Zakir Qaralov Azərbaycanın
antikorrupsiya tədbirləri indeksində 12 pillə irəliləməsini
tam layiqli nəticə saymadı
"Azərbaycan korrupsiyaya
qarşı mübarizədə yüksək nəticə
göstərib"
Baş prokuror hansı beynəlxalq
təşkilatlara irad tutdu?
"Bu nailiyyətlər siyasi rəhbərlik
səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilən kompleks və davamlı siyasətin
real nəticəsidir"
AzVision.az saytı Azərbaycan Respublikasının
Baş prokuroru, I dərəcəli dövlət ədliyyə
müşaviri Zakir Qaralovun müsahibəsini təqdim edir.
- "Transparensy
İnternational" təşkilatı tərəfindən
2013-cü il üçün
Korrupsiyanı Qavrama indeksi açıqlanaraq ictimaiyyətin
müzakirəsinə verilib. Azərbaycanla
bağlı builki indeksə münasibətiniz necədir?
- Korrupsiyaya qarşı mübarizə
sahəsində fəaliyyət göstərən nüfuzlu
beynəlxalq qeyri-hökumət təşkilatlarından olan
"Transparensy İnternational"ın təqdim etdiyi
2013-cü ilin Korrupsiya Qavrama İndeksində Azərbaycan
keçən illə müqayisədə xeyli, yəni 12 pillə
irəliləyiş, eyni zamanda ölkəmizin qiymətləndirmə
balı 27-dən yüksələrək 28 olub. Əgər keçən ilin hesabatı üzrə
də ölkəmizin əvvəlki illə müqayisədə
4 pillə irəlilədiyini nəzərə alsaq, bu zaman
indeksdə son illər Azərbaycanla bağlı dinamikanın
müsbət olduğunu görmüş olarıq. Ümumən ölkəmiz son illər korrupsiyaya
qarşı mübarizə sahəsində dəyərləndirmələrdə
irəliləməkdə davam edir və indeksə daxil edildiyi
2000-ci ildən olan müddətdə Azərbaycan
Respublikası son on üç ilin ən yüksək nəticəsini
göstərib.
Qeyd etmək istərdim ki,
2013-cü ilin Korrupsiya qavrama indeksi üzrə müsbət nəticələri
"Transparency İnternational" təşkilatının bu
ilin iyul ayında "2013-cü il Qlobal Korrupsiya Barometri"
hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə
sahəsində ciddi irəliləyişlərin olması barədə
ölkəmizin göstəricilərinin məntiqi davamı
kimi də qiymətləndirmək olar. Belə ki,
"2013-cü il Qlobal Korrupsiya Barometri" hesabatı üzrə
Azərbaycanda respondentlərin 68 faizi dövlət tərəfindən
həyata keçirilən korrupsiyaya qarşı mübarizə
tədbirlərinin səmərəli olduğunu bildirmişdir
ki, bu da dünya ölkələri üzrə müəyyən
edilmiş 22 faizlik göstəricidən 3 dəfə yüksək
olub.
- Cənab Baş prokuror, Azərbaycan
Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində
ciddi irəliləyişin əsas amilləri
hansılardır?
- Xüsusi olaraq vurğulamaq istərdim
ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin
prioritet istiqaməti olmaqla onun təşəbbüsü ilə
beynəlxalq təcrübə nəzərə alınaraq
mütərəqqi antikorrupsiya qanunvericilik bazası
formalaşıb, mühüm institusional tədbirlər həyata
keçirilib.
Korrupsiyaya şərait
yaradan halların aradan qaldırılması məqsədilə
hazırlanmış "Korrupsiyaya qarşı mübarizə
üzrə 2004-2006-cı illər üçün Dövlət
Proqramı", "Şəffaflığın
artırılması və Korrupsiyaya qarşı mübarizə
üzrə Milli strategiya və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət
Planı" qabaqlayıcı tədbirlərin həyata
keçirilməsinə hüquqi zəmin yaratmaqla uğurla
icra edilib. BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına
müvafiq olaraq ixtisaslaşdırılmış qurumlar - Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyası və Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsi təsis
edilmiş, beynəlxalq əməkdaşlıq inkişaf
etdirilərək digər dövlətlərin
hüquq-mühafizə orqanları və antikorrupsiya
qurumları ilə əməkdaşlıq əlaqələri
qurulub, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi
istiqamətində bir sıra mühüm addımlar
atılıb. Həmçinin iqtisadi və
sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması, əməkhaqlarının
artırılması və sosial rifahının gücləndirilməsi
istiqamətində əsaslı nailiyyətlər əldə
edilib.
