Nizami rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Dünya yaranandan insan oğlu
qurub-yaratmaqdan yorulmur, doymur. Sanki
hər açılan səhəri bir yeniliklə tarixə
yazmaq istəyir. Bakını yenidən quran, şəhərin
gözəlliyi, təmizliyi üçün əlindən gələni
edənlər də bu məqsədə xidmət edir. Paytaxtın Nizami rayonu da yenidənqurmadan qıraqda
qalmayıb. Rayon günü-gündən dəyişir,
əyninə geydiyi yeni libas onu daha da füsunkar, cəlbedici
göstərir.
Nizami rayonunda davamlı olaraq həyata keçirilən
tikinti-quruculuq layihələri sakinlərin problemlərinin həllinə,
onların rahatlığına, komfort şəraitdə
yaşamasına yönəlib. Hesab edirik
ki, rayon ərazisində aparılan yenidənqurma və
abadlıq işləri Nizami rayonu yaxın gələcəkdə
şəhərimizin ən tərəqqi edən
yaşayış ünvanlarından biri kimi nəinki sakinlərin,
hətta qonaqların da diqqətini öz üzərində cəmləyəcək.
Nizami rayonu ərazisində yalnız respublika və
paytaxt əhəmiyyətli deyil, dünya miqyasında
xüsusi çəkisi olan Bakı Olimpiya Stadionunun tikilməsi
böyük bir hadisədir. Doğrudur, hələ
Stadion tam hazır deyil, stadionda quruculuq, təmir işləri
davam etdirilir. Bilirik ki, əsası 6 iyun
2011-ci ildə qoyulan stadion paytaxtda öz müasir tikinti
üslubu ilə fərqlənir və hesab edirik ki, tam
hazır olduqdan sonra dünyanın ünlü stadionları ilə
rəqabətə girmək iqtidarında olacaq. Rayon ərazisində AFFA tərəfindən 20000
tamaşaçı tutumuna malik müasir tipli stadionun inşa
olunması rayonda hətta beynəlxalq yarışların
keçirilməsinə perspektiv yaratmış olur.
Əlbəttə, 2015-ci ildə paytaxtımızda
keçirilməsi planlaşdırılan Olimpiya Oyunları
Nizami rayonu ərazisində start götürəcək. Bu rayonun adı idman tarixinə özəl bir ad
olaraq yazılacaq. Bu da bəllidir ki, rayonun
inkişaf konsepsiyasında idmanın inkişafına da
xüsusi diqqət yetirilir. İnşası başa
çatmayan Olimpiya stadionu öz yerində, bundan başqa rayon
ərazisində fəaliyyətdə olan 5 stadion, 6
idman-sağlamlıq kompleksi,
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər İdman Məktəbi əhalinin gənc
kəsiminin sağlam həyat tərzinin qarantı kimi
çıxış edərək sakinlərin daha sağlam həyat
sürməsinə zəmin yaradır.
Nizami rayonunda elə müsbət göstəricilərə
rast gəlinir ki, başqa rayonlarda onun bənzəri yoxdur.
Nizami rayonu Bakının o rayonlarındandır
ki, burada əhalinin istiliyə olan tələbatı
lazımı səviyyədə ödənilir. Nizami rayonu ərazisində aparılan abadlıq
işləri özünü yalnız tikinti sahəsində
göstərmir. Bu, həyətlərin, parkların təmirində,
eləcə də təhsil və səhiyyə müəssisələrinin
yenidən qurulmasında təzahür edir... Bu
ilin yay aylarında Nizami rayon 17 saylı Uşaq Sahə
Poliklinikasında həyata keçirilən əsaslı təmir
işlərindən də aydın görmək olar ki, rayon rəhbərliyi
uşaqların sağlam mühitdə müalicəsində
maraqlıdır. Bu uşaq poliklinikasının
çoxdan bəri idi ki, təmirinə ciddi ehtiyac vardı... Dəfələrlə bu tibb ocağında
olduğumuz üçün deyə bilərik ki, bina
yararsız vəziyyətdə idi, yağış yağanda
sel-su tavandan dəhlizə tökülürdü. Bu da,
istər-istəməz, valideynlərdə narahatlıq
yaradırdı... Ancaq bu gün bu poliklinika təmirə
cəlb edilib, hazırda burada yenidənqurma işləri
aparılır. Nizami rayonunda təhsil
müəssisələrinin, uşaq
bağçalarının da təmirinə ciddi fakir verilir.
