Büdcə işçilərinin mənzil
təminatı sahəsində dövlət proqramları və
ictimai maraqlar...
Azərbaycanda dövlət
orqanlarında çalışan işçilərə mənzillərin
verilməsi, onların sosial müdafiəsinin yüksək səviyyədə
qurulması artıq ənənə halını alıb. Dövlət
müxtəlif təşkilatlarda işləyənlərə
mümkün qədər yardımlar
göstərir. Bilirik ki,
indi ev-eşik sahibi olmaq hər insana nəsib olmur. Əlbəttə,
bu istəyin reallaşması üçün mütləq dəstəyə
ehtiyac var. Bu istiqamətdə dövlətin gördüyü işlər misilsizdir.
Məlum məsələdir ki, hər
bir zəhmətsevər insan istəyir ki, kənardan onun əməyinə
qiymət verilsin. Xüsusən bu
diqqəti dövlət tərəfdən görəndə özünü daha
xoşbəxt və müdafiə olunmuş
kimi hiss edir. Təbii ki, Azərbaycan
dövləti hər zaman zəhmətsevər,
üzərinə düşən məsuliyyətli vəzifəni
vicdanla yerinə yetirən insanları qiymətləndirməyi
bacarır və onların sosial müdafiəsini
təmin edir. Bu cür insanların maraqları dövlətimiz
tərəfindən qorunur.
İşçilərə verilən böyük
dəyərlərdən biri dövlətin
onların mənzil təchizatını təmin etməsidir.
Bəli, neçə illərdir ki, Azərbaycan
dövləti və onun müvafiq
orqanları ayrı-ayrı sahələrdə
çalışan əməkdaşlara mənzil verir. Dövlət tərəfindən verilən
bu mənzillərdə dövlət
qurumlarında işləyən insanların ailələri könül xoşluğu
ilə yaşayır. Dövlətimiz dövlət
qurumlarında çalışan insanları mənzillə təmin
etməklə ümumilikdə ictimaiyyətin maraqlarını
müdafiə edir. Dövlət
qurumlarında çalışan insanlara
verilən mənzillərin, onlar üçün tikilən binaların sayı
ilbəil artır. Bu da
müxtəlif sahələrdə çalışan
insanların həyat şəraitini kökündən dəyişir.
Məlumdur ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
dövlət qurumlarında işləyənlərə dəfələrlə
mənzil verilib. Bundan
başqa, ayrı-ayrı dövlət
qurumlarında işləyən şəxslərin mənzil təminatının
yaxşılaşdırılmasını aidiyyəti nazirlik və komitələr həyata keçirib. Bunlar hamısı
sözsüz ki,
dövlətimizin bu sahədə yürütdüyü siyasətin nəticəsidir.
Bilirik ki, həm
Bakıda, həm də ölkəmizin başqa
şəhər və rayonlarında sərhədçilər,
polis orqanları əməkdaşları,
gömrükçülər üçün
mənzillər tikilib.
İqtisadçı
Akif Əliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan
dövləti hər bir dövlət işçisinin, eləcə
də ictimaiyyət nümayəndəsinin mənzillə təmin
olunmasını istəyir. A.Əliyevin sözlərinə
görə, artıq bir çox
sahələrdə işləyən insanlara
dövlət mənzil verir. Müstəqillik dövründə bu
ənənənin əsasının Heydər Əliyev tərəfindən
qoyulduğunu deyən ekspertin
bildirdiyinə görə, sərhədçilərə, gömrük işçilərinə, incəsənət
adamlarına ilk evlər H.Əliyev tərəfindən
verilib: "Azərbaycan ictimaiyyətində,
cəmiyyətində ən çox
çözülən, haqqında danışılan mənzil
məsələsidir. Bu mövzu
həddən artıq həssas mövzu olduğundan, hər kəsi cəlb edir. Tez-tez eşidirik
ki, dövlət tərəfindən
dövlət qurumlarında işləyənlər üçün yeni mənzillər
tikilir. Yaxşı haldır ki, bu tikinti
hadisəsi bir-iki bina
ilə tamamlanmır, günü-gündən belə tikintilərin
sayı artırılır. Azərbaycanda həmişə
dövlət qurumlarında işləyən şəxslərə
dövlət tərəfindən mənzillər verilib. Bu, ümummilli
liderimiz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə daha da artıb. Müstəqillik
illərində də bu məsələni
Heydər Əliyev gündəmə gətirdi. Onun sərəncam və fərmanları ilə
müxtəlif orqanlarda işləyən
şəxslərə mənzillər verildi.
