Folklorumuzun qorunması sahəsində
dövlət siyasəti,
YUNESKO irsində yerimiz və ictimai mənafelər...
Azərbaycan
xalqının böyük söz xəzinəsi, folklor
incisi o qədər
möhtəşəmdir, o əsrlərdir
ki, tükənmir, əksinə, daha da cilalanır və zənginləşir.
Ölkəmizdə folklor irsinin,
ağız ədəbiyyatının dövlət səviyyəsində
qorunması, qiymətləndirilməsi artıq bir ənənəyə
çevrilib.
Folklorşünaslar
qeyd edir ki, Azərbaycan xalqı tükənməz bir mədəni irsə, mənəvi xəzinəyə
malikdir. Bu sərvətin
ictimai məhsul olduğu,
zaman-zaman Azərbaycan ictimaiyyətinin
maraqlarını, arzu və istəklərini,
həyat tərzini ifadə etdiyi məlumdur.
Alimlərin sözlərinə görə,
xalqımızın milli sərvəti onun dünyada ən böyük var-dövlətidir. Azərbaycan
xalqının tarixlər boyu
yaratdığı, ictimaiyyətimizin mühafizə edib yaydığı xalq
yaradıcılığı nümunələrimiz
saysız-hesabsızdır.
Folklorşünas Sevil Yəhyayevanın
bildirdiyinə görə, Azərbaycan xalqı mənəvi cəhətdən
çox zəngin, varlı bir xalqdır: " Təbii ki,
zaman-zaman milli-mənəvi dəyərlərimizin
qorunması, təbliği birbaşa ictimai maraqlara xidmət
edib. Azərbaycan folklorunun
qorunması birbaşa dövlət xəttilə,
əlaqədar qurumların dəstəyilə həyata keçirilir. Azərbaycan mədəniyyətini,
xalq incilərini yad təsirlərdən,
itib-batmaq təhlükəsindən qorumaq üçün
dövlətimiz müxtəlif istiqamətdə tədbirlər
həyata keçirir. Azərbaycan folklorunun qorunmasına dövlətimiz nəzarət
edir. Sözsüz ki, ictimai maraqların
müdafiəsindən danışarkən burada
bir sıra amilləri göz
önünə gətirməli oluruq. Onlardan biri də folklorumuzdur ki, əsrlər
boyu onu xalq yaşadıb, dövlət yüksək mərtəbəyə
qaldırıb. Azərbaycan folklorunun
qorunmasında, mühafizəsində ictimai
və dövlət maraqlarının vəhdəti hansı
şəkildə qorunur? Azərbaycan folkloru deyəndə bura şifahi ədəbiyyatdan tutmuş
musiqiyə, bayramlara, milli
mərasimlərimizə qədər hər şey
daxildir. Folklor
xalqın şifahi tarixinin
ən etibarlı daşıyıcısı, mühafizəçisidir".
S.Yəhyayeva Azərbaycan folklorunun
dövlət və ictimaiyyət səviyyəsində
qorunması istiqamətində görülən işləri
araşdıran mütəxəssislərin bu sahədə
dövlətin böyük işlər
gördüyünü vurğuladığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan
dövlətinin bu yöndə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir:
"Qloballaşma və inteqrasiya
fonunda hər bir
xalqın milli özünəməxsusluğunu
şərtləndirən ən vacib amil kimi mədəni irsinin tədqiqi və mühafizəsi
dünyanı düşündürən aktual
mədəni problemə çevrilib. Azərbaycan Respublikası ümumdünya
mədəniyyətinin qloballaşması meyllərindən kənarda
qalmamaq şərti ilə milli
mədəniyyətin özünəməxsusluğunun
qorunmasını Milli Təhlükəsizlik
Konsepsiyasının vacib tərkib hissəsi
sayır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir. Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında milli təhlükəsizlik
siyasətinin əsas istiqamətləri müəyyən edilərkən
elm, təhsil, mədəniyyət siyasəti
və mənəviyyatın qorunmasına ayrıca bölmə
həsr edilib. Adıçəkilən
bölmədə elm, təhsil, mədəniyyət
və mənəviyyatın qorunması siyasətinin Azərbaycan
xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin
mühafizəsinə, onun mədəni tələbatlarının
ödənilməsi vasitələrinin və elmi-texniki
potensialının daxili və xarici təhdidlərdən qorunmasına,
mütərəqqi daxili və beynəlxalq
inkişafdan bəhrələnməsinə
yönəlməsi strateji hədəf kimi müəyyənləşdirilib. Konsepsiyada Azərbaycan
Respublikasının milli
maraqlarının əsas istiqamətləri müəyyən
edilərkən Azərbaycan xalqının vahidliyinin
qorunub saxlanması, azərbaycançılıq
ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının
daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi,
Azərbaycan xalqının mədəni-tarixi irsinin
və mənəvi dəyərlərinin qorunması, eləcə
də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi,
dilinin, özünüdərk, vətənpərvərlik
və milli iftixar hissinin, intellektual
potensialının inkişaf etdirilməsi
əsas hədəf kimi götürülüb".
Qeyd edək ki, Müvəkkil Hüquq Təşkilatının rəhbəri, hüquqşünas Səməd Vəkilov da bu məsələni ətraflı araşdırıb. Hüquqşünas bildirib ki, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən edir. Onun sözlərinə görə, burada Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi və digər məsələlərin əsas götürüldüyünü qeyd edən ekspert hesab edir ki, folklor örnəklərinin bu səviyyədə qorunması qloballaşma şəraitində bizim xalq örnəklərinin itib-batmayacağını şərtləndirir. Bundan başqa, Azərbaycan Respublikasının milli qanunvericilik sisteminə daxil olan 16 may 2003-cü il tarixində qəbul edilən "Folklor nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan danışan hüquqşünas dedi ki, bu, milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradıb: "Lakin son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı ardıcıl müzakirələr aparması və bir sıra sənədlər qəbul etməsi milli qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. Sözügedən təkmilləşdirilmə prosesini şərtləndirən əsas amillərdən biri də folklorşünaslığın elmi-nəzəri problemləri ilə bağlıdır. Sovet ədəbiyyatşünaslığında folklor dedikdə əksər hallarda yalnız şifahi xalq ədəbiyyatı nümunələri başa düşülüb. Lakin aşağıda təfsilatı ilə verilən YUNESKO-nun tövsiyələrində folklor (qeyri-maddi mədəni irs) dedikdə şifahi xalq ədəbiyyatını da özündə ehtiva edən daha geniş və əhatəli incəsənət nümunələri nəzərdə tutulur. YUNESKO-nun 2003-cü il tarixdə qəbul etdiyi "Qeyri-Maddi İrsin Qorunmasi Haqqında" Beynəlxalq Konvensiyanın 2-ci bəndi məhz təsviri sənətlərə həsr edilib. Göründüyü kimi, folklor nümunələrinə verilən anlayışlardakı uyğunsuzluqlar Azərbaycan folklorşünaslığının yeni elmi-nəzəri konsepsiyasının hazırlanması problemini aktuallaşdırır. Hazırda ali məktəblərdə tədris olunan şifahi xalq ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi dərsliklərində folklor nümunələri dedikdə şifahi xalq ədəbiyyatı başa düşülür. "Folklor nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində Azərbaycan folkloru nümunələrinin anlayışı verilib. Azərbaycan folkloru nümunələri (bundan sonra folklor nümunələri-S.V) - Azərbaycan xalqı, onun ayrı-ayrı fərdlər tərəfindən yaradılan və qorunub saxlanan, Azərbaycan xalqının ənənəvi bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələrini, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar-S.V), eləcə də digər xalq yaradıcılıq nümunələri".
Xatırladaq ki, adıçəkilən
qanunun folklor nümunələrinə verdiyi
anlayışın təkmilləşməyə ehtiyacı
olması faktı açıq-aydın görünməkdədir.
Bundan başqa,
sözügedən milli qanunvericilikdə
YUNESKO tövsiyələrində adıçəkilən bir sıra anlayışlar ümumiyyətlə
qeyd edilməyib. Bu
anlayışlar folklorşünaslığın tədqiqi ilə
bağlı meydana gələn spesifik terminlərdir. YUNESKO-nun
2003-cü il tarixdə qəbul edilmiş Konvensiyasında epos
söyləyənlərin sənəti bəşəriyyətin
ümumi insanlıq irsinin
şah əsərlərindən biri elan olunub.
Lakin sözügedən milli
qanunvericilikdə epos söyləyənlərin
anlayışı verilməyib. Bu tipli nümunələrin sayını
artırmaq olar.
Folklorşünaslığın
elmi-nəzəri problemləri ilə məşğul olan
filologiya elmləri namizədi Seyfəddin Rzasoy "Mifologiya və
folklor: nəzəri-metodoloji kontekst" əsərində
folklora belə tərif verib: "Folklor-
- etnik-mədəni
düşüncənin tarixi diaxronik təzahürü kimi
struktur düşüncəsidir;
- etnik-mədəni
düşüncənin sinxron hadisəsi kimi milli
özünüifadənin total düşüncə sisteminin əsas
paradiqmalarından biridir;
- total-etnik düşüncənin statusal
tipi baxımından bədii
estetik xarakterlidir;
- düşüncə
hadisəsi kimi dünya modelidir (mənaların paradiqmasıdır);
- mətn kimi folklor düşüncə
modelini əks etdirən obyektdir;
- janr
kimi gerçəkliyi
bütövlükdə universumlaşdıran
janrlar sistemidir".
Göründüyü kimi, müəllif
sırf elmi auditoriya üçün nəzərdə tutulmuş
bu əsərində folklora akademik tərif verib. Odur ki, qeyd edilən
tərifin elmi-kütləvi
dildə yenidən təqdim olunmasına, həmçinin, milli qanunvericiliyə ediləcək
dəyişikliklərə təklif edilməsi zərurəti yaranıb".
Ekspertlər hesab edir ki, qeyri-maddi mədəni irsin mühafizəsi son illər
BMT-nin elm və mədəniyyət təşkilatı
olan YUNESKO-nun diqqətdə
saxladığı ən
aktual məsələlərdən
birinə çevrilib.
Azərbaycanın mədəni irsinin
qorunması ilə bağlı milli fəaliyyətlərə diqqət
yetirək. Mütərəqqi
hal kimi onu da qeyd
etmək lazımdır ki, 2003-cü ilin noyabr ayında Azərbaycan
muğamı YUNESKO tərəfindən Bəşəriyyətin
Şifahi və Qeyri-Maddi
İrsinin şah əsəri
elan olunub. 28 sentyabr-02
oktyabr 2009-cu il tarixlərində
Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində
YUNESKO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Komitəsinin
4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası
Komitəsinin yekun qərarına əsasən,
Azərbaycan aşıq sənəti və Novruz
bayramı qeyri-maddi mədəni irsin reprezentativ
siyahısına daxil edilib.
Hazırda isə "Azərbaycan xalçaları"
adlı obyektlərin həmin siyahıya salınması ilə
bağlı iş aparılır. Bu sahədə Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti,
YUNESKO-nun şifahi musiqi ənənələri sahəsi üzrə
xoşməramlı səfiri Mehriban
Əliyevanın sistematik, yorulmaz
fəaliyyəti təqdirəlayiq hal kimi qeyd edilməlidir.
YUNESKO ilə əməkdaşlığın yüksək səviyyədə
qurulması bu sahədə sistematik işin
aparılmasına öz töhfələrini
verib. Xüsusilə Mehriban
Əliyevanın təşəbbüsü ilə Bakıda I
Beynəlxalq Muğam Festivalının
keçirilməsi dünyada mühüm mədəniyyət hadisələrindən
biridir. Bundan başqa, AMEA-nın Folklor İnstitutu, mərkəzi
Budapeşt şəhərində yerləşən
Avropa Folklor İnstitutu, Azərbaycan Respublikasının
Macarıstandakı Səfirliyi və Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
birgə əməkdaşlığı nəticəsində
Azərbaycan xalqının iki böyük epik mədəniyyət
abidəsi olan "Kitabi-Dədə Qorqud" və "Koroğlu"
dastanlarının macar dilinə tərcümə
edilməsi bu sıradan görülən mühüm işlərdəndir.
Azərbaycan folklor örnəklərinin,
küll halında Azərbaycan folklorunun qorunmasında ictimai və
dövlət maraqları bir-birilə uzlaşır. Dövlətimiz
və ictimaiyyətimiz, eləcə də beynəlxalq aləm,
beynəlxalq hüquq milli
folklor örnəklərimizin Azərbaycan
dövlətinin və ictimaiyyətinin maraqları çərçivəsində
qorunmasını təmin edir.
İradə SARIYEVA
Bakı xəbər. -
2013.- 4 dekabr.- S.10.