Sanki Nizami rayonu öz qarşısına elm və
təhsil sahələrinin daha da inkişaf etdirilməsi məqsədini
qoyub. Sakinlərlə söhbətimiz
zamanı məlum oldu ki, Nizami Rayon İcra Hakimiyyəti rəhbərliyi
sakinlərin rifahı naminə çalışır. Hazırda Nizami rayonu təhsil sahəsində nəinki
digər rayonlardan geri qalmır, hətta bəzilərindən
öndə gedir. Əgər 2009-cu ildə rayon üzrə
ali məktəblərə qəbul olunanlar 48 faiz təşkil
edirdisə, 2013-cü ildə bu güstərici 59,8 faizə yüksəlib. Bundan başqa,
2009-2013-cü illərdə 10 məktəb "Ən
yaxşı ümumtəhsil məktəbi", 33 müəllim
isə "Ən yaxşı müəllim" müsabiqələrinin
qalibi olub. Göstərilən müddətdə
məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsinin
artırılması istiqamətində tədbirlər də
həyata keçirilib. Belə ki, "kahin" hərbi-idman
oyunlarında rayonu təmsil edən komanda iki il
ardıcıl olaraq həm şəhər, həm də
respublika mərhələsinin qalibi kimi birinci yerə layiq
görülüb. Bütün bunlar rayonun həyatında
müsbət bir hadisədir və sakinlər bu məsələlərə
çox həssas münasibət sərgiləyirlər.
Rayon sakinləri deyir ki, Tahir Budaqov Nizami Rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsinə
gəldikdən sonra rayonda uşaq və yeniyetmələrin
asudə vaxtının səmərəli keçirilməsinə
daha böyük şərait yaradılıb. Bundan başqa, sakinlər bildirir ki, son
iki-üç ildə həyətlərdə uşaqların
oynaması üçün müxtəlif əyləncə
avadanlıqları, yelləncəklər, sürüşkənlər
quraşdırılıb, mini stadionlar, meydançalar
yaradılıb. Artıq uşaqlar yelləncəyə
minmək üçün parklara üz tutmur, həyətdə
təhlükəsizlik şəraitində istədiyi şəkildə
əylənir. Oğlan uşaqları isə
kiçik meydançalarda heç bir maneə ilə
qarşılaşmadan futbol oynayır. Bakının
bir çox rayon və qəsəbələrində
binaların həyətində uşaq meydançaları
olmadığı halda, T.Budaqov Nizami rayonunun hər
yaşayış yerində balalarımıza belə gözəl
şərait yaradıb. Bir də valideyn və
uşaqların rayon ərazisində ən çox zövq
aldığı dövlət bayrağımızın (Nizami
Rayon İcra Hakimiyyətinin bayrağı Bakı şəhər
rayonları icra hakimiyyətləri arasında ən
böyük bayraqdır. Onun
hündürlüyü 60 metrdir-İ.S) rayon icra hakimiyyəti
qarşısında vüqarla, əzəmətlə
dalğalanmasıdır. Rayon
ağsaqqallarının sözlərinə görə,
uşaq və yeniyetmələr bayrağı kitabdan,
televizordan sevə bilməz, bayrağımızın
göyün ənginliklərində dalğalanması
uşaqların qəlbində üçrəngli bayrağa
böyük bir sevgi, ehtiram, sadiqlik heykəli ucaldır. Bayrağa hörmət və əbədi sevgi
uşaqlarımızı daha aydın sabahlara aparacaq. Bu sevgi müqəddəs və saf bir sevgidir. Nizami rayon İcra Hakimiyyətinin qayğısı nəticəsində
kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların
həyat şəraiti günü-gündən
yaxşılaşır. Ata-ana sevgisinin nə
olduğunu bilməyən, bu hissi yaşamaq nəsibi olmayanlara
İcra Hakimiyyəti sahiblik edir. İcra
Hakimiyyəti Şərifli küçəsində "Gənclər
evi" inşa etdirib. Azərbaycan
"Sos" Uşaq Kəndləri Assosiasiyası öz himayəsində
olan 17 nəfər yeniyetməni köçürüb. 2011-ci ildə Azərbaycan "Sos" Uşaq Kəndləri
Assosiasiyası öz himayəsində olan 19 nəfər
yeniyetməni bu "Gənclər Evi"nə yola salıb.
Buranın hər bir şəraiti olan evlə
heç bir fərqi yoxdur desək, yanılmarıq. Bircə burada doğma ata-ana nəfəsi,
qardaş-bacı addımlarının səsi gəlmir.
