Səhiyyə sisteminin təkmilləşdirilməsi üzrə dövlət siyasəti və proqramlarının ictimai məzmunu...

 

Səhiyyənin xalqa xidmət etməsi hər zaman arzulanan olub. Səhiyyənin imkanları artdıqca bunun ictimaiyyətə daha çox xeyri dəyir. Yeni xəstəxanaların inşası, köhnə xəstəxana binalarının əsaslı təmiri, yeni korpusların tikilib istifadəyə verilməsi yaxşı göstəricidir. Son dövrdə Azərbaycan səhiyyəsinin inkişaf yolu tutması son illər dövlət tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Səhiyyənin tərəqqiyə doğru addımlaması özünü bir neçə istiqamətdə göstərir. Onlardan biri də səhiyyə sisteminin yenidən qurulması, müasir tipli səhiyyə ocaqlarının inşa edilməsi, əsaslı təmiridir. Son illər Bakı ilə yanaşı bölgələrdə də yeni səhiyyə ocaqları, tibb mərkəzləri inşa edilir.

İctimai və dövlət maraqlarının təmin edilməsində görülən işlərin rolu böyükdür. Həkim Sevinc Əzimbəyli bildirdi ki, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası respublikamızın bütün bölgələrində böyük tikinti-quruculuq işləri ilə müşahidə olunmaqdadır: "Ümumiyyətlə, bölgələrdə səhiyyə ocaqlarının tikintisinə daha çox ehtiyac var. Çünki əyalətlərdə yaşayanların şəhərə əli çatmır, odur ki, bu müalicə mərkəzləri onların dadına yetir. Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər birmənalı olaraq ictimaiyyətin maraqlarını müdafiə edir. İctimaiyyətin geniş müzakirə etdiyi bu islahatlar böyük nəticələr verir. Əslində təzə səhiyyə ocaqlarının tikintisi bölgələrin dirçəlişini, gələcək inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanın bölgələrində ictimaiyyətin uzun illərdən bəri qarşılaşdığı səhiyyə problemləri arxada qalmaq üzrədir. Çünki dövlət xəttilə regionlarda tikilən səhiyyə ocaqlarının ictimaiyyətə, bölgələrdə yaşayan vətəndaşlarımıza faydası böyükdür. Vaxt vardı ki, adi bir məsələ üçün onlar əyalətdən paytaxta gedirdilər. İndi isə bölgələrin əhalisinin bu problemi aradan qalxmaqdadır. Azərbaycan dövləti, müxtəlif dövlət qurumları, o cümlədən də Azərbaycan Dövlət Neft Şirkəti, Heydər Əliyev Fondu bölgələrdə yeni səhiyyə ocaqlarının tikintisinə, köhnə binaların təmirinə vəsait ayırırlar. Bunu da, təbii ki, region ictimaiyyəti böyük rəğbətlə qarşılayır".

Səhiyyə eksperti qeyd etdi ki, son illər bölgələrdə tikilən xəstəxanaların sayı artır. Həkimin sözlərinə görə, bu xəstəxanaların inşası, təmiri, yenidən qurulması birbaşa ictimaiyyətin dövlətə sosial sifarişidir ki, dövlət də bunun öhdəsindən uğurla gəlir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası respublikamızın digər bölgələrində olduğu kimi, Ağsu rayonunda da böyük tikinti-quruculuq işləri ilə müşahidə olunmaqdadır: "Mən özüm əslən ağsuluyam. Orada baş verən quruculuq işlərini gözümlə görmüşəm. Rayonda yeni tikilən binalar, genişlənən yollar, salınan parklar Ağsunun infrastrukturunu tamamilə dəyişdirib. Dövlət Proqramının icrası çərçivəsində rayonun digər sahələrinə olduğu kimi, səhiyyə sahəsinə də ciddi fikir verilir. Belə ki, rayonun Göyçayla giriş qapısı yenilənir, yeni mədəniyyət, istirahət parkı salınır. Parkda fəvvarə, oturacaqlar, yaşıllıq zolağı və gecə gəzintisi üçün istirahət guşələri yaradılır. Parkı işıqlandırmaq üçün 150 lampadan istifadə olunacaq. Bu isə şəhərin görünüşünə xüsusi gözəllik qatacaq. Abadlıq işləri çərçivəsində Ağsu regionu üçün əhəmiyyətli olan 3 inzibati bina inşa olunur. Bu binalardan biri Rayon Mərkəzi Xəstəxanasıdır ki, artıq binanın bütün mərtəbələri tikilib. Rayonda yeni xəstəxananın tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat məbləğində vəsait ayrılıb. Ümumilikdə 3 hektar ərazidə ucaldılan xəstəxana kompleksi 3 korpusdan ibarət olacaq. Burada əsas korpusdan əlavə vərəm və yoluxucu xəstəliklər üçün nəzərdə tutulmuş korpuslar da inşa ediləcək. Xəstəxana ən son tibbi avadanlıqlarla təchiz olunmaqla, nəinki Ağsu, həm də region sakinlərinə də xidmət göstərəcək. Yerli sakinlər də rayonda yeni xəstəxana kompleksinin tikintisindən və ümumiyyətlə, səhiyyə xidmətlərinə dövlət qayğısından razılıqlarını ifadə edir. Sakinlərin dediyinə görə, məhz bu qayğının nəticəsidir ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Sakinlər xəstəxananın baş həkimindən razıdır. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışır".

Ekspert dedi ki, hazırda Ağsu Rayon Mərkəzi Xəstəxanasında 195 çarpayılıq yerdən ibarət olmaqla 7 şöbə fəaliyyət göstərir. Xəstəxananın nəzdindəki mama-ginekoloji, terapiya, infeksion və poliklinika şöbələri maddi-texniki bazası və kadr potensialına görə xüsusilə seçilir. Hazırda rayonda 15 həkim məntəqəsi və 19 tibb məntəqəsi də əhaliyə tibbi xidmət göstərir. Şöbələrdə tibbi xidmət yüksək səviyyədə təşkil olunur. Hazırda Ağsu Rayon Mərkəzi Xəstəxanasında inkişaf etmiş cərrahiyyə şöbəsi var: "Bildiyimə görə, xəstəxanada 1300-dək şəkərli diabetdən əziyyət çəkən xəstə qeydiyyatdadır. Həm də xəstəxanada peşəkar cərrahlar fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramı çərçivəsində inşa olunan Rayon Mərkəzi Xəstəxanası bölgə üçün xüsusi əhəmiyyət daşıyır. Rayonda beynəlxalq tələblərə cavab verən belə bir xəstəxananın inşa edilməsi təkcə Ağsu deyil, ətraf rayonlarda da əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını xeyli asanlaşdıracaq. Bu xəstəxana böyük bir kompleksdən ibarətdir. Hələ Şirvan bölgəsində belə bir xəstəxana inşa edilməyib. Artıq xəstəxananın 3-cü mərtəbəsinin tikintisi başa çatıb. Xəstəxana binası ilə paralel Vərəm Dispanseri üçün də yeni korpus tikilir. Həmin tikililər 2014-cü ilə qədər istifadəyə veriləcək. Rayonda Diaqnostika Mərkəzi də inşa edilir. Yeni tikilən xəstəxanada böyrək çatışmazlığı olan xəstələrin böyrək dializi şöbəsi də fəaliyyət göstərəcək. Yeni tibb müəssisələrinin tikintisi rayonun bəzi kəndlərində də davam edir. Məsələn, artıq Çaparlı kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanıb. Ümumilikdə rayonun kəndlərində 38 tibb müəssisəsi fəaliyyət göstərir. İndiyədək 9 tibb müəssisəsində əsaslı təmir işləri aparılıb. Dövlət Proqramına əsasən, yerdə qalan tibb müəssisələrinin də əsaslı təmir edilməsi nəzərdə tutulub".

S.Əzimbəylinin dediyinə görə, respublikanın regionlarında inşa edilən xəstəxanaların, diaqnostika mərkəzlərinin açılış mərasimlərinə dövlət başçısının qatılması təqdirəlayiqdir. Ekspert bildirdi ki, bu gün Şəki, Zaqatala, Astara, Ağcabədi, Ağsu, Şamaxı və digər rayon və şəhərlərdə tikilən, yenidən qurulan səhiyyə müəssisələri ictimaiyyətə böyük fayda verir":Dediyim kimi, bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin regionlarda da inşası Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha təsdiq edir. Xəstəxanada aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər var. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilib. Xəstəxanada uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də fəaliyyət göstərir. Bu şöbələr də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıqla təchiz olunub".

Həkim dedi ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Həkimin sözlərinə görə, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanıb: "Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaq. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən belə tədbirlər ölkəmizin səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb. Dövlət başçımız həmin mərasimdə çıxış edib. O bildirib ki, Xaçmaz Rayon Xəstəxanasının əsaslı şəkildə təmiri region sakinlərinə dövlətin hədiyyəsidir: "...Eyni zamanda, deyə bilərəm ki, bütün şimal zonasının səhiyyə problemləri öz həllini tapmaqdadır. Bakıdan Xaçmaza qədər bütün rayonlarda - Siyəzəndə, Şabranda səhiyyə ocaqları tikilib. Bu yaxınlarda Xızıda gözəl Müalicə-Diaqnostika Mərkəzi tikilib. Qubada da Müalicə-Diaqnostika Mərkəzi tikilib və Rayon Xəstəxanası təmir edilib. İndi Xaçmazın, demək olar ki, səhiyyə ilə bağlı bütün əsas məsələləri öz həllini tapır. Qusarda böyük xəstəxana tikilir, yaxın zamanlarda istifadəyə veriləcək. Yəni xəritəyə baxsaq görərik ki, Bakıdan ta sərhədə qədər bütün rayonlarda ya mərkəzi rayon xəstəxanaları əsaslı təmir edilib, ya da ki, yeni diaqnostika mərkəzləri tikilib. Bütün başqa bölgələrdə də buna oxşar işlər gedir. Bütün bölgələrdə səhiyyə ocaqları tikilir, xəstəxanalar təmir edilir, avadanlıq quraşdırılır. Bir sözlə, son illər ərzində Azərbaycanda səhiyyə ilə bağlı problemlər uğurla həllini tapır. Bunu həm Azərbaycan vətəndaşları görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər". Prezidentimizin fikirlərindən də görürük ki, region ictimaiyyətinin sağlamlığının qorunmasında dövlət çox maraqlıdır və buna görə də böyük tədbirlər həyata keçirir. Region ictimaiyyəti dövlətin bu addımlarını təqdir edir. İctimaiyyətin sosial müdafiəsi dövlətin nəzərindədir. Düşünürəm ki, regionlarımızın dirçəlişi prosesi günü-gündən daha da sürətlənəcək".

Həkim bildirdi ki, bu gün regionlarda səhiyyə inkişaf edir. Onun sözlərinə görə, hətta bölgələrdə ən ağır əməliyyatların aparılması təcrübəsi də formalaşmaqdadır. Bölgə səhiyyəsinin dövlət və ictimai maraqlar üzərində inkişaf etdiyini deyən ekspert hesab edir ki, region səhiyyəsinin gələcəyi daha da parlaq olacaq.

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-20 dekabr.-S.15.