Cinayətə yol ailədən başlayır

 

Bugünün sakit uşağı niyə səhər validenylərinin, qardaşının, bacısının yoldaşının qatilinə çevrilir?  

"Qadının normal oğul böyüdə bilməsi onun dünya görüşündən asılıdır. Mən oğluma nəinki özündən balaca qızlara qarşı, ümumiyyətlə, uşaqlara, yaşıdlarına qarşı kobud olmağa icazə vermirəm. Tutaq ki, gəlib mənə deyir ki, "filankəs məni vurdu. Mən də onu döyüm?" Deyirəm yox, vurma, əgər bir də etsə müəlliməyə denən. Amma qarşılığın vermə. Bilirəm ki, o vursa oğlum da vuracaqproses vura-vura gedəcək. Şiddət şiddət gətirəcək" - deyir, 5 yaşlı Tunarın anası Aysel Məmmədova. Son vaxtlar mətbuatda qadınlara qarşı zorakılıqla bağlı yazılara tez-tez rast gəlirik. "Oğul anasını bıçaqladı", "Ər həyat yoldaşının başını kəsdi", ən pisi isə "qardaş bacısını öldürdü" xəbərləridir.

Zorakılıq haradan başlayır?

Buna misal olaraq Şamaxının Xınıslı kəndindəki 16 yaşlı Nərminə İsgəndərovanın qardaşı tərəfindən başı kəsilərək öldürülməsini göstərmək olar. Nərminə 1997-ci ildə anadan olmuşdu. Ev işlərindən, çətin həyat şəraitindən bezərək evdən qaçıb Bakıya gəlmiş, buradakı şirniyyat sexlərindən birində işə başlamışdı. Bir müddət sonra polis onu tapıb ailəsinə təhvil vermişdi. Evlərinə verildiyi günün səhərisi qardaşı Əmrah İsgəndərov tərəfindən başı kəsilərək öldürülmüşdü. Bu kimi hadisələr yetərincədir. Bəs bu qədər zorakılığın səbəbi nədir? Bu insanları kim dünyaya gətirir, kim böyüdür, kim tərbiyə edir? Niyə zorakılığa meyilli olurlar?

Aysel Məmmədova deyir ki, nə qız, nə də oğlan uşaqlarına əl qaldırmaq olmaz. Uşaq vaxtı döyülən uşaq əsəbi, kinli böyüyür: "Ana uşağını döyür, ancaq gerisini düşünmür. Döydükcə uşağa yeni nəsə öyrədir - vurmaq, istədiyini güc tətbiq etməklə almağı. Uşaq bu üsulun işə yaradığını görəndə sonradan bunu başqalarının üzərində tətbiq etməyə başlayır. Bəzi valideynlər övladlarına pislik etdiklərini düşünmədən deyirlər ki, "səni vuranı sən də vur". Mən demirəm - çəkil deyirəm, orda durma deyirəm, baş qoşma deyirəm. Bilmirəm, bəlkə də mənim oğlum qorxaq böyüyəcək, amma mən yenə də onun kimisə vurmağının tərəfdarı deyiləm. İnsan kimi danışmaq varkən niyə sözü yumruqlar deməlidir? Mən övladımın gələcəkdə zorakı olmasını istəmədiyim üçün nə mən onu vururam, nə də vurmağı çıxış yolu kimi göstərirəm".

Kişini tərbiyə edən kimdir?

Ekspertlər cəmiyyətdə gender probleminin olmasını, qadınların əziyyət çəkməsi və hüquqlarının pozulması məsələlərinin kökünün ailədən, uşağın getdiyi baxça və məktəbdən asılı olduğunu deyirlər. Ailədə tərbiyə verənin ana, bağçadakı tərbiyəçilərin 90 faizinin qadın, məktəbdəki müəllimlərin isə 70 faizdən çoxunun qadın olmasına baxmayaraq, yenə də daha çox qadınların hüquqları tapdalanır. Qadınlar özləri bu şəraiti yaradır, yoxsa tərbiyə verdikləri insanlara bunu aşılayır? Hə, necə olur?

