Demokratik Azərbaycan Dünyası Partiyası qadın zorakılıqlarının dərin köklərinin təhlilini apardı

 

Partiyanın keçirdiyi xüsusi tədbirdə bəyanat qəbul edildi

 

 Demokratik Azərbaycan Dünyası Partiyası Fatma Əliyevanın sədrliyilə "QADINLARA QARŞI ZORAKILIĞA SON DEYƏK!" adlı tədbir keçirib. Mətbuat Xidmətinin rəhbəri Elmira Şükürovadan aldığımız məlumata görə, tədbirdə iştirak edən partiya fəalları məişət zorakılığına qarşı öz etirazlarını bildirərək, ictimaiyyətin diqqətinin bu problemə ciddi şəkildə yönəldilməsi, Ailə Məhkəməsinin yaradılmasının vacibliyi, cəmiyyət arasında maariflənmənin aparılması, bölgələrdə tədbirlərin keçirilməsi təklifləri ilə çıxış ediblər.

   Tədbirin sonunda DADP-nin bəyanatı səslənib.Bəyanatda deyilir:

   "Azərbaycan Respublikası Avropa Şurasının qadınlara qarşı zorakılığın dayandırılması barəda kampaniyasına 2006-cı ildə qoşulub. Milli Məclisdə ölkəmizdə qadınlara qarşı zorakılığın qarşısının alınması qanunvericiliklə tənzimlənmiş, Konstitusiyada, Cinayət və Ailə məcəllələrində öz əksini tapmış və daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanır. Məişət zorakılığı ilə əlaqədar beynəlxalq standartlarabir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, zəruri qanunvericilik aktları tez bir zamanda qəbul edilir və zorakılığı törədən şəxslərə qarşı müvafiq sanksiyalar tətbiq olunur.

   Qadınlara qarşı zorakılıq probleminin coğrafi sərhədi çox genişdir, demək olar ki, dünya miqyaslı bir bəladır. Dünyanın istənilən ölkəsində nə yaş həddi, nə etnikya dini qrupu nəzərə alınmadan baş verə bilir. Xüsusən silahlı münaqişələr baş verən ölkələrdə qadınlar kütləvi surətdə məhvə məruz qalır, hər cür qəddar, vəhşiliklərlə qurban verilir. Çox uzağa getməyək. 20 faiz torpaqlarımızı işğal edən Ermənistan ordusu ərazimizdə yaşayan qadınları işgəncələrə, təhqirlərə məruz qoymuş, əsir və girov götürdükləri qadınları olmazın əzablarla dözülməz şəraitdə saxlayır, məcburi əməyə cəlb edir və ağlasığmaz zorakılıq əməlləri ilə alçaldır. Silahlı təcavüz nəticəsində minlərlə köməksiz azərbaycanlı qadın olmazın işgəncələrlə həlak olub. Bu zorakılığın acı nəticələrini bu gün də qadınlarımız qəlb ağrısı ilə yaşamaqdadır.

   Tarixi mənbələrdən məlum olur ki, Azərbaycan əxlaq və mentalitetində qadınlara bir ana kimi daim yüksək önəm verilib, hörməti gözlənilib. Qadınlar kişilərlə bərabər yüksək postlardan dövlətə rəhbərlik edib, öz ağlı və şücaəti ilə xalq arasında tanınıb, seviliblər. Bu günMilli Məclisdə, müvafiq idarəçilik mərkəzlərində qadınlarımız yüksək səviyyədə çalışır, beynəlxalq forumlarda, müxtəlif işgüzar toplantılarda tribunalardan öz sözlərini deyə bilirlər. Azərbaycan cəmiyyətində qadınlara qarşı hər bir zorakılıq halları, qadın hüquqlarının pozulması daim pislənib, mənfi qarşılanıb və ona qarşı mübarizə aparılıb.

   Amma hər bir digər ölkədə olduğu kimi, bizdə də insan ləyaqətinə ləkə gətirən zorakılıq bəlası mövcuddur. Məişət zorakılığının kökündə əsasən ağır fiziki, emosional, maliyyə və sosial, maarifsizlik məsələləri durur.

   Zorakılıq məsələsinin getdikcə vüsət almasının səbəblərindən biri də elə qadınların özləridir. Bəzən əksər qadınlar unudurlar ki, onlar yaşadıqları cəmiyyətin əsas qurucu olan böyük qüvvəsidir. Onlar kişilərlə bərabər hüquq daşıyır. Zorakılığa qadınların əksəriyyəti maarifsizlik, avamlıq, qorxu, laqeydlik ucbatından məruz qalır.