Bu evin sakini olan qızların ata-anası
dövlət, dost-sirdaşı bənzər tale
yaşadıqları həmdəmləridir. Layihənin əsas hədəfi müxtəlif təlim
və seminarlarda iştirak edən yeniyetmə və gənclərin
hər hansı bir sənətə, peşəyə, ixtisasa
yiyələnməsi, əmək fəaliyyətinə
başlaması və ilkin gəlir əldə etməsi
üçün şərait yaratmaqdır. Valideynsiz uşaqların yaşaması, həyatını
davam etdirməsi üçün Nizami rayonunda tikilən
"Gənclər Evi" də T.Budaqovun təşəbbüsü
ilə yaradılıb. Nizami rayonunda
uşaq və gənclərin tərbiyəsinə xüsusi
önəm verilir. Belə ki, bu iş yalnız valideynlərin
və təhsil müəssislərinin ixtiyarında deyil, buna
İcra Hakimiyyəti də ciddi diqqət yetirir. Araşdırıb öyrəndik ki, artıq Nizami
rayonunda uşaq əməyinin istismar olunması, şagirdlərin
dərsdən yayınması məsələləri də
öz həllini tapıb. İcra Hakimiyyətində
yeniyetmə və uşaqların fəaliyyətinin izlənməsi,
onlarla məşğul olunması üçün Yetkinlik
Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi Komissiyası polis əməkdaşları
ilə birgə uşaq əməyinin istismarının
qarşısının alınması istiqamətində
davamlı reydlər keçirib. Tarixə
nəzər salsaq görərik ki, 2011-ci ildə uşaq əməyindən
istifadə ilə bağlı iki fakt aşkar edilərək
yerində araşdırılıb və o uşaqların
valideynlərilə, özlərilə profilaktik söhbətlər
aparılaraq onlar təhsilə qaytarılıb. Əslində bu müsbət hadisə başqa
valideynlərin də belə səhvə yol verməməsi
üçün bir nümunə olub. Uşaq
və yeniyetmələrin əməyindən istifadə edən
valideynlərin mövcudluğu adamda nifrət hissi yaradır.
Azərbaycanda təhsilin məcburi olduğunu, nədənsə,
bəzi valideynlər dərk etmək istəmir. Bəlkə onun təhsildən
ayırdığı həmin uşaq gələcəkdə
elm sahəsinə, mədəniyyətə, dövlət
quruculuğuna, hərbi sahəyə böyük fayda verə
bilər, Amma o, uşağının gələcəyini nəzərə
almadan onu bir parça çörək arxasınca
küçələrə ötürür. Nə
yaxşı ki, Nizami Rayon İcra Hakimiyyəti kimi qurumlar
uşaqların küçələrə düşüb
müxtəlif vasitələrlə pul qazanmasının
qarşısını alan tədbirlər
görür. Nizami Rayon İcra Hakimiyyəti,
eyni zamanda, uşaqların pis vərdişlərə aludə
olmasına qarşı da kampaniya keçirir. Qurum siqaret, narkomaniya, spirtli içki kimi uşaq və
yeniyetmələrin əxlaqını, sağlamlığını
zədələyən məhsullardan istifadənin zərərlərilə
bağlı vaxtaşırı profilaktik tədbirlər
görür, kampaniyalar keçirir.
Nizami rayonunda olarkən Qara Qarayev metrosu ətrafında
yaşayan sakinlərdən bir xahiş eşitdik. Onlar
bildirdi ki, "Təbriz" (keçmiş "Sevinc")
Kinoteatrının yerləşdiyi parkın yenidən
qurulmasına böyük ehtiyac var. Bu parkın uzun illərdən
bəri təmirsiz olduğunu deyən sakinlər bildirdilər
ki, burada uşaqların oynaması, yaşlı sakinlərin
istirahəti üçün heç bir şərait yoxdur. Sakinlərin sözlərinə görə, bu
parkın yenidən qurulması, abadlaşdırılması
rayonun inkişafına xidmət edən amillərdən biri
olardı. Sakinlər hesab edir ki, parkın təmirilə
bağlı rayon rəhbərliyi müvafiq tapşırıq
verəcək.
Nizami rayonunda bir neçə parkın olduğu bəllidir... "Koroğlu" metrosu ətrafında salınan yeni park da onlardan biridir, ancaq bu parkda uşaqların əylənməsi üçün heç bir şərait yoxdur... Odur ki, sakinlər ümid edir ki, "Təbriz" Kinoteatr binasının yerləşdiyi park əsaslı təmirə cəlb ediləcək...
Nizami rayonu paytaxtın
inkişafa doğru gedən rayonlarından biri kimi gündəmdədir.
Düşünürük ki, görülən işlər
sadaladıqlarımızla və sadalamadıqlarımızla
bitmir, hələ qarşıda görüləcək
çoxlu işlər, həll növbəsi gözləyən
qayğılar var. Ümid edirik ki, rayon rəhbərliyi
növbəti ildə də rayonin sosial-iqtisadi
inkişafına önəm verəcək və sakinlərin
ürəyindən xəbər verən işləri həyata
keçirəcək... Yeni ildə yeni uğurlarını
gözləyirik Nizami rayonu, uğurlar!!!
İradə SARIYEVA
Bakı xəbər.-2013.-12
dekabr.-S.11.