Yaşıllıqların mühafizəsi
və artırılması üzrə dövlət
proqramlarının ictimai əhəmiyyəti...
Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını
yüksəldən, sağlamlığına müsbət təsir
göstərən yaşıllıq massivinin
çoxluğu arzuediləndir. Bütün ölkə boyu
yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm
ekoloji vəziyyətin düzəlməsinə
xidmət edir, həm də göz oxşayır.
Azərbaycanda yaşıllıq
zolaqlarının salınması prosesinə uzun
illərdir ki, başlanıb. Lakin bir vaxtlar
ölkədə yaşıllaşdırma işləri həyata
keçirilsə də, yeni əkilən ağaclara qulluq çox aşağı səviyyədə idi. Amma son
vaxtlar həm yaşıllıq massivləri
artırılır, həm də ona qulluq yüksək səviyyədədir.
Ekoloq Sevda Əliyeva bizimlə söhbətində dedi ki, Azərbaycan ictimaiyyəti hər zaman yaşıllıqların salınmasına, onlara qulluq edilməsinə yardımçı olur: "Bir sözlə, dövlətin həyata keçirdiyi yaşıllaşdırma aksiyaları, yaşıllaşdırma proqramları ictimaiyyətin maraqlarına söykənir. Məlumdur ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin verdiyi fərmanda yaşıllaşdırma işi də mühüm bir vəzifə kimi önə çəkilib. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır".
Qeyd edək ki, sənəddə biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlərin gələcəkdə də davam etdiriləcəyi bildirilir.
S.Əliyevanın
sözlərinə görə, meşəsalma və bərpa
işləri nəticəsində meşə sahələrinin
ümumi torpaq sahələrinə
nisbəti artacaq, yolkənarı ərazilərdə
atmosfer havasının çirklənmədən
qorunması, eləcə də nəqliyyatın hərəkətindən
yaranan səs-küyün azaldılması
məqsədilə yolqoruyucu
yaşıllıqlar salınacaq: " Atmosfer
havasına atılan zərərli maddələrə dair Avropa standartlarına uyğun milli standartlar hazırlanaraq tətbiq ediləcək.
Konsepsiyanın əhatə etdiyi dövrdə
Azərbaycanda orta hesabla
bir vahid ÜDM istehsalı
üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin
miqdarı İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı
ölkələri üzrə göstəriciyə
yaxınlaşdırılacaq. Xammala qənaət, təbii sərvətlərdən səmərəli
istifadə və ətraf mühitin
qorunması məqsədilə tullantıların zərərsizləşdirilməsi,
təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya
tullantısız texnologiyaların tətbiqi istiqamətində
zəruri işlər görüləcək".
Ekoloji problemlərin aradan qaldırılması sahəsində dövlət davamlı siyasət həyata keçirir. Çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınır. Bu iş həm Bakıda, həm də bölgələrdə davam etdirilir. Bəllidir ki, hər il yüzlərlə yaşıllıq kolu, ağaclar əkilir.
Bəllidir ki, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsi "Yaşıllıqların bərpa edilməsi" məsələsilə bağlıdır. Burada bildirilir ki, yaşıllıqların bərpasının əsas məqsədi torpaqlarda ağac və kol bitkilərinin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, torpaqlardan əhalinin istirahəti və digər məqsədlər üçün səmərəli istifadə edilməsindən, yaşıllıqlar olmayan ərazilərdə yaşıllıq salınmasından, məhsuldar olmayan torpaqların ağac və kol bitkilərinin əkini üçün yararlı vəziyyətə gətirilməsindən və meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlərin yaradılmasından ibarətdir: "Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulanlar bərpa işlərinin, onların aparılma üsullarının və bərpa olunacaq ağac və kol cinslərinin müəyyənləşdirilməsi, həmçinin, ağac-kol bitkiləri toxumları və əkin materiallarının tədarükü və əldə olunması üçün tədbirlərin görülməsi, müvafiq ərazidə baş vermiş dəyişikliklər nəzərə alınmaqla, torpaq sahələrinin mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin müraciəti əsasında bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilir. Bərpa tədbirlərinin daha səmərəli həyata keçirilməsi üçün yaşıllıqlara qulluq, qiymətli ağac və kol cinslərinin sort sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə yaşıllıqların cins tərkibini yaxşılaşdırmaq, onların qoruyucu xüsusiyyətlərini artırmaq əsas şərtlərdəndir. Bütün növ yaşıllıqların zədələnməsi və məhv olması hallarında əvəzli yaşıllaşdırma aparılması (yaşıllıqların bərpa edilməsi) məcburidir".
