İnsan alveri ilə dövlət
mübarizə proqramlarının ictimai məzmunu...
İnsan alverinin tarixi çox qədimdir. Tarixən
müxtəlif insanlar bu cinayətin qurbanı olub. Bu qurbanların alver predmetinə çevrilməsinin
müxtəlif səbəbləri olub. Köhnə
vaxtlarda dövlətlər arasında baş verən
müharibələr, hücumlar nəticəsində əsir
götürülən insanların başına bu hadisələr
gəlirdi, onları alıb satırdılar. Təbii ki, onlar tarixin qara ləkəsidir və hər
zaman ürək ağrısı ilə vərəqlənir.
Təəssüflər
olsun ki, bu problem indi də var. Dünyanın bütün
dövlətlərində insan alveri kimi böyük cinayətlərə
qol qoyan, baş qoşan insanlar, qruplaşmalar var.
Azərbaycan dövləti
insan alveri qurbanlarına arxa-dayaq olur, onların həyatını
dağıdan insanlara, cinayətkar dəstələrə
qarşı ciddi tədbirlər görür. İnsan alveri faktoru həm Azərbaycan dövlətini,
həm də Azərbaycan ictimaiyyətini ciddi narahat edir.
Odur ki, dövlət və ictimaiyyət, ictimai
qurumlar səviyyəsində insan alverinin aradan
qaldırılması üçün məqsədyönlü
işlər görülür. İndiyə
qədər bu sahədə görülən işlərin, həyata
keçirilən tədbirlərin sayı çoxdur. Ölkədə fəaliyyət göstərən
QHT-lər, Daxili İşlər Nazirliyinin İnsan Alverinə
Qarşı Mübarizə İdarəsi, yerli icra hakimiyyəti
orqanları insan alverinə qarşı mübarizədə fəal
iştirak edirlər.
Azərbaycan dövlətinin
insan alverinə qarşı mübarizə sahəsində həyata
keçirdiyi işlərə artıq beynəlxalq səviyyədə
müsbət qiymət verilir. Belə ki, Azərbaycan
insan alverinə qarşı mübarizə sahəsində irəlidə
olan dövlətlərdən biri kimi dünya ictimaiyyətinə
təqdim olunub. Bildiyimiz kimi, ABŞ-ın dövlət
katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında
Hesabatı geniş ictimaiyyətə təqdim edərkən
ölkəmizin də adını çəkib. ABŞ-ın Azərbaycandakı səfirliyindən
bizim mətbuata verilən məlumata görə, İnsan
Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun tələblərinə
müvafiq olaraq hesabat bütün dünya ölkələrindəki
hökumətlərin müasir quldarlığa qarşı
mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyətləri
qiymətləndirir. Artıq on
üçüncü buraxılış olan bu ilin
hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar
daxil edilib. ABŞ-ın Azərbaycandakı
səfirliyi insan alverinə qarşı mübarizə sahəsində
əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən,
ölkədəki vəziyyətin
yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi
münasibətilə Azərbaycanı təbrik edib.
Qeyd edək ki, həmin təbrikdə
ölkəmizin bu sahədəki uğurları təqdir
edilir: "Bu tərəqqi insan alverinin aradan
qaldırılması ilə bağlı minimum standartlara əməl
olunması istiqamətində Azərbaycan hökuməti və
vətəndaş cəmiyyətinin üzvlərinin həyata
keçirdiyi səylər nəticəsində əldə
edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda
insan alverinə qarşı mübarizə sahəsində
bundan sonra da ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə
bağlı Azərbaycan tərəfi ilə işləməyə
davam edəcək".
Ekspertlər qeyd edir
ki, hesabatda bütün ölkələr 3 səviyyəyə
bölünür. Üçüncü səviyyə
ölkədə traffikinq sahəsində problemlərin
mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu
sahədə müəyyən tərəqqi əldə
etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan
bu il tərtib olunan hesabatda ikinci sıradan
üçüncü sıraya enib.
