Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" artıq başa çatmaq üzrədir.    Xatırladaq ki, sözügedən dövlət proqramının icrası istiqamətində görülən işlər ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, paytaxtda yeni istehsal və sənaye müəssisələrinin yaradılmasında, işsizliyin və iqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılmasında, əhalinin məşğulluq səviyyəsinin artırılmasında və qarşıya qoyulmuş digər hədəflərə çatmaqda mühüm rol oynayıb.

   Onu da bildirək ki, haqqında danışılan dövlət proqramının icrası əsasında müəyyən tədbirlər paytaxtın "şimal qapısı" sayılan Binəqədi rayonunda da həyata keçirilib və hazırda da bu proses davam etdirilir.

   Qeyd edək ki, Bakının ən qədim məkanlarından biri sayılan və tarixən "qara qızıl"la zəngin olan Binəqədi rayonu həm də paytaxtın mühüm iqtisadi və sənaye mərkəzlərindən biri hesab olunur. Çünki Bakının dörd böyük mikrorayonunu, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə və 28 May qəsəbələrini, geniş yaşayış məntəqələrini özündə birləşdirən Binəqədi həmçinin intensiv işlərin getdiyi, iri sənaye potensialının toplaşdığı bir rayondur. Hazırda bu rayonda "Binəqədi Oil Company", "Bot" MMC, B.Sərdarov adına Maşınqayırma Zavodu, "Bakı Poladtökmə" ATSC, "FAB Boya", "Bilfa Boya", "Koka-Kola Botler", "Lider Kola", "Pepsi Kola" kimi iri sənaye müəssisələri və şirkətlər fəaliyyət göstərirlər və onların hər birinin Azərbaycanın istehsalında öünəməxsus yeri və payı var. Üstəlik, bu şirkətlərdə, həmçinin digər müəssisələrdə və təşkilatlarda neçə-neçə insanın çalışması Binəqədi rayonunda məşğulluq səviyyəsinin artırılmasında, işsizlik probleminin həllində və yoxsulluğun səviyyəsinin aşağı düşməsində mühüm rol oynayıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayı ərzində Binəqədi rayonu üzrə sənaye sahəsində 2,9 faiz çox, yəni 124 milyon 655 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye sahəsində 5751 nəfər muzdlu işə cəlb edilib və bu da keçən ilin müvafiq dövründəki göstəricidən 3,5 faiz çoxdur. Bundan əlavə, sənaye müəssisələrində orta aylıq əməkhaqqının ötən ilin 9 ayı ilə müqayisədə 5,2 faiz artaraq 500,3 manat təşkil etməsi də Binəqədi rayonunda iqtisadi inkişafın ən yüksək həddə olduğunu göstərir.

   Qeyd edək ki, istənilən məkanda əhalinin sosial rifahı və istirahəti ilə bağlı görülən hər bir iş insanların rahatlığının təminatçısıdır. Bu baxımdan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Binəqədi rayonunda həyata keçirilən tikinti-quruculuq işləri, müasir standartlara uyğun səviyyədə çəkilən yollar, tikilən körpülər, yeraltı və yerüstü piyada keçidləri, milli-memarlıq üslubunda qurulan abidələr, Bakının keçmişini özündə əks etdirən binalara verilən yeni görkəm və digər abadlıq-quruculuq işləri də təqdirəlayiqdir. Bundan əlavə, uzun zamandır ki, Binəqədi rayonunun qəsəbələrindəki, mikrorayonlarındakı və digər yaşayış məntəqələrindəki binaların həyətlərində nümunəvi, abad məhəllə layihəsinə uyğun geniş abadlıq-quruculuq işləri aparılır. Məsələn, bu rayonda darvazalar, həyət qapıları təzələnib, müasir hasarlar çəkilib. Binalar müasir materiallarla üzlənib, pəncərələr cari qaydada təmir edilib, pilləkən qəfəslərində və binaların girişlərində əsaslı təmir işləri aparılıb, liftlər əsaslı təmir olunub və yeniləri ilə əvəz edilib. Hazırda da analoji tədbirlər davam etdirilir. Abadlaşdırılma məqsədilə məhəllələr oturacaqlarla, uşaq əyləncə yerləri ilə təmin olunub, səkilər salınıb, yaşıl otlar döşənib. Bu ilin 3 rübü ərzində "xeyir-şər" evlərindən 1-i təmir edilib, 6-sı isə müvafiq avadanlıqlarla təchiz olunub. 5 yeni "xeyir-şər" evi də tikilib. Bütün bunlar isə bina və məhəllə sakinlərinin rahatlığının təminatında mühüm rol oynayıb. Binəqədi rayonunun sosial həyatına rəng verən, onu gözəlləşdirən, əhalinin, xüsusən də yaşlı təbəqənin nümayəndələrinin və azyaşlıların sevimli istirahət məkanlarına çevrilən parklar da zövqləri oxşayır. Yeni salınan və bərpa olunan parklar həmçinin ekoloji mühitin sağlamlaşdırılmasında da əhəmiyyətli rol oynayır.

