Səhiyyə sahəsində strateji
dövlət proqramları və ictimai mənafelər
faktoru...
Səhiyyənin inkişafı cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında rolu böyükdür. Azərbaycan səhiyyəsi özünün yeni bir mərhələsinə qədəm qoyub. Müəyyən problemləri nəzərə almasaq, deyə bilərik ki, səhiyyəmiz həm dövlət, həm də özəl sektorun payına inkişaf edir. Ekspertlər bildirir ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.
Həkim Narıngül Qənbərovanın sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.
O bizimlə söhbətində
bildirdi ki, əvvəllər səhiyyə sahəsində
mövcud olan və əhalinin, ictimaiyyətin ciddi
narahatlığına səbəb olan bir sıra problemlər
artıq öz həllini tapıb, bəziləri isə aradan
qaldırılmaq üzrədir: "Müasir Azərbaycan səhiyyəsində
neçə illərdir ki, ardıcıl olaraq islahatlar həyata
keçirilir. Bu islahatlar Azərbaycan dövlətinin
birbaşa dəstəyi və hazırlayıb həyata
keçirdiyi proqramlar əsasında reallaşır. Bilirik ki,
Azərbaycan əhalisi, ictimaiyyəti son illərə qədər
səhiyyə xidmətlərindən elə də razı
deyildi. Amma axır zamanlar görülən və
görülməsi nəzərdə tutulan işlər bu sahədə
vəziyyəti xeyli dəyişib. Azərbaycanda səhiyyə
sahəsində çox böyük islahatlar aparılır.
Ölkənin bütün bölgələrində yeni tibb
müəssisələri yaradılır, maddi-texniki baza yenilənir,
ən müasir avadanlıqlarla təmin olunur. Bu gün Azərbaycanda
tibb sahəsində quraşdırılan avadanlıqlar
dünyanın aparıcı klinikalarında olan
avadanlıqlardan geri qalmır. Təbii ki, bütün bunlar
tibb təhsil sistemində də uyğun dəyişiklikləri,
tibb avadanlıqları ilə işləyən həkimlərin
peşəkarlığının artırılmasını
tələb edir. Azərbaycan tibb təhsil sisteminin
inkişafı ilə bağlı təhsil və kadr
hazırlığında xeyli dəyişikliklər var. Deyim
ki, son illər dünya miqyasında tibb elminin sürətlə
inkişafı tibb təhsil sistemində də köklü dəyişiklikləri
diktə edir. Ölkənin
tibb təhsil sistemində bununla bağlı bir sıra
islahatlar aparılır. Səhiyyənin başqa sahələri
üzrə ekspertlər deyir ki, son 40-50 il ərzində
dünya tibb elminin inkişafı nəticəsində əldə
olunan böyük elmi nailiyyətlər sırasına xəstəliklərin
əmələgəlmə səbəblərinin müəyyənləşdirilməsinə
müasir baxışları, yeni diaqnostikanı, müalicə
metodlarını və vasitələrini aid etmək olar. Məsələn, 40 il bundan əvvəl rentgenoloji
diaqnostika aparıcı müayinə idisə, indi müxtəlif
tomoqrafiya üsulları daha geniş istifadə olunur".
N.Qənbərovanın
sözlərinə görə, dövlət
başçısı tərəfindən səhiyyə sahəsindəki
islahatlara stimul verən bir sıra sərəncam və fərmanlar
var. N.Qənbərova bildirdi ki, "Azərbaycan
Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
Konsepsiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı bu qəbildəndir:
"Bu sərəncamda deyilir ki, son illərdə Azərbaycan
Respublikasında həyata keçirilən uğurlu iqtisadi
siyasət əhaliyə göstərilən tibbi xidmətlərin
müasir standartlara çatdırılması, bu sistemin
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün əlverişli zəmin yaradıb. Səhiyyə sahəsində əsas xəstəliklərin
profilaktikası üzrə bir sıra dövlət
proqramları qəbul edilib və onların icrasının
maliyyə təminatı məsələləri həll
olunub. Bununla yanaşı, səhiyyə
sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə
köklü islahatlar həyata keçirilmədən, əhaliyə
göstərilən tibbi xidmətlərin keyfiyyətinin
arzuolunan səviyyəyə çatdırılması
mümkün deyil".