Nə qədər evsiz insan
evlə təmin olundu. Azərbaycan
dövlətinin bu istiqamətdə həyata
keçirdiyi siyasəti ictimaiyyət,
ölkənin ziyalı kəsimi ürəkdən bəyənir.
Bilirsiz ki, dövlət
qurumlarında çalışan elm xadimlərinə,
alimlərə də dövlət tərəfindən mənzillər
verilib. İncəsənət xadimlərinə,
ədəbiyyat adamlarına evlər verilib.
Bu yaxşı haldır. İctimaiyyətin
dəyərləndirdiyi şəxslərin dövlət tərəfindən
də qiymətləndirilməsi müsbətdir".
İqtisadçının
sözlərinə görə, 2012-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə imzaladığı fərman da
ictimaiyyətin razılıqla qarşıladığı sənədlərdən
olub: "Keçən il dövlət
başçımız Silahlı Qüvvələrin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuları
dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir.
Dövlət vəsaiti hesabına mənzillərlə təmin
olunan hərbi qulluqçuların
siyahısını hazırlamaq, tələb olunan
mənzillərin sayını və bölgüsünü
müəyyən etmək məqsədilə komissiya
yaradılıb. Komissiya siyahının hazırlanması zamanı hərbi
qulluqçuların qüsursuz hərbi
xidmət müddətini, döyüş
əməliyyatlarında iştirakını, hərbi rütbəsini,
tutduğu vəzifənin xüsusiyyətlərini,
ailə üzvlərinin sayını, yaşayış şəraitini
nəzərə almalı, hazırlanmış
siyahını Maliyyə Nazirliyinə təqdim etməli,
görülən işlər barədə Azərbaycan
Prezidentinə məlumat verməli idi. Bildiyim qədər artıq bu
sahədə işlər davam etdirilir. Bəzilərinə artıq ev də verilib. Hesab edirəm ki, bu sahədə daha büyük işlər görüləcək".
Bundan başqa, iqtisadçı dedi
ki, məlumatına görə, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi özünün evsiz işçilərinə
mənzil verib: "Bir neçə il əvvəl
sözügedən nazirlik Sulutəpə qəsəbəsində
bina tikərək, öz işçilərinə paylayıb.
Başqa qurumlarda
da bu iş
davam etdirilib. Xarici İşlər Nazirliyinin
də işçiləri üçün
yaşayış binası tikdiyi bəllidir.
Xarici İşlər Nazirliyinin
yaxınlığında nazirliyin təşəbbüsü
ilə yaşayış binası tikilib. Bina XİN-in Həmkarlar
İttifaqının irəli sürdüyü
təklif əsasında inşa edilib. Məlumatıma görə, bina artıq işçilərin istifadəsinə
verilib. Bina nazirliyin əməkdaşlarının sosial təminatının və
yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün
nəzərdə tutulub".
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) isə mənzil növbəsində olan əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə "Neftçi" Mənzil-Tikinti Kooperativi (MTK) təsis edilib. Bu barədə redaksiyamıza məlumat qurumun mətbuat xidmətindən daxil olub. Kooperativ hazırda bir neçə yaşayış binası tikir. Qurum əməkdaşlarından birindən aldığımız məlumata görə, MTK-ya üzv qəbul edilən neft-qaz işçiləri mənzil uçotuna 1984-cü ilədək götürülübsə, onun üçün mənzilin dəyərinin 70%-i ARDNŞ, 30%-i isə özü tərəfindən ödənilir: "Sonrakı illərdə uçota dayananlara gəlincə, bu faiz dərəcəsi ARDNŞ tərəfindən ödəniləcək hissədən hər il üçün 2% azalır və işçi tərəfindən ödəniləcək hissə də artır. Nəticədə 2008-ci ildə mənzil uçotuna dayanmış işçi MTK-ya üzv qəbul edilərkən mənzilin ümumi dəyərinin 20%-i ARDNŞ, 80%-i isə onun özü tərəfindən ödənilməli olur. 2012-ci ilin əvvəlinə ARDNŞ üzrə 6238 işçi mənzil növbəsindədir. Onların 5743 nəfəri Bakı şəhəri üzrə, 495 nəfəri isə respublikanın müxtəlif şəhər və rayonları üzrə uçota götürülüb. Gələcəkdə ARDNŞ üzrə mənzil uçotunda olmayan və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin də "Neftçi" MTK tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulur".