   Yol mədəniyyət, insanların rahatlığı və könül dincliyi deməkdir. Çünki hər kəs rahat yolla getməyi arzulayır və xoşlayır. Ona görə də əhalinin rahatlığını təmin etmək üçün Binəqədi rayonunda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq məhəllədaxili yolların asfaltlanması sahəsində xeyli iş görülüb, yaşayış məhəllələrində uşaq meydançalarının, məhəllədaxili yolların təmiri davam etdirilib.

   Artıq qış qapını kəsir, ayazlı-şaxtalı qış günləri yetişir. Hər bir ailəni qış qayğıları gözləyir. Amma Binəqədi rayon sakinləri rahat nəfəs ala bilərlər. Çünki istiliklə bağlı problemin yaranmaması üçün bu rayonda məhəllədaxili istilik xətlərinin bərpası və mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində ciddi tədbirlər görülüb. Təkcə bu ilin 9 ayında müxtəlif ünvanlarda olan 18 qazanxana, 154 nasos, 69 qoruyucu klapan və 19 dəst suqızdırıcı yoxlanılıb. Rayon ərazisindəki 48 qazan, 44 nasos, 1406 siyirtmə və 1954 metr boru əsaslı təmir olunub, 20 siyirtmə isə dəyişdirilib.

   Adətən payız-qış mövsümündə texniki qəzaların ucbatından elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələrin yaranması da əhalini ciddi narahat edir. Xatırladaq ki, texniki qəzalar daha çox bəzi elektrik dirəklərinin və köhnə naqillərin istismara yararsız olması, transformatorların iş prinsipində nasazlığın müşahidə edilməsi üzündən baş verir. Amma Binəqədi rayonunda texniki qəzaların başvermə ehtimalı günbəgün azalır. Çünki bu rayonda elektrik dirəkləri və köhnə naqillər yeniləri ilə əvəz olunur. Təkcə bu ilin 9 ayında 24 min 500 paqonometr kabel dəyişdirilib, 52 transformator yenisi ilə əvəzlənib, 80 elektrik dayağı dəyişdirilib və 65 yeni dayaq quraşdırılıb. Bütün bunlar isə Binəqədi rayonunda elektrik enerjisi ilə təchizatın yüksək səviyyədə olacağından xəbər verir.

   Payız-qış mövsümündə insanları qayğılandıran məsələlər arasında təbii qazla təchizatda yaşanan problem də var. Ancaq Binəqədi rayonunda sözügedən problemin həlli istiqamətində də müəyyən işlər görülüb. Təkcə bu ilin 9 ayında ümumi uzunluğu 109 min 504 paqonometr qaz xəttinin çəkilməsi, 32 qaztənzimləyicinin və 21 siyirtmənin quraşdırılması rayonda qazlaşdırılmanın yüksək səviyyədə həyata keçirildiyini göstərir.

   Əvvəllər Binəqədi rayonundakı yaşayış obyektlərindən bəzilərinin zirzəmilərini su basırdı. Zirzəmiləri bu sulardan təmizləmək və kommunikasiya xətlərini dəyişmək xeyli çətin idi. Lakin uzun zamandır sözügedən problemin həlli istiqamətində profilaktik tədbirlər həyata keçirilir. Təkcə bu ilin 9 ayı ərzində rayon üzrə 106 binanın zirzəmisində su və kanalizasiya xətti əsaslı təmir edilib, paralel olaraq binaların zirzəmilərində 95 min 304 paqonometr su xətti, 19 min 820 paqonometr kanalizasiya xətti dəyişdirilib. Hazırda da bəzi binalarda bu işlər davam etdirilir.