Dövlət başçısının
imzaladığı həmin sərəncamda eyni zamanda
bildirilir ki, Azərbaycan Respublikasının səhiyyə
sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarını
yaratmaq, bu sahənin idarə olunmasını təkmilləşdirmək,
əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini
daha da yaxşılaşdırmaq və icbari tibbi
sığortanın tətbiqinə başlamaq məqsədilə
qərar qəbul edilib.
N.Qənbərovanın
dediyinə görə, bu sərəncamın 1-ci bəndində
"Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi
sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
Konsepsiyası təsdiq edilsin (əlavə olunur)", 2-ci bəndində
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində bu
Konsepsiyanın həyata keçirilməsi ilə bağlı
2008-2012-ci illəri əhatə edən Tədbirlər
Planı hazırlayıb Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin" deyə
bildirilir: "Əslində bu böyük bir işdir. Konsepsiya hazırlandıqdan sonra gördük ki,
burada tibbin bütün sahələri əhatə olunub.
Bundan başqa, bu sənəddə ictimaiyyətin
maraqlarına da önəm verilib. Bilirsiz ki, artıq
xeyli zamandır bu sahəyə hər il
böyük həcmdə investisiyalar yatırılmaqdadır.
Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox
artıb. Bu dövrdə böyük əksəriyyəti
respublikanın bölgələrində olan 500-dən
artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı
təmiri həyata keçirilib, tibb müəssisələrinin
hamısı müasir texnika və avadanlıqla təchiz
olunub. Bu dövrdə səhiyyə sahəsinə
dövlət tərəfindən ayrılan vəsaitin həcmi
11 dəfə artıb. Yolxucu xəstəliklərlə
mübarizə işində əhəmiyyətli nəticələr
əldə olunub, bu sahə praktik səhiyyənin prioritet
istiqaməti kimi daim diqqət mərkəzində
saxlanmaqdadır. Həyata keçirilən
tədbirlər sayəsində Azərbaycanda uşaq
ölümünün sayı kəskin şəkildə
aşağı düşüb, həmçinin ana və
uşaq ölümünün səviyyəsi bir neçə
dəfə aşağı salınıb. Səhiyyə sistemi dövlət büdcəsindən
böyük xərclər tələb edən sosial sahə
olduğuna görə bu sahədə irimiqyaslı
islahatların aparılması, xəstəxanaların yenidən
qurulması, onların ən müasir tibb avadanlıqları
ilə təchiz olunması, yeni müalicə-diaqnostika mərkəzlərinin
tikintisi üçün dövlətin iqtisadi imkanlarının
genişlənməsi zəruri idi. Bu
baxımdan Azərbaycanda səhiyyə islahatları ölkə
iqtisadiyyatında sürətli inkişafın başlaması
ilə paralel olaraq 2004-cü ildən etibarən daha da
genişlənib. Səhiyyə sistemində
həyata keçirilən islahatların uğurla nəticələnməsi
üçün inkişaf etmiş ölkələrin təcrübəsi
ilə tanışlıq, Azərbaycanın səhiyyə idarə
və müəssisələrinin müxtəlif beynəlxalq
təşkilatlarla əməkdaşlığı
mühüm əhəmiyyət kəsb edir".