Ekoloq Sevda Əliyeva bildirdi ki, yaşıllaşlaşdırma siyasəti dövlətin həyata keçirdiyi uğurlu işlərdən biridir. Qanunvericiliyə uyğun olaraq Azərbaycanda yaşıllaşdırma işlərilə müvafiq rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər qurumlar məşğul olur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev ölkədə yaşıllaşdırma zolaqlarının yaradılmasına xüsusi diqqət yetirib: "Heydər Əliyev Bakı şəhərində yaşıllıq zolaqlarının salınmasına xüsusi önəm verərdi. Onun təşəbbüsü ilə nə qədər yaşıllıq zolaqları salınıb. Son illər kütləvi olaraq yaşıllaşdırma işinə start verilib. Bu çox önəmli hadisədir. Bu gün Bakının müxtəlif rayonlarında böyük yaşıllıq zolaqları salınır. Yaşıllaşdırma işində Yeni Azərbaycan Partiyasının üzvləri də öz töhfəsini verir. Hesab edirəm ki, yaşıllaşdırma işində iştirak edən YAP fəalları bununla Bakı şəhərinin yaşıllıq zonalarının artırılmasına bir töhfə verir. Salınan ağaclar bir neçə ildən sonra böyüyərək ekologiyanın təmizliyinə öz töhfəsini verəcək. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Təəssüflər olsun ki, bəzi ərazilərdə, xüsusən də paytaxtda binaların ətrafında sanitar yaşıllıq zolaqlarının qırılması halları da mövcuddur. Bu zolaqlarda ağacların və kolların məhv edilməsinin fonunda ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsinin 2,5 dəfə artdığı barədə rəqəm açıqlanıb. Qeyd edim ki, hökumətin parlamentə təqdim etdiyi 2012-ci il üzrə hesabatda bildirilir ki, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil etməklə 892,5 min hektara çatdırılıb və 2003-cü illə müqayisədə bu ərazilərin sahəsi 2,5 dəfə artıb.
Prezidentin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə çox önəmli təşəbbüsü çərçivəsində aparılan işlərə də toxunulur və deyilir ki, ötən il ərzində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri, o cümlədən 3,1 min hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7,5 min hektar sahədə aparılıb. Bu tədbirlər nəticəsində meşə ilə örtülü sahələr 2002-ci illə müqayisədə 0,4 faiz artaraq ölkə üzrə ümumi sahənin 11,8 faizini təşkil edib. Bu az göstərici deyil. Onu da deyim ki, artıq bölgələrdə də yaşıllaşdırma zolaqları yaradılır. 2012-ci ildən Bərdə-Yevlax, Bərdə-Ağdam magistral yollarının ardınca Bərdə-Tərtər yolunun kənarında da yaşıllaşdırma işləri aparılmağa başlanıb. Görülən işlərin təxminən 2 km ərazini əhatə etdiyi bildirilir. Ağacların əkilməsində idarə və müəssisələrin nümayəndələri ilə yanaşı, rayon sakinləri də yaxından iştirak edir. Burada ictimaiyyətin yaşıllaşdırma işinə ürəkdən can yandırması həqiqətən diqqəti cəlb edir. Dövlətin həyata keçirdiyi yaşıllaşdırma proqramına ictimaiyyətin qoşulması təqdirəlayiqdir. Qeyd edim ki, 1990-cı illərdə isitmə problemi ilə üzləşən rayon sakinləri tərəfindən məcburiyyət qarşısında rayonun yaşıllıq zolağı, demək olar ki, tamamilə məhv edilib. Nəinki meşə sahəsi, həmçinin yol kənarında əkilmiş ağac və gül kolları da doğranaraq sobalarda yandırılıb. Hazırda isə rayon ərazisində minlərlə həmişəyaşıl ağac kolları, cürbəcür gül kolları ilə yanaşı, park və xiyabanlarda hər növ ağaclar əkilir. Bu cür aksiyaların gələcəkdə də davam etdiriləcəyi nəzərdə tutulur".
