Nizami rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Fikirləşdim
ki, sakini olduğum rayon haqda yazmaq mənə çox asan
olacaq. Çünki müsabiqənin keçirilməsində
başlıca məqsəd Nizami rayonunda olan inkişafı və
çatışmazlıqları jurnalistlərin dilindən
eşitməkdir. Ona görə asan olacağını zənn
etdim ki, burada mən həm də bir vətəndaş, ən
başlıcası isə sakin mövqeyini ortaya qoymalıyam.
Mən Nizami rayonunun ən böyük qəsəbəsi olan
Keşlədə yaşayıram.
Daimi qeydiyyatım da buradır, hətta orta məktəbi də bu qəsəbədə oxumuşam. Nizami rayonunda yerləşən 201 saylı orta məktəbin məzunuyam. Bunları təsadüfən xatırlatmadım. Yəni demək istəyirəm ki, son illər ərzində rayonda və qəsəbədə baş verən yeniliklər mənim gözümün önündə olub. Təbiidir ki, Nizami rayonunda gedən inkişaf heç də hansısa azad iqtisadi zonada olan dəyişikliklər təsirini bağışlamır. Bu inkişaf ölkənin sürətli və dinamik tərəqqisinin bir parçasıdır. Ancaq buna baxmayaraq, rayonun inkişafında rəhbərlərin də böyük rolunun olduğunu danmaq olmaz. Hazırda Nizami rayonuna Tahir Budaqov adlı şəxs rəhbərlik edir. Süzügedən dövlət məmurunu şəxsən tanımıram, ancaq bir neçə ay əvvəl rastlaşdığım konkret situasiya rayonda rəhbərliyin əmin əllərdə olduğunu deməyə əsas verir.
Bu ilin sentyabr ayının 24-ü idi. Bakıya çox güclü yağış
yağırdı. Yaşadığımız
məhəllədə indiyə qədər görmədiyimiz
bir vəziyyət yaranmışdı. Kanalizasiya
və kollektorların yağış sularını çəkməyə
gücü çatmırdı. Həyətləri
su basmışdı. Gecə saat 2-də hamı
küçəyə çıxıb imdad diləməyə
adam axtarırdı.
Sakinlərdən
kimsə Nizami Rayon İcra Hakimiyyəti başçısının
Keşlə qəsəbəsi üzrə nümayəndəsi
Qara Qarakişiyevə zəng vurmağı məsləhət
gördü. Düzü, bu təklif mənə
gülməli gəldi və fikirləşdim ki, gecə saat
2-də Qara müəllimin burada nə işi var? Yəqin ki, yatmış olar. Ona
zəng edildi. Doğrudan da yatmışdı.
Ancaq qəsəbədəki həyətləri su basıb
sözünü eşidəndə reaksiyası belə oldu:
"uzağı 20 dəqiqəyə oradayam". Qara müəllimdən əvvəl sakinlər
başqa əlaqədar qurumlara da zəng vurmuşdu. Məsələn, "Azərsu"nun reaksiyası
belə olmuşdu ki, bütün maşınlarımız
xidmətə yollanıb, heç nə edə bilmərik.
Qəsəbənin icra nümayəndəsi
hadisə yerinə gələn kimi, dərhal rayonun
bütün əlaqədar strukturları ilə əlaqə
saxladı. Yarım saatdan sonra rayonun əlaqədar
qurumlarının bütün rəhbərləri hadisə
yerində toplaşdı. Düzü,
Nizami rayonunun əlaqədar qurumları arasındakı
koordinasiyanın bu şəkildə qurulması məni
çox təəccübləndirdi. Vəziyyətin
get-gedə ciddiləşdiyini görən idarə rəhbərlərinin
hərəsi bir tərəfə yollandı. Təxminən bir saatdan sonra onlar "Azərsu"ya
məxsus bir neçə maşınla geri döndü.
Yaranmış qəzanın fəsadları səhərə
kimi aradan qaldırıldı. Ən diqqətçəkən
isə Nizami rayonunda çalışan məmurların
davranışı oldu.
Bircə bu fakt mənə Nizami rayonunun idarə
olunmasında ciddi nizam- intizamın, qurumlar arasındakı
koordinasiyanın möhkəm olduğunu söyləməyə
əsas verir. Maraqlıdır ki, həmin
hadisədən sonra rayon rəhbərliyi yalnız qəzanın
fəsadlarının aradan qaldırılması ilə kifayətlənmədi.
Bir aydan sonra Nizami rayon rəhbərliyinin təkidli tələbləri
səmərə verdi. Keşlə qəsəbəsinin
bütün kanalizasiya sistemi yenidən qurulmağa
başladı, qəsəbədaxili ara
yolların hamısına asfalt döşəndi.
