«Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivləri»

 

Yurd-yuvamı itirdikdən sonra Bakıda “8-ci kilometr” qəsəbəsində məskunlaşdım. «Vasmoy» deyilən bu yerdə bomboz beşmərtəbəli «xuruşovski» evləri görəndə “çətin bura alışa biləcəyəm” deyə düşündüm. Bu evlərin 1-ci  mərtəbəsində yaşayanlar özlərinə həyət-baca düzəltmişdilər. Məftillə hasarlanmış həyət-bacada yamyaşıl sarmaşıqlar əkilmiş, həmin sarmaşıqlar məftillərə sarılaraq, həyətlərə eybəcər bir görkəm vermişdi. Sarmaşıqlar o qədər uzanmışdı ki, birinci mərtəbələri artıq  görmək olmurdu.

Eyvanlarda toyuq-cücə saxlayanlara, məhlədəki hasarın dibində ot, ələf olan yerlərdə qoyun- quzunu qabağına qatıb otaranlara da rast gəlmək olurdu. Qarabağ müharibəsindən sonra Azərbaycana üz tutan qaçqın və məcburi köçkünlərin yataqxanalarda, məktəblərdə, yarımçıq binalarda məskunlaşması rayonda müəyyən problemlər yaratmaqla bərabər oranın görkəmini də  dəyişmişdi. Belə ki, ailə tərkibinin sayı çox olan köçkünlər məskunlaşdığı yataqxanalardakı  eyvanları taxta parçaları ilə örtmüş, yaxud da çadırla bağlamışdılar.

Yaşadığım evin yaxınlığında magistral yoldan yalnız 35 nömrəli maşrut keçirdi. Saatlarla o maşrutun gəlməsini gözləyərdik. Çox vaxtı maşrut gəlməyəndə «Nefçilər», «Xalqlar dostluğu» metrolarına piyada gedərdik. Sapsarı, tozlu-torpaqlı, kələ-kötür, bəzən də iri sal daşların əhatəsində olan bu yerdə «talkuçka» saldılar. Kimisi ev əşyalarını, kimisiİrandan, Çindən gətirdikləri malları torpağın hətta daşın üstünə sərib satardı. Sonra burada cərgə-cərgə düzülmüş gömgöy çadırlarla örtülmüş, dükanlar da satırdılar. Metroların yaxınlığında da belə dükanlar düzəltmişdilər. İnsanlar çətin vəziyyətdə dolanırdılar. Sovet dövründən qalan istilik sistemləri sökülüb, dağılmış, yeniləri düzəldilməmişdi. Sakinlər qışda, soyuqdan donur, yayda isə istidən yanırdılar. İşıqlar tez-tez sönür, şəbəkələrə qoşulan qızdırıcılardan elektrik xətlərində qısaqapanmalar olurdu.  Yağı, əti tolonla alırdılar. Kimin talonu olmasaydı, onun vəziyyəti daha ağır olurdu. Çörək qıtlığı yaşadığımız vaxlar da olurdu.

İllər ötdü, bir vaxtlar zığa, palçığa batdığımız bu yerdə geniş, əzəmətli bir parkın salınacağını desəydilər, inanmazdım. 2001-ci ildə Heydər Əliyevin  sərəncamı ilə Neft Fondundan ayrılan vəsait hesabına qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün şəhərciklər saldılar. Nizami rayonunda da baxçalardakı, yataqxanalardakı məcburi köçkünlər yeni yaşayış məntəqələrinə köçürüldülər. Bu hal yenə də davam edir. Sovet dövründə fəaliyyət göstərən bəzi fabrikzavodlar dayanmışdı. Hazırda Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft emalı zavodu, «European Tobacco Baku» ASC, «Baker - Şərab» ASC, «Teksun - yağ sənayesi» və s. fəaliyyət göstərir. Burada neçə - neçə insanlar çalışır əhalinin nifaq halı yüksəlir.

Statistika: Nizami rayonu 1980-ci il dekabrın 1 - də yaradılıb. Ərazisi 19, 06 kv m dir. Əhalisi 184000, qaçqınların sayı 7988 nəfər, məcburi köçkünlərin sayı 18800 nəfər, şəhid ailələrinin sayı 325, təqaüdçülərin sayı 16047 nəfər, əlillərin sayı 7819 nəfər, ünvanlı sosial yardım alanlar 3352 nəfər, yolların uzunluğu 134 kv 2, parklar 2, kompleks idman qurğuları 8, stadionlar 5, ərazi nümayəndəsi 1 (Keşlə qəsəbə nümayəndəsi) Nizami bələdiyyəsi, Keşlə bələdiyyəsi, 24 saylı Nizami 1 seçki dairəsi məntəqələri 29, 25 saylı Nizami 2 seçki dairəsi var.

Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsini böyük məsləhətçi memarı Azər Məmmədov deyir: Bu gününü dünəni ilə müqayisə etdikdə dəyişikliyi açıq-aydın görmək olar. 2011-2013-cü ildə Bakı şəhərinin inkişafına dair təsdiq edilmiş Dövlət Proqramında Prezidentin sərəncamı ilə təlim-tərbiyə müəssisələrində təmir işləri aparılmasına başlanmış, müasir tipli yeni təhsil ocaqları tikilmişdir. Rayonda 23 ümumtəhsil məktəbi var. Bu il ölkədə 200-ə yaxın məktəb əsaslı təmir edilmişyaxud yenidən tikilmişdir. Neçə ildir ki, hər il ən azı 20 min köçkün yeni tikilmiş evlərlə, mənzillərlə təmin edilir. Nizami rayonu 125 saylı bağçada da məskunlaşan köçkünlər evlə təmin edilmişdir. Qeyd edək ki Davos ümumdünya iqtisadi forumun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə 39-cu yerdə durur. Dövlət Proqramına əsasən 145 saylı məktəbdə yeni tədris korpusunun 50 sinif otağının tikintisi və 251 nömrəli məktəbin əsaslı təmiri başa çatdırılmış, 103 və 175 nömrəli körpələr evi- uşaq baxçalarında,  11 saylı birləşmiş şəhər xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri, 175 saylı uşaq baxçasında və 17 saylı uşaq poliklinikasında əsaslı təmirlə bağlı tamamlanma işləri də görülür. Dəri - zöhrəvi dispanserində təmir sona çatmış, bu ilin sentyabr ayında Çobanzadə küçəsi 2405-ci məhəllədə inşa edilmiş valideyn himayəsindən məhrum olan uşaq evlərində böyüyən gənclər üçün yaşayış evi, 172 və 190 nömrəli körpələr evi, uşaq baxçalarının təmiri də sona çatmış və açılışa da 172 saylı baxçada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə gəlmişdir.

Xatırladım ki, 2011-ci ildə valideyn himayəsindən məhrum olan uşaqlar üçün yaşayış evinin tikilməsinin zəruriliyini Fondun rəhbəri vurğulamışdır. Qeyd edim ki, 10 il bundan əvvəl sovet dövründən qalan istilik sistemləri binaların zirzəmilərində qırılıb tökülmüşdür. İstilik qurğuları olmadığından biz o vaxt elektrik qızdırıcılıarındın istifadə etməli olurduq. Bu da tez-tez qısaqapansmalara gətirib çıxarırdı.