Ekspertin sözlərinə görə, Gəncə şəhərində yaşıllaşdırma aksiyası keçirilir. Onun dediyinə görə, İcra Hakimiyyətinin rəsmiləri, müxtəlif idarə və müəssisələrin kollektivləri, həmçinin ali məktəblərin tələbələrindən ibarət 10 mindən artıq insanın iştirakı ilə yaşıllıq salınması prosesi həyata keçirilir. Yaşıllaşdırma aksiyası sayəsində Nizami Gəncəvinin uyuduğu məqbərənin ətrafına təxminən 7 mindən artıq şam və kiparis ağacları əkildiyini deyən ekoloq bildirdi ki, bitkilərin suvarılması ilk olaraq xüsusi avtomobillərlə təmin edilsə də, ərazidə yeni artezian qazılacaq: "Ümumilikdə, şeyx Nizaminin məqbərəsi ətrafında yeni yaşıllıq zolağının salınmasına başlanıb. Gəncə - Bakı magistral yolunun 7-ci kilometrliyində yolun sağ və sol hissələri torpaq qatları ilə nizama salınır. Bu məqsədlə əraziyə 40-dan artıq ağır texnika cəlb olunub. İşlərin tamamlanmasının ardından yolboyu şəhərin giriş hissəsinə kimi təxminən 3600 metr məsafəyədək dekorativ kol və ağac bitkiləri basdırılacaq. İlkin məlumatlara görə, əraziyə 500 min ağac əkiləcək. Beləliklə, Gəncə Gil Torpaq İstehsalat Birliyinin tullantılarının şəhərə vurduğu ziyanın qarşısı da qismən alınacaq".
S.Əliyeva qeyd etdi ki, ARDNŞ balansında olan nisbətən az çirklənmiş torpaqların fitoremediantların və müxtəlif növ mikroorqanizmlərin köməkliyi ilə fito və bioremediasiyası həyata keçiriləcək. Bu məqsədlə Ekoloji Parkın şitilxana sahəsində fitoremediant xassəli bitki növləri (kök sistemlərində güclü azot fiksəedici bakteriyalar saxlayan və torpaqdan məhz neft məhsullarını təmizləyə bilən bitkilər) becərilir: "ARDNŞ-in balansında olan və neft məhsulları ilə çirklənmiş ərazilərdə bərpa və rekultivasiya işləri başa çatdırıldıqdan sonra yaşıllıq zolaqlarının salınmasına başlanacaq. Yaşıllıq zolaqları salınacaq ərazilərdə təlimata uyğun aqrotexniki qulluq işlərinin aparılması üçün məsləhət-nəzarət funksiyaları həyata keçirilir. Bu məqsədlə prosedur qaydalar, normativ sənədlər və müvafiq təlimatlar hazırlanır. ARDNŞ-in idarə və müəssisələri lazımi sayda və növdə, yüksək keyfiyyətdə əkin materialları ilə təmin olunur. Bundan başqa, ARDNŞ-in tabeliyində olan NQÇİ və digər əməliyyat şirkətlərinin dekorativ bəzək bitkilərinə, ekzotik ağac və kollara, ofis və administrativ binaların interyerinin zənginləşdirilməsi üçün tələb olunan müxtəlif dekorativ güllərə və otaq bitkilərinə tələbatı ödənilir.
Azərbaycanın və dünyanın Qırmızı Siyahılarına salınmış, nəsli kəsilmək təhlükəsi olan, Abşeron yarımadasının nadir, endemik və relikt ağac-kol növləri çoxaldılır.
Bildirək ki, Ekoloji Parkın nəzdində biomüxtəlifliyin qorunması məqsədilə nəsli kəsilmək təhlükəsi olan bitki növlərinin rezervasiyası və məlum çoxalma üsulları ilə saylarının artırılması, növlərin yaşama qabiliyyətinin artırılması üçün tədbirlər görülür, hər bir növün bio-ekoloji xüsusiyyətlərinə uyğun təbii mühit yaradılır.
İradə SARIYEVA
Bakı xəbər.-2013.-16
dekabr.-S.12.