Nizami rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Bəlkə
də dahi Nizami Gəncəvi bilməzdi ki, nə zamansa Azərbaycanın
paytaxtı Bakıda onun adına, şəxsiyyətinə, mənəvi
irsinə hörmət və ehtiram əlaməti olaraq Nizami
adlı rayon olacaq. Nizami rayonunun inkişafı, burada
görülən işlər, rayonun əksər
yaşayış ərazilərindəki səliqə-sahman
dahi mütəfəkkirin, şairin adına layiqdir.
Nizami rayonundan söz düşəndə
son zamanlar ən çox xatırladığım bir məsələ
olur ki, onun haqqında sakit, həyəcansız danışa
bilmirəm. Bir dəfə rayonda yerləşən "Neftçilər"
metrostansiyasının yanında bir
neçə ahılla qarşılaşdım, daha doğrusu, onlar məndən yaxınlıqdakı
xeyir-şər evinin yerini
soruşdular. Dedilər ki,
metro yaxınlığında xeyir-şər
evi var və orada gündə üç
dəfə kimsəsizlərə, imkansız ahıllara pulsuz yemək, çay verilir. Xahiş etdilər ki, onları həmin yerə aparım. Qara Qarayev 66
ünvanında yerləşən xeyir-şər evi yerli bələdiyyənin
təşəbbüsü və himayədarlığı ilə
fəaliyyət göstərir. Bu isti və doğma ünvan rayonun imkansız
ahıllarının həm dərdləşdiyi, həm də
qarınlarını doyurduğu məkandır.
Yerli bələdiyyənin əməkdaşları
bildirdi ki, burada həmin insanlara,
azacıq da olsa, sevinc bəxş etmək niyyəti
güdürlər. Burada işləyənlərin
sözlərinə görə, yaşlı insanlara
verilən qidalar tam
keyfiyyətlidir. Deyirlər ki, alınan məhsulların
və verilən yeməklərin keyfiyyətinə ciddi şəkildə diqqət yetirilir. Yeməklər hər gün
yoxlanılır. Buraya gələn insanlar yaşlı sakinlər olduğundan,
həkim nəzarəti də ciddidir.
Nizami rayonuna
başucalığı gətirən bu ibrətamiz, nümunəvi
əməl könüldən gələn xeyirxah bir işdir
və Tanrı dərgahında savab sayıla bilər. Təsəvvür
edin ki, hər gün bura 20-30 nəfər
yaşlı insan nahara
gəlir. Bir nüansı da
qeyd edək ki, burada nahar edənlərin çoxu başqa
xalqların, millətlərin nümayəndəsidir. Bildiyimə
görə, bu xeyir-şər evinin kasıb insanlara xidmət
göstərməsinə rayon rəhbərliyi
də ciddi dəstək verir.
Nizami rayonu Bakının hər
gün inkişafda olan, dəyişməyə meylli
rayonlarından biri kimi diqqəti cəlb edir. Burada xeyirsevər insanların daha
çox olması qənaətindəyəm.
Bu rayonun sadə sakinləri
də ehtiyacı olan insanlardan
qayğısını və bir parça çörəyini əsirgəmir.
Nizami rayonunda ən xoşladığım Dakar
meydanı özündə keçmişin xatirələrini,
nostalji duyğuları yaşadır... Tanınmış
mozaikaçı rəssam Sabir
Şıxlının ərsəyə gətirdiyi mozaikalar, təsvirlər çox
cəlbedici və düşündürücü
görünür. Bakının iri meydanlarından olan Dakar meydanı Nizami rayonuna əlavə bir
gözəllik qatır.
Dakar meydanı Rüstəm Rüstəmov və Qara
Qarayev prospektlərinin kəsişməsində yerləşir.
1967-ci ildə Seneqalın paytaxtı Dakar ilə Bakı qardaşlaşmış
şəhər olur. 1987-ci ilin sentyabrında Dakarın bələdiyyə
nümayəndə heyəti Seneqal
paytaxtının yaranmasının 100 illiyi
münasibətilə Bakıya gəlib. Sözügedən
Dakar meydanı Bakı və Dakar qardaşlığının şərəfinə
qurulub və indi də
özündə dostluq və
doğmalıq elementlərini qorumaqdadır.
Bilirik ki, Nizami rayonu yarandığı vaxtdan sənaye
rayonu statusu daşıyıb. Sovet
illərindən başlayaraq indiyə qədər
rayon öz ənənəsinə
sadiq qalmaqda davam edir. Belə
ki, sənayenin müxtəlif sahələrini
özündə birləşdirən rayonda
Elektron Hesablama
Maşınları zavodu, Peyk
zavodu, "Bakı Şərab-1" ASC,
"Bakı Diyircəkli Yastıq" ASC, "European-Tobacco Baku" ASC,
"Veysəloğlu" MMC, "Kaspi-Yıldız" MMC kimi müəssisələr, "NJT-2000"
firması, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SM-in Dəmir-beton Konstruksiyaları zavodu, 18 bank filialı, 7
rabitə şöbəsi və digər iri
ticarət və iaşə mərkəzləri fəaliyyət
göstərir. Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, "Ulduz" şokolad fabriki, "Bakı Yağ-Qida
Sənaye" ASC-nin məhsulları isə
brend olaraq xarici ölkə bazarlarına
çıxarılmaqdadır. Sadaladığımız faktlar deməyə əsas verir
ki, rayon ərazisində
çoxlu sayda iri istehsal müəssisələri
yerləşir və bu da
ölkə iqtisadiyyatına verdiyi töhfələr
baxımından rayonun əhəmiyyətini
xeyli dərəcədə artırır.
Məhz bu amil nəzərə
alınaraq rayonun iqtisadi
inkişafı diqqət mərkəzində saxlanır. Belə
ki, rayon
iqtisadiyyatının inkişafı məqsədilə son beş ildə 723,4 milyon manatlıq investisiya qoyulub ki, bunların da hamısı istehsal təyinatlıdır.
Nəzərə almaq lazımdır ki, rayon ərazisində bu qədər istehsal
müəssisələrinin fəaliyyət göstərməsi
həm də məşğulluq probleminin
həlli deməkdir. Paytaxt rayonları ilə
müqayisədə ərazi baxımından kiçik,
əhali sıxlığına görə isə öndə
olan Nizami rayonunda miqrasiya
artımı da müşahidə
olunmaqdadır. Rayonda 1875 nəfər miqrasiya artımının üzərinə
1655 nəfər təbii artımı da əlavə
etsək, məşğulluq məsələsinin həlli vacib amillərdən birinə çevrilir.
Rayon rəhbərliyi tərəfindən
həyata keçirilən uğurlu məşğulluq
siyasəti və müəssisələrin bazar
münasibətlərini düzgün qiymətləndirməsi
nəticəsində sözügedən məsələ həllini
tapmaqdadır. Belə ki, rayonda 2013-cü ilin 9
ayı ərzində 1483 yeni iş yeri
açılıb ki, ondan
71-i mövcud müəssisə və təşkilatların,
1105-i isə fiziki şəxslərin
payına düşür. Ümumilikdə,
2003-cü ildən 2013-cü ilin 1 oktyabr tarixinədək rayonda
22947 yeni iş yeri açılıb ki, onun da 22817-si daimi iş
yerləridir. Göründüyü kimi, yeni
açılmış iş yerlərinin
əksəriyyəti özəl sektorun
payına düşür. Çünki
rayonda özəl sektorun
inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil
ki, son beş
il ərzində rayonda
500-dək sahibkarlıq subyekti qeydə
alınıb. Onu da qeyd edək ki, Nizami rayonunda xidmət və
ticarət sahələri kifayət qədər inkişaf etdiyindən, hətta qonşu rayonların məşğulluq probleminin həllində mühüm
rol oynayır.
Nizami rayonu sosial-iqtisadi cəhətdən inkişafa
doğru irəliləyən rayon kimi sakinlərin rəğbətini
qazanıb. Məlumdur ki, ölkəmizdə
həyata keçirilən yenidənqurma və abadlıq
işləri Bakı şəhərinin Nizami
rayonundan da yan keçməyib. Xəbərimiz var ki, "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı"nın icrası paytaxtın Nizami
rayonunda irimiqyaslı layihələrin həyata
keçirilməsi ilə müşayiət olunub.
Xatırladaq ki, dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını
daşıyan rayon ulu
öndər Heydər Əliyevin qərarı ilə 1980-ci ilin noyabr ayında
yaradılıb. Bakı rayonları arasında ən gənclərdən
hesab olunan Nizami rayonunun ərazisi
19,6 kv.km, əhalisi 1 oktyabr
2013-cü il tarixinə 191830 nəfər
təşkil edir. Bakının qədim
yaşayış məntəqələrindən hesab olunan Keşlə qəsəbəsi
rayonun inzibati ərazi
bölgüsünə daxildir. Qəsəbənin
ərazisi 10,4 kv.km, əhalisi isə 23727
nəfərdir. Rayonda yerli
özünüidarəetməni Nizami və
Keşlə bələdiyyələri həyata keçirir. Bundan başqa, Nizami rayonunda fəaliyyətinə 2013-cü ilin əvvəllərindən start
verilmiş 1, 2 və 3 saylı sahə inzibati ərazi dairələri üzrə
nümayəndəliklər mövcuddur. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai
rayonlarının inzibati əraziləri
ilə əhatə olunur. Hazırda
rayon ərazisində həyata keçirilən
abadlıq-quruculuq işləri, Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı
reallaşdırılan irimiqyaslı və məqsədyönlü
tədbirlər Nizami rayonunun
simasını dəyişir, onun abad və müasir rayon kimi daha
da gözəlləşməsinə böyük imkanlar
yaradır.
Nizami rayonunun inkişafı, bu
rayon ərazisində ekoloji layihələrin həyata
keçirilməsi, yaşıllaşdırmaya xüsusi
önəm verilməsi xoşagələn haldır. Rayon ərazisində günü-gündən geniş vüsət alan
yaşıllaşdırma əhalinin ürəyindən xəbər
verir. Nizami rayonunda sakinlər də rayon
rəhbərliyinin və rayon bələdiyyəsinin
həyata keçirdiyi bütün
işlərə dəstək olmağa
çalışır.
Nizami rayonunda abadlaşmaya cəlb edilən parklar,
küçələr, həyətlər həddən
artıq çoxdur. Demək olar ki, əksər həyətlərdə sakinlərin
həyat şəraitinin yaxşılaşdırılması
üçün böyük
işlər görülür. Qara Qarayev metrostansiyası
ətrafında həyata keçirilən abadlaşdırma
işləri rayonun İlham
Əliyev, Özbəkistan, Əli Vəliyev, Tofiq
Abbasov küçələrindən də
yan keçməyib. Həyətlərin
abadlaşdırılması, yeni su nasos
qurğularının işə salınması, bir qayda olaraq
həyətlərdə xeyir-şər evlərinin tikilməsi
xoşagələn haldır. Sakinlər görülən
işlərdən razılıq edir.
Ancaq bəzi hallarda insanları, sakinləri narahat edən məqamlar da olur. Onların sayı çox olmasa da, ancaq az
da olsa mövcudluğu
adamı rahatsız etməyə bilmir. Bilirik ki, paytaxtın ən
iri bazarlarından biri
də Nizami rayonunda
yerləşir. El arasında "8-ci kilometr bazarı" kimi
tanınan 4 saylı şəhər bazarının
qarşısındakı nəfəsdaraldan tıxaclar və
bazardakı natəmizlik, nizamsızlıq sakinləri narahat edir.
Nizami rayonunun xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadığı, təhsil aldığı, himayə edildiyi bir rayon olduğu bəllidir. Bilirik ki, burada 1 saylı uşaq evi, kar uşaqlar üçün respublika əhəmiyyətli iki internat məktəb fəaliyyət göstərir.
Sözsüz ki, bütün cəmiyyətlərdə
kimsəsiz, valideyn himayəsindən,
qayğısından məhrun olan uşaqlar olur. O
uşaqların ən böyük himayəçisinin,
etibarlı ata-anasının dövlət olduğu
bəllidir. Belə uşaqların hərtərəfli
inkişafının təmini, onların cəmiyyətimizə
yenidən qazandırılması işinə ölkənin birinci xanımı Mehriban
Əliyeva və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın da xüsusi
diqqət ayırdığı bəllidir.
Bu
da məlumdur ki, 7 oktyabr 2013-cü il tarixində Heydər
Əliyev Fondu tərəfindən rayonun E.Süleymanov
küçəsi 120 a ünvanında inşa olunan Daun
Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi
açıldı. Bir hektar ərazini əhatə edən
3 mərtəbə və zirzəmi hissəsindən ibarət
mərkəzdə psixologiya, məktəbəqədər
hazırlıq, biologiya, zoologiya,
kompyuter, loqoped, riyaziyyat, astronomiya və valideyn otaqları, həmçinin heykəltəraşlıq,
əmək, xalçaçılıq, tikiş,
rəsm dərnəkləri fəaliyyət göstərir. Mərkəz
daun sindromlu şəxslərin,
eləcə də onların ailə üzvlərinin sosial-mədəni
reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət
edir.
Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Çobanzadə küçəsi, 2405-ci məhəllədə
valideyn himayəsindən məhrum olan və uşaq evlərində
böyüyən gənclər üçün də
yaşayış binası inşa olunub. Binada 34 birotaqlı,
32 ikiotaqlı və 2 üçotaqlı mənzil var, mənzillər
məişət avadanlığı, mətbəx, yataq, qonaq
otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası,
paltaryuyan maşınla təchiz edilib.
Nizami rayonunun sosial-iqtisadi vəziyyətini analiz edərkən çoxu müsbət olmaqla bir sıra işlərin görüldüyü, bundan sonra da görüləcəyi qənaətinə gəlirsən. Nizamidə könül açan bir çox işlər görülüb, abadlıq layihələrinin gələcəkdə də iri miqyas alacağı gözləniləndir.
Namiq QULİYEV
Bakı xəbər.-2013.-11
dekabr.-S.15.