Hazırda isə rayonda qazanxanalar tikilib istifadəyə verilmiş binaların çoxunda yeni istilik qurğuları quraşdırılmış, daha dəqiq desək rayonda istilik təsərrüfatı üzrə ötən dövr ərzində ayrı-ayrı ünvanlarda 840 p\m istismara yararsız borular dəyişdirilmiş,  190 saylı qazanxanada yenidən qurma işləri aparılmış müasir tipli qazanlar quraşdırılmışdır. Həmin qazanxanalardan 14 bina, 1 məktəb istilik alır. Onlar da əsaslı təmir olunur. 2 yeni qazanxana tikilmiş, avadanlıqlar quraşdırılmış, 48 bina da aşağı paylayıcı xətləri dəyişdirilmiş, yenidən qurma işləri aparılmışdır. Bu halları daha çox sadalamaq olar. 10 il bundan öncə əhali qaz sarıdan korluq çəkirdi. Tez-tez qazın kəsilməsində ehtiyatsızlıq ucbatından evlərdə partlayış halları da baş verirdi. Hazırda rayonda «Smart-kart» tipli sayğaclar quraşdırılmışdır. Ona görə də yuxarıda sadaladığım hallar da hazırda yoxdur. Dövlət Proqramı çərçivəsində 30-cu sahə QPS-dən çıxan və Keşlə qəsəbəsinə gedən Nizami - Keşlə qaz kəmərindən müxtəlif diametrli qaz xətləri çəkilmişdi, Bu istiqamətdə işlər yenə də davam etdirilir. Su təsərrüfatında da abonentlərə su sayğacları quraşdırılmış, rayonda 27 lift yenisi ilə əvəz olunmuşdur. 58 lift əsaslı təmir edilmişdir. Bir vaxtlar kələ-kötür olan yolların çoxusu asfaltlanmışıdr. Belə ki 864900 kv 2 əraziyə asfalt örtüyü salınmışdır.

Rayondakı uşaq baxçalarının demək olar ki hamısında məcburi köçkünlər məskunlaşıdığından bir sıra qruplar bağlanmış, uşaqların bağcada yerləşdirilməsində çətinliklər yaranmışdır. Çıxış yolu yeni korpusların və ya bir neçə qrup otaqlarının tikilməsində görülmüşdü. Lakin dövlət başçısının sərəncamı ilə Neft Fondundan ayrılan vəsait hesabına köçkünlər üçün yaşayış evləri tikirilib istifadəyə verildi, həmin evlərə köçkünlər köçürüldü, baxçalar əsaslı təmir olunaraq uşaqların ixtiyarına verildi.

Rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün əsas kapitala 141,9 milyon manat investisiya qoyulmuşdu. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,2 faiz artmışdır. 2013 - ildə pərakəndə ticarət dövrüyyəsi xeyli yüksəlmişdir. Rayon üzrə pərakəndə ticarət dövrüyyəsinin həcmi 13 faiz artaraq 1154,9 milyon manat olmuşdur. 2013 - ildə rayonda 1450 yeri açılmışdır. Onlardan 274 yeni açılmış, 51 mövcüd müəsissə və təşkilatlara, 1105 isə fiziki şəxslərə aiddi. 10 il bundan əvvələ nəzər salsaq görərik ki, 22914 yeri açılmışdır ki, onun 22817 daimidir. Orta əmək haqqı 436,4 manat olmuşdur. 10 il bundan öncəyə nəzər salsaq görərik ki əhalinin sosial vəziyyəti xeyli dəyişmişdi.

Rayonda ƏSMM-də 3352 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Bu yardımın orta aylıq məbləği hər ailə üçün 141,7 manat olmuşdur. Hazırda Mərkəzdən 4044 ailə ÜSY alır. 480 nəfər rayonda kimsəsiz və tənha qocalara, əlillərə evlərdə sosial və məişət xidməti göstərilir. Məşğulluq Mərkəzində axtaran kimi 549 nəfər qeydiyyata götürülmüş, onlardan 446 nəfəri işlə təmin olunmuşdur.

Dövlət başçısı 2011 - ci ildə 11 iyul tarixli, 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında sərəncam, sosial iqtisadi inkişafın hazırkı mərhələsində təhsilin mövcud problemlərini kompleks həll edilməsinə xidmət etmişdir. Bu barədə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz xanım İsrafilova belə deyir: Yeniləşən Azərbaycanın yeni təhsil sahəsində Nizami rayonu Bakı şəhərində birincilər sırasında gedir. Məktəb layihəsi çərçivəsində 2005-ci ildən bu günə qədər 300-dən çox yeni məktəb binası inşa olunub istifadəyə verilmişdir. Nizami rayon Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi rəsmi məlumata görə tələbə adını qazanan məzunların sayına görə iki dəfə 1-ci yerə, gül bayramında isə 3 dəfə 1-ci yerə çıxmışdır. Bu il 961 nəfər, yəni, 59,84 faiz tələbə adını qazanmışdır. 2012-2013-cü ildə rayon üzrə 14 nəfər qızıl medala laytq görülüb. Onların hamısı ali məktəblərə qəbul olunmuşdur. Hər il son zəng və bilik günündə bu rayonun 220 saylı lisey məktəbində oluram.

