Yusif Vəzir Çəmənzəminlinin
nəşinin vətənə qaytarılması məsələsi
yenidən gündəmdə...
İllər
öncə "Bakı-Xəbər"in
qaldırdığı təşəbbüs yenidən ortaya
çıxır
Azərbaycan tarixində çox böyük şəxsiyyətlər
var ki, onların adlarını nə tariximizdən, nə də
yaddaşımızdan pozmaq mümkün olub. Heç bir siyasi quruluş, məkrli və qərəzkar
ideoloqlar bu adlara toxunmağa cəsarət etməyiblər.
Düzdür, əllərindəki vəzifə
imkanlarından istifadə edərək böyük
insanlarımıza sürgün, qürbət, ölümə
can vermək kimi əzablar yaşada biliblər, ancaq onların
adlarına kölgə sala bilməyiblər.
Çünki o şəxsiyyətlər
xalqımızın tarixi taleyində, ictimai və milli
şüurunun formalaşmasında danılmaz xidmətlərə
malikdir.
Azərbaycanda
tarixi roman janrının banisi, ictimai-siyasi xadim, diplomat,
pedaqoq, tədqiqatçı Yusif Vəzir Çəmənzəminli
bolşevik imperiyasının hədəfə
aldığı, vətənindən, elindən, xalqından,
həyat yoldaşından, balalarından, işıqlı
arzularından ayrı saldığı uca şəxsiyyətlərdən,
yazıçılardandır.
Günahsız
"günahkar"ın bəraəti...
Təəssüflər olsun ki, Yusif Vəzirin taleyinə
qürbətdə ölmək, əzrayıla can təslim etmək
düşüb. Sovet illərində bu
imperiyanın məhv etdiyi günahsız şəxsiyyətlərdən
biri kimi sonradan bəraət ala bildi. Bəraətdən
sonra onun məşhur "Qızlar bulağı" və
"Qan içində" tarixi romanları yüksək
tirajla çap olundu, bununla da xalqımızın bu oğlunun
haqqı qismən özünə qaytarıldı. Ancaq xalqımızın Yusif Vəzirə borcu hələ
çoxdur.
Bilirik ki, son illər Yusif Vəzirin adı müəllifi
olduğu, Qurban Səid imzası ilə yazdığı
"Əli və Nino" əsərinə görə daha
çox gündəmə gətirilirdi... Bəzi
ədəbiyyatşünaslar iddia edirdi ki, əsəri Yusif Vəzir
deyil, Məhəmməd Əsəd bəy yazıb. Ancaq bəllidir ki, Qurban Səid Yusif Vəzir Çəmənzəminlinin
mühacirətdə istifadə etdiyi təxəllüslərindən,
adlarından biri olub. Diqqətinizi qətiyyən
yenidən bu məsələyə yönəltmək istəmirik,
Yusif Vəzirlə bağlı başqa bir məqamı qeyd
etmək istəyirik. Yusif Vəzir Çəmənzəminlinin
qəriblikdə qalan məzarından, nəşinin ölkəmizə
gətirilməsindən danışmaq istəyirik...
Yazıçı
oğlunun ürək göynədən arzusu
Əvvəlcə onu bildirək ki, hələ
bir neçə il əvvəl
"Bakı-Xəbər" qəzetində Yusif Vəzir
Çəmənzəminli ilə əlaqədar silsilə
yazılar çap edirdik. Həmin
yazıların ərsəyə gəlməsində
yazıçının oğlu çox hörmətli Orxan Vəzirov
da iştirak edirdi. O yazılardan birində Orxan Vəzirov
da, biz də Yusif Vəzirin nəşinin ölkəmizə gətirilməsi
arzularımızı ifadə etmişdik... Orxan
müəllim deyirdi ki, atasının həbsi, sürgün
edilməsi ailələrinə həm maddi, həm də mənəvi
zərər vurub. İmkansızlıq
ucbatından ürəkləri istəyəndə atalarının
artıq itib - batmaqda olan, baxımsızlıq girdabına
tuş gələn qəbrini ziyarət edə bilməyiblər.
Onlar həmişə istəyiblər ki, ata məzarını
görüb, heç olmasa o qəbirə sarılıb
göz yaşı axıtsınlar, amma qismət olmayıb,
anaları bu nisgillə köçüb dünyadan.