 

"Gələcəyin kişisini qadın yox, cəmiyyət tərbiyə edir"

Abşeron rayonu, 3 saylı Qobu qəsəbəsinin müəlliməsi İlhamə Soltanovaya görə, kişilərin zorakılıq törətməsinin səbəbi heç də aldıqları tərbiyədən asılı deyil: "Nə olsun ki, evdə ana, bağçada və orta məktəbdə təlim-tərbiyə aldıqları müəllimlərin 70 faizi qadındır. Bu o demək deyil ki, biz özümüz, yəni qadınlar gələcəyə zorakı kişilər böyüdürük. Tamamilə yalnışdır. Çünki istər kişi olsun, istər qadın, istər uşaq olsun, istər böyük aldıqları tərbiyədən çox həyatda gördüklərini tətbiq edirlər. Cəmiyyətimiz zorakıdır. Əslində zorakılığın qarşısını almaq üçün Azərbaycan Respublikasında kifayət qədər qanun var. Ancaq qəbul olunan bu qanunların tətbiqində problemlər var. O ki qaldı, tərbiyə məsələsinə gələcəyin kişisini qadın yox, cəmiyyət tərbiyə edir".

Qeyd: Azərbaycanda qadınlar ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Statistikaya görə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında iştirak edən qadınların məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin isə 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsili müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır.

"Uşaqları danışıqdan kənarda saxlamaqla onlara qarşı zorakılıq edirik"

Aysel Məmmədova deyir ki, orta məktəblərdə və bağçalarda dərs deyən müəllimlərin əksəriyyəti Sovetlərdən qalan kadrlardır: "Bu insanlarda isə "uşaqdır otursun uşaq yerində", - düşüncəsi var. Durum uşaqla danışım, problemini soruşums. kimi cəhdlər yoxdur. Əslində, biz uşaqla söhbət etməməklə, onları danışıqdan kənarda saxlamaqla onlara qarşı zorakılıq edirik. Əgər ona nəyisə niyə vermədiyimi izah etməsəm o problemi danışaraq həll etməyi öyrənməyəcək. Bir dəfə hamımız oturub televizora baxırdıq. Oğlum birdən hirsləndi ki, "sən baxdın, nənə baxdı, mən də baxmaq istəyirəm", - bu artıq haqqın tələbi idi. Həmən televizorun pultunu ona verdim ki, hara istəyirsən bax. Uşaqla inadlaşmağın özüonun gələcəkdə istəyini zorakı yolla, qışqır-bağırla almasına səbəb olur. Halbuki oğlum gördü ki, mən asanlıqla pultu ona verdim. İkinci dəfə qışqırmayacaq, sakitcə tələb edəcək".

Psixoloq: "Əgər ailə daxilində ata həyat yoldaşına qarşı zorakılıq edirsə..."

"Hər uşağın beynindəki kişi və qadın modeli - valideynləri olur", - deyir psoxoloq Aysel İsgəndərli. Onun sözlərinə görə, atası uşağın gözündə bütün kişiləri, anası isə bütün qadınları təmsil edir. Əgər ailə daxilində ata həyat yoldaşına qarşı zorakılıq edirsə, onu döyür, söyür, təhqir edirsə, hətta hörmət etmirsə uşaq da gələcəkdə öz həyat yoldaşına qarşı eynilə o cür olacaq: "Fikirləşəcək ki, atam belə edirsə deməli, doğrudur. Hətta onu da deyim ki, oğlan uşaqları adətən analarına, bacılarına oxşar qızlarla ailə həyatı qururlar. Bu qədər kiçik detallara fikir verən, sizcə, ailədə olan zorakılığı beyninə yazmayıb? Tək-tük insanlar olur ki, gördüklərinin doğru olmadığını anlayıb onu tətbiq etmirlər. Ancaq 70 faiz insanda bu belə deyil. Əksər uşaqlar valideynlərini təkrarlayırlar. Yəni, başlanğıc ailədən gəlir. Müəllim nə qədər insan hüququndan danışsa belə, bütün uşaqlar ailədə gördüklərini təkrarlayırlar".

Ekspert onu da vurğulayır ki, insanın şüuraltısı xüsusən də uşaqlıq dönəmində süngər kimi olur. O, ətrafında baş verən hadisələri özü də bilmədən şüuraltısına toplayır: "Gələcəkdə isə onun davranışlarında olan zorakılıq onun şüuraltısında toplanmış aqressiv enerjinin təzahürü olur. Məhz buna görə də, ailədə, məktəbdə, bağçada uşaqlarla ünsiyyətdə olarkən, onlarla hər hansısa bir hadisəni bölüşərkən ehtiyatlı olmaq lazımdır. Çünki özümüz də bilmədən öz uşaqlarımıza ağır travmalar veririk".

"Uşaqlar deyiləni yox, gördüklərini tətbiq edirlər"

Ruslan Valehovun isə bir qızı, bir oğlu var. Deyir ki, görüntüdə uşaqları anaları, yəni, qadın tərbiyə edə bilər ancaq uşaqlar gələcəkdə tərbiyədən çox gördüklərini tətbiq edirlər: "Oğlumun 5, qızımın isə 3 yaşı var. Fikir vermişəm oğlum bacısının üstünə eynən mənim hirslənəndə acıqlandığım kimi acıqlanır. Yəni, ailədə görürsə onu edir. Mən nəyəsə hirslənəndə necə reaksiya verirəmsə, oğlum da keçən gün kanalı dəyişdiyi üçün bacısının üstünə eyni tonda acıqlanırdı. Məncə, nəinki oğlan uşağı elə qız uşaqları da deyiləni yox, gördüklərini tətbiq edir".

"Uşağın inkişafında cinslərin hər ikisinin bərabər iştirakı olduqca vacibdir"

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə deyir ki, qadınların hansı dərəcədə zorakılığa məruz qaldığını, bu cəmiyyətin yetirmələri olduğunu yalnız bir cins tərəfindən tərbiyə edilməsi kimi məsələləri heç vaxt təhlil etmirik. Bizə elə gəlir ki, qadının böyütdüyü oğlan uşağı zorakılıqdan tam təcrid edilir: "Bu hada oğan uşağı ideal böyüyür. Amma uşağın inkişafında cinslərin hər ikisinin bərabər iştirakı olduqca vacibdir. Bu iştirak genlərin formalaşması, eləcə də, şəxsiyyətin formalaşması üçün vacib bir təsir vasitəsidir. Təkcə, oğlan uşağını böyüdən qadın kifayət qədər nüfuz və şəxsi keyfiyyətlərə malik olmalıdır ki, o oğlan uşağı cəmiyyət üçün zorakısız bir vətəndaşa çevirilə bilsin. İstənilən halda hansısa məqamda burada da istisnalar olur. Demək biz hər iki cinsin iştirakı olan normal bir mühit yaratmalıyıq".Mehriban Zeynalovaya görə, uşağın zorakılıq davamçısı olması onun valideynininya özününvaxtsa aldığı zədənin nəticəsidir: "Bu zədə bəzən kifayət qədər gözlə görünməyə bilər. İlk baxışda oğlan uşağı tam cəmiyyətin tələbinə uyğun görünə bilər. Lakin, ekstrimal halda bu oğlanın ya təcavüzkara ya da qurbana çevrilmək ehtimalı var. Çünki onun beyninin alt qatında kifayət qədər zədə var. Bu isə hansısa məqamda, böhran mərhələsində özünü göstərə bilər".

Qadınlar tərbiyə etsə də, əzilən yenə də özləri olur. Bəs bunun qarşısını necə almaq lazımdır? Maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə hardan başlamalıyıq?

"Bu gün xəbərlərdə eşitdiyimiz, qəzetlərdə saytlarda oxuduğumuz zorakılıq xəbərlərinin səbəbkarlarını qadından daha çox cəmiyyət tərbiyə edib. Bunların aradan qaldırılması üçünsə ilk öncə cəmiyyət tərbiyələndirilməlidir. Cəmiyyətin bu sahədə ciddi maarifləndirməyə ehtiyacı var. Buna isə ilk öncə orta məktəblərdən başlamaq lazımdır" - deyir, İlhamə Soltanova.

 

Gülər Mehdizadə

Bizim yol.-2013.-7 dekabr.-S.5.