Hüquq müdafiəçisi Azərbaycanda
qadına qarşı zorakılığın
dinamikasının artdığını iddia edir
Mətanət Əzizova: "Son illər
qadınlara qarşı ailədaxili zorakılıq
faktlarının sayı durmadan artmaqda davam edir"
Qadınların əks cinsin
nümayəndələri tərəfindən
zorakılığa məruz qalması faktları
günü-gündən artır. Maraqlısı odur ki, qolu
güclülər qadınları qəribə üsullarla və işgəncə ilə öldürür. Elə bu
günlərdə Yevlaxda daha
bir qadının məişət zəminində
öldürülməsi faktı aşkar
olunub. Məlumata görə, ər
arvadının başını daşla əzib
öldürüb.
Yevlax Rayon Prokurorluğundan mətbuata
verilən məlumata görə, Səmədabad kəndində
kişi keçmiş həyat yoldaşını xüsusi
amansızlıqla öldürüb. Belə ki, 1985-ci il təvəllüdlü
Sərxan Əli oğlu Əsədov keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Esmira
Həsən qızı Əsədovanın başına daşla vuraraq əzib.
Qadının öldüyünə əmin olandan
sonra kişi hadisə
yerindən uzaqlaşıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində hadisəni törədən S.Əsədov
saxlanıb. Faktla bağlı cinayət işi başlanıb,
araşdırma aparılır.
Qadın hüquqlarının qorunması ilə məşğul
olan ekspertlər qadınların məişət
zorakılığı zəminində öldürülməsi
faktının artdığını təsdiqləyir.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət
Əzizova "Bakı-Xəbər"ə
açıqlamasında qeyd etdi ki, öncəki illərdən
fərqli olaraq qadınların zorakılığa məruz
qalması faktları artır. Gündəlik olaraq sosial şəbəkələr,
qəzet, televiziya, radio
vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar
oluruq. Qadın öldürülür,
zorakılığa, işgəncəyə məruz qalır,
ya da ki
intihar etməli olur.
Azərbaycanda qadına qarşı zorakılığın
dinamikası azalmır, əksinə, artmaqda
davam edir: "10 ailədən
doqquzunda iqtisadi
imkanların kişinin əlində olduğunu deyə bilərik. Lakin
konkret olaraq nə qədər
qadının iqtisadi zorakılığa
məruz qaldığını söyləmək çətindir.
Seksual zorakılıqla bağlı
ümumiyyətlə müzakirələr getmir.
Gün ərzində işləyən
qadın öz istəyindən
asılı olmayaraq gecə kişinin bütün tələbatlarını
ödəməlidir. Təhsil və iqtisadi
asılılıq qadınların zorakılığa məruz
qalmasında mühüm rol
oynayır. Qanunda bu
istiqamətdə ciddi boşluqlar
var. İlk növbədə
bu sahədə müəyyən işlərin
görülməsinə ehtiyac
görürəm. Qız uşaqlarının erkən ərə
getmələri ilə bağlı qanunda
cərimələr nəzərdə tutulsa
da, hələ ki, Azərbaycanda
kiminsə buna görə cinayət məsuliyyətinə
cəlb edildiyini görməmişik. Baş verəcək qanun
pozuntuları ilə əlaqədar polisin
də rolu müəyyən edilməyib. Məsələn,
kimsə psixoloji, ya iqtisadi zorakılığa məruz
qaldığı üçün
müraciət etdikdə, polis heç bir zədə
olmadığı üçün
şikayət etdiyiniz şəxsi məsuliyyətə
cəlb etməkdən imtina edəcək.
Döyməyə görə cəzanın tətbiq edilməməsi
də bu sahədə vəziyyəti daha da acınacaqlı edir. Bu gün
istənilən şəxs cəza olmadığı üçün həyat yoldaşını
döyə bilər. Bunun müqabilində
yalnız cərimə ödəyən kişi
ödədiyi pula, həm də həyat
yoldaşının polisə müraciət etməsinə
görə onu yenidən döyəcək".
M.Əzizovanın sözlərinə
görə, son illər qadınlara qarşı ailədaxili
zorakılıq faktlarının sayı durmadan artmaqda davam
edir. Əfsuslar olsun ki, bu gün
fiziki zorakılıqla yanaşı,
qadınlar həm də mənəvi, psixoloji,
iqtisadi və seksual
zorakılığa məruz qalır. Bu
zorakılıqların baş verməsində
zərərçəkmişlərin cəmiyyətdə
hüquqlarını bilməməsi, baş
verən hadisələrə laqeyd
yanaşması da mühüm
rol oynayır. Zorakılığa,
qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda müəyyən maddələr yer alır: "1979-cu ildə BMT qadınlara
qarşı zorakılığın, hər cür
ayrıseçkiliyin aradan
qaldırılması üçün Konvensiya qəbul etdi. 1995
-ci ildə isə Azərbaycan da bu Konvensiyaya
qoşuldu. 30 maddədən ibarət
Konvensiyanın 10 maddəsi qadın hüquqlarından bəhs
edir. Zorakılıq Azərbaycanda olduğu kimi, digər xarici ölkələrdə də çoxluq təşkil edir.
Aparılan araşdırmalar nəticəsində dünyada hər 3 qadından birinin
nə vaxtsa zorakılığa məruz
qalması, hər 3 dəqiqədən bir
ən azı bir qadın
öldürülməsi məlum olub. Dünyada hər 5 qadından biri
ömür boyu seksual zorakılığın və ona cəhdin qurbanı olur.
Hər il dünyada
3-4 milyon qadın öz
həyat yoldaşı tərəfindən döyülür.
Ailə zorakılığının qurbanlarının 95 faizi qadınlar olur. Hadisələrin
80 faizi kişilər tərəfindən
törədilir. 2010-cu ildə ailədaxili zorakılıq zəminində
109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib. Müstəqil araşdırmalara
görə, bu ilin 5
ayı ərzində 28 qadın ailə münaqişələri
zəminində öldürülüb. Baş verən hadisələrə nəzər
yetirdikdə qadınların daha çox həyat yoldaşları tərəfindən
qətlə yetirildiyini görə bilərik.
Qadınların qətlə yetirilməsi bəzən
onların öz hüquqlarını bilməməsi
və müvafiq qurumlara
müraciət etməkdən çəkinməsi ilə
bağlıdır".
Günel CƏLİLOVA
Bakı xəbər.-2013.-10
dekabr.-S.14.