Təbii ki, Azərbaycanda görkəmli
şəxsiyyətlərin başqa ölkələrdən nəşinin
respublikamıza gətirilməsi nümunələri var.
Bilirik ki, xalqımızın böyük oğlu Hüseyn
Cavidin nəşi Azərbaycanın sabiq prezidenti Heydər
Əliyevin köməkliyi, dəstəyilə Vətənə
gətirilib. İllər əvvəl baş verən
bu xeyirxah işin Yusif Vəzirin şəxsində də
reallaşması arzuediləndir.
Qəriblikdə ölənin məzarını qazan
ağlar
Ermənilərin zəbt
etdiyi qolubağlı Şuşanın məzarı qəriblikdə
qazılan bir övladıdır Yusif Vəzir Çəmənzəminli.
Şuşa da qolubağlıdır, Yusif Vəzir
də. Şuşa işğaldan azad olmaq,
Yusif Vəzir də nəşinin vətən torpağına
qarışmasını istəyir.
Çox dəyərli
ziyalımız, yazıçı-dramaturq Firuz Mustafa Yusif Vəzir
Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsi
ideyasını gündəmə gətirərək, bu fikirlə
çıxış edib.
Bu fikrini öz "Facebook" səhifəsində
paylaşıb. O deyib ki, 10 ildir ki, Y.V.Çəmənzəminlinin
yatdığı cəzaçəkmə müəssisəsinin
rəhbəri ilə yazışır: "Bəziləri mənim
yazdıqlarımı, deyəsən, təzə oxuyublar. Mən Yusif Vəzir Çəmənzəminlinin məzarını
axtarmaq üçün yazmadığım yer qalmayıb.
Axtarış zamanı xeyli məlumatlar əldə
etdim. Həmçinin məzarın
Suxobezvodnoye Qorki (indiki Nijni- Novqorod) şəhərinin 115-120
kilometrliyində, Semyonov rayonunun şimal-qərb hissəsindəki
qəsəbədə yerləşən cəzaçəkmə
müəssisəsində olduğunu öyrəndim.
Mən əksər islah-əmək düşərgələrinin
rəislərinə, o cümlədən Nijni-Novqorod vilayətinin
prokuroru K.M. Kojevnikova və vilayətin məhkəmə sədri
A.V. Bondara məktubla müraciət etdim. Amma
məktublarıma cavab verilmədi. Nəhayət,
bu günlərdə QUSFİN-dən bir məktub aldım.
Həmin məktubda bildirilir ki, Yusif Vəzir
Çəmənzəminli həbsindən əvvəl,
1938-1940-cı illərdə Özbəkistanın Xarəzm
vilayətinin Urgenc şəhərində yerli institutda rus
dilini tədris edib".
Yetmiş illik
ayrılığa son qoyaq
F.Mustafa bildirib ki, Yusif Vəzir həbs olunandan sonra
Bakıya göndərilib. O, antisovet fəaliyyətində
ittiham olunaraq 11 iyun 1940-cı ildə 8 il
müddətinə azadlıqdan məhrum edilib: "Cəzasını
çəkmək üçün Unijenskidə yerləşən
cəzaçəkmə müəssisəsinə göndərilib,
3 yanvar 1943-cü ildə isə vəfat edib. Onun
ölümü ilə bağlı bütün məlumatlar
Rusiya Daxili İşlər Nazirliyi Dövlət İnformasiya
Mərkəzi İdarəsində Vəzirovun şəxsi
işində saxlanır".
Yazıçı deyir ki, ədibin nəşinin vətəninə
gətirilməsi onun ruhuna və uğrunda vuruşduğu
ideallara ən böyük hörmət olardı: "Mən
ziyalılarımıza üz tutub deyirəm, gələn il Yusif Vəzirin əbədiyyətə
qovuşduğu vaxtdan yetmiş il keçir, gəlin onun məzarının
vətənə gətirilməsinə çalışaq və
buna nail olaq. Onun doğulduğu yer, bizim gözəl
Şuşamız bu gün əsarətdədir, elə
böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin
qürbətdəki məzarı kimi. Gəlin
böyük vətəndaş və nəhəng
yazıçımızın məzarını əsarətdən
xilas edək".