Sosioloq Leyla Mahmudlunun
sözlərinə görə, Azərbaycanda insan alverilə
mübarizə mütəşəkkil şəkildə
qurulub. Onun dediyinə görə, qısa
zaman ərzində yüzlərlə insan alveri qurbanı
ölkəmizə qaytarılıb və onların yenidən
normal həyata qaytarılması üçün reabilitasiya mərkəzlərinə
təhvil veriliblər. Bundan başqa, ekspert dedi ki, Azərbaycanda
insan alverinə qarşı mübarizəni gücləndirən
qanun qəbul edilib, müxtəlif sənədlər
imzalanıb: "İnsan Alveri Qurbanlarının Müdafiəsi
üzrə Qanunun (İAQMQ) tələblərinə
müvafiq olaraq hesabat bütün dünyada əks-səda
yaratdı. Xoşagələn haldır ki, burada
ölkəmiz bu sahədə apardığı mübarizəyə
görə ilk pillələrdən birində qərarlaşıb.
Azərbaycan dövləti, ictimaiyyəti son illər
insan alverinə qarşı mübarizədə çox fəaldır.
Bu illər ərzində bir neçə sənəd
qəbul edilib. İnsan alverilə
mübarizə imkanlarının genişləndirilməsi
üçün DİN-in İnsan Alverinə Qarşı
Mübarizə İdarəsi yaradılıb.
"İnsan alverinə qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 19 aprel tarixli, 609-İVQD
nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan
Respublikasının Prezidenti fərman imzalayıb. 7 may
2013-cü il tarixində dövlət
başçısının imzaladığı bu sənəd
insan alverinə qarşı mübarizə sahəsində
yenilik olacağını proqnozlaşdırmağa əsas
verir. Məlumat üçün deyim ki, 2000-ci il dekabrın
12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan
Respublikasının qanunu ilə təsdiq edilən BMT-nin
"Transmilli mütəşəkkil cinayətkarlığa
qarşı" Konvensiyasının və onu tamamlayan
"İnsan alverinin, xüsusən qadın və uşaq
alverinin qarşısının alınması, aradan
qaldırılması və cəzalandırılması"
haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul
edilən "İnsan alverinin qarşısının
alınması və ona qarşı mübarizə
haqqında" Brüssel Bəyannaməsinin müddəaları
nəzərə alınaraq, Azərbaycan Respublikası
Prezidentinin 6 may 2004-cü il tarixli sərəncamı ilə
"Azərbaycan Respublikasında İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət
Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19
may 2004-cü il tarixli əmri ilə Azərbaycan
Respublikası İnsan Alverinə Qarşı Mübarizə
üzrə Milli Fəaliyyət Planının həyata
keçirilməsi üzrə məsul şəxs - milli
koordinator təyin edilib və DİN-də İnsan Alverinə
Qarşı Mübarizə İdarəsi yaradılıb. Milli koordinator-daxili işlər nazirinin müavini,
polis general-leytenantı Vilayət Eyvazov təyin edilib. Azərbaycan
Respublikasının 2004-cü il 6 may tarixli İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət
Planının icrası başa çatdırılıb,
insan alverinə qarşı mübarizə sahəsində həyata
keçirilən tədbirlərin davamı olaraq Azərbaycan
Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında İnsan Alverinə
Qarşı Mübarizə üzrə Milli Fəaliyyət
Planı" (2009-2013-cü illər) təsdiq edilib".
İnsan alverilə mübarizə
sahəsində 2013-cü ildə daha geniş miqyaslı
mübarizə aparıldığını deyən ekspert
bildirdi ki, 2013-cü il mayın 6-dan iyunun
6-na kimi Azərbaycanda insan alverinə qarşı mübarizə
ayı elan edilib. Bu bir ay ərzində bu yöndə
böyük işlər görülüb: "Bilirik ki,
dünyada milyonlarla insan quldarlığın müasir
forması olan köləlikdən əziyyət çəkməkdə
davam edir. Belə insanlar məcburi qaydada qul kimi işlədilir,
cinsi istismara məruz qalır, dilənçiliyə cəlb
olunur, başqalarına məxsus uşaqların surroqat
anası olmağa vadar edilir, düşdükləri
asılılıqdan xilas ola bilmədikləri
üçün məcburi qaydada orqanlarının
başqalarına transplantasiya edilməsinə məcbur edilir. Bu cinayəti törədənlər insanlara
alınıb satıla bilən bir əşya kimi baxır.
İnsan alveri qurbanları əsasən seks
industriyasında, tikintidə, eləcə də kənd təsərrüfatı
sektorunda məcburən cüzi əməkhaqqına, bir
çox hallarda isə tamamilə pulsuz işləməyə
məcbur edilir".
