Azərbaycanın qış turizm obyektləri mövsümə necə
başladı?
Ölkədaxili turlar şirkəti: "Şahdağ"a bir günlük
getmək üçün 28 manat tələb olunur"
Elxan Mehdiyev: "Şahdağ" turizm
istirahət mərkəzinin açılması Azərbaycanda
qış turizminin inkişaf
etməsinə səbəb olub, amma..."
Bu
gün dünyada ən sərfəli biznes növlərindən
biri də turizm hesab olunur. Lakin səmərəli,
itkisiz biznes fəaliyyəti
olan turizmdə uğur
əldə etmək üçün
qızıl qaydalara əməl etmək də
vacibdir.
Burada infrastrukturun olması, təbiətin gözəlliyi, xidmətin keyfiyyəti, turistlərin ilin bütün günlərində maraqlarını təmin edəcək istirahət yerlərinin olması və əlbəttə ki, ölkənin beynəlxalq aləmdə reputasiyası başlıca amillərdən hesab olunur. Turizm potensialı kifayət qədər olan Azərbaycanda bu sahədə son illər bir sıra uğurlara imza atılıb. Yay turizminin inkişafı sahəsində görülən işlər təqdirəlayiqdir. Qışda istirahətə getmək çoxlarının ağlının ucundan belə keçmir. Bizim üçün qış iş, zəhmət, var-dövlət toplamaq fəslidir. İşgüzar fəslimizdə hətta istirahət etmək fikrinə düşsək də, üz tutacağımız ünvan isti odun sobasının kənarı olacaq. Əksər statistik azərbaycanlının düşüncəsinə görə, qış istirahəti isinmək, sümüklərimizi qızdırmaq, yaxşı yeyib-içməkdən ibarətdir. Böyük əksəriyyəti bu aylarda qarlı dağlara səyahət edib xizəklə sürüşməyi, alpinistlik etməyi ağlına sığışdıra bilmir. Ən yaxşı halda bu fəsil ov fəslidir. Ovçuların böyük əksəriyyəti pul-para qazanmaq üçün ov ovlayıb, quş quşlayır. Qeyd edək ki, qarşıdan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il gəlir. İndi əksəriyyət insanı düşündürən məsələlərdən biri də qış tətilində səmərəli şəkildə istirahət etməkdir. Qış tətilini səmərəli keçirmək istəyənlər və ailə büdcəsi imkan verən şəxslər adətən "Şahdağ" turizm obyektinə üz tutur. Maraqlıdır, bu il həmin istirahət mərkəzində istirahət etmək üçün nə qədər pul tələb olunur? Ölkədaxili turlar şirkətinin nümayəndəsi qəzetimizə açıqlamasında qeyd etdi ki,"Şahdağ"a bir günlük getmək üçün 28 manat tələb olunur. Bu məbləğə yalnız yolpulu daxildir: "Biz müştərini səhər saat 11-də adıçəkilən məkana gətiririk. Axşama qədər həmin şəxs orada istirahət edir. İstəyir xizək sürsün, istəyir istirahət etsin, bu, müştərinin istəyindən asılıdır. Ancaq onu da deyim ki, yeməkpulu 28 manata aid deyil". Turizm sahəsi üzrə ekspert Elxan Mehdiyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, artıq qış turizmi Azərbaycanda da inkişaf edir. Sahibkarlar da qış turizminin inkişafında maraqlıdır: "Şahdağ" turizm istirahət mərkəzinin açılması Azərbaycanda qış turizminin inkişaf etməsinə səbəb olub. Onu da deyim ki, əhalinin qış fəslində istirahətə yollanması sahəsində problem var. Yəni insanlar qış fəslində istirahətə meylli olmur". Onun sözlərinə görə, soyuq fəsildə insanların istirahətə getməsi üçün turpaketlərin qiyməti yay fəsli ilə müqayisədə elə də baha olmur.
Günel CƏLİLOVA
Bakı
xəbər. - 2013.- 9 dekabr.- S.11.