Bakının
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və
perspektivlər
Azərbaycan Respublikası müstəqilliyini
əldə etdiyi o qədər də uzun olmayan zaman kəsiyində
bir sıra ciddi uğurlara imza atmaqla özünün müstəqilliyə
qadir və layiq olduğunu sübut etdi. Bunu Respublikanın istər
paytaxtında, istərsə də regionlarında həyatın
bütün sahələrində baş verən irəliləyişlər,
infrastrukturun yenilənməsindən tutmuş yeni obyektlərin
tikintisinə, komfortlu yolların çəkilməsi və
körpülərin salınmasına, abad yaşayış
massivlərinin inşasından tutmuş istirahət
zonalarının, parkların salınmasına qədər istənilən
sahədə görmək mümkündür.
Bu
gün paytaxt Bakının gözəlliyinə görə
dünyanın ünlü şəhərləri ilə bir
sıraya qoyulduğu faktdır. Bəlli olduğu
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2011-ci ilin əvvəlində
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı" ilə bağlı Sərəncam
imzalayıb. Artıq sözügedən Sərəncamın
müddətinin bitməsinə sayılı günlər
qalıb. Ölkə iqtisadiyyatının inkişaf
etdirilməsi, paytaxtda yeni
istehsal və sənaye müəssisələrinin
yaradılması, yoxsulluğun
azaldılması, əhalinin məşğulluq səviyyəsinin
artırılması kimi prioritet
istiqamətləri hədəfləyən sözügedən
Dövlət Proqramı üzrə aparılan fəaliyyətin
nəticələrini görmək üçün
Bakının günbəgün dəyişən simasına
nəzər salmaq kifayətdir. Təbii, bu inkişaf tək mərkəzlə
məhdudlaşmır. Bu gün
Bakının rayon və qəsəbələri
də eyni templə inkişaf
edir, simasını dəyişir. Bu inkişaf paytaxt Bakıdan cəmi 8 kilometr
aralıda yerləşən Nizami rayonundan da yan
ötməyib. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını
daşıyan rayonun əsası 1980-ci ilin noyabr ayında qoyulub. 19,6 kvadrat kilometrlik əraziyə malik
rayonun əhalisinin say
tərkibi hazırda 183200 nəfər civarındadır. Rayon
Bakının qədim yaşayış məntəqələrindən
olan Keşlə qəsəbəsi ilə
ötən əsrin 70-ci illərində sənaye obyektlərinin
inşası ilə tikintisinə start verilmiş 8-ci Kilometr qəsəbəsini
özündə birləşdirir. İri
sənaye müəssisələrinin tikintisi
ilə əlaqədar burada işləyənlərin yaşaması üçün binaların inşası ilə
əsası qoyulan qəsəbə məhz
paytaxtdan buraya qədər
məsafə nəzərə alınaraq 8-ci Kilometr
adlandırılıb. İnşası dönəmində
şərti olaraq məsafə ilə
adlandırılan ərazi sonradan elə bu adla da
rəsmiləşdirilib.
Sovetlər dönəmində ərazisinin böyük hissəsini sənaye obyektlərinin təşkil etməsi bu rayon barəsində yaşayış üçün o qədər də əlverişli olmayan bir yer imicinin formalaşmasına gətirmişdi. Sənaye obyektlərinin çoxluq təşkil etməsi üzündən atmosferə atılan tullantıların ərazidə havanı çirkləndirməsi ilə yanaşı ağır tonnajlı avtomobillərin davamlı hərəkəti rayonun yol infrastrukturuna ciddi ziyan vurur, burada istər avtomobillərin, istərsə də piyadaların hərəkətini dözülməz edirdi. Müstəqilliyin ilk illərində prioritet vəzifələrdən biri kimi qarşıya qoyulan paytaxtın ekoloji durumunun yaxşılaşdırılması tədbirləri sırasında Nizami rayonu ərazisində vaxtilə mövcud olmuş bir sıra iri sənaye müəssisələrinin buradan köçürülməsi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinə start verildi. Bu tədbirlər rayonda atmosferin çirklənməsinə son verməklə bərabər, köçürülən müəssisələrin ərazisində boşalan sahələrdə yeni və müasir standartlara uyğun yaşayış massivlərinin, yaşıllıq zolaqlarının salınmasına geniş imkanlar açdı. Son