Dövlət
başçısı cənab İlham Əliyev korrupsiyaya
qarşı mübarizənin davam etdirilməsində qətiyyətini
bir daha nümayiş etdirərək 05 sentyabr 2012-ci il tarixdə
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı" və
"Açıq hökumətin təşviqinə dair Milli
Fəaliyyət Planı"nın təsdiq edilməsinə
dair sərəncam imzalayıb,bu istiqamətdə həyata
keçirilən tədbirlərin
davamlılığının təmin edilməsi,
normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi
əsas hədəflər kimi müəyyənləşdirilib.
-
2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycanın 12
pillə irəliləməsini uğurlu nailiyyət hesab etmək
olarmı?
- Belə müsbət nəticələr
bizim üçün gözlənilməz deyildi. Bu nailiyyətlər siyasi rəhbərlik səviyyəsində
korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir.
Lakin qeyd etmək yerinə düşər ki,
2013-cü ilin Korrupsiya Qavranma İndeksində əks olunan
göstəricilər reallıqda mövcud olan daha uğurlu nəticələri
tam əks etdirmir. Bunun səbəbi
"Transparensy İnternational" təşkilatının
istinad mənbələri olan bəzi təşkilatların
qeyri-obyektiv siyasi baxışları, o cümlədən
Freedom House kimi qurumların ölkəmizə münasibətdə
ikili standartlara yol verməsi olmuşdur. Lakin
belə qurumların qeyri-obyektiv münasibəti belə
ölkəmizə münasibətdə müsbət nəticələrə
ciddi təsir göstərə bilməyib. Eyni zamanda
vurğulanmalıdır ki, digər qurumlar, məsələn
Dünya İqtisadi Forumunun 2012-2013-cü illər
üçün olan Rəqabətlilik İndeksində Azərbaycan
xeyli irəliləyərək 46-cı sıraya yüksəlib.
Ümumiyyətlə,
hər bir ölkənin iqtisadi inkişafı dünyanın
nüfuzlu beynəlxalq təşkilatları tərəfindən
təhlil olunur və obyektiv faktlara əsasanan bu təhlillər
sübut edir ki, Azərbaycan iqtisadiyyatı yüksələn
xətlə inkişaf edir. Məsələn,
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətliliyinə
görə 39-cu yerdədir. Dünya Bankının və
Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi "Doing
Business 201" hesabatında ölkəmiz 185 ölkə
arasında 67-ci yeri tutaraq 118 ölkəni qabaqlayıb.
Əldə
edilmiş nailiyyətlərin əsası kimi beynəlxalq
mexanizmlərin uğurlu tətbiqi, mötəbər beynəlxalq
qurumlarla əməkdaşlıq xüsusi qeyd edilməlidir.
Azərbaycan Respublikası beynəlxalq konvensiyaların tətbiqini
tam şəkildə təmin etmək məqsədilə
Avropa Şurasının "Korrupsiya ilə əlaqədar
cinayət məsuliyyəti haqqında"
Konvensiyasının 5, 6, 10, 12-ci maddələrinə dair Azərbaycan
Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin
ləğvi və Konvensiyanın Əlavə Protokoluna Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
tətbiq edilməyəcəyi barədə bəyanatla
qoşulması ilə əlaqədar Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. Ölkə
Başçısı tərəfindən 2012-ci ilin 29 iyun
tarixdə Azərbaycan Respublikasının "Beynəlxalq
Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində
təsis edilməsi haqqında Sazişə qoşulması barədə
Azərbaycan Respublikasının Qanununu imzalaması bu beynəlxalq
təşkilatla əməkdaşlığın inkişaf
etdirilməsinə mühüm töhfə verib. BMT-nin Narkotiklər və Cinayətkarlığa
qarşı mübarizə ofisi ilə birgə BMT-nin
"Korrupsiya əleyhinə" Konvensiyanın
implementasiyası istiqamətində uğurlu əməkdaşlığa
başlanılıb. Artıq beynəlxalq
təşkilatlar tərəfindən korrupsiyaya qarşı
mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan
modeli müsbət qəbul edilməklə bir nümunə kimi
təqdim olunur. 23-25 sentyabr 2013-cü il tarixdə Paris
şəhərində İqtisadi əməkdaşlıq və
İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və
Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin
İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq
Görüşü və Rəhbər Qrupun 15-ci İclasında
Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund
dəyərləndirilməsindəsini müvəffəqiyyətlə
keçən ilk ölkə olub.
Azərbaycan Respublikası
Prezidentinin təsdiq etdiyi Açıq Hökumətin təşviq
edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə
Milli Fəaliyyət Planlarının icrası ölkəmizdə
dövlət orqanlarının şəffaflıq,
açıq hökumət prinsipləri əsasında idarə
edilməsini və korrupsiyanı istisna edən idarəçilik
mühitinin yaradılmasını təmin edir. Bunların
sırasına elektron xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi və elektron hökumətin
inkişaf etdirilməsi tədbirləri də daxildir.