Məlumata görə,
Azərbaycanda insan alverinin qurbanı kimi müəyyənləşdirilənlərin
əksəriyyəti qadınlar olsa da, kişilərin də
alver qurbanına çevrilməsi hallarına rast gəlinir.
Bundan əlavə, zərərçəkənlərin əksəriyyətini
gənclər, bəzən isə uşaqlar təşkil edir:
"İnsan alverinə qarşı mübarizənin zəruriliyini
nəzərə alaraq 6 may 2004-cü ildə Azərbaycan
Respublikasında İnsan Alverinə Qarşı Mübarizə
üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Milli Fəaliyyət Planının təsdiq edilməsi
Azərbaycan Respublikasında bu problemin mövcudluğunun
etirafı və ona qarşı mübarizənin zəruriliyinin
ifadəsi idi. 2009-cu ildən başlayaraq bir qrup QHT tərəfindən
hər il may ayının 6-nın
"İnsan alverinə qarşı mübarizə
günü" kimi qeyd olunması barədə qərar qəbul
edilib. 2010 və 2012-ci illərdə insan alverinə
qarşı mübarizə sahəsində fəaliyyət
göstərən QHT-lərə Daxili İşlər
Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə
İdarəsi, ATƏT, BMT, ABA CEELİ, BƏT, Aİ, Azərbaycanda
akkreditə olunmuş bəzi səfirlik və KİV nümayəndələrinin
də dəstək verməsi xüsusilə təqdirəlayiq
hal kimi qeyd olunmalıdır. Bütün bunlar nəzərə
alınaraq bu il də may ayının 6-dan
iyun ayının 6-na qədər olan müddətin
"İnsan alverinə qarşı mübarizə
ayı" kimi qeyd edilməsi barədə qərar qəbul
edilməsi çox müsbət nəticələr verib.
Ekspertin sözlərinə
görə, axır illər insan alverilə bağlı
ictimaiyyətdə böyük maarifçilik işi həyata
keçirilib. Sosioloq dedi ki, "İnsan Alverinə
Qarşı Mübarizə Təşkilatı" İctimai
Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə 28-29 may tarixlərində
Xaçmaz rayonunda "İnsan alverinə qarşı
mübarizədə maarifçiliyin rolu" adlı maarifləndirmə
layihəsi həyata keçirib: "İnsan alverinə
qarşı mübarizə sahəsində geniş və əhatəli
mübarizə həyata keçirilir. Əvvəllər
maarifləndirmə işləri yalnız Bakı, Sumqayıt
kimi şəhərlərdə aparılırdısa, indi bu
bütün bölgələrdə aparılır. Çünki rayon və kəndlərdən olan
insanlar daha çox insan alveri predmetinə çevrilə
bilir. Maarifçilik tədbirlərində
icra hakimiyyətinin nümayəndələri,
hüquq-mühafizə orqanlarının əməkdaşları,
bələdiyyə işçiləri, tələbələr
və digər gənclər fəal iştirak edir. Çalışılır ki, maarifləndirmə
aksiyalarına daha çox gənclər cəlb edilsin.
İnsan alverinə qarşı mübarizə layihələrinin
həyata keçirilməsində məqsəd insan alveri və
onun bəlaları haqqında tədbir
iştirakçılarını maarifləndirmək, cəmiyyətin
ümumi inkişafına nail olmaq, mülki cəmiyyətin,
hüquqi dövlətin formalaşmasına kömək etmək,
insanlarda "İnsan alveri" haqqında geniş səpkili
bilik və informasiyaların toplanmasına çalışmaq
olur.
Maarifçilik işi
artdıqca, dövlətin insan alveri sahəsində
apardığı uğurlu işlərin sırası
genişləndikcə, Azərbaycanda bu mənfi hala
qarşı ictimai mübarizə daha da güclənir. Bu
gün ABŞ-ın təqdim etdiyi hesabatda dövlətimiz ilk
pillələrdən birini tutub".
Ekspert hesab edir ki, insan alverilə
mübarizədə ictimaiyyət və dövlətin həmrəyliyi
sayəsində xeyli işlər görülüb. Onun
sözlərinə görə, növbəti illərdə də
bu sahədə işlərin görüləcəyi
qarşıda durur.
İradə SARIYEVA
Bakı xəbər. -
2013.- 3 dekabr.- S.15.