Hər bir gənc ölkəsinin gələcəyi haqqında düşünməlidir

 

Milli mənlik şüurunun inkişafı - vətənpərvər gəncliyin yetişdirilməsinin ilkin şərtidir

 

 İnsan mənsub olduğu milli gerçəkliyin ayrı-ayrı komponentlərini özündə birləşdirən, onu öz şüurunda əks etdirən varlıq olduğundan, xalqının tarixi şəxsiyyətləri, görkəmli mütəfəkkirləri, tarixdə iz qoymuş xalq qəhrəmanları haqqında yazılanlardan xəbərdar olması onun soykökü, milli mənsubiyyətilə qürur duymasına gətirir ki, bu da kamil insanın formalaşmasında, onun vətəninin gələcəyini düşünən əsl vətəndaş kimi yetişməsində mühüm amillərdən biri kimi çıxış edir.

   Hələ uşaqlıq və yeniyetməlik dövründə öz millətinin ayrı-ayrı fərdləri barədə qürurverici faktlar əldə edən şəxs mənsub olduğu xalqın milli özəlliklərinə sahiblənməyə, onu daha dərindən dərk etməyə və yaşatmağa çalışır, bunu özünün həyat qayəsinə çevirir ki, bu da onun fərd olaraq millətinə, dövlətinə sayğı ruhunda böyüməsi və vətənpərvər insan kimi formalaşmasına stimul vermiş olur. Böyük Atatürk deyirdi ki, türk cocuğu əcdadını tanıdıqca daha böyük işlər görmək üçün özündə güc tapar. Elə milli özünüdərkin formalaşması da buradan başlayır və erkən gənclik dövründə fərdin milli mənlik şüuru inkişaf yoluna qədəm qoyur. Milli mənliyin əsasını isə insanın mənsub olduğu millət və ya xalqın onu əhatə edən həyatın bütün sahələrinə subyektiv yanaşması təşkil edir. Çünki milli mənlik şüuru ictimai şüurdan kənarda ola bilməz. O, şüurun daxilində yüksək səviyyədə çıxış edərək insanın özünün fikir və hisslərinin, məqsəd və mənafelərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir. Milli mənlik şüuru eyni zamanda hər bir fərdin xarakterini, insanlara, topluma münasibətini müəyyənləşdirdiyindən, sosial şəraitdən asılı olaraq dəyişir ki, bunun da sayəsində insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyətini dərk edir. Erkən yaşlarda insana aşılanan yurd sevgisi, vətən qeyrəti, toplum və ailə təəssübkeşliyi kimi sosial keyfiyyətlər də belə məsuliyyətlərdəndir və zaman keçdikcə onun şüurunda kök ataraq milli mənlik hisslərinin inkişaf etməsinə səbəb olur ki, nəticədə həmin şəxsdə milli özünüdərk hissi getdikcə möhkəmlənərək onun təəssübkeş bir vətənpərvər kimi yetişməsinə rəvac verir. Milli mənlik şüurunun inkişafı sayəsində xalq toplum olaraq maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial etnik cəhətlərini bütün mahiyyəti ilə dərk edir, onu yaşatmaqda maraqlı olur, bunlarla bağlı bu və ya digər hadisəyə yanaşma tərzini ortaya qoyur. Milli şüurun inkişafı, paralel olaraq, fərdin xarakterində ekoloji şüurun da yaranmasına rəvac verir ki, bunun da sayəsində yetişməkdə olan şəxs Vətəninin hər qarışını qiymətləndirməyi, onun daşını, torpağını sevməyi öyrənir, milli və mədəni sərvətlərinin qoruyucusu olduğunu dərk edir. Mənlik şüuru inkişaf etmiş insan həm də özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olduğundan, istər xalqının, istərsə də dövlətinin gələcək rifahının prioritet olduğunu dərk edir, bu səbəbdən də onun milli-mənəvi, mədəni və sosial rifahının qoruyucusuna çevrilir. Tarix boyu bir çox toplumların, etnik qrupların məhz milli şüurunun yetərincə inkişaf etməməsi səbəbindən digər xalqlar və daha iri etnik qruplar arasında assimilyasiyaya uğrayaraq yox olduğuna dair tarixdə çoxsaylı faktlar var. Məsələn, latın dilinin yaşamasına baxmayaraq, eyni adlı xalqın olmaması dediklərimizə sübut sayıla bilər.

