Avtomatlaşdırılmış
sistem pensiyaçılara nə verəcək?
DSMF: “Bu islahat sistemdə şəffaflığın
daha da artmasına, əlavə vaxt itkisinin
qarşısının alınmasına şərait
yaradır”
Ekspert: “Pensiya sahəsini
avtomatlaşdırmaqla pensiyaçıların problemini
bitmiş saymaq olmaz”
Azərbaycanda 5 ay ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən məlumatlara görə, 11 dekabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərdən 951 nəfərin 262-si Bakı şəhərində, 689 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.
Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu ilin 11 iyul tarixindən etibarən başlanılıb. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Belə ki, yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.
“Hər bir vətəndaşa
xüsusi rəsmi bildiriş
göndərilib”
Dövlət Sosial Müdafiə Fondundan qəzetimizə bildirildi ki, ötən ay 724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib: “Belə ki, 11 noyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərdən 724 nəfərin 224-ü Bakı şəhərində, 500 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən tayinatı uğurla tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olundu. İki ay müddətində təyinat aparılan bu vətəndaşların 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib”.
“Bu islahat sistemdə
şəffaflığın daha da artmasına şərait yaradır”
Məlumatda o da bildirilir ki, bu
yenilik Şərqi Avropa və Müstəqil Dövlətlər
Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq
olunur: “Bu islahat tədbiri sistemdə şəffaflığın
daha da artmasına, əlavə vaxt itkisinin
qarşısının alınmasına, vətəndaşlarla
Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunun son dərəcə azaldılmasına şərait
yaradır.
Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. Hazırda avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra həyata keçiriləcəkdir”.
“İstənilən vətəndaş öz fərdi
hesabı barədə məlumat ala bilir”
Fonddan o da qeyd olundu ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb. Pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir: “Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.
Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.gov.az ünvanlı internet səhifəsində təkmil müştəri xidmətləri sistemi yaradılıb. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. “Çağrı Mərkəzi”nə pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir”.
“Pensiya-sığorta
sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq”
Rəsmi məlumata
görə, ölkədə
2020-ci il üçün sosial sığortanın 1 illik
stajının dəyəri
pensiyanın baza hissəsinin 12 vahidinə bərabər olacaq. Başqa sözlə, orta əməkhaqqı 684 manat,
orta pensiya ayda 270 manat olacaq. 2020-ci ilə fondun xərcləri 4,3 milyard manat təşkil
edəcək, orta aylıq pensiyanın məbləği 325 dollaradək
artacaq, bu da bugünkü kimi orta aylıq
əməkhaqqının 38-40 faizini təşkil edəcək.
Gözlənilir ki, 2020-ci ilədək Azərbaycanda pensiya-sığorta
sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq. Yəni Dövlət
Sosial Müdafiə Fondunun bütün istiqamətləri avtomatlaşdırılacaq.
Həmin ilədək
pensiya kartları çip kartlar olacağı deyilir.
“Rüşvət
müqabilində daha yüksək pensiya almaq vəd olunurdu”
“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri
Qadir İbrahimli əməkdaşımızla söhbətində
bildirdi ki, avtomatlaşdırılmış pensiya təyinatı pensiya sahəsində şəffaflığı təmin
edəcək: “Razılaşaq
ki, pensiya avtomatlaşdırılmamışdan öncə pensiyanın təyinatı məmurların
gəlir mənbəyinə
çevrilmişdi. Pensiyaçı ilə məmur arasına müəyyən
razılaşmalar olurdu.
Rüşvət müqabilində daha yüksək pensiya almaq vəd
olunurdu. Nəticədə pensiya haqqı olanın belə pensiya almaq haqqı,
hüququ pozulurdu.
Pensiya təyinatında insan amilinin kənarlaşdırılması
çox müsbət
addımdır. Avtomatlaşdırılmış pensiya təyinatı
ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılır. Pensiya sahəsində
bu islahat tədbiri sistemdə şəffaflığın daha
da artmasına, əlavə vaxt itkisinin qarşısının
alınmasına, vətəndaşlarla
fond orqanları arasında
münasibətlərin sadələşdirilməsinə,
insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib
çıxaracaqdır. Buna görə də
vətəndaşlar öz
fərdi hesablarında
məlumatların tam əks
olunmasında xüsusi
maraqlı olmalıdırlar.
O cümlədən ölkəmizdə
fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə,
yəni 2006-cı ilin
1 yanvarınadək iş
stajlarının qeydiyyata
alınmasında aktivlik
göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş
elektron göstəricilər
əsasında aparılır
və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə
alınması texniki baxımdan imkan xaricindədir”.
İqtisadçi ekspert əməkhaqqı və pensiyaların artırılmasının
bazar şərtlərinə
uyğun olmadığını
da qeyd etdi:
“Artımlar tələb
və təkliflərə
uyğunlaşdırılmalıdır. Pensiya sahəsini avtomatlaşdırmaqla
pensiyaçıların problemi
bitmiş sayılmır.
Bütövlükdə götürsək, əməkhaqqı və pensiyaların artımı
ölkədə yüksək
məbləğ təşkil
etmir. Ancaq Azərbaycanda pensiya
və əməkhaqqının
artırılması ilə
bağlı qərar qəbul olunmamışdan
öncə bazarda müəyyən bahalaşmanın
baş verdiyi sezilir. Görünür, müəyyən işgüzar çevrələr
əmək haqqı və pensiyaların artımı barədə
hökumətin atmaq istədiyi qərardan bəhanə kimi yararlanaraq bahalaşma tendensiyası yaratmağa cəhd edirər”.
Prezident sərəncamında
deyilir...
Qeyd edək ki, Azərbaycan
Respublikasında vətəndaşların
pensiya təminatının
daha da yaxşılaşdırılmasını,
sığorta-pensiya sisteminin
dayanıqlı və
dinamik inkişafına
nail olunmasını təmin
etmək məqsədi
ilə “2009-2015-ci illərdə
Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin
inkişafına dair dövlət Proqramı” təsdiq olunub. Bununla bağlı olaraq Prezident İlham Əliyev 2008-ci il
30 dekabr tarixli, 111 nömrəli sərəncam
imzalayıb.
Sözügedən Dövlət
Proqramında bildirilir:
“Vətəndaşların pensiya təminatının
qabaqcıl beynəlxalq
təcrübə əsasında
yenidən qurulması
ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi
siyasətin strateji istiqamətlərindəndir. Sovet
dönəmindən qalmış
və günün tələblərinə cavab
verməyən pensiya münasibətlərində köklü
dəyişikliklərin başlanğıcı
2001-2005-ci illəri əhatə
edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması
ilə qoyulub. Sığorta-pensiya və sosial
yardım sistemlərinin
biri-birindən ayrılması
və ödənilən
sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin
əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini
təşkil edir”.
Ramid
Bizim yol.-2013.-17 dekabr.-S.13.