Azərbaycan mühacir
ədəbiyyatında Mirzə Kazım bəylə
bağlı məqamlar...
Kazan şəhərində "Mirzə
Kazım bəy irsi: tarix
və müasirlik" mövzusunda
beynəlxalq elmi konfrans
keçirilib
Vaqif Sultanlı: "Azərbaycan
mühacirət ədəbiyyatında Mirzə Kazım bəy
irsinin tədqiqi ilə bağlı məqamlara
aydınlıq gətirdim"
Dünyada elə şəxsiyyətlər
var ki, onların tarixdə oynadığı əvəzsiz rol
həm onların mənsub olduğu xalqa, həm də elmə
böyük hörmət, başucalığı gətirir. Xalqımızın
əbədi fəxr ünvanlarından olan
Mirzə Kazım bəy belə şəxsiyyətlərdəndir.
Onun işığı hələ
neçə yüzillər bundan sonra da hiss
olunacaq.
2013-cü ilin noyabr ayında Dünya Azərbaycanlıları Forumunun (DAF) və Kazan (Volqaboyu) Federal Universitetinin təşkilatçılığı ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "Mirzə Kazım bəy irsi: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin (BDU) Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı da iştirak edib. Professor Sultanlı bu günlərdə Kazan şəhərindən qayıdıb. Mirzə Kazım bəy şəxsiyyətinə, elmi-mənəvi irsinə hədsiz sayğımız bəllidir. Bu konfransla bağlı Vaqif Sultanlı ilə əlaqə saxlayaraq onun çağdaş ədəbiyyatşünaslıq, şərqşünaslıq, türkologiya elmi üçün dəyərindən danışdıq.
V.Sultanlı bizimlə söhbətində
bildirdi ki, dünya şöhrətli Azərbaycan alimi, Rusiya
şərqşünaslıq elminin patriarxı Mirzə
Kazım bəyə həsr olunmuş konfransı Kazan
(Volqaboyu) Federal Universitetinin rektoru professor İ.R.Qafurov
açaraq onun yaradıcılığının ensiklopedik məqamlarına
diqqəti çəkib.
V.Sultanlının sözlərinə
görə, daha sonra həmin universitetin Beynəlxalq
Münasibətlər, Tarix və Şərqşünaslıq
İnstitutunun direktoru, professor R.R. Hayrutdinov, Türkiyə
Respublikasının Kazandakı konsulu Sabri Tunc, Sankt-Peterburq
Universitetinin şərq fakültəsinin professoru N.N.Dyakov,
Dünya Azərbaycanlıları Forumunun sədri Dos.dr. Namik
Murad və başqaları təbrik nitqi söyləyiblər.
Həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun
təbrik məktubu oxunub.
Professorun verdiyi bilgiyə görə, konfransda Kanada, Fransa, Rusiya, Türkiyə, Liviya və Azərbaycan alimlərinin otuzdan artıq məruzəsi dinlənilib. O, həmçinin qeyd etdi ki, N.N.Dyakov, A.Pılev, Xana Yafia Yusif Cəmil (Sankt-Peterburq), M.Massip (Fransa), P.M.Valeyev, M.Z.Zəkiyev, Y.Y.Qrişin (Kazan), İlyas Topsakal (Türkiyə) və başqa alimlərin məruzələrində Mirzə Kazım bəyin həyatı, ədəbiyyatşünaslıq irsi, dilçilik görüşləri, türkoloji araşdırmaları, islamşünaslıqla bağlı tədqiqatları araşdırılıb, onun yaradıcılığının başlıca aspektləri dəyərləndirilib: "Mən konfransda "Mirzə Kazım bəyin ədəbiyyatşünaslıq irsi" mövzusunda məruzə ilə çıxış etdim. Məruzəmdə Rusiya şərqşünaslıq elminin banisi, dünya şöhrətli alimin yaradıcılığının ədəbiyyatşünaslıqla bağlı aspektlərini dəyərləndirməyə çalışdım. Xüsusilə, Azərbaycan mühacirət ədəbiyyatında Mirzə Kazım bəy irsinin tədqiqi ilə bağlı məqamlara aydınlıq gətirdim. Konfransda, eyni zamanda, Mirzə Kazım bəyin əsərlərinin əlyazmalarından ibarət sərgi nümayiş olundu. Bundan əlavə, Kazan Federal Universitetinin əsas binasında bir zamanlar Mirzə Kazım bəyin dərs dediyi, indi muzeyə çevrilmiş auditoriyaya baş çəkdik".
Səfər təəssüratlarını
bizimlə bölüşən professor konfransdan sonrakı bir
həftə ərzində Tatarıstan, Mari El və
Çuvaşıstan Respublikasında yaşayan Azərbaycan
diasporunun nümayəndələri ilə çoxsaylı
görüşlər də keçirdiklərini dedi:
"Görüşlərdə soydaşlarımızın təşkilatlanması,
ana dilində bazar günü məktəblərinin
açılması, milli mətbuatın nəşri, Rusiya vətəndaşı
olan azərbaycanlılar üçün viza şərtlərinin
sadələşdirilməsi və s. məsələlər ətrafında
fikir mübadiləsi aparıldı. Azərbaycandan
apardığım tarix, ədəbiyyat və
mədəniyyətlə bağlı bir
sıra kitabları Tatarıstan Milli
Kitabxanasına təqdim etdim. Həmçinin
Kazanda görkəmli tatar
yazıçısı Həlimcan Qılmanovla
görüşərək tatar və Azərbaycan
ədəbiyyatlarının tərcüməsi və
qarşılıqlı şəkildə
tanıdılması ilə bağlı müzakirələr
apardıq".
Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Forumunun təşəbbüsü ilə Mari Dövlət Universitetinin rektoru, professor Mixail Kvetsovla görüş keçirilib, görüşdə 2014-cü ilin may ayında sovet dövrü repressiya qurbanlarına həsr olunan beynəlxalq konfrans, Maridə Azərbaycan günlərinin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub: "Yoşkar-Olada Mari Dövlət Universitetinin professoru, məşhur ədəbiyyatşünas Aleksandr Tixonoviç Lipatovla görüşüm məndə böyük təəssürat oyatdı. İyirmi iki monoqrafiyanın müəllifi olan, on səkkiz dildə sərbəst danışan və tərcümə edən səksən yeddi yaşlı bu alimlə onun mənzilində görüşümüz zamanı çağdaş dünya nəzəri-estetik fikrinin bir sıra problemləri ilə bağlı fikir mübadiləsi aparıldı. Həmçinin Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarıda böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət etdim, Tatarıstanın Bulqar şəhərinin xarabalıqlarında yaradılan yeni muzey kompleksinə baş çəkdim".
İradə
SARIYEVA
Bakı xəbər. -
2013.- 9 dekabr.- S.14.