Haqqını
qaytaraq Yusif Vəzirin...
Tanınan yazıçı Vidadi Babanlı bizimlə
söhbətində bildirdi ki, Yusif Vəzir milli nəsrimizdə,
milli düşüncəmizdə
böyük iz qoyan yazıçı, ictimai-siyasi xadimdir:
"Yusif Vəzirin məzarının Azərbaycana gətirilməsi
çox gözəl bir iş olardı. İnanın
ki, o günü hər birimiz gözləyirik. Yusif Vəzir Çəmənzəminli kimi
böyük yazıçının, nəhəng şəxsiyyətin
məzarının qürbətdə qalması bir xalq olaraq
bizə başucalığı gətirmir. Bu bizim üçün ayıbdır. Azərbaycanın şəxsiyyəti nümunəvi
insanlarının məzarı Vətənə gətirilməlidir.
Bəlkə bununla Yusif Vəzirin haqqı
özünə qayıtmış olar".
"Yazıçılar
Birliyi bütün yazıçıların adından..."
Vidadi
Babanlı dedi ki, bu məsələdə böyük yük
Azərbaycan Yazıçılar Birliyinin üzərinə
düşür: "Yazıçılar Birliyi belə bir təkliflə
dövlət qarşısında çıxış etməlidir.
Bu qurum bütün yazıçıların
adından ölkə Prezidentinə müraciət etməlidir
ki, Prezident Yusif Vəzir Çəmənzəminlinin nəşinin
Azərbaycana gətirilməsi üçün müsbət qərar
versin. Hesab edirəm ki, dövlət
başçımız bu təklifə, müraciətə
çox müsbət yanaşacaq. Çünki
o, ürəyi yumşaqdır və xalqımızın dəyərlərinə,
ziyalılarına yüksək qiymət verməyi
bacarır".
Yazıçılar Birliyi müraciət edəcəkmi?
Yusif Vəzir Çəmənzəminlinin nəşinin
Azərbaycana gətirilməsilə bağlı fikirlər
günü-gündən geniş miqyas almaqdadır. Düzdür, son vaxtlar bununla bağlı
yazıçının ailə üzvlərinin hər
hansı bir fikri mətbuatda dərc edilməyib.
Ancaq
bu o anlam daşımalı deyil ki, ailəsi bu ideyaya dəstək
vermir, hesab edirik ki, onların bu məsələdə
mövqeyi müsbətdir...
Bəs Azərbaycan Yazıçılar Birliyi (AYB)
bu haqda nə düşünür? Bu qurum
Yusif Vəzir Çəmənzəminlinin nəşinin vətənə
gətirilməsilə bağlı dövlət
başçısına müraciət hazırlayırmı?
Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza
"Bakı-Xəbər"ə açıqlamasında
bildirdi ki, AYB üçün hələlik bu məsələ
aktual deyil: "Bu barədə təkliflər səsləndirilir.
Ancaq hələ Yazıçılar Birliyi məsələ
ilə bağlı müraciət nəzərdə
tutmayıb. Bu, ayrı-ayrı fərdlərin
təklifidir. Birlik sədri Anar müəllimin rəsmi
münasibəti belədir ki, bu çox gözəl
ideyadır və belə bir iş həyata keçirilsə,
AYB ona dəstək verər. Ancaq müraciət
məsələsi gündəmdə deyil. Bilirsiz ki, üzümüzə gələn il Azərbaycan
Yazıçılar Birliyinin 80 illik yubileyidir, hazırda
yubileyə hazırlıqla məşğul olunur".
Ümid edirik ki, Yusif Vəzir Çəmənzəminlinin
nəşinin Azərbaycana gətirilməsi məsələsi
öz aktuallığını itirməyəcək və
vicdanlı qələm sahibləri bu xeyirxah işin dövlət
səviyyəsində həllinə nail olacaqlar. Dövlətimizin də Yusif Vəzir Çəmənzəminlinin
nəşinin Vətənə gətirilməsinə
yaxından dəstək olacağına ürəkdən
inanırıq.
İradə SARIYEVA
Bakı xəbər.-2013.-13-15
dekabr.-S.14.