«Gülər Əhmədovanın
başına gələnləri üzülərək
qarşıladım»
“Azərbaycan “göy
qurşağıdır”, amma bu qurşaqda qara rəng yoxdur”
Jalə Əliyeva: “Mən
çıxım küçəyə
çığırım-bağırım, bu, elə
iğtişaşdır da”
Müsahibimiz Milli Məclisin Mədəniyyət
Komitəsinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının (QDİƏT
PA) komitə sədri, bitərəf deputat Jalə
Əliyevadır.
(Əvvəli ötən sayımızda- BURADAN BAXA BİLƏRSİNİZ)
- Jalə xanım, Gürcüstanda olmusunuzmu?
- Çox
olmuşam.
- Dəyişiklikləri
sezmisinizmi?
- Tikinti baxımından deyirsinizsə, heç bir dəyişiklik sezmədim. Sonuncu dəfə 6 il əvvəl olmuşam, dəhşətə gəldim, sanki uşaqlığımda, 6 yaşımda Qəçrəşdə istirahət zamanı gördüyüm mağazalarla rastlaşdım. Həmin qarışıq mallar mağazasının yeri taxtadan idi, siçan da ora-bura qaçırdı. Tiflisin mərkəzində elə mağazalara rast gəldim, noyabr idi, satıcılar əlcəklə, papaqla kiçik qızdırıcının qarşısında oturmuşdular. Bu, şəhərin mərkəzində, “Meriot” hotelinin qarşısında baş verənlər idi, gördüklərim bundan ibarət idi. Siz hansı baxımdan yanaşırsınız?
- Gürcüstanda korrupsiya, inhisarçılıq aradan qalxıb, insan haqlarına hörmət var və bütün bunların fonunda insanların üzü gülür...
- Nə
üçün Azərbaycanda otura-otura Gürcüstanı o
şəkildə görə bilirsiniz, amma öz vətəninizin
içini əksinə görürsünüz
- Mən 1 ay əvvəl Tiflisdən
gəlmişəm və gördüklərim gerçək
idi...
- Bəs niyə Azərbaycanda
yaşaya-yaşaya inkişafı görmürsünüz?
- Nələri görməliyəm?
- Sizin söhbətiniz müsahibəyə oxşamır...
- Bəs necə müsahibə olmalıdır, sovet dövründəki kimi sual verməliyəm ki, ikinci dəfə dünyaya gəlsəydiniz deputat olardınızmı?
- Bilirsiniz, bu, iki nəfərin söz duelinə oxşayır.
- Yaxşı, söhbətin yönün dəyişək, bir neçə deputat sabiq həmkarları Gülər Əhmədovanın zaminə götürməklə bağlı müraciət etmişdilər. Sizin adınız siyahıda var idimi?
- Yox.
- Bəs baş verənlərə necə yanaşırsınız?
- Bir qadın kimi ürəyim ağrıdı. Bir xanımın, xüsusən cəmiyyətdə müəyyən bir məqama gəlmiş, hörmət, nüfuz sahibi olan xanımın belə bir vəziyyətlə qarşılaşmasını, hansı səbəbdən olursa-olsun, üzülərək qarşıladım.
- Doğrudanmı, parlamentdə 1
milyona mandat satılır?
- Elə üzülməyimizin də
səbəbi bundan ibarətdir ki, hansısa
düşünülməmiş addım, hər iki tərəfdən
kiminsə məkri, qanuna zidd hərəkətləri,
iştahı səbəbindən böyük bir quruma ləkə
gələcəkdi.
- Sizə necə, mandat satmaq istəyiblərmi?
- Qardaş, mən sadə Azərbaycan
ziyalısıyam, ən azından ailəmi
tanıyırsınız. Söhbətə də
başlayanda anam Nurəngiz xanımı soruşdunuz, o fikirlər,
məbləğlər o qədər absurddur ki, izah etməyə
ehtiyac görmürəm. Ən azından
mən özünə hörmət etməyi bacaran və
öz qələmiylə tanınan ailənin üzvü
olmuşam. Ona görə də mənə
kiminsə belə təklifi mümkünsüzdür.
Açıq deyəcəm, sualınız bir az
təhqirdir və bütün parlamentə yönəldilməsi
doğru deyil.
- Amma fakt budur ki, Azərbaycanda bu
cür hadisə baş verib...
