Azərbaycana gələn turistlərin tarix-mədəniyyət
abidələrinə marağı
sürətlə artır
Bahadur Bilalov: "Mədəni
turizm mövsümlə
əlaqəli deyil"
"Ölkəmizə
gələn turistlərin
əksər hissəsini
daha çox tarixi mədəniyyət nümunələrimiz maraqlandırır"
Tarixi mədəniyyət abidələri
turizmin inkişafına
təsir göstərən,
ölkənin turistlər
üçün cəlbedici
olmasını şərtləndirən
mühüm faktorlardandır.
Çünki istənilən ölkəyə
səyahət edən
turist həmin ölkənin tarixinə, yaşayış tərzini
əks etdirən maddi mədəniyyət nümunələrinə maraq
göstərir.
Öz növbəsində
hər bir ölkə də qədimliyini, bəşər
sivilizasiyasının formalaşmasındakı
rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs
nümunələrindən faydalanmış olur. Turizm də, öz növbəsində, ölkənin
mədəni irsinin dünyaya tanıdılmasında
vasitə rolu oynayır.
Ərazisində qədim yaşayış
məskənlərinin, abidələrin
olduğu Azərbaycanda
son dövrlər turizmin
digər növləri
ilə yanaşı, mədəni turizmin inkişafına xüsusi önəm verilir. 2008-ci ildə Heydər
Əliyev Fondu tərəfindən bərpa
edilərək istifadəyə
verilən Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi hazırda minlərlə yerli və xarici
turistlərin axışdığı
məkanlardandır. "Atəşgah məbədi"
Dövlət Tarix-Memarlıq
Qoruğunun cəlbedici
turizm obyektinə çevrilməsi məqsədilə
ölkə rəhbərliyi
tərəfindən bir
milyon manat vəsait ayrıldı.
Qeyd edək ki, turist
planlaşdırılmış müəyyən əraziyə
təkcə seyr-tamaşa,
yaxud boş vaxtını əyləncələrlə
keçirmək üçün
gəlmir. Hər bir
turist öz fərdi maraqlarından asılı olaraq gəzdiyi yerlərin tarixini, mədəniyyətini,
milli xüsusiyyətlərini,
adət və ənənələrini, yerli
maraqlı cəhətləri
öyrənməyə can atır.
Bu onun dünyagörüşünü,
mənəviyyatını, estetik duyumunu zənginləşdirir. O, uzun müddət gəzdiyi yerlərin yaddaqalan təəssüratlarından
həzz almaq istəyir. Məhz təşkilatçı turizm işini təşkil edərkən
və onu planlaşdırarkən bu
vacib amilləri nəzərdən qaçırmamalıdır.
Turistlərin xalqın mədəni
irsinə olan marağı tarix və mədəniyyət
abidələrinin qorunub
mühafizə olunması
məsələsini daha
da aktuallaşdırır.
Turizm mərkəzləri tarix və mədəniyyət
abidələrinin əhəmiyyətini
həm də kommersiya maraqlarına uyğun olaraq qiymətləndirməyə və
onların mühafizə
olunması imkanlarını
genişləndirməyə məhkumdurlar. Bakı və
Abşeron yarımadası
daha çox qədim qalaları, tarixi abidələri ilə diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən
turizm obyektlərinin əksəriyyəti də
bu ərazidə yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin məlumatına
görə, Bakı-Abşeron
ərazisində 98 mehmanxana
və mehmanxana tipli obyekt nazirliyin
lisenziyası əsasında
fəaliyyət göstərir.
Naxçıvanın coğrafi mövqeyi,
özünəməxsus iqlimi,
fauna və florası,
tarix-mədəniyyət abidələri
turizmin inkişafı
üçün əlverişli
stimul yaradır.
Təkcə tarixi abidələrinin
sayı 1165-dtr.
Ekspertlərin bildirdiyinə görə,
Azərbaycanda mədəni,
tarixi turizm çox zəifdir. Ölkədə dövlət tərəfindən
qorunan 6308 tarix və mədəniyyət
abidəsinin 65-i dünya,
2034-ü ölkə, qalanları
isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya irs
siyahısına Azərbaycandan
İçərişəhər, Şirvanşahlar sarayı
və Qız qalası salınıb. İçərişəhər Tarix-Memarlıq Qoruğunun
ərazisindəki 10 dünya,
27 ölkə əhəmiyyətli
abidə maraqlı turizm obyektləridir.