Bakının qədim yaşayış məntəqələrindən
sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi
bölgüsünə daxildir. Qəsəbənin ərazisi
10,4 kv. km-dir. Qəsəbədə
Rayon İcra Hakimiyyəti başçısının
Keşlə qəsəbəsi inzibati ərazi dairəsi
üzrə nümayəndəliyi fəaliyyət göstərir.
Rayonda yerli özünüidarəetməni
Nizami və Keşlə bələdiyyələri həyata
keçirir. Nizami rayonu Nərimanov,
Sabunçu, Suraxanı və Xətai rayonlarının
inzibati əraziləri ilə əhatə olunur. Heydər
Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə
yeni inşa olunmuş müasir yolötürücü
kompleksləri ilə yanaşı, "Koroğlu",
"Qara Qarayev", "Neftçilər" və
"Xalqlar dostluğu" metro stansiyaları Bakı şəhərinin
yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə
malikdir.
Rayon əhalisinin sayı 191927 nəfər təşkil
edir. Əhalinin daimi pasport qeydiyyatı üzrə 23727 nəfəri
Keşlə qəsəbəsində, 42203 nəfəri 1
nömrəli, 45285 nəfəri 2 nömrəli, 80712 nəfəri
isə 3 nömrəli sahə inzibati ərazi dairələrində
yaşayır.
Nizami
rayonu haqqında maraqlı bir statistikaya nəzər salaq:
Yaranma
tarixi -1980-ci il
Əhalisi 191927 - nəfər
Əhalinin orta sıxlığı - 8277 nəfər/kv.km
Ərazisi - 0.02 min. kv.km
Qəsəbələrin
sayı - 1 ədəd
İri dövlət və şəxsi müəssisələrinin
sayı - 54 ədəd
Əhalinin cinsi xüsusiyyətlərə görə
bölgüsü (kişi) - 79296 nəfər;
(qadın) - 86249 nəfər
Əhalinin yaşlara görə bölgüsü
(uşaqlar) - 46187 nəfər; (18 yaşa qədər) - 57279
nəfər; (18-dən 55-ə) - 90553 nəfər; (18-dən
60-a) - 96844 nəfər; (pensiyaçılar) - 6389 nəfər;
Ali təhsilli
əhalinin sayı - 26487 nəfər
Orta təhsilli
əhalinin sayı - 47511 nəfər
Rayonda məskunlaşan qaçqınların sayı -
7988 nəfər
Rayonda məskunlaşan məcburi köçkünlərin
sayı - 12840 nəfər
Məktəbəqədər
uşaq müəssisələrinin sayı - 32 ədəd
Ümumtəhsil məktəblərinin sayı - 24 ədəd
Texniki, orta ixtisas və peşə məktəblərinin
sayı - 4 ədəd
Ali təhsil
müəssisələrinin sayı - 1 ədəd
Xəstəxanaların
sayı - 5 ədəd
Rayonun son il üçün iqtisadi
göstəricilərinə diqqət yetirək.
Sənaye
sahəsi üzrə:
2013-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət
göstərən müəssisələr tərəfindən
308,2 milyon manat dəyərində məhsul
istehsal edilib və xidmətlər göstərilib ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
5,8 faiz çoxdur. İstehsal olunmuş məhsulun 35,7 faizi qeyri-dövlət sektoruna aiddir.
Ötən ilin müvafiq dövrünə nisbətən
beton, gips və sement məmulatlarının istehsalı 2 dəfə,
zeytun yağı istehsalı 44,9 faiz, kakao yağı
istehsalı 46,2 faiz, sərinləşdirici içki
istehsalı 7,7 faiz, süd məhsullarının istehsalı
2,7 faiz, duz istehsalı 26,7 faiz çox olub.
Müəssisələr tərəfindən bazar
münasibətlərinin düzgün qurulması nəticəsində
2013-cü ilin yanvar-sentyabr aylarında istehlakçılara 315
milyon manatlıq məhsul göndərilib. 2013-cü il 1
oktyabr vəziyyətinə müəssisələrin
anbarlarında hazır məhsul qalığının həcmi
2,4 milyon manatlıq olub.
Tikinti sahəsi üzrə:
2013-cü ilin 9 ayında yerinə yetirilən podrat
işlərinin həcmi 389,4 milyon manat
olaraq, ötən ilin müvafiq dövrünə nisbətən
51,1 faiz artıb.
Cari
ilin yanvar-sentyabr aylarında rayonda iqtisadiyyatın və sosial
sahələrin inkişafı üçün bütün
maliyyə mənbələri hesabına əsas kapitala 141,9 milyon manat həcmində investisiya yönəldilib
ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən
57,2 faiz çox olub. Əsas kapitala yönəldilmiş
investisiyaların 134,8 milyon manatı və
ya 95,0 faizi dövlət, 7,1 milyon manatı və ya 5,0 faizi
qeyri-dövlət müəssisələrinə aiddir.
Adambaşına düşən investisiyaların həcmi 141,9 manat olub.
