi səfərlər zamanı sakinlərlə görüşdə verdiyi tapşırığa əsaslanır.
Cari
ilin 9 ayında rayonda iqtisadi və sosial sahənin
inkişafına 7 mln. 888 min
manat məbləğində investisiya yönəldilib. Son
3 rübdə işçilərin sayı 36896 nəfər, orta aylıq əməkhaqqı isə 350 manat olub. Bu
il oktyabrın 1-i vəziyyətinə Binəqədi
rayonunda 3937 yeni iş yeri
açılıb ki, bunun
da hamısı daimidir.
İH 9 ayın hesabat dövrü ərzində "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət
Proqramı"na əsasən Rayon Məşğulluq
Mərkəzi ilə birlikdə səyyar əmək
birjası təşkil edib. İş axtaranlara 807 iş yeri təqdim olunub, 21 nəfərə vakansiyalar
üzrə işə düzəlmək üçün
göndərişlər verilib, 17 nəfər
peşə kurslarına cəlb edilib. Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 936 nəfərdən 439-u
işlə təmin olunub, 88-i peşə
kursuna cəlb olunub,
127 nəfər isə işsiz statusu alıb.
Rayonda yerli iqtisadiyyat və
sahibkarlığın inkişafı, əhalinin maddi və
sosial rifahının yaxşılaşdırılması, məşğulluğun
artırılması, əlverişli biznes mühitinin
yaradılması və investisiya cəlbediciliyinin
artırılması məqsədilə 2012-2014-ci illər
üçün xüsusi "Tədbirlər Planı" təsdiq
edilib.
Dövlət
Proqramında Binəqədi rayonuna aid 103 bənddən ibarət işlər də
uğurla davam etdirilir. 2012-ci ildə Proqram
çərçivəsində: bütün
qəsəbələr üzrə 151 km-lik
yeni qaz xətləri
çəkilib, 11038 abonent Smart-kart tipli sayğacla təmin olunub;
100, 246, 244, 3, 276 və 102 saylı məktəblər əsaslı
təmir edilib; 159, 153, 294, 274 və 211
saylı uşaq
bağçalarının tikintisi və əsaslı
təmiri, 11 saylı musiqi məktəbinin
əlavə sinif otaqlarının tikintisi yekunlaşmaq
üzrədir.
Rayonda payız-qış
mövsümünə aid tədbirlər həmişə
İH-nin diqqətində olub. Belə ki,
məhəllədaxili istilik xətləri
artıq bərpa edilib. Mövcud
qazanxanaların modernləşdirilməsi isə davam etdirilir. Bir istilik sistemində bu proses artıq
yekunlaşıb.
Ölkəmizin hər yerində
olduğu kimi, Binəqədi rayonu ərazisində də
aparılan abadlıq və quruculuq işlərinin miqyası və
bənzərsizliyi rayon sakinləri tərəfindən rəğbətlə
qarşılanır. Müsahibim Rəsulzadə
qəsəbəsinin sakini Məmməd
Ələkbərovdur: "Atam, anam və mən gözümüzü
açandan bu qəsəbədə
yaşayırıq. Burada aparılan
quruculuq-abadlıq işləri, küçələrin, məhəllədaxili
yolların təmiri hamımızı sevindirir.
Xeyir-şər evlərinin təmir edilməsi, bina hasarlarının milli
ornamentlə işlənməsi, nəqliyyat probleminin
olmaması, su probleminin
tədricən həlli, qaz xətlərinin
yenilənməsi və müasir
sayğacların istifadəyə verilməsi məişətimizi
yaxşılaşdırıb. Evimizin
yanındakı parkın yenidən qurulması,
yaşıllıq işlərinin yekunlaşması və parka nəzarətin daimi
olması qəsəbə sakinlərinə ən gözəl
hədiyyədir".
Rayon ərazisində aparılan
bütün işlərin keyfiyyətinə nəzarət
sanitar normalara uyğun aparılır. Məişət
tullantılarının mütəmadi daşınması,
istifadə edilən texnika və
avadanlıqların mühafizə və təmiri,
küçə və parklarda təmizliyin
qorunması RİH-nin bilavasitə nəzarəti
altındadır.
Binəqədi Rayon İcra Hakimiyyətinin hədəflərindən biri də aparatda kadrların seçilməsi və yerləşdirilməsidir. hər iş insanla və insan naminə olduğu üçün RİH sakinlərlə sıx əlaqə qurub, onların ərizə və təkliflərinə operativ reaksiya verir. Cari ilin 9 ayı ərzində sakinlərdən İH-yə 2 təklif, 1574 ərizə və 1249 şikayət daxil olub. Daxil olan müraciətlər əsasən tikinti aparılmasına icazə, inşası başa çatan tikililərin sənədləşməsi, mənzil və ya torpaq sahəsilə təmin edilməsi, əmək və əhalinin sosial müdafiəsi, nəqliyyat, qaçqın və məcburi köçkünlərlə əlaqəli məsələlər, su-kanalizasiya problemləri, ailə-məişət və digər problemlərlə əlaqəli olub.
