Ailədaxili zorakılıqların səbəbləri barədə daha bir ideya var

 

 

Mehriban Zeynalova: "Təəssüf ki, "Gender bərabərliyi haqqında" Qanun icra olunmur"

"Məişət zəminində gender bərabərliyinin pozulması qadınların hələ də öz hüquqlarını bilməməsi ilə bağlıdır"

 Cəmiyyət yaranan andan bu günə qədər qadın-kişi münasibətləri həmişə diqqət mərkəzində olub. Bu onların cəmiyyətin sosial həyatındakı iştirakları baxımından və cəmiyyətdəki məqamlarından asılı olaraq dəyərləndirilib.

   Müəyyən dövrlərdə qadınların üstünlüyü özünü göstərib və hətta bu, hüquqi sistemə də təsir göstərib. Müəyyən dövrdən sonra qadınların cəmiyyətdə rolu azalıb və üstünlük kişi tərəfə keçib.

   Müasir dövrdə qadın hüquqları ilə bağlı vəziyyət dəyişib. Yəni gender bərabərliyi yaranandan sonra qadın və kişi hüquqları bərabər şəkildə bölünür. Əksər Avropa ölkələrində bu gün kişilərlə qadınlar eyni vəzifədə çalışa bilir.

   Amma Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Çünki bəzi dövlət qurumlarında hələ də qadın işçilərin sayı azdır. Ekspertlər bunun gender bərabərliyinin tam təmin olunmaması ilə bağlı olduğunu düşünür.

   Onu da qeyd edək ki, bu gün Azərbaycanda zorakılığa məruz qalan qadınların sayı artır. Qadınlar əsasən ailə münaqişəsi zəminində zorakılığa məruz qalır.

   Bu günlərdə "Ailədaxili münaqişələrə dövlətin müdaxilə mexanizmləri və məişət zorakılığına qarşı mübarizə" adlı ictimai müzakirə keçirilib. Müzakirələr zamanı məişət zorakılığının cinayət əməli olduğu bildirilib: "Cinsindən, irqindən, yaşından asılı olmayaraq, hər bir kəsə bu cinayət təsir edə bilər. Buna ailə məsələsi kimi yanaşılmamalıdır. İşlək qanunlar vasitəsilə qarşısı səmərəli şəkildə alınmalıdır".

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə İbrahimova bildirib ki, bu sahədə problemin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb: "Dövlət tərəfindən bu cür problemin qarşısını almaq üçün bir sıra qanunlar qəbul edilib. Bizim komitənin tədbirlər planında bu sahə ilə bağlı planlar da nəzərdə tutulub. Ailə daxilində gender bərabərliyinin olmaması, cəmiyyətdə qadınlara qarşı münasibət, ailədə qadının asılı olması bu cür problemlərə gətirib çıxarır. Müvafiq qanunvericilik bazası yaradılsa da, hesab edirəm ki, biz stereotiplərlə mübarizə aparmalıyıq. Bəzən adət-ənənəni, dini məsələləri əsas kimi götürürlər. Lakin hesab etmirəm ki, hansısa bir dinyaxud adət-ənənə zorakılığı qəbul etsin. Qız uşaqlarının təhsil almasına xüsusi diqqət göstərmək lazımdır".

   Gender bərabərliyinin tam təmin olunmaması məişət zorakılığının baş verməsinə səbəb olurmu? Ümumiyyətlə, gender barəbərliyinin tam formalaşması üçün nə etmək lazımdır?

   Suallarımıza cavab tapmaq məqsədilə "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət etdik.

   O, "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, 2006-cı ildə "Gender Bərabərliyi Haqqında" Qanun qəbul olunsa da, bu qanun hələ də icra olunmur. Bu gün güc qurumlarında çalışan qadınların sayı olduqca azdır.

   Ekspertin sözlərinə görə, məişət zəminində gender bərabərliyinin pozulması qadınların hələ də öz hüquqlarını bilməməsi ilə bağlıdır. Qadın yoldaşı tərəfindən fiziki təzyiqə məruz qalır, amma hüquq-mühafizə orqanlarına şikayət etmir: "Azərbaycanda gender bərabərliyinin mövcud vəziyyətinin təhlilində qadınların kişilər ilə müqayisədə resurslar üzərində nəzarət, resurslardan müstəqil şəkildə istifadəyə qərarvermə, eyni zamanda aktiv siyasiiqtisadi fəaliyyətlə məşğulolma, qərarverici vəzifələr tutma imkanlarının məhdud olduğu aşkar görünür".

 

 

Günel CƏLİLOVA

Bakı xəbər.-2013.-11 dekabr.-S.14.