   Lakin o da həqiqətdir ki, toplumun hər bir fərdində milli şüurun inkişaf etməsi onun istər cismən, istərsə də ruhən azadlığından birbaşa asılıdır. Yəni xalq azad, ölkə müstəqil deyilsə, hansısa superdövlətin boyunduruğu altında yaşayır, kiminsə diqtəsilə hərəkət edirsə, o xalqın, millətin milli şüur daşıyıcısı olmasından və işıqlı gələcəyindən söhbət gedə bilməz. Böyük Atatürkün sözləri ilə desək, "Milli şüur hər şeydən öncə müstəqillik şüurudur. Düşmən süngüsü altında milli şüur olmaz". Dahi Azərbaycan şairi və mütəfəkkiri Bəxtiyar Vahabzadə isə milli şüuru həm də Vətən əxlaqı adlandırır. Onun fikrincə, Vətən əxlaqı güclü olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı, nə də bütövlüyümüzü qoruya bilərik. Bu gün Azərbaycan gəncliyi qarşısında duran ən mühüm vəzifə ölkəmizin gələcəyi, müstəqilliyinin dönməzliyi və ərazisinin bütövlüyüdür. Bu bir həqiqətdir ki, müasir gəncliyimizin qismətinə torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin əbədiliyinə təminat verən təəssübkeş bir missiyanın daşıyıcısı olmaq düşüb. Gənclərin bu ruhda tərbiyə olunması üçün isə onun öz Vətəninin, xalqının tarixini bilməsi mütləqdir. Müasir gənclik bugünkü özgürlüyünün hansı qanlar-qadalar bahasına başa gəldiyindən nə dərəcədə xəbərdar olarsa, tarix boyu xalqının hansı itkilərə məruz qaldığını, hansı keşməkeşlərdən keçdiyini bilərsə, gələcək nəsillər qarşısında məsuliyyətini bir o qədər dərk etmiş olar. Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanov deyirdi ki, Vətənin qədrini o kimsə bilər ki, Vətənlə onun ruhən rabitəsi olsun - Vətənlə bir yerdə ağlasın, bir yerdə gülsün. Çernışevskiyə görə isə, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Bu mənada, vətənpərvər, ölkəsinin gələcəyini düşünən gənclik yetişdirmək istəyiriksə, ilk növbədə övdadlarımıza ləyaqət anlayışını təlqin etməli, onları bu ruhda böyütməliyik. Çünki vətənpərvər gənclik həm də ölkənin güclü dayağı deməkdir.

   Bütün bu sadalananlar isə istər Azərbaycanın təhsil müəssisələri, istərsə də ölkədə fəaliyyət göstərən gənclər təşkilatları qarşısında ciddi vəzifələr qoyur. Yəni ölkəmizin rifahlı gələcəyini təmin etmək istəyiriksə, sağlam düşüncəli, ləyaqətli və ən əsası, vətənpərvər gəncliyin yetişməsində maraqlı olmalıyıq. Bu gün Azərbaycan dövlətinin yürütdüyü gənclər siyasəti də məhz deyilən istiqaməti hədəfləyir. Əsas qayəsini fiziki cəhətdən sağlam, Vətəni hər an qorumağa hazır olan vətənsevər gənclik yetişdirməyin təşkil etdiyi gənclər siyasəti müasir Azərbaycan gəncliyinin milli vətənpərvərlik, tarix və mədəniyyətimizə hörmət ruhunda tərbiyə olunmasını, maariflənməsini, onların fərdi bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasını prioritet istiqamət kimi nəzərdə tutur. Sirr deyil ki, yaşadığımız informasiya texnologiyaları əsrində yetişən gənclik heç bir kənar təsirdən sığortalanmayıb və xaricdən internet vasitəsilə evlərimizə, hətta mobil telefonlarımıza nüfuz edən yad təsirlər mental dəyərləri sıxışdırmaq, münbit şərait yaranarsa, hətta aşındırmaq iqtidarındadır. Buna qarşı ailə və ya məktəb daxilində görülən tədbirlər isə yetərli sayıla bilməz. O üzdən bu gün göstərilən istiqamətdə qərar və sərəncamların qəbulu ilə yanaşı, ən müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirilir ki, bunlara misal olaraq bu günlərdə internet klublarda yeniyetmələrin məşğuliyyətinin tənzimlənməsilə bağlı atılan addımları göstərə bilərik. Belə ki, bundan sonra internet klublarda məktəb yaşlı yeniyetmələrin əxlaqa və yaş dövrünə zidd, eyni zamanda zorakılıq təbliğ edən saytlara daxil olmasına imkan verilməyəcək. Bunda məqsəd isə yaşının həssas dövründə olan yeniyetməni yad təsirlərdən qorumaq, onun təsir altına düşərək beyninin zəhərlənməsinə imkan verməməkdir.