Həkimin
dediyinə görə, bu səbəbdən Azərbaycan
hökuməti ÜST(WHO), UNİCEF, USAİD-nin İlkin Səhiyyə
Xidmətlərinin Gücləndirilməsi Layihəsi,
Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Blumberq
Təşəbbüsü Fondu, Dünya Bankı, Avropa
Komissiyası, BMT-nin müvafiq strukturları və digər
qurumlar ilə fəal əməkdaşlığa
başlayıb: "Səhiyyə sistemində islahatlar layihəsi
çərçivəsində Azərbaycan hökuməti
2006-cı ilin sentyabrında Dünya Bankının Beynəlxalq
İnkişaf Assosiasiyası ilə maliyyələşmə
sazişi imzalayıb. Bu saziş 6 il ərzində
səhiyyədə struktur və idarəetmə
islahatlarına dair layihənin həyata keçirilməsini nəzərdə
tuturdu. Layihə Səhiyyə Nazirliyinin idarəetmə
potensialının gücləndirilməsini, səhiyyə
xidmətlərinin çatdırılmasının
yaxşılaşdırılmasını, kadr
resurslarının inkişaf etdirilməsini və s. əhatə
edirdi. İslahatların gedişi Dünya
Bankının xüsusi missiyası tərəfindən izlənir
və nəticələrlə bağlı müsbət rəylər
verilir. Həmçinin səhiyyə
sistemində aparılan islahatlar Avropa Komissiyasının Azərbaycana
dair Yaxın Qonşuluq Siyasəti təşəbbüsü
çərçivəsində hazırlanan tərəqqi
hesabatlarında son bir neçə ildir ki, davamlı olaraq
müsbət rəylə qiymətləndirilir. Son illər ölkədə həyata keçirilən,
ana və uşaq sağlamlığının
yaxşılaşdırılmasına müsbət təsir
göstərən, əhalinin ümumi
sağlamlığının möhkəmləndirilməsinə
yönələn tədbirlərə çox məsələlər
daxildir. Bura dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitlərin məbləğinin əvvəlki
illərlə müqayisədə 10 dəfədən
çox artması, səhiyyə obyektlərinin tikintisi, təmiri,
bərpası və yenidən qurulması üçün
xeyli miqdarda vəsait ayrılması, özəl səhiyyə
xidmətinin inkişafı, səhiyyənin maddi-texniki təminatının
möhkəmləndirilməsi daxil olub. Həmçinin,
2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika
müəssisələrində pullu xidmət ləğv
edildi ki, bu da insanların sağlamlığının
qorunması sahəsində çox mühüm və əhəmiyyətli
addım sayılır. Səhiyyə
sistemində aparılan islahatların mühüm istiqamətlərindən
biri də Azərbaycanda əhali arasında məcburi tibbi
sığortanın tətbiq edilməsi yönündə
aparılan işlərdir. Bu məqsədlə
son illərdə beynəlxalq praktika öyrənilir,
qanunvericilik bazası hazırlanır. Məcburi
tibbi sığorta sisteminə əsasən
pensiyaçılar üçün tibbi sığorta
haqqını Dövlət Sosial Müdafiə Fondu, işləməyən
vətəndaşlar və sosial yardım alanlar
üçün isə dövlət ödəyəcək.
Nəticədə ölkə əhalisinin
bütün təbəqələrini tibbi sığorta xidmətləri
şəbəkəsinə cəlb etmək mümkün
olacaq".
Ekspertin sözlərinə görə, səhiyyə
sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin
keyfiyyətli və əlverişli şərtlərlə
tibbi xidmətlə təmin olunması "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında xüsusi yer
tutur: "Konsepsiyada səhiyyənin maddi-texniki
bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin
tikintisi, əsaslı təmiri və yenidən qurulması,
onların ən müasir tibb avadanlıqları ilə təchiz
edilməsi, səhiyyə islahatlarının planlı şəkildə
davam etdirilməsi nəzərdə tutulub. Bundan
əlavə, dövlət tərəfindən sosial xəstəliklərlə
(diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər,
immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.)
mübarizə sanitariya maarifi işi, narkomaniya və alkoqolizmlə
mübarizə üzrə müxtəlif dövlət
proqramları vasitəsilə həyata keçiriləcək.
Azərbaycanda əhalinin
sağlamlığının qorunmasına və səhiyyə
xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri
səviyyəsinə çatdırılmasına yönələn
dövlət siyasəti ölkənin uzunmüddətli
inkişaf strategiyasının mühüm elementlərindən
biridir. Belə ki, sağlam insan və
güclü səhiyyə uzunmüddətli, dayanıqlı
inkişafı təmin etmək üçün insan
resurslarına nail olmağa imkan verir".
Təbii, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin mərkəzində insan, ictimaiyyət,
vətəndaş amili dayandığını səhiyyədəki
islahatlar bir daha təsdiq edir. Eyni zamanda bu
islahatların dövlət və ictimai maraqları tam təmin
etdiyi bəllidir.
İradə SARIYEVA
Bakı xəbər.-2013.-13-15
dekabr.-S.12.