Vətəndaşlara
xidmət və sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və onun tərkibində "Asan Xidmət" Mərkəzlərinin
yaradılması mühüm antikorrupsiya tədbirlərindən
biridir. Bu mərkəzləri vətəndaşlara
qısa müddət ərzində vahid məkandan keyfiyyətli,
rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan
dövlət xidmətlərini göstərir.
Korrupsiya hüquqpozmaları barədə
müraciətlərin təxirəsalınmadan
çatdırılması və operativ baxılmasının
təmin ediılməsi məqsədilə
yaradılmış, prokurorluq orqanları ilə vətəndaşların
qarşılıqlı ünsiyyətinin asan və səmərəli
forması olan "161" nömrəli "Qaynar xətt"
əlaqə mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilib,
eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı
mübarizə idarəsinə əməliyyat axtarış səlahiyyətlərinin
verilməsindən sonra latent xarakterli korrupsiya cinayətlərinin
aşkar edilməsi istiqamətində tədbirlər daha da
gücləndirilib.
Cari ilin noyabr
ayının 22-23-də Panamada keçirilmiş BMT-nin
Korrupsiya əleyhinə Konvensiyasının Konfransının
5-ci sessiyasında qəbul edilmiş tərəqqi
hesabatında Azərbaycan Respublikası
qarşılıqlı hüquqi yardımın həyata
keçirilməsini müvəffəqiyyətlə təmin
edən 8 ölkə sırasında xüsusi
vurğulanıb.
- Cənab Baş prokuror, ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin gələcək
perspektivlərini necə qiymətləndirirsiniz?
- Ölkə
Başçısı cənab İlham Əliyevin 2012-ci il 5
sentyabr tarixli Sərəncamları ilə təsdiq edilmiş
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət planı" və
"Açıq hökumətin təşviqinə dair Milli
Fəaliyyət Planı" ölkəmizdə korrupsiyaya
qarşı mübarizə tədbirlərinin daha sistemli,
genişmiqyaslı və səmərəli həyata
keçirilməsinin təmin edilməsi, əhalinin sosial
rifahının yüksəldilməsinə yönəldilmiş,
dövlət orqanları ilə ictimaiyyətin səylərini
birləşdirən mühüm konseptual sənədlərdir.
Bu sənədlərdən irəli gələn
vəzifələrin icrası üçün dövlət
orqanları ilə vətəndaşlar arasında münasibətlərin
səmərəliliyinin artırılması, korrupsiya və
süründürməçiliyin qarşısının
alınması məqsədilə elektron xidmətlərin tətbiqi
dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət
kəsb edir. Elektron xidmətlər
korrupsiyanın, məmur
özbaşınalığının, süründürməçilik
hallarının qarşısını alınması, şəffaflığın,
hesabatlılığın, operativliyin, səmərəliliyin
təmin edilməsində mühüm vasitələrdən
olmaqla çevik idarəçiliyin uğurlu formuludur.
Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planında prokurorluq orqanlarının üzərinə
qoyulmuş vəzifələrin icrası ilə əlaqədar
"İnformatorların (korrupsiya halları haqqında məlumat
verən şəxslərin) müdafiəsi haqqında"
qanun layihəsi, korrupsiya cinayətləri üzrə istintaq
sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə
daxil edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində
bir sıra vəzifəli şəxslərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması,
korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış
tədbirlərinin səmərəliliyinin
artırılması, şahidlərin və cinayət təqibini
həyata keçirən orqanlarla əməkdaşlıq edən
şəxslərin müdafiəsinin təkmilləşdirilməsi
üzrə təkliflər və bununla əlaqədar
qanunvericiliyə dəyişiklik və əlavələr edilməsi
barədə qanun layihələrinin hazırlanması istiqamətində
işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin yeni inzibati binasının açılış mərasimində, Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar verib. Cənab Prezident korrupsiyaya qarşı mübarizə istiqamətində möhkəm siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirləri vacibliyini vurğulayıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin daim öyrənilməsi və tətbiq olunmasının zəruriliyini qeyd edərək, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan edib. Dövlət Başçısı, həmçinin, bu sahədə mövcud bütün beynəlxalq qurumlar, cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlığı müsbət qiymətləndirərək, daha mühüm nailiyyətlər əldə olunmasının vacibliyini bildirib. "Asan Xidmət" mərkəzlərinin fəaliyyətinin genişləndirilərək bölgələrdə mütəmadi qaydada işləməsi, ən mütərəqqi təcrübənin tətbiqi, prioritet vəzifələr sırasında vurğulanıb. Profilaktik tədbirlər, maarifləndirmə, iqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesinin uğurla başa çatdırılması mühüm hədəflər kimi qeyd olunub.
Cənab Prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə istiqamətində işlər eyni intensivliklə bundan sonra da daha qətiyyətli şəkildə davam etdiriləcək.
Bakı xəbər.
- 2013.- 6-8 dekabr.- S.6.