Dövlət gəncləri zərərli
vərdişlərdən necə qorumalıdır?
Cəmiyyətdə
rəylər müxtəlifdir, amma ümumi yanaşma da var:
Maarifləndirici, cəzalandırıcı və sosial durumu
yaxşılaşdıracaq mexanizm
Gənclər Fondunun dəstəyi
ilə zərərli vərdişlər əleyhinə layihə
həyata keçirilir. Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi
“Zərərli vərdişlərdən uzaq, yenilikçi gənclər”
layihəsi çərçivəsində sosial
çarxların hazırlanmasına başlanılıb.
Belə ki, gənclərdən ibarət
qrup əvvəlcə layihə üçün aktual olan
mövzuları müəyyənləşdirərək
insanları zərərli vərdişlərdən uzaq
olmağa həvəsləndirən, bu vərdişlərin
onların həyat və sağlamlığına mənfi təsir
etdiyini özündə əks etdirən sosial çarxlar
hazırlayırlar. Qeyd edilən
çarxların gənclər arasında təbliği və
sosial şəbəkələr vasitəsilə
daha geniş əhali
kütləsinə çatdırılması nəzərdə
tutulub. Siqaret və narkotik maddələrdən istifadə edənlərin
yaş tərkibinin ildən-ilə gəncləşdiyini
nəzərə alan gənclər bu mövzuya daha çox diqqət
yetirməyi qarşılarına məqsəd qoyublar.
Bundan əlavə, sosial
çarxlarla yanaşı, eyni mövzulardan bəhs
edən buklet və broşüraların
hazırlanması, insanların daha sıx
olduğu məkanlarda paylanması da layihənin əsas məqsədləri
sırasında yer alıb.
Mövzu ilə bağlı
müxtəlif sferadan olan insanlar arasında sorğu
keçirib, zərərli vərdişin səbəblərindən
və çıxış yollarından danışdıq.
“Birincisi maarifləndirməklə, ikincisi isə cəzalandırmaqla”
Tural İbadlı zərərli vərdişlərin
qurbanı olanlara münasibətinin yaxşı
olmadığını ifadə etdi: “Bu qurbanların
olmaması üçün cəmiyyətdə maarifləndirmə
işləri düzgün aparılmalıdır. İndi nəinki gənclər, hətta uşaqlar belə siqaret
çəkir, spirtli içki
içir. Bir ölkənin
ki, televiziyalarında araq
reklam oluna, o zaman hansı maarifləndirmədən
danışa bilərik, mən anlamıram?!
Ümumiyyətlə, kimisə
hansısa yoldan çəkindirmək üçün iki
yoldan istifadə etmək olar: Birincisi maarifləndirməklə,
ikincisi isə cəzalandırmaqla. Birinci yol üçün
hesab edirəm ki, ilk olaraq televiziyalardan belə bir reklamalar
qadağan edilsin. Maarifləndirmə işləri effektiv olsun.
Məncə maarifləndirmə işlərini daha çox
valideynlər arasında aparmaq lazımdır.
İkinci yol üçün isə
cərimələrin artırılmasını və həmin
vasitələrin qiymətlərinin bahalaşmasını təklif
edərdim. Həddi buluğa çatmayan gənclərin istifadəsi
üçün xüsusi qadağalar qoyulsun və cərimələr
müəyyən edilsin. Məsələn, Sizə ABŞ təcrübəsini
deyim. Amerikada 21 yaşdan aşağı gənc spirtli
içki içdiyi vaxt polis tərəfindən yaxalanırsa
və yaxud 21 yaşdan aşağı gənc gecə saat 12-dən
sonra bar, diskoteka və ya hər hansı əyləncə mərkəzində
polis nəzarətinə götürülürsə, o zaman
valideyn külli miqdarda cərimə edilir. Bu isə o deməkdir
ki, valideynlər övladlarına qarşı daha diqqətli
olurlar”.
“Sağlam
olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz”
Həkim Könül Şəmiyeva
zərərli vərdişlərin təhlükəsindən
danışdı və həkim məsləhətini verdi:
“Əlbəttə, zərərli vərdişlərə aludə
olmağa münasibət yaxşı ola bilməz. Hər
bir gənc gələcəyin bir ailə basçısıdır. İlk növbədə zərərli vərdişlər
insanın öz sağlamlığına
zərərdir. Məsələn, spirtli içki insanın həm əqli, həm də
fiziki inkişafına mənfi təsir edir. Tütün məmulatlarına
aludə olmaq sağlalmaq
riski olan xəstəliklərin
üzə çıxmasına və sürətli
inkişfına təsir edir. İnsan həyatı üçün
təhlükəlidir. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola
bilməz. İlk olaraq
genetik patoloji dəyişiklər
baş verir narkotik növlərin istifadəsindən.