illərdə Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sırasında xüsusi payı olan Nizami rayonu xeyli dərəcədə simasını dəyişərək, artıq paytaxtın yaşamaq üçün ən əlverişli rayonlarından birinə çevrilib. Bunun təsdiqi üçün isə uzağa getmək lazım deyil. Təkcə Bakı Metropoliteninin "Koroğlu" stansiyasının ətrafına nəzər salmaq kifayətdir ki, rayonun son iki-üç il ərzində hansı uğurlara imza atdığının şahidi olasan. Sözügedən ərazidə Olimpiya Kəndinin salınması isə 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunları Olimpiadasından sonra bu rayonun daha yüksək reytinq qazanacağını düşünməyə əsas verir. Burada inşası davam etdirilən müasir tipli binalar həm memarlıq, həm də dizayn baxımından fərqlənməklə yanaşı, eyni zamanda infrastruktur etibarı ilə də çox əlverişli olduğundan, artıq burada mənzil sahibi olmaq istəyənlərin sayı hər keçən gün artır. İlkin mərhələdə sözügedən binalardakı mənzillərdə Olimpiada ərəfəsində bütün dünya ölkələrindən Azərbaycana axın edəcək idmançıların yerləşdirilməsi planlaşdırılır. Olimpiadanın davam etdiyi müddətdə idmançıların ixtiyarına veriləcək sözügedən binalardakı mənzillərin sonradan satışa çıxarılması nəzərdə tutulur ki, bu da burada mənzil sahibi olmağın cəlbediciliyini artıran faktorlardan biri kimi çıxış edir. Bu həm də sonradan həmin mənzillərdə yaşayacaq gənc nəslin idman sahəsində uğur qazanması baxımından onlara bir stimul ola bilər. Axı idmana həvəsi olan hansı yeniyetmə yaşadığı mənzildə ondan əvvəl hansısa dünya şöhrətli idmançının yaşamasından qürur duymaz? Elə bunun nəticəsidir ki, ərazidə tikilən, öz unikal və möhtəşəm görünüşü ilə hər kəsi valeh edən binalarda yaşamaq istəyənlərin sayı getdikcə artır.
Burada yaşamağa iddialıların günbəgün artmasına daha bir səbəb isə ərazinin Olimpiya Kəndi olaraq vəd etdiyi gələcək perspektivdir. Burada hazırda müasir standartlara cavab verən, 20 000 tamaşaçı tutumlu möhtəşəm stadionun, unikal dizaynlı idman sarayının inşası böyük sürətlə davam etdirilir ki, bu da Azərbaycanın uğurlu gələcək vəd edən yeni idmançılar nəslinin məhz burada yetişəcəyini düşünməyə əsas verir. Hazırda ərazidə vaxtilə Gön-Dəri Zavodu kimi fəaliyyət göstərmiş, son illərdə isə özünün bərbad durumu ilə tikilməkdə olan müasir kompleksin ümumi görünüşünə xələl gətirən tikilinin sökülməsinin davam etdirilməsi onun yerində də müasir tipli, yaraşıqlı binaların tikiləcəyindən xəbər verir. Bu isə o deməkdir ki, boşalan bu ərazi hesabına Olimpiya Kəndi daha geniş bir sahəni əhatə edərək, daha çox ailənin burada yaşamaq arzusunun gerçəkləşməsinə yaşıl işıq yandıracaq.
Olimpiya Kəndinin binalarının gözəlliyi, həyətlərində uşaqların təhlükəsiz əylənməsi, asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şəraitin yaradılması ilə yanaşı, buranın yol infrastrukturu da ərazinin yaşam üçün cəlbediciliyini xeyli dərəcədə artırır. Burada son illərdə inşa olunmuş, mərkəzlə Bakıətrafı qəsəbələri əlaqələndirən möhtəşəm körpü kompleksi dünyanın ünlü şəhərlərinin oxşar mənzərəsi ilə müqayisə oluna bilər. Bu körpü kompleksi şəhərin mərkəz hissəsi ilə şəhərətrafı qəsəbələrə gedən yolları tənzimləməklə yanaşı, həm də özünün unikal dizaynı və möhtəşəm görünüşü ilə əraziyə xüsusi yaraşıq verir. Burada inşa olunan yeraltı və yerüstü piyada keçidləri isə əhalinin təhlükəsiz hərəkətinin təmin olunmasında öz sözünü deyir.
Nizami rayonunun inkişafından danışarkən 8-ci Kilometr qəsəbəsində son illərdə görülən tikinti-quruculuq işlərindən söz açmamaq mümkün deyil. Rayon ərazisində gedən inşaat işləri ilə yanaşı köhnə binaların fasadlarının üzlənməsi, istər şosse, istərsə də məhəllədaxili yolların yenilənməsi, bir çox yolların asfalt üzlüyünün təzələnməsi kimi cari işlərin davam etdirilməsinin nəticəsidir ki, bu gün Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanan şikayətlərin sayı kəskin şəkildə azalıb. Ümumiyyətlə, Nizami Rayon İcra Hakimiyyətində bu gün əhalinin şikayət və iradlarına ciddi və çevik reaksiya verildiyi faktdır. Elə rayon sakinlərindən birinin yaşadığı binanın lift problemi ilə bağlı təmsil etdiyim qəzetə ünvanladığı şikayət məktubunun dərcindən dərhal sonra problemin kökündən həll edilməsi, artıq 2 ildən çoxdur sözügedən ünvanda lift probleminin yaşanmaması dediklərimizin təsdiqi sayıla bilər. Hazırda qəsəbə ərazisində köhnə - üçmərtəbəli binaların sökülərək yerində müasir tipli çoxmərtəbələrin inşa edilməsi prosesi aparılır ki, bu da rayonun çox keçmədən paytaxtın ən gözəl rayonlarından biri olacağını düşünməyə əsas verir. Əhali məmnuniyyətindən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, yaxın illərə kimi paytaxt Bakının və onun qəsəbələrinin yaşadığı su problemi artıq Nizami rayonunda öz həllini tapıb. Belə ki, son zamanlara kimi evlərə səhər-axşam qrafiklə verilən, bu üzdən sözügedən sahədə müəyyən problemin yaşandığı rayonun su təchizatında ciddi irəliləyişə imza atılaraq kart sisteminin tətbiqinə başlanıb ki, bununla da sakinlər gün boyu verilən sudan istədiyi və imkanı olduğu qədər istifadə etmək fürsəti qazanıb. Bu sistemə keçidin daha bir üstünlüyü isə sovet dövründən bəri binaların damlarında müxtəlif ölçülərdə su çənlərinin yerləşdirilməsinə son veriləcəyidir. Bəlli olduğu kimi, memarlar hər zaman binaların damlarında su çənlərinin yerləşdirilməsinə qarşı olub və binaların tikilərkən həmin ağırlığa hesablanmaması, o üzdən bunun fəlakətlərə səbəb olacağı ilə bağlı mətbuatda vaxtaşırı xəbərdarlıqlarla çıxış ediblər. Bu gün Nizami rayonunda əhalinin su təchizatının yeni üsulla tənzimlənməsi məhz bu üzdən eyni zamanda bir neçə problemin çözümünə şərait yaratmış olur.
Lakin təbii ki, rayon ərazisində
problemlər də yetərincədir. Hər kəsə bəllidir
ki, 8-ci Kilometr qəsəbəsinin
ən problemli ərazisi "Vosmoy bazarı" deyilən 4 saylı Şəhər
Bazarının ərazisidir. Belə ki, bazarın önündən keçən Qara Qarayev prospektində hər
gün günün az qala bütün
saatlarında yaşanan tıxac problemi ilə yanaşı, burada
küçə alverinin də pərakəndə
şəkildə aparılması istər sürücülərin,
istərsə də piyadaların hərəkətinə mane olmaqla ciddi problem mənbəyi olaraq qalır. Düzdür,
ötən il bu ərazidə
yeraltı keçidin tikilməsi, yol kənarında olan
xırda ticarət obyektlərinin daha
içərilərə köçürülməsi bir qədər müsbət nəticələrin
əldə olunmasına gətirdi. Lakin bununla məsələnin tam
həllini tapdığını demək olmaz.
Belə ki, hələ də şəxsi avtomobil sahibləri buradan
keçməmək üçün alternativ yollar axtarmaq problemi
yaşayır, avtobus sürücülərinin
məşəqqəti isə davam edir. O üzdən son aylarda mətbuatda yer alan bazarların ləğv olunacağı xəbəri
bir çox sakin tərəfindən az
qala sevinclə qarşılandı.
Nizami rayonu haqqında ötən yazımızı xatırlayanlar yəqin fərqinə varar ki, budəfəki yazımızda daha az problemdən söhbət açdıq. Elə bu da rayonda ilbəil inkişafın getməsindən xəbər verən ciddi əsasdır. Bəli, Bakının özü ilə bəribər rayonları da inkişaf edir, gündən-günə gözəlləşərək simasını dəyişir ki. bütün bunlar Nizami rayonundan da yan keçmir. Təbii, insan olan yerdə problemlər olacaq və olanlar çözümünü tapdıqca yeniləri yaranacaq. Bütün bu işlərin davamlı olması üçün isə məqsədyönlü dövlət siyasəti ilə yanaşı, qurub-yaratmaq əzmi, vətəndaş təəssübkeşliyi də olmalıdır ki, Nizami rayonunun rəhbərliyində bu keyfiyyətlərin mövcudluğuna heç bir şübhə yoxdur. Yetər ki, can sağlığı olsun və Yeni il öncəsi rayon rəhbərliyinə məhz bunu arzulayırıq. Ardıcıl fəaliyyət isə mütləq olacaq.
Samirə
SƏFƏROVA
Bakı xəbər.-2013.-16
dekabr.-S.11.