2012-2013-cu tədris ilində AR-nin ali məktəblərinə qəbul imtahanlarında həmişə olduğu kimi, Binəqədi rayonu məktəblilərinin məzunları yüksək nəticə göstərib. Cari tədris ilində 2529 nəfər məzun orta məktəbi bitirib. Onlardan 2247-si ali məktəblərə sənəd verib, 1184 nəfər isə ali məktəbə qəbul olunub.
Mövcud problem və perspektivlər
Qazanılan uğurlardan kifayətlənməyən
RİH və onun başçısı
Xaləddin İsgəndərov mövcud nöqsanlar və onların həlli
yollarını göstərir ki, bu da yeni
nailiyyətlərə yol açır. Bu fikri İH-nin
cari ilin 9 ayı
hesabatında səslənən tənqidlər də sübut edir: "Rayonun sosial-iqtisadi sahəsində
mövcud inkişafla
yanaşı, bir sıra nöqsanlar
da aşkarlanıb. Misal olaraq
göstərə bilərik ki, tərəfimizdən
Biləcəri qəsəbəsində yerləşən 298
və 314 saylı, Xocasən qəsəbəsindəki 103
saylı məktəblərdə əsasən yuxarı siniflərdə
davamiyyətin həddən artıq aşağı olması,
təcrübə və səriştəsi
aşağı olan müəllimlərin
çalışması kimi bir sıra nöqsanlar
aşkarlanıb. Bəzi bağçalarda
uşaqların qəbulunda və bu
bağçaların digər fəaliyyət istiqamətlərində
rüşvət və korrupsiya halları
mövcuddur. Bu da respublika üzrə Binəqədi
rayonunun imicinə mənfi təsir
göstərir".
Dövlət Proqramında Binəqədi
rayonuna aid bəzi işlərin yerinə yetirilməsində də
ləngimələr var. Belə ki,
Sulutəpə qəsəbəsində istirahət
parkının və "Həkim məntəqəsi"nin
tikintisinə başlanılmayıb. Böyük
Şor və Xocasən göllərinə
kanalizasiya, texniki və
s. suların axıdılmasının
qarşısı hələ də tam
alınmayıb. Bir neçə məktəbdə
tədris korruslarının tikintisi
dayandırılıb.
Binəqədi rayonunda mühüm
problemlərdən biri də qanunsuz torpaq tutulması və
binaların tikilməsi halıdır. Bu
problemlə əlaqədar ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev
mətbuata belə açıqlama verib:
"O torpaqları bələdiyyələr qanunsuz
verib. Binəqədi rayonunda
15 min problemli məhkəmə
çəkişməmiz var. Hesab edirəm ki, bu problemlər öz həllini
tapacaq".
Ümumiyyətlə, 9 aylıq
hesabatda görülməyən işlərdən, problemlərdən
açıq şəkildə danışılması və
onların həlli yollarının göstərilməsi Binəqədi
RİH-ni bəzi RİH-dən fərqləndirən cəhətlərdən
biridir.
Yaxın gələcəkdə Binəqədi
qəsəbə idman kompleksinin qarşısındakı
gölün qurudulması və gölə məişət
tullantılarının atılmasının
qarşısının alınması, burada meşə
zolağı və parkın salınması
planlaşdırılıb. 2013-cü ildə
Dövlət Proqramına uyğun olaraq rayonda
çoxsaylı obyektlərin, xüsusilə təhsil müəssisələrinin
əsaslı təmiri və tikintisi nəzərdə
tutulub. Qeyd edək ki, bu obyektlərin bir qismi icrası 2012-ci ildən
növbəti ilə keçən, digərləri isə
2013-cü ildə nəzərdə tutulan
obyektlərdir.
Beləliklə, görülən
işlərin miqyası, mövcud problemlərin təhlili və
yaxın gələcəkdə onların həlli istiqamətində
aparılan məqsədyönlü işlər bir daha
sübut edir ki, Binəqədi rayonu "Azərbaycan-2020: gələcəyə
baxış" konsepsiyasının yerinə yetirilməsində
də öz sözünü deyəcək.
Vaqif CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə doktoru
Bakı xəbər. -
2013.- 3 dekabr.- S.12.