Azərbaycanda regional idmanın inkişafı üzrə dövlət proqramları ictimai mənafenin tərkib hissəsidir

 

 İdman Azərbaycan xalqının həyatında, ictimai görüşlərində mühüm rol oynayır. Xalqımız ta qədim çağlardan indiyə qədər böyük bir idman mübