Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Bakının özü qədər qədimdir Binəqədi. Balaca bir kəndin özülü üzərindən qalxıb böyük rayon mərkəzinə çevrilən Binəqədi özündə tarixin çox gizlinlərini saxlayır. Binəqədi rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir. İşimizlə bağlı vaxtaşırı bu rayonun qəsəbələrinə baş çəkirik.

 

   Burada son bir neçə ildir ki, yeni binalar inşa olunur, bağlar, parklar abadlaşdırılır. İnsanlar köhnəyə "əlvida", yenilərinə isə "xoş gördük" deyirlər. Binəqədi rayonunun inkişafı, əldə etdiyi nailiyyətləri, eləcə də bunların əksi olan nöqsanları rayon sakinlərinin gözlərindən yayınmır. Ağsaqqal və ziyalılar rayonda gedən prosesi yaxından izləyir. Rəsulzadə, Biləcəri, 28 may qəsəbələrində yaşayan sakinlər rayonun simasının günbəgün dəyişməsini onlarda əhval-ruhiyyə, sabaha inam yaradan bir hal kimi qiymətləndirir. Bilirik ki, abad yerdə yaşayan adamın üzündən təbəssüm, qəlbindən sevinc əskik olmur. Köhnə paltarını soyunub yeni libas geyən Binəqədi öz gözəlliyilə sakinlərin qəlbini sevindirir. Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan ağsaqqallar günlərinin çox hissəsini şəhid Ramiz Amoyevin adını daşıyan parkda, ya da Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun büstü qoyulan kiçik bağçada keçirir. Yaşlı insanlar deyir ki, Binəqədi rayonu son 20 ildə sürətlə dəyişib. Uzun illər rayonda müxtəlif problemlər olsa da, indi həmin çətinliklər arxada qalıb. Onların yerini inkişafa doğru atılan uğurlu addımlar tutub.

  

   Bakının abidə statusu ala bilməyən ilk neft quyusu...

  

   Binəqədinin yaşlı sakinlərilə söhbətimiz zamanı onlardan eşitdiyimiz kiçik, lakin xalqımızın tarixi üçün əhəmiyyətli olan bir məlumatı oxucularımıza da çatdırmaq istəyirik. Yaşlı sakinlərinin dediyinə görə, Bakıda ilk neft quyusu da bu rayon ərazisində qazılıb. Camaat tərəfindən tarixi abidə kimi qəbul edilib qorunan bu neft quyusu hələ də tarixi abidə statusu ala bilməyib. Maraqlıdır, görəsən, o dövr üçün qeyri-adi görünən bu neft quyusuzaman öz haqqına qovuşacaq?

   Araşdırmamız zamanı o da məlum oldu ki, rayon ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə qorunan, Binəqədi qəsəbəsi ərazisində mövcud olan, 1915-ci ildə inşa edildiyi bildirilən Hamam bir tarixi abidə kimi çox əhəmiyyətlidir. Bundan başqa, burada 1908-ci ildə inşa edilən məscid və minarə, Xocahəsən qəsəbəsindəki on səkkizinci yüzilliyə aid olan Ovdan, IX-XVII əsrlərə bağlı yaşayış yeri, XVII əsrdə tikilən Karvansara, Biləcəri qəsəbəsi ərazisindəki 1658-ci ildə inşa edilən məscid arxeoloji abidə kimi milli sərvətlərimiz sırasında dayanır.

   Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının bildirdiyinə görə, Binəqədi qəsəbəsi Bakının ən qədim insan yaşayış məskəni kimi tədqiqata cəlb edilib. Onların sözlərinə görə, neft mədənləri arasında tunc dövrü "nekropol"u, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, bundan başqa, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart 1982-ci il tarixli, 167 saylı qərarına əsasən "Dövlət Qoruğu" elan edilən "Binəqədi IV dövr faunaflora qəbiristanlığı" və "Keyrəki" vulkan dağı mövcuddur.

  

   Ağsaqqallar özgə nə danışdı?

  

   Binəqədi sözü haradan yaranıb, onun mənşəyi hara bağlıdır? Ağsaqqallar dedi ki, Binəqədi tarixən Bakının ən qədim və böyük kəndlərindən biri olub. Sözün mənşəyi haqda konkret fikir yoxdur. Arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılara istinad edən arxeoloqlarımız bu kəndin binədən, başdan, əzəldən qədim olduğunu sübut edib. ArxeologiyaEtnoqrafiya İnstitutundan dedilər ki, hələ keçən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərkədanın elm aləminə bəlli olmayan skleti tapılıb...

   Yaddaşınızı ona görə təzələdik ki, oxucularımız Binəqədinin olduqca qədim tarixə malik olduğunu yaddan çıxarmasın.

   Sovet dövründə Binəqədi rayonu bolşevik liderlərindən biri Sergey Mironoviç Kirovun adını daşıyıb. Uzun illər Kirov adlandırılan, lakin illərlə bu addan can qurtaracağı günü gözləyən rayonun adı 1992-ci il aprelin 29-da dəyişdirilib. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı ilə Binəqədi adlandırılıb. Rayonun inzibati ərazisindən danışanda bura 6,7,8,9 mikrorayonlar, eləcə də, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocahəsən, Sulutəpə və 28 May qəsəbələri aiddir. Rayon ərazisində beş bələdiyyə orqanı fəaliyyətdədir. Burada bələdiyyənin xəttilə bir sıra işlər görülür. Sakinlər deyir ki, Rayon İcra Hakimiyyətilə əl-ələ verib rayonda aparılan tikinti quruculuq işlərinə təkan verir. Rayonun inzibati mərkəzini təşkil edən Rəsulzadə qəsəbəsi öz abadlığına, gülərüz insanlarının çoxluğuna görə diqqəti çəkir. Bu qəsəbədə xoşagələn hallar çox olsa da, bəzi nöqsanlardan da xali deyil. Bu da şəhidlərin xatirəsinə salınan parklardakı vəziyyətlə bağlı olan məqamdır. Milli Qəhrəman Fərhad Hümbətovun büstü qoyulan kiçik parkda hökm sürən mənzərə bir vətəndaş kimi bizi çox narahat etdi. Park olduqca kiçikdir. Milli Qəhrəmanın büstünün ətrafında kiçik çayxana, kababxana fəaliyyət göstərir. Milli Qəhrəmanın büstünün bir addımlığında insanlar yeyib-içir, bəzən başqa xoşagəlməz hərəkətlərə yol verir. Arzu olunan haldır ki, rayon rəhbərliyi sakinlərin xahişini nəzərə alaraq parkdakı həmin xidmət sahəsinin fəaliyyətini dayandırmaq barədə göstəriş versin. O çayxana və kababxananın əvəzinə F.Hümbətovun xatirə guşəsi yaradılsın. Bu, gənc nəslin tərbiyəsinə müsbət təsir edən bir hal olar. Eyni zamanda da həm Milli Qəhrəmanın ruhu sevinər, həm də parkda oturan sakinlərin gözü manqal tüstüsündən acışmaz. Güman edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti də bizim bu qeydimizi nəzərə alacaq. Bu parkın yaxınlığında yerləşən şəhid Ramiz Amoyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun büstü qoyulub. Bu böyük parkda bir neçə ildir ki, əsaslı yenidənqurma işləri aparılır. Park ərazisində bir neçə bina inşa olunur. Parkın direktoru İsgəndər Namazovun bildirdiyinə görə, bağda aparılan yenidənqurma işləri sakinlərin boş vaxtlarını səmərəli keçirməsinə görədir. Burada yay kinoteatrı, uşaqlar üçün əyləncə kompleksis. olacağını bildirən direktor yaxın zamanlarda sakinlərin yeni işlərin şahidi olacağını dedi.

   Binəqədi rayonunda təhsil, təlim-tərbiyə işinə xüsusi önəm verilir. Rayon ərazisində 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bunlardan biri Uşaq Yaradıcılıq Mərkəzidir ki, burada onlarla uşaq öz qabiliyyət və istedadını inkişaf etdirir. Binəqədi rayonunda idmanın inkişafı ilk yerlərdən birini tutduğu üçün rayonda Uşaq Gənclər və İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi fəaliyyətini davam etdirir. Binəqədi rayonu ərazisini gəzərkən bir neçə idman kompleksilə də rastlaşdıq.

   Rayon tarixi-arxeoloji baxımdan əhəmiyyət daşıyan abidələrlə bərabər, müasir abidələrlə də zəngindir. Deyərdik ki, şəhərimizin ən çox abidəsi, heykəli olan rayonlarından biri Binəqədidir. Çağdaş heykəltəraşlıq abidələrimizin sırasına nəzər salanda burada çox maraqlı və layiqli əsərlərin sırasını görürük. Rayon İcra hakimiyyətinin inzibati binasının önündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəltəraş Ömər Eldarovun tişəsindən çıxan abidəsi qoyulub. Ömər Eldarovun müəllifi olduğu digər bir abidə isə 6-cı mikrorayon ərazisində akademik Zərifə Əliyevanın adını daşıyan parkda ona qoyulan abidədir. Atatürk prospektində ictimai-siyasi xadim Ayna Sultanovanın Münəvvər xanım Rzayeva tərəfindən hazırlanan abidəsi, İ.Dadaşov küçəsində Sovet İttifaqı Qəhrəmanı Həbibulla HüseynovunBöyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidə kompleksi və başqaları xalqımızın dünəni və bu gününü özündə birləşdirən möhtəşəm bir görüntüdür.

   Rayon sakini, ixtisasca hüquqşünas olan Ramin Bayramov bizimlə söhbətində bildirdi ki, 2000-ci ildən bu yana rayon ərazisi günü-gündən çiçəklənir, simasını yaxşı mənada dəyişib gözəlləşir. Yeni binaların tikintisi, yol qovşaqlarının genişləndirilməsi, körpülərin inşa edilərək sakinlərin ixtiyarına verilməsini yüksək qiymətləndirən R.Bayramovun sözlərinə görə, rayon məktəblərində, kolleclərində təlim-tərbiyə və gənclərin vətənpərvərlik, humanizm ruhunda tərbiyə olunmasına xüsusi önəm verilir: "Binəqədi rayonu hər günə əyninə yeni bir paltar geyinir. Rayonun mikrorayonları da, qəsəbələri də dəyişib. Mən "Gənclik" metrostansiyasının ətrafında qalıram. Yollar təmir edilir, binalara yeni üzlük çəkilir, parklardakı əvvəlki natəmizlik aradan qaldırılıb. Əvvələ baxanda indi rahat nəfəs ala bilirsən. Bizim rayonda Azərbaycan Respublikası Prezidentinin verdiyi bütün göstərişlər yüksək səviyyədə, zamanında yerinə yetirilir. Binəqədi rayonu sosial-iqtisadi cəhətdən, mədəniyyət tədbirlərinin keçirilmə sayına görə irəlidə olan rayonlardandır. Rayonun ən üstün tərəflərindən biri, Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən maarifləndirici, praktik tədbirlərdir. Binəqədi gənclərinin həyatında, gələcəyinin düzgün istiqamətdə qurulmasında böyük rol oynayan bir sıra məsələlər bu tədbirlərdə çözülür. İl sona yetir. Bu bir il ərzində Binəqədi rayonunda QİÇS-lə, narkomaniya ilə mübarizə sahəsində bir neçə maarifləndirici tədbir keçirilib. Mənim yaxın qohumlarımdan biri Bakı Turizm Peşə Məktəbində oxuyur. O deyir ki, məktəbdə QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu ) qarşı mübarizə ilə bağlı tədbir keçirilib. Rayonda belə tədbirlərə böyük diqqət yetirilir.

   Qeyd edək ki, bu tədbirin əsas məqsədi gənclərin diqqətini bu problemə cəlb etmək və problem ətrafında məlumat bazası yaratmaq olub. Rayonun 99 saylı orta məktəbində narkomaniya ilə mübarizə ilə əlaqədar maarifləndirici tədbirlərin təşkili də gənclərdə müsbət hisslər oyadır. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 284 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda tədbir də bu qəbildəndir. Maraqlı məsələ odur ki, İcra Hakimiyyətinin keçirdiyi tədbirə Biləcəri Bələdiyyəsi, Biləcəri Qəsəbə Nümayəndəliyi və Bakı Şəhər Təhsil İdarəsi də dəstək verib. Bu ondan xəbər verir ki, rayon ərazisində yerləşən qurumlar qarşılıqlı əlaqədə işləyir və onlar arasında ciddi əməkdaşlıq mövcuddur.

   Binəqədi rayonunun sosial-iqtisadi yüksəlişi sakinlərin gözləri qarşısında baş verir. Onların ürəyincə olan bu abadlıq-quruculuq işlərinin davamlı olacağına böyük ümidlər bəsləyirik. Hesab edirik ki, rayon ərazisində aparılan təmir-tikinti işləri gələcəkdə də davam etdiriləcək. Axı gələcək nəsil babaların onlara əmanət etdiyi ənənələri daha uğurla davam etdirmək gücündə olacaq.  

   

İradə SARIYEVA

Bakı xəbər. - 2013.- 5 dekabr.- S.12.