   Gənclərdə Vətən sevgisinin formalaşdırılması istiqamətində görülən tədbirlərdən biri də müasir gəncliyin əsas əyləncə vasitəsi olan kompyuter oyunlarının Azərbaycan variantının hazırlanmasıdır. Sirr deyil ki, bu gün uşaqlar lap erkən yaşlarından kompyuter oyunlarına meyl edir və bu oyunlar onların psixikasına öz təsirini yetərincə göstərir. Bu mənada istər valideynlərin, istərsə də bağça və məktəb müəllimlərinin başlıca vəzifəsi oyunların seçilməsində onlara yardımçı olmaqdır. Yəni bu zaman böyüklər uşaqları aqressiv, zorakılıq təbliğ edən oyunlar əvəzinə Vətənə sevgi, onu qorumaq öhdəliyi kimi müsbət əxlaqi keyfiyyətlər aşılayan oyunlar seçməyə istiqamətləndirərsə, bu onun bir fərd kimi vətənpərvər ruhda böyüməsinə öz töhfəsini vermiş olar. Bu zaman həmin oyunu oynayan uşağın özünü insanları zülmün əlindən qurtaran əfsanəvi qəhrəman kimi hiss etməsi onun gələcək həyat yolunda ilk kövrək cığırları açmış olur ki, bu da gələcəkdə onun şəxsiyyət kimi formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, bu gün ölkəmiz həm də müharibə şəraitindədir, o zaman yetişən gəncliyin deyilən istiqamətdə tərbiyələndirilməsi günün tələbi kimi çıxış edir. Reallıqdır ki, bu günün yeniyetmələrinə müharibə, işğal, qaçqın-köçkün sözləri yad deyil və ölkəmiz illərdir müharibə şəraitində olduğundan, hər gün istər-istəməz bu sözləri bu və ya digər səviyyələrdə eşitməli olurlar. Bu isə onların milli mənlik şüurunda öz izlərini qoymamış deyil. Belə bir şəraitdə yeniyetmə Vətən torpağının düşmən tapdağı altında qalmasının nə dərəcədə üzücü olduğunu daha dərindən dərk edir, Vətəninin təəssübünü çəkir və onu qorumağın yollarını düşünür.

 

   Müasir gəncliyin Azərbaycanın gələcəyini düşünən, sabahına ümidlə baxan vətəndaş olaraq yetişdirilməsində ölkədə fəaliyyət göstərən uşaq və gənclər birliklərinin də üzərinə ciddi vəzifələr düşür. Belə birliklərin gənclərin maarifləndirilməsi sahəsində gördüyü tədbirlər isə ən müxtəlif sahələri əhatə etməlidir. Buraya Vətənə məhəbbət mövzusunda ədəbi müzakirələrdən tutmuş hərbi idman oyunlarına, tarixi qəhrəmanlarımızın təbliğinə qədər çeşidli tədbirləri aid etmək olar. Bu tip tədbirlər nəticəsində yeniyetmələrdə, Xalq şairi Bəxtiyar Vahabzadənin təbirincə desək, Vətən əxlaqı formalaşarsa, o zaman maraq dairəsi fərqli olan gənclər bir məqsəd - Vətənin gələcəyi və onu qorumaq kimi ülvi hisslərin ətrafında birləşər, onun daşıyıcısına çevrilər.

   Bu günün gəncliyi ölkənin gələcəyinin ondan asılı olduğunu dərk etməli, onun bugünkü uğurlarının, dünya siyasi arenasında əldə etdiyi inkişaf etmiş ölkə imicinin qorunmasında maraqlı olmalı və bu yolun davamçısı olmaq kimi bir missiyasının olduğunu dərk etməlidir. Yalnız bu halda yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində dünya dövlətləri arasında özünəməxsus yer tutmuş Azərbaycanın ərazi bütövlüyünü də bərpa edərək xoşbəxt gələcəyə inamla addımlayacağından danışmaq olar. Azərbaycan dövləti və xalqı isə xoşbəxt gələcəyə layiqdir.

 

 

Samirə SƏFƏROVA

Bakı xəbər.-2013.-4 dekabr.-S.12.