İnsan həyatına olan bu təhlükənin qarşısını almaq üçün hər bir uşağa ilk növbədə ailədə, məktəbdə bu pis verdişlərin zərərli təsirləri haqqında məlumat vermək lazımdır. Uşağı birmənalı olaraq psixoloji hazırlamaq lazımdır. Belə deyək də, uşaq zərəri vərdişlər barisində dəqiq məlumatlı olmalıdır. Bu vərdişlər barəsində həm əyani, həm də qiyabi sübutlar uşaqlara göstərilməlidir. Zərəri anlatılmalıdır”.
“Maarifləndirici verlişlər olmalıdır”
Regional
İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin
rəhbəri, hüquq müdafiəçisi Lətafət Məlikova
hesab edir ki, zərərli vərdişlərə səbəb
bir çox halda ailədən gəlir: “Atadan oğula, anadan
qıza keçir. Əgər ata
narkomandırsa, oğula hansı tərbiyəni
verəcək? Ana pis
yoldadırsa, qızına əxlaqlı olmağı
tövsiyə etməyəcək. Mən xarici
filmərə baxanda pis
valideynlərdən uşaqların alınmasını
görürəm. Bu çox
təqdirəlayiqdir. Nə qədər ki,
məktəblərdə normal dərs
keçirilməyib, qanun işləmir, zərərli
vərdişlər daha da
vüsət alacaq”.
Hüquq
müdafiəçisi düşünür ki, zərərli
vərdişlərin qarşısını almaq
üçün kütləvi informasiya vasitələrində,
xüsusən, televiziyalarda maarifləndirici verlişlər
olmalıdır: “Kiçik filmlər nümayişi arzuolunan
olar, məqsədəuyğun olar. Orada
qurbanlarla gənclərin görüşü
göstərilməlidir”.
“Dövlət bu gənclərin
reablitasiyası üçünn dövlət
proqramı hazırlasın”
Demokratik
Birlik Partiyasının (DBP) Göyçay Rayon Şöbəsinin
sədri Sadiq Əliyev deyir ki, gənclərin zərərli vəridişi
üzündən, sonda itirən cəmiyyət olur: “Odur ki, zərərli
vərdişə aludəçiliyə münasibətim
yaxşı deyil. Zərərli vərdiş aludəçisi
olan gəncləri sevərək, maarifləndirərək
yenidən qazanmaq olar.
Yanlız və yalnız maarifləndirmək, qayğı
göstərmək və tək buraxmamaq
gərəkdir.
Təklif
edərdim ki, dövlət bu gənclərin reablitasiyası
üçün dövlət proqramı hazırlasın. Proqramda ilk növədə maarifləndirmək xarakteri daşımalıdır. İkincisi zərərli vərdişlər çox vaxt gizli olduğundan
aşkarlanması üçün tibbi yoxlanışdan keçirmək. Üçüncüsü gənclər üçün hər gəncin maraq etdiyi sahəyə cəlb
etməkdir”.
“Siqaret və
içki satışını məhdudlaşdırmaq
lazımdır”
Gənc Tacəddin Lətifli həmyaşıdlarının
zərərli vərdişlərə aludə olmasını
arzuolunmaz hesab etdi: “Əvvəl vərdiş kimi təzahür
edib sonradan müalicəsi bir çox halda sağalmaz olan bu
cür hallar bir gənc kimi məni də narahat edir. Qlobal
miqyasda planet insanının min cür xəstəliyə yoluxduğu
bu zamanda gənclərin pis vərdişlərdən
uzaqlaşdırılması üçün ilk növbədə
ailədə bu tip zərərli vərdişlər
haqqında ilkin ibtidai düşüncə
formalaşdırmaq, təhsil müəssisələri- məktəb
və universitetdə, hərbidə
bununla bağlı xüsusi təlim keçirilməli və
bu mövzuda ardıcıl dinləmələr təşkil
etmək lazımdır.