Hesabat dövrü ərzində istifadə edilmiş
investisiyaların 91,5 milyon manatı və
ya 64,5 faizi tikinti-quraşdırma işlərinə sərf
edilib ki, bu da, öz növbəsində, keçən ilin
müvafiq dövrünə nisbətən 46,2 çox olub.
Ticarət
sahəsi üzrə:
69 ay ərzində əmtəə dövriyyəsi və
pullu xidmət göstəriciləri xeyli yüksəlib.
Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin
həcmi 13,0 faiz artaraq 1154,9 milyon manat, əhaliyə
göstərilən pullu xidmətlərin real həcmi isə
174,9 milyon manat olub.
İlin əvvəlindən özəl müəssisələrin
fəaliyyət dairəsi daha çox genişlənib və
rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallara olan tələbatının
ödənilməsində onlar müstəsna rol oynayıb.
Pərakəndə ticarət dövriyyəsinin demək olar
ki, 100,0 faizi, pullu xidmətlərin 81,8
faizi bu müəssisələr hesabına əldə edilib.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində əhaliyə
115,7 milyon manatlıq pullu xidmətlər
göstərilib. Pullu xidmətlərin 42,9
milyon manatı və ya 37,1 faizi hüquqi şəxslər,
72,8 milyon manatı və ya 62,9 faizi fiziki şəxslərin fəaliyyəti
hesabına olub. Hüquqi şəxslər tərəfindən
əhaliyə göstərilən pullu xidmətlərin həcmi
ötən ilin müvafiq dövrünə nisbətən 60,9 faiz artıb, fiziki şəxslər tərəfindən
isə 84,4 faiz təşkil edib.
Rabitə
və nəqliyyat sahəsində
2013-cü ilin yanvar-sentyabr aylarında rabitə sahəsində
79,2 milyon manat dəyərində, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 2,2 dəfə çox, nəqliyyat
sahəsində 51,7 milyon manat dəyərində, əvvəlki
ilin müvafiq dövründən 11,7 faiz çox xidmətlər
göstərilib.
Rayon rəhbərliyi ictimaiyyət, KİV nümayəndələri
ilə də sıx əməkdaşlıqda maraqlıdır.
19
noyabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyəti və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun birgə təşkilatçılığı
ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi
informasiya vasitələri arasında əməkdaşlığın
inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib.
Konfransı Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov açaraq, kütləvi
informasiya vasitələri ilə rayon icra hakimiyyətləri
arasında yaranmış əməkdaşlığın
daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
çıxış edərək bu kimi konfransların
keçirilməsində əsas məqsədin kütləvi
informasiya vasitələri ilə icra hakimiyyəti orqanları
arasında qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsi olduğunu diqqətə
çatdıraraq, media rəhbərləri və təmsilçilərini
tədbir iştirakçılarına təqdim edib.
Mətbuat Şurasının sədri Əflatun
Amaşov Azərbaycan mətbuatının tarixindən və
son dövrdə keçdiyi inkişaf yolundan söz açaraq,
respublikada mətbuatın inkişafı istiqamətində
dövlət tərəfindən də zəruri işlərin
görüldüyünü vurğulayıb.
Daha
sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir
Budaqov Nizami rayonu haqqında kütləvi informasiya vasitələrinə
məlumat verərək, son beş ildə
rayonun sosial-iqtisadi inkişafından, qaz, su, istilik, elektrik
enerjisi təchizatının
yaxşılaşdırılması istiqamətində
görülən işlərdən və aparılan
abadlıq, quruculuqdan söz açıb. Həmçinin
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı və 2011-2013-cü illərdə
Bakı şəhərinin və onun ətraf qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına
uyğun olaraq rayon ərazisində xeyli işlər
görüldüyünü diqqətə
çatdırıb. Bundan əlavə, rayon əhalisini
narahat edən mövcud problemlərin aradan
qaldırılması məqsədilə yeni hazırlanacaq
"Azərbaycan Respublikası regionlarının
2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na daxil edilməsi
üçün müvafiq təkliflərin verildiyini bildirib.
Konfransın sonunda "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində məqsədin Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasından və peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət olduğu diqqətə çatdırılıb.
Biz də bu müsabiqə kontekstində çalışdıq ki, Nizami rayonundakı real vəziyyəti ictimaiyyətin diqqətinə çatdıraq.
İnkişaf perspektivləri real vəziyyətdən çox asılıdır. Nizami rayonundakı vəziyyətin bütün sahələr üzrə təhlili vəziyyətin qənaətbəxş olduğunu söyləməyə əsas verir. Gözəl reallıq isə uğurlu perspektivin əsas təminatçısıdır. Arzu edirik ki, rayon daha böyük uğurlara imza atsın.
Məhəmmədəli QƏRİBLİ
Bakı xəbər.-2013.-17 dekabr.-S.12.