   Hər bir məkanda təhsil ocağı rahatlığa və dinamik inkişafa, əqli və zehni tərəqqiyə xidmət edir. Bu baxımdan dövlətimizin xüsusi diqqət ayırdığı sahələrdən biri olan müəllimlərə və şagirdlərə qayğının göstərilməsi Binəqədi rayonunda ənənəyə çevrilib. Bu rayonda məktəblərin əsaslı təmirinin aparılması, yeni məktəblərin tikilməsi, təzə sinif otaqlarının yaradılması və sair sözügedən ənənənin bariz nümunəsidir. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyəti rəhbərliyinin birbaşa iştirakı ilə gələcəyimiz və sabahımız olan uşaqlarla bağlı görülən işlərin miqyası da geniş və şaxəlidir. Digər tərəfdən, bu rayonda əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Binəqədi rayonunda gənclərin fiziki sağlamlığı da daim diqqətdə saxlanır. Gənclərin sağlamlığının qorunması, idman kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın inkişafında keçirilən tədbirlər də xüsusi diqqətin təzahürüdür. Binəqədi rayonunda istifadəyə verilən idman kompleksləri də yeniyetmələrin və gənclərin fiziki hazırlığına və sağlamlığına yönəldilib. Sulutəpə qəsəbəsində həkim məntəqəsinin, 297, 135 və 248 saylı orta məktəblərin, 158, 153, 159, 274 və 289 saylı körpələr evi - uşaq bağçalarının, Biləcəri qəsəbəsində F.Əmirov adına 6 saylı Uşaq Musiqi Məktəbinin, 7-ci mikrorayon ərazisində mini-futbol meydançasının təmir-tikinti işlərinin, 100, 244 və 246 saylı orta məktəblərdə əlavə sinif otaqlarının, 86, 211və 294 saylı körpələr evi - uşaq bağçaları üçün binaların tikintisinin başa çatdırılması, bu istiqamətdə işlərin hələ də davam etdirilməsi dediklərimizə əyani sübutdur.

   Bir zamanlar Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətlərin sayı, rayon sakinlərinin qəbula gəlmələri xeyli azalmışdı. Çünki insanlarda inamsızlıq, ruh düşkünlüyü yaranmışdı. Onlar düşünürdülər ki, bu quruma edilən müraciətlərin faydası olmayacaq. Amma son zamanlar qəbula gələnlərin, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edənlərin sayı hər ay artır. Üstəlik, rayon sakinləri təkcə şəxsi problemlərinin həlli ilə bağlı deyil, həm də yeni təşəbbüslərlə və səmərəli təkliflərlə RİH-in inzibati binasına gəlirlər. Bir sözlə, yerli sakinlər rayonun idarəçiliyində, nəcib və xeyirxah əməllərin həyata keçirilməsində yaxından və könüllü iştirak edirlər. Çünki Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qəsəbələrdə və məhəllələrdə sakinlərlə tez-tez görüşməyə, onları qəbul etməyə və dinləməyə üstünlük verir və mütəmadi olaraq keçirilən görüşlərdə yerli sakinlərin problemləri ilə yaxından maraqlanır, hətta bəzi müraciətlər yerindəcə həllini tapır. Xaləddin İsgəndərov bu görüşlərdə sakinləri narahat edən bəzi nöqsanlarla və çatışmazlıqlarla tanış olur. İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verir. Bunlardan əlavə, Binəqədi rayon İcra Hakimiyyətində sakinlərin müraciətləri üçün yaradılmış "1646" xidməti sakinlərin RİH-ə gəlmədən müraciətlərini telefonla daha çevik və operativ şəkildə çatdırmalarına və məlumat ala bilmələrinə, problemlərin yerindəcə həllinə imkan verir.

  Binəqədi rayonunda görülən məqsədyönlü və təqdirəlayiq işləri sadalamaqla bitməz. Amma əminik ki, həyata keçirilən tədbirlərin sonucunda Binəqədi rayonu öz simasını daha da dəyişəcək, öz gözəlliyi, təmizliyi və füsunkarlığı ilə paytaxtın digər rayonlarından fərqlənəcək və seçiləcək, onu digər rayonlara nümunə göstərəcəklər. İnanırıq ki, Binəqədi rayonu gələcəkdə də yeni nailiyyətlərə imza atacaq.

 

   

Təbriz VƏFALI 

Bakı xəbər.-2013.-13-15 dekabr.-S.15.