Milli teatr sənətinin inkişafı sahəsində dövlət  proqramlarının ictimai məzmunu...

 

 Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyət siyasəti çoxşaxəli olmaqla yanaşı, həm də olduqca mütərəqqi və çağdaş dünya ilə səsləşəndir. Mədəniyyətşünas Namiq Abbasov qeyd edir ki, dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğunamüasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini uğurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik:

   "Bu gün istəsək , istəməsək qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərtilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik".

   Azərbaycan mədəniyyət siyasətinin başlıca xətlərindən birini teatr yaradıcılığı, teatrların fəaliyyəti təşkil edir. Bəllidir ki, teatr həyatın bir parçası olduğundan, insanların şüuruna, həyat tərzinə daha çox sirayət edə bilir. Bilirik ki, teatr ən çox ictimaiyyətin maraqlarını, zövqünü, istirahətini təmin edən bir incəsənət ocağıdır. Burada hər şey ictimaiyyətin düşüncəsinə təsir etməyə hesablanıb.

   Teatrşünas Cəmilə Qasımzadə bildirdi ki, Azərbaycan incəsənətinin, mədəniyyətinin qiymətli sahələrindən olan teatr sənəti özündə xalqımızın tarixi həqiqətlərini, milli-mənəvi dəyərlərini qoruyur, təbliğ edir: "Azərbaycan dövlətinin mədəniyyət siyasəti hər kəsə bəllidir, bu sahədə görülən işlər saysız-hesabsızdır. Dövlətimizin mədəniyyət siyasətində milli teatr sənətinin ayrıca yeri var. Dövlət və ictimai maraqların müdafiəsində teatrın oynadığı rolun əvəzi yoxdur. Teatr anlayışı formalaşıb meydana çıxdığı gündən onun əsas məqsədi ictimai maraqları təmin etmək və maarifləndirmə işini həyata keçirmək olub.

   Tarixən milli teatrımızın inkişafına çalışan böyük şəxsiyyətlər olub, onların varlığı bu sənəti yaşadıb. Azərbaycan teatrı müstəqil Azərbaycan dövlətinin qanadları altında yaşayan, inkişaf edən, tərəqqiyə nail olan bir sənət məbədidir. Ölkədə fəaliyyət göstərən teatrlar dövlət qayğısının bəhrəsini hər zaman görüb. Teatrşünaslar deyir ki, teatrlar dövlətin onlara bəslədiyi etimadı öz repertuarları ilə doğrultmalıdır. Teatrşünasların sözlərinə görə, Azərbaycan teatrları son beş-altı ildə olduğu kimi böyük qayğını öz üzərində heç vaxt hiss etməyib".

   Teatrşünasın dediyinə görə, əvvəllər qayğı olub, amma indiki kimi olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə teatr sənətilə bağlı bir sıra sənədlər qəbul edildiyini xatırladan C.Qasımzadə hesab edir ki, bu sənədlərin hamısı işləkdir, teatra böyük fayda verir. Prezident İlham Əliyevin milli teatrımızın 140 illiyi münasibətilə imzaladığı sərəncamdan danışan teatrşünasın dediyinə görə, özlərinin peşə bayramının, Milli Teatr Gününün təsis edilməsi Azərbaycan teatr sənətində çalışan minlərlə insanın arzusu olub: " Teatr işçilərinin bu nəcib arzusunu ölkə başçısı reallaşdırdı. Yəni cənab Prezidentin sərəncamı ilə bizlər, yəni Azərbaycanın yaradıcı ziyalıları möhtəşəm bir hadisənin şahidi olduq. Bu, tarixi əhəmiyyəti olan bir hadisədir. Hesab edirəm ki, bu sərəncam milli teatr sənətinin bundan sonrakı inkişafında, yaradıcı adamların fəaliyyətinin vüsətinin artmasında böyük önəm kəsb edəcək. Eyni zamanda, Azərbaycanda digər incəsənət sahələri ilə yanaşı, teatr sənətinə də verilən çox böyük, misilsiz önəmin konkret ifadəsi kimi, Azərbaycan teatr sənətində çalışan hələ neçə-neçə nəsillərin iftixar etdiyi bir hadisə olacaq. Məlum olduğu kimi, bu il Azərbaycan teatrının 140 yaşı tamam olur. 140 il ərzində milli teatrımız irili-xırdalı müxtəlif siyasi-ictimai, mədəni hadisələrdən keçib. İtkiləri də olub, qazandıqları da. Amma bu gün Azərbaycan teatrı müstəqillik dövrünün gözəl nemətlərini dadır və özünün fəaliyyətində artıq milli teatr sənətini ölkənin hüdudlarından kənara çıxarır. Milli teatrımız özünün nailiyyətlərini təbii olaraq öz demokratik yaradıcılıq kontekstinə uyğun tərzdə dünyaya bəyan edir. Bu çox mühüm bir məsələdir. İllər öncə biz bunları ancaq arzulaya bilərdik. Bütövlükdə Azərbaycan teatrı həmişə cəmiyyətin fəal cinahlarından olub. Bu günün özündə də Azərbaycan teatr sahəsində çalışan insanlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və bütövlükdə bir xalq olaraq yeni inkişaf mövqelərinə çıxmasına çalışır. Hesab edirəm ki, bu çox mühüm bir hadisə bizim nəzərdə tutduğumuz böyük məktəbə aparan yolda ən etibarlı köməkçimiz və fəaliyyətimizi stimullaşdıran bir vasitə olacaq. Bilirik ki, bu gün 140 yaşlı teatrımız Azərbaycan dövlətinin və ictimai maraqların müdafiəsi sahəsində xüsusi olaraq seçilir. Hesab edirəm ki, bu xətt onun əbədi seçimidir".

   Məlumdur ki, Azərbaycan teatrının tərəqqisi Azərbaycan dövlətinin marağında olub. Son illər teatrın inkişafı üçün bir sıra rəsmi sənədlər qəbul edilib. Bunlardan biri də Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixində imzaladığı sərəncamdır. Bu sərəncamı yüksək qiymətləndirən C.Qasımzadə bildirdi ki, bu sənəd teatrlarımızı inkişafa doğru aparır: "Azərbaycan teatr sənətinin nümayəndələri 100 ildən artıq bir vaxtda teatr sənətini inkişaf etdirib. Qüdrətli sənətkarların son dərəcə dərin məzmunlu səhnə əsərləri ilə geniş vüsət alan Azərbaycan teatrı milli varlığını qoruyub saxlayaraq inkişaf edib və ictimai-mədəni həyatda fəal rol oynayıb. XX əsr boyu OperaBalet, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrları, Pantomima və digər teatrlar yaradılıb. Azərbaycan teatr sənəti tarixinə adları həmişəlik həkk olunan böyük aktyorlar, rejissorlarteatr rəssamları nəsli yetişib, teatr üçün peşəkar kadrlar hazırlayan təhsil ocaqları formalaşıb, bölgələrdə mədəniyyət sarayları və teatrlar şəbəkəsi bərqərar olub. Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə edib. Ölkəmizin bir sıra digər sənət sahələrində qazandığı uğurlar ilk növbədə Azərbaycan teatrı ilə sıx bağlı olub. Peşəkar milli teatrın sürətli inkişafı və zaman keçdikcə şaxələnməsi onun öz coğrafiyasını genişləndirərək respublikanın, demək olar ki, bütün bölgələrini əhatə etməsinə və hər biri müstəqil sənət ocağı olan yeni teatrların yaranmasına gətirib çıxarıb. Ölkəmizdə vətənpərvərlik duyğularının aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərib".

   Ekspert həmçinin qeyd etdi ki, XX əsrin sonlarında cərəyan edən mürəkkəb proseslər siyasi, iqtisadi sosial böhrana gətirərək ölkəmizin bütün mədəni həyatına, həmçinin teatr sənətinə son dərəcə mənfi təsir göstərib. Teatrın qarşılaşdığı obyektiv çətinliklər bu sahədə yaradıcılıq əhval-ruhiyyəsini də zəiflədib: "Azərbaycan teatr şəbəkəsinə daxil olan dörd dövlət dram teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələrinin işğalına məruz qalaraq ata-baba yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini davam etdirir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır".

   Teatrşünasın sözlərinə görə, teatrın tərəqqisi naminə dövlətin qəbul etdiyi bütün sənədlər mütərəqqiliyə söykənib. Ölkə başçısının teatrın inkişafı haqqında sərəncamında Azərbaycan teatrlarının əsaslı şəkildə təmir-bərpa edilməsi, yenidən qurulması, avadanlıqlarla təchiz olunması kimi problemlərə də yer ayrıldığını və artıq bir neçə teatrın əsaslı şəkildə yenidən qurularaq tamaşaçıların ixtiyarına verildiyini deyən teatrşünas bunun böyük ictimai əks-sədaya malik olduğunu bildirdi: "Bu sərəncamda teatrların əsaslı təmirə ehtiyacı olduğu vurğulanırdı. Artıq teatrların çoxunda təmir-yenidənqurma işləri başa çatdırılıb, onlar əhaliyə, dövlətə və dövlətçiliyə xidmət istiqamətində fəaliyyətini davam etdirir. Teatrlar üçün hər bir şərait yaradılıb, teatr işçilərinə mükafatlar, fəxri adlar, mənzillər verilir. Onların da boynuna düşən ondan ibarətdir ki, ortaya yaxşı sənət əsərləri çıxarsınlar. Bilirik ki, bir-iki teatrı çıxmaq şərtilə, teatrların çoxunun repertuarı çox zəifdir. Yəni repertuar məsələsində dövlət maraqlarının müdafiəsinə xüsusi fikir verilməlidir. Elə əsərlər qoyulmalıdır ki, orada Azərbaycan dövlətinin maraqları öz ifadəsini tapsın. Mən bu gün vətənpərvərlik, eyni zamanda da dövlət və ictimai maraqların müdafiəsi istiqamətində xüsusi işlər görən Bakı Bələdiyyə Teatrının, Gəncə Dövlət Dram Teatrının, Akademik Milli Dram Teatrının adlarını çəkmək istəyirəm. Bakı Bələdiyyə Teatrının repertuarına nəzər salsaq görərik ki, burada dövlət maraqlarının qorunması istiqamətində böyük işlər görülür. Teatrın repertuarında yer alan tamaşalardan hər bir tamaşaçı razılıq edir. Bu sahədə başqa teatrlar da özünü göstərməlidir. Tamaşaçıda süni gülüş yaradan, bayağılıq hissləri oyadan tamaşaların teatrların repertuarından yığışdırılması vacibdir. Yeni dramaturqlar nəsli yetişməli, onlar öz əsərlərilə teatrları təmin etməlidir. Dövlət teatrlara lazımi vəsaiti onsuz da ayırır. Bu vəsait gərək layiqli tamaşalara xərclənsin".

   O, həmçinin bildirdi ki, teatr sənəti qanuniləşdikdən bu sahədə bir neçə sənəd imzalandıqdan sonra Azərbaycan teatrları ilə xarici teatrlar arasında əməkdaşlıq genişlənib. Bundan başqa, respublikamızın paytaxtında başqa yerlərində artıq ənənəvi hal alan teatr festivallarının keçirilməsini yüksək dəyərləndirən C. Qasımzadənin bildirdiyinə görə, bu festivallar Azərbaycan teatrının dünyada öz yerini tutmasını şərtləndirən vasitələrdən biridir: "Son illər teatr festivallarının sayı artıb. Azərbaycan artıq dünya miqyaslı sayılan teatr festivallarına ev sahibliyi edir. Müxtəlif ölkələrin teatrları bu festivallarda iştirak edir. Bu da Azərbaycan dövlətinin teatrlara bəslədiyi qayğının təzahürüdür. Onu da deyim ki, bəzi teatrlarımız son illər dünyanın aparıcı teatrları ilə rəqabətə girəcək dərəcədə güclüdür. Bu, hərtərəfli şəkildə özünü göstərir. Teatr sənətinin inkişafının dövlət ictimai maraqların müdafiəsinə xidmət etdiyi faktdır".

 

İradə SARIYEVA

Bakı xəbər.- 2013.- 9 dekabr.- S. 12.