İqtisadçı bildirdi ki, sərhədçilər
üçün respublikanın bir neçə yerində
binalar tikilib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları
üçün inşa
edilən yeni yaşayış kompleksləri
istifadəyə verilib: "2011-ci ildə
belə binalardan birinin
açılışı olub, həmin mərasimdə
ölkə başçımız İlham
Əliyev də iştirak edib.
Rəsmi məlumatlara görə, Ali Baş Komandanın tapşırıqlarına
əsasən, paytaxtın Nərimanov rayonu
ərazisində sərhədçilər üçün
yeni yaşayış kompleksi
tikilib istifadəyə verilib.
Məlumatlara görə, kompleks 1,6 hektar sahəni əhatə edir.
Burada 12 mərtəbəli, 264 mənzilli
yaşayış binası inşa olunub. Yaşayış binası 2 və 3
otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər
üçün bütün
şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol
meydançaları, avtomobil
dayanacağı və istirahət parkı var.
Yaşayış kompleksi havalandırma,
yanğınsöndürmə, müasir
işıqlandırma və suvarma sistemləri
ilə təchiz edilib. Kompleksin
ərazisində abadlaşdırma və
yaşıllaşdırma işləri aparılıb, çəmənliklər
salınıb, dekorativ ağac
və kollar əkilib".
A.Əliyevin dediyinə görə, Naxçıvan Muxtar Respublikasında da sərhədçilər üçün bina inşa olunub. Onun sözlərinə görə, Kəngərli rayonunun Böyükdüz, Şahtaxtı, Şərur rayonunun Kərimbəyli və Sədərək rayonu ərazisindəki sərhəd zastavalarının açılışı olub: "Böyükdüz, Şahtaxtı və Kərimbəyli kəndlərində sərhədçi zabit ailələri üçün 24 mənzildən ibarət 3 müasir yaşayış binası tikilib. Hər biri iki otaqdan ibarət mənzillərin açarları zabitlərə təqdim olunub. Bildiyim qədər Azərbaycanın şimal zonasında da sərhədçilərə mənzillər paylanıb. Daxili İşlər Nazirliyinin də öz işçilərinə mənzillər verməsi faktdır".
A.Əliyevin bildirdiyinə görə,
bəzi dövlət qurumlarının da bu ənənəni
davam etdirməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, Təhsil,
Səhiyyə, Mədəniyyət və Turizm,
Gənclər və İdman nazirlikləri
də öz işçilərinin evlə
təchiz edilməsi məsələsilə bağlı
işlər görməlidir. Onun
bildirdiyinə görə, illərdir ki, həkimlər,
müəllimlər təmsil etdikləri qurumlardan
mənzil almır: "Azərbaycanda dövlət
qurumlarında işləyən insanların mənzil təchizatının
yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən dövlət siyasəti ictimai
maraqları təmin edir. Amma belə hallar da olur ki,
bəzi qurumlar öz işçilərinə
bina tikmir. Hesab edirəm
ki, müəyyən nazirliklər də öz işçilərinin
mənzil təminatının
yaxşılaşdırılması üçün tədbirlər
həyata keçirməlidir.
Amma bütövlükdə dövlətin
tikdiyi binaların, işçilərə verilən
mənzillərin sayı
artır. Bu işə bütün dövlət qurumları qoşulmalıdır. Fikrimcə,
artıq ali
məktəblər də,
kolleclər də dövlət dəstəyindən
istifadə edərək
öz evsiz işçiləri üçün
binalar tikə bilər. Dövlətimizin ictimai maraqların
müdafiəsi istiqamətində
həyata keçirdiyi
siyasət təqdirəlayiqdir.
Cəmiyyət bunu yaxşı
qarşılayır".
Təbii ki, dövlət
və ictimai maraqların müdafiəsi
baxımından dövlət
qurumlarında çalışan
şəxslərə mənzillərin
verilməsi, onların
sosial müdafiəsinin
təşkili çox
əlamətdar, eyni zamanda da müsbət
haldır. Düşünürük ki, bu uğurlu
tendensiya dövlət
tərəfindən davam
etdiriləcək.
İradə SARIYEVA
Bakı xəbər.-2013.-10 dekabr.-S.12.