   Son zamanlar qızların təhsilə meylinin azalması, məktəbdən uzaq düşməsi bir bəlaya çevrilib. Bunun başlıca səbəbləri kimi bəzi valideynlər tərəfindən qızları tez evləndirib, ər evinə yola salmaq da başlıca rol oynayır. Sanki, valideynlər neçə illərdir əziyyət çəkib böyütdüyü, hələ tam yetkinləşməmiş, bir peşə, sənət sahibi olmayan qız övladını təhsildən yayındıraraq birdən-birə ondan üz çevirib, başından eləyir. Əlbəttə ki, bu kiçik qız ər evində hər addım başı təhqirlərə məruz qalacaqson nəticədə ya öldürüləcək, ya da döyülərək həm mənəvi, həm fiziki zorakılığın qurbanına çevriləcək. Bu acı məsələdə anaların rolu da az deyil. Çünki ailə daxilində qızına elmə, təhsilə maraq, həyatda müxtəlif zərərlərin qarşısını alan geniş dünyagörüşə malik olmasının vacibliyini anlatmaq əvəzinə, yalnız ərdən, evlilikdən söhbət salaraq, bəlkə də özü də bilmədən övladını uçuruma doğru sürükləyir. Elə bu səbəbdən də rayon və kəndlərdə daha çox rast gəlinən zorakılığa məruz qalanların sayı artmaqdadır.

   Son vaxtlar müəyyən səbəblər üzündən vəhşicəsinə öldürülən, bədəninə ağır bıçaq xəsarətləri yetirilən qadınların sayının artması ürək ağrıdır və cəmiyyət artıq məişət zorakılığına qarşı ciddi şəkildə həyəcan təbili çalmalı, bu kimi məsələlər cinayət xarakteri almamış qarşısını almalıdır. Artıq, "öz arvadımdır, özüm bilərəm", "ailədaxili işlərə heç kim qarışmasın" kimi ifadələr ictimaiyyət tərəfindən qəbul edilməməlidir. Azərbaycan vətəndaşının hüquqları dövlətimiz tərəfindən qorunduğu kimi, cəmiyyət tərəfindən də qorunmalıdır. Cəmiyyət nə qədər qapalı olsa, zorakılığın sayı artacaq. Münaqişəli ailələri yaxından tanıyan qohumlar, qonşular, ətraf insanlar susmamalı, öz vətəndaşlıq borclarını yerinə yetirərək ailənin dağılmasının və baş verəcək hər hansı bir pisliyin qarşısının vaxtında alınmasına yardım etməlidir. Kütləvi təbliğat, maarifləndirmə aparılsa, məişət zorakılığının sayı minimuma enər.

   Kişinin qadına münasibəti cəmiyyətin indeksidir. Kişi öz gücünə inanmadığından, ailəsini düzgün idarə edə bilmədiyindən, qadını döyməyə üstünlük verir. Bir şeyi unutmaq olmaz ki, zorakılıq insanı nəinki döyməklə, təpikləməklə və s. vasitələrlə fiziki cəhətdən, eyni zamanda, dünyasını dağıtmaqla mənəvi, psixikası pozulmaqla ölümünə də səbəb ola biləcək psixoloji cəhətdən də sıradan çıxarır. Belə bir vəziyyətdə qadın həm də iqtisadimaddi cəhətdən də pis duruma düşür. Amma qadın öz hüquqlarını yaxşı bilsə, yəqin ki, bir çox hallarda zorakılığa məruz qaldıqda özünü müdafiə etməyi bacarar.

   Hamımıza yaxşı məlumdur ki, ailənin maddi durumunun ağırlığı bu kimi xoşagəlməz hadisələrin törənməsində önəmli yer tutur. Sosial durumu ağır olan xanımlar ailəsinə yardım etmək üçün işləməyə məcburdur. Bəzi üzdəniraq işbazlar isə bu vəziyyətdən öz pisniyyətli məqsədlərini həyata keçirmək üçün istifadə edir. İş üçün müraciət edən xanımlara yaş həddi, qısa yubkalar geyməsini tələb edirnalayiq təkliflərlə onları seksual zorakılığa məruz qoyur. Ailə sahibi kişilər isə bu cür şərəfsizliyi qəbul edə bilmədiklərindən, ailələr dağılır, uşaqlar atasız-anasız qalır. Deyirlər qurunun oduna yaş da yanır. Bu cür nalayiq işbazların ucbatından kişi arvadına işləməsi üçün icazə vermir. Hər bir kişi bilməlidir ki, qadın anadır, zərif məxluqdur. Onun zərifliyindən sui-istifadə etmək kişiliyə sığışmaz. Lakin unudulmamalıdır ki, qadın həm də çox güclü insandır. Daha "40 toyuğun ağlı bir qadının ağlı qədərdir", "Ər ağacı qul ağacı, əsirgəmə vur ağacı" atalar məsəlinə deyil, "Aslanın erkəyi-dişisi olmaz" məsəlinə istinad edilməlidir.

   Zorakılıq cahilliyin, dünyagörüşün olmaması əlamətidir. Kişi də, qadın da ailə quranda hisslərinə deyil, ağlına, mühakiməsinə istinad etməlidir. Sözləri bir-birinin, necə deyərlər, boğazından keçməlidir. Bilməlidirlər ki, öhdələrində Vətən və cəmiyyət üçün əsl vətəndaş yetişdirəcəkləri övladlarının tərbiyəsi məsuliyyəti dayanır". 

    

 

 

Bakı xəbər.-2013.-4 dekabr.-S.6.