Turizm üzrə mütəxəssis, "Sevgün
Travel" şirkətinin rəhbəri
Bahadur Bilalov "Bakı-Xəbər"ə açıqlamasında
qeyd etdi ki, ilin bütün
fəsillərində turistləri
cəlb etmək istəyən ölkələrdə
mədəni turizmin inkişafına xüsusi önəm verilir: "Çünki mədəni
turizm mövsümlə
əlaqəli deyil. Ölkəmizdə də turizmin
bu növünün inkişaf etdirilməsi üçün böyük
işlər görülür.
Hazırda statistikaya əsasən, respublikamızın
ərazisində 7000-ə yaxın
tarixi abidə var. Təəssüflər olsun
ki, bəzi abidələrimiz haqqında
nəinki xaricilər,
hətta yerli mütəxəssislər də
az məlumata
malikdir. Bu abidələrin
pasportlaşdırılması, yerləşdikləri ərazilərə
turizm marşrutunun müəyyən edilməsi
mühüm önəm
kəsb edir. Əgər biz ölkəmizdəki
abidələrdən turizm
məqsədi üçün
lazımi səviyyədə
istifadə etsək, xeyli sayda turist
cəlbinə nail ola bilərik.
Turistlərin
bir qismi teatrla, bəziləri tarixi-memarlıq abidələri
ilə maraqlanır.
Ölkəmizə gələn turistlərin
əksər hissəsini
daha çox tarixi mədəniyyət nümunələrimiz maraqlandırır.
Azərbaycanın ən böyük
mədəni turizm marşrutlarından biri
"İpək yolu"
marşrutudur. Mədəni turizm həvəskarlarını
Qobustan qayaüstü
rəsmləri, İçərişəhər,
Şirvanşahlar sarayı,
Qız qalası da çox maraqlandırır.
Maraqlıdır ki, biz Qız
qalasını turistlərə
müdafiə istehkamı
kimi təbliğ ediriksə, yaponlar onu bir astrofizika
obyekti kimi dəyərləndirirlər. Bundan başqa, biz mədəni turizm həvəskarlarına
Atəşgahı, Yanardağı,
Ramana və Mərdəkan qalalarını,
yeni yaradılmış
Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini təqdim edirik. Ölkəmizə gələn yapon
turistləri Şəkiyə
də böyük maraq göstərirlər.
Yolüstü onlara Diri baba məqbərəsi, Şamaxıda Cümə
məscidi və Yeddi Günbəz məqbərə-kompleksi göstərilir".
Ekspertin sözlərinə görə,
Bakıya gələn
turistlərin böyük
hissəsi Suraxanıdakı
Atəşgaha, həmçinin
Qobustana gedirlər.
Azərbaycana gələn
turistlər əsasən
tarixi-mədəni abidələri
ziyarət etməyə
meyllidirlər: "Şəki
şəhərindəki qədim
Kiş məbədinə,
Qax rayonundakı Hamam pirinə mütəmadi gəzintilərimiz
olur. Həmçinin Quba rayonunun
Xınalıq kəndinə
və İsmayıllı
rayonunun Lahıc qəsəbəsinə təşkil
etdiyimiz etnoqrafik turlar da turistlərin
çox xoşuna gəlir".
Həmsöhbətimiz qeyd
etdi ki, turizm sektorunun inkişafında mühüm
rol oynayan bir çox tarixi abidələrin restavrasiyasına ehtiyac var: "Məsələn,
vaxtilə Albaniya dövlətinin paytaxtı
olmuş qədim şəhərin hazırda
bir hissəsi uçub-dağılıb, bir
qismi isə torpağın altında qalıb. Qəbələ
şəhərinin hazırkı
turizm imkanlarını
nəzərə alsaq,
onun beş
addımlığında yerləşən
bu qədim tarixi məkanın acı görüntüsü,
sadəcə, təəssüf
doğurur".
Günel CƏLİLOVA
Bakı xəbər.-2013.-23 dekabr.-S.12.