- Bəli, baş verdi
və qiymətini aldı, hələ bu, son deyil.
- Söhbət etdiyimiz gün Beynəlxalq
İnsan Haqları Bəyannaməsinin 65 illiyidir, Siz də
bununla bağlı tədbirdən gəlirsiniz. Azərbaycanda
insan haqlarının vəziyyətindən
narahatsınızmı, doğrudanmı, bizdə insanların
hüquqları qorunur?
- İnsanların hüquqları ən
ali mərhələdə qorunur. Hər zamankı kimi vicdan məhbuslarını misal
çəkəcəksinizsə, hansısa məişət
problemi üzündən kimisə həbs ediblərsə, bunu
qabartmağa nə ehtiyac var?!
- Hansı məişət problemi,
deyə bilərsinizmi?
- Məsələn, internet kafedə
baş verən hadisə...
- Həbsdəki jurnalistlərdən,
gənc fəallardan hansı internet kafedə insdent zamanı həbs
olunub?
- Kimlərin həbs olunduğunu Siz də
bilirsiniz, mən də, onların hər birini hamımız
tanıyırıq. Sualı verərkən
söhbətin kimlərdən getdiyini özünüz də
bilirsiniz.
- O zaman mən fakt deyim, yəqin
prezidentin İsmayıllı hadisələrindən sonra
keçirdiyi müşavirədə məmur
övladlarının hərəkətlərini
qudurğanlıq adlandırması yadınıza gəlir?
- Bəli, yadıma gəlir.
- Bu gün Şəki Rayon Məhkəməsində
qudurğan məmur övladları yox, həmin
qudurğanlığa etiraz edənlər “dəmir
barmaqlıqlar” arasındadır…
- Ancaq həmin hadisədə adı
hallanan məmur da işdən azad olundu. Siz həbs
olunmasını gözləyirdiniz? Deməli,
onların fəaliyyətində cinayət tərkibi yoxdur ki,
həbs olunmur.
- Axı prezident onları
qudurğanlıqda suçladı...
- Qudurğanlıq cinayət deyil, mənəvi
etalondur. Hər qudurmuş adamı həbsxanayamı
salarlar?!
- İcra
başçılarının nə qədər maaş almasından xəbəriniz varmı?
- Deyəsən, 800-900 arası...
- Qoy olsun 1000-1500 manat, aylıq maaşı
bu qədər olan icra başçısı rayonun mərkəzində
hotel tikdirə bilərmi?
- Siz əminsinizmi hotel sabiq icra
başçısına məxsusdur?
- Bu məsələ yetərincə
sübut olundu, o zaman niyə vergilər, yaxud başqa
müvafiq qurumlar araşdırma aparmadılar?
- Siz daha nə istəyirsiniz ki, bu
insan artıq vəzifəsiylə vidalaşıb.
- Bəs ona etiraz edənlər niyə
“dəmir barmaqlıqlar” arxasında oturmalıdır?
- Mən bu faktları bilmirəm.
- Bu gün Şəkidə sabiq icra
başçısı Nizami Ələkbərovun
övladının hərəkətinə etiraz edənlərin
məhkəməsi gedir...
- Açıq danışaq, mən
bu məsələləri əhatəli öyrənmədən,
sualınıza yetərli cavab verə bilmərəm. Çünki konkret kimlərin həbs olunduğunu
bilmirəm.
- Məsələn, ReAL sədri
İlqar Məmmədov və müsavatçı Tofiq Yaqublu
İsmayıllı hadisələrindən bir gün sonra
rayonda olsalar da, həbs edildilər. Bu faktın
özü insan haqlarına hansı münasibətdir?
- Amma onlar rayonda hansı insdentə səbəb
olublar?
- Heç bir insdentə,
çünki hadisələr sona yetmişdi...
- Siz əminsinizmi sırf
İsmayıllı hadisələri səbəbindən həbs
ediliblər?
- Bəli, çünki onlara
qarşı ittiham belə deyir. İttihamda onlar
iğtişaşları qızışdırmaqda
suçlanır, halbuki, hər iki şəxs vəziyyət
normallaşandan sonra rayonda olublar...
- İğtişaş
baş verib qurtarandan sonra öz fərdi maraqları naminə
gedib başqa bir yöndə xalqı qaldırmaq
iğtişaş deyilmi?
- Bu, sizin fikrinizdir?
- Siz danışdınız sonra
xatırladım. Bildiyim qədər onlar rayona
daxil olandan sonra müəyyən problemlər yaranıb.
Yəni xalq sakitləşəndən sonra
fürsətdən istifadə edərək onları siyasi
istiqamətə yönləndirmək istəyiblər.
- İki nəfər
dediyinizi edə bilərmi?
- Bir nəfər də edə bilər.
Mən çıxım küçəyə
çığırım-bağırım, bu, elə
iğtişaşdır da.
- O zaman niyə ölkədə
sabitliyin, inkişafın olduğunu deyirsiniz?
- Əlbəttə,
sabitlikdir.
- Bir nəfər ölkədə vəziyyəti
dəyişə bilirsə, necə möhkəm sabitlikdən
danışmaq olar?
- Siz artıq söz
oynadırsınız, bu, müsahibə deyil. Gəlin,
ciddi olaq.
- Mən sualları dediklərinizdən
çıxardıram...
- Siz iki nəfərin
iğtişaş edə biləcəyini sual etdiniz, mən də
dedim ki, bir nəfərin də çıxıb küçədə
anti-dövlət, anti-xalq çağırışlar etməsi
artıq iğtişaşdır. Amma birmənalı
olaraq ölkə sabit şəkildə idarə olunur. Eyni zamanda, Azərbaycanda fikir yürütmək
üçün kifayət qədər meydan var, qəzet, sayt
var, hətta çox pis tərəfi odur ki, hər kəs hər
kəsi söyə də, təhqir də edə bilir.
- Bu gün jurnalistlər həbsdədirsə,
hansı meydandan danışırsınız? Pərviz Həşimli,
Əvəz Zeynallı, sonuncu 3 il
azadlıqdan məhrum edilən Gülər Əhmədovanın
ittihamı əsasında 9 il azadlıqdan məhrum edilib...
- Natiq, qardaşım, Siz
hüquqşünas, müstəntiq deyilsiniz, o məsələlərə
məhkəmə orqanı baxır. Onların
araşdırması nəticəsində insanlara müəyyən
cəza verilir, yaxud sərbəst buraxılır. Məhkəmənin hökmünə heç kəs
müdaxilə edə bilməz, deputat da, jurnalist də.
- Əgər Azərbaycanda məhkəmələr
müstəqildirsə, nə üçün Avropa İnsan
Haqları Məhkəməsinə şikayətlərin
sayı artmaqda davam edir?
- Bu da Azərbaycanda
demokratiyanın bir nümunəsidir. Əgər ölkədən
kənara şikayətlər çıxa bilirsə, hakimiyyət
buna imkan yaradırsa və yenidən qayıdıb məsələyə
baxılırsa, bu demokratiyadır.
- Bunlar könüllü
götürdüyümüz öhdəliklərdir...
- Öhdəliyə də əməl
edirik. Biz müstəqilliyimiz elan edəndən
sonra bir sıra beynəlxalq təşkilatlara, konvensiyalara
qoşulmuşuq. O cümlədən, insan
hüquqlarıyla bağlı təşkilatlarda tərəfdaşıq,
ona uyğun da addımlar atılır. Bu gün insan
hüquqları bəyannaməsinin 65 illiyini qeyd etdiyimiz zaman
çox istərdim ki, biz 9 milyona çatmış
xalqımızın 1 milyondan çoxunun hüquqlarından
danışaq. Mən Ermənistanın
işğalı nəticəsində öz yurdlarından
qovulmuş insanlardan danışıram.
- Siz Qarabağ münaqişəsini
nəzərdə tutursunuz?
- Bəli, gəlin, ondan
danışaq. Sizi bu məsələlər niyə
narahat etmir?
- Adi bir fakt, xarici işlər
nazirimizi Elmar Məmmədyarov bu günlərdə Kiyevdə
erməni həmkarıyla görüşdən sonra dedi ki,
onlar ilk dəfə konkret məsələləri müzakirə
etdilər. Sual yaranır, xarici siyasətimiz Qarabağla
yalnız bu gün ilk dəfə konkret müzakirə edibsə,
20 ildə nəylə məşğul olublar?
- Yaxşı olardı, sualı
birinci növbədə hörmətli nazirimiz Məmmədyarova
ünvanlayardınız ki, nəyə görə belə ifadə
işlədib?! Dediyiniz ifadə stilistik səhv də ola bilər, insanıq, heç bir şeydən
sığortalanmamışıq, nazir həmin anda ilk dəfə
əvəzinə başqa ifadə də işlədə bilərdi.
Münaqişə 20 ildən çoxdur davam
edir, bəlkə nazir həmin ifadəni Ermənistanı
konkret məsələləri müzakirə etməyə, bir
masa arxasında oturtmağa nail olduğunu demək istəyib.
- Deyirsiniz ki, Qafqazın lider dövlətiyik,
analoqu olmayan inkişaf və sairə epitetlər işlədirsiniz,
bəs 20 ildə niyə 20 santimetr torpaq qaytarılmayıb?
- Siz müharibə istəyirsiniz?
- Mən işğal olunmuş
torpaqlarımızın qaytarılmasını istəyirəm.
- Biz torpaqlarımızı
müharibə yox, danışıqlar yoluyla
qaytarılmasını istəyirik.
- Dünya tarixində elə analoq
göstərə bilərsinizmi ki, müharibə yoluyla
alınan torpaqlar sülh vasitəsilə qaytarılsın?
- Bəlkə də olacaq.
- Konkret fakt deyə bilərsinizmi?
- Siz tarixçisiniz, məndən
daha yaxşı bilərsiniz.
- Fələstin-İsrail müharibəsi
50 ili ötüb, amma ortalıqda heç
nə yoxdur...
- Ancaq müharibə edirlər, nə
qazanıblar?
- Heç nə qazanmayıblar, bəs
biz sülh danışıqlarından nə
qazanmışıq?
- Ən azından hər
gün gələn şəhid tabutlarının
qarşısını almışıq.
- Bəlkə o «qazancı» da deyək
ki, 20 ildə Qarabağsız nəsil böyüyüb?
- Bilirsiniz, Qarabağsız nəsil
böyüməyəcək. Əgər o
insanların damarında azərbaycanlı qanı axırsa,
dediyiniz olmayacaq. Mən 6-7 yaşında
uşaqlar tanıyıram ki, yuxudan oyananda Qarabağ
haqqında şerlər söyləyirlər,
“Qarabağlıyam” deyirlər.
- Televiziyaların ekranlarına baxmaq
kifayət deyilmi ki, hansı nəsil yetişir...
- Mən bilmirəm Siz hansı
ölkədə yaşayırsınız, nədən
danışırsınız? Mənim
yaşadığım, gördüyüm, vətəndaşı
olduğum ölkədə bizim ən böyük problemimiz
Qarabağdır. Baxın, özünüzün misal gətirdiyiniz
Fələstin-İsrail müharibəsi az
qala mənimlə yaşıddır, bitmək bilmir. Bu müharibə ərəb dünyasına, Fələstinə
nə qazandırıb? Heç bir şey! Eyni şəkildə biz ora yuvarlanmalıydıq,
yox. Ölkəmiz çox
ağıllı şəkildə idarə olunur, birinci
növbədə atəşkəs ona görə elan olundu
ki, anaların göz yaşı dayansın. Sentyabr-oktyabr aylarında seçki təbliğatı
zamanı kəndləri bir-bir dolaşırdıq, hansı kəndə
getdiksə, həmin kəndin şəhidlərinə xatirə
bulağı gördük. Şəhidlər
Xiyabanında olduq, şəhidlərin doğum ili müxtəlifdir,
1970, 1971, 1972, amma ölüm ili 1992,1993,
1993 və 1994-ci ildən o tərəfə şəhidlərimiz
yoxdur. Yaxşı olardımı ki, onların
sayı artsın.
- Məgər, Sizin atəşkəs
dövründə ölən əsgərlərdən xəbəriniz
yoxmu?
- Siz niyə hər şeyi bu qədər
“qaraldırsınız”?
- Mən gerçəklikdən
danışıram?
- Yox, əzizim, gerçəklik qara
rəngdən ibarət deyil. Gerçəkliyin başqa rəngləri
də var, ağ rəngi niyə
görmürsünüz?
- Sizə elə gəlmirmi ki, Azərbaycanda
artıq rənglər qarışıb?
- Əsla. Siz sadəcə
hər şeyi bir rəngdə görmək istəyirsiniz.
Azərbaycan isə “göy
qurşağıdır”, amma bu qurşaqda qara rəng yoxdur.
Natiq CAVADLI
Bizim yol.-2013.-11 dekabr.-S.7.