Məktəbin direktoru Almaz xanım Əsgərova hər dəfə çıxışını vətənpərvərliklə başlayıb, o notlar üzrə də qurtarır. O deyir ki, Qarabağ dərdini sağaltmaq üçün onun dərdlərinə sarılın ki, sağala bilsin. Almaz xanımın da yurdu yağı tapdağındadır. Bu dəfəki görüşümüzdə söhbət əsnasında bildirdi ki, müəllim bir bağbandır. Bağban yetişdirdiyi meyvələrlə fərəhləndiyi kimi, müəllim də şagirdlərinin yüksək göstəriciləri ilə fərəhlənir. Almaz xanımın rəhbərlik etdiyi məktəb qəbul nəticələrinə görə rayonda 1-ci yerə layiq görülüb. 2011-ci ildə 220 saylı məktəb, ötən il 59,30 faiz, 2011-ci ildə isə 65,05 faizə çatmışdır. “Almaz xanım, məktəbiniz 1-ci yerə layiq görüləndə hansı hissləri keçirdiniz?” deyə soruşanda  o hissləri sözlə ifadə etmək mümkün deyildi. “Mən bu təhsil ocağına direktor təyin olunanda çox çətinliklərlə qarşılaşdım. Məktəb təmirsiz idi, sinif otaqları çatışmırdı. İstilik sarıdan əziyyət çəkirdik. Ümumiyyətlə, rayonun birincilər sırasında olması ilk növbədə Nizami rayon rəhbərlərinin məktəblərə qayğılarından başlayır. Biz daima bu qayğını öz üzərimizdə hiss etdik. Uğurlu nəticələr əldə edə bildik. Ötən il rayon üzrə 11-ci sinifi bitirən məzunlardan 76 nəfəri, bu il isə 78 nəfəri Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına əsasən ali məktəblərə qəbul olunmuşdur. Xarici ölkələrə qəbul olunan ali məktəb tələbələrindən bizim məktəbin məzunları da var”, -deyir həmsöhbətimiz.

Almaz xanımın rəhbərlik etdiyi məktəb ən yaxşı ümumtəhsil məktəbi adına layiq görülüb. Qeyd edim ki ümumtəhsil məktəblərinin 1828 məzunundan 1606 nəfəri ali məktəbə sənət vermiş, onların 961 nəfəri ali məktəbə qəbul olunmuşdur. Hər il ənənəvi olaraq ali məktəblərə yüksək bal toplayan gənclərə icra strukturu tərəfindən qiymətli hədiyyələr verilir, onları təbrik edirlər. 98 məzun bu il 600-dən çox bal toplayıb, 33 nəfər isə 650 baldan çox nəticə göstərib.

Bu il «Bakcell» arena stadionunda 16 yaşlı qızlar arasında beynəlxalq futbol yarışları keçirildi. Bir vaxtlar isə həmin yer yarasız bir sahə idi. Ətraf binalarda yaşayanlar oranı həyətyani sahəyə çevirmiş, burada daxma düzəldib yaşayanlar da vardı. Gələcəkdə Nizami rayon Şərifli Azər, E.Süleymanov və Rüstəmov küçələrin kəsişməsində tunel yolunun tikilməsi nəzərdə tutulur. Bir vaxtlar göy çadrlara bürünmüş «talkuçkanın» yerində geniş və yaraşıqlı Heydər Əliyev parkı salınmış,  orada bayram şənlikləri keçirilir. İrigövdəli sıralanmış Xan çinarları, növbənöv həmişəyaşıl ağaclar, gül-çiçəklər, fəvvarələr göz oxşayır. 20 il bundan öncə olan «vasmoyun» yerində əzəmətli Nizami rayonu yaranıb.

 

 

 

Səriyyə Müslümqızı

Bizim yol.-2013.-18 dekabr.-S.11.