Hesab edirəm ki, bu işə fərd-dövlət bütünlüyü içərisində baxılmalı və mümkün olacaq xəstəliyin fəsadlarının qarşısı vaxtında alınmalıdır: Birincisi, ictimai yerlərdə siqaret və içki reklamlarını bütünlüklə yığışdırmaq. İkincisi, azyaşlıların ən azı müəyyən yaş dövrünə qədər siqaret və alkoqolizmi özündə ehtiva edən zərərli maddələrdən istifadəsini yasaqlamaq və bu müşahidə olunduğu təqdirdə cərimə tətbiq etmək. Üçünüsü, siqaret və spirtli içkilərin satışını ərzaq dükanlarında tamamilə yığışdırmaq və bu köşk və böyük restoranlarda məhdud sayda satmaq. Bir sözlə, içki içən adam ürəyi istədiyi zamanda spirtli içki alıb içə bilməsin”.
“Televiziya serialları da çəkilsin”
Gənc idmançı Təranə
Anka bildirir ki, hər kəs özünün tərbiyəçisi
olmalıdır: “Və zərərli vərdişlərdən
uzaq olmalıdır. Həm də təbliğat aparmaq gərəkdir. Filmlərin də böyük rolu var. Mən təklif edirəm ki,
zərərli vərdişlərin həyata olan
təhlükəsi barəsində televiziya
serialları da çəkilsin. Seriallara analar, bacılar baxır. Məcbur olur kişilər
və evin uşaqları da o serial bitənə kimi baxır. Və istər-istəməz onlar da baxırlar
seriala və bununla maariflənə bilərlər”.
“İş
yerləri açılsın,
işləsinlər, zərərli
vərdişlərə vaxtları
qalmasın”
Gənc
Ülviyyə İsmət zərərli vərdşin aludəçilərinə
münasibətinin arzulolunmaz olduğunu bildirdi: “Hər bir zərərli
vərdiş ziyandır. Zərərli vərdişlərə
aludəçilik halları ən çox
yaşadığı şəraitdən asılı olur. Yaxşı yaşayır, kefindən
çəkib-içir. Pis yaşayır,
dərdindən çəkib-içir. İnsan
hər zaman bir bahənə
tapır. Gəncdirlər, özlərinə haqq
qazandırırlar. Tənqid edəndə də… Hər halda maarifləndirilmə
aparılmalıdır. Ailə daxilində və cəmiyyətdə.
Pis vərdiş
hesab etdiyimiz siqaret, narkotik maddə, spirtli içkilər dünyanın
hər yerində var. Qarşısını
da almaq mümkün deyil.
Sadəcə uzaq durmaq
gərəkdir. Bunun üçün
əlavə məşğuliyyətə yazılsınlar. İdman etsinlər, yaradıcılıqla məşğul
olsunlar və s. Boş vaxtlarını zərərsiz vərdişlərə
sərf etsinlər. Həm sənət öyrənmiş olarlar, həm də pis vərdişlərə
vaxtları qalmaz.
Zərərli
vərdişlərin qarşısını almaq
üçün dövlət proqramı da hazırlamaq olar. Çünki çoxu
işsizlikdən belə etdiyini bəhanə
gətirir. Hər halda burada
doğruluq payı da var. Təhslin
yaxşılaşdırılması və yeni
iş yerlərinin açılması bu problemin həllinə
kömək etmiş olar.
Amma işləyən gənclərin də
belə vərdişlərinin olmasını danmaq
olmaz. Mütləq zərərli vərdişlərin
qurbanlarını cəmiyyətə qaytarmaq,
onların reabiltasiyasını təşkil etmək gərəkdir”.
“Sırf
bu iş üçün dövlət
səviyyəsində sosial
çarxlar hazırlansın”
Gənc
Toğrul İbrahim bildirir ki, zərərli vərdişlərin
qarşısını almaq üçün sağlam həyatı
təbliğ edən qəzetlər, jurnallar çap
olunmalıdır: “Bu sirr deyil ki, gənclər televiziyalardan
daha çox sosial şəbəkələrdən stifadə
edir. Həmin şəbəkələrdə gənclərin
diqqətini çəkən təkliflər və tədbirlər
irəli sürülməlidir. Sırf bu iş üçün
dövlət səviyyəsində sosial çarxlar hazırlansın”.
Gültəkin Məmmədova isə
hesab edir ki, hər kəs üçün zərərli vərdiş
anlayışı fərqli anlam daşıyır: “Bəziləri
üçün əyləncə kimi baxdıqları
şeylər başqaları üçün zərərli vərdişdir.
Əgər Nizami kimi düşünə bilsəydik, onda deyərdik ki, “bir inci saflığı varsa da suda,
artıq içəndə dərd verir o da”. Ümumilikdə, gənclik
balans qura bilsə, yəni
həyatında hər şeyi tarazlaya bilsə, onun üçün heç
nə zərərli vərdiş ola bilməz”.
Ramid
Bizim
yol.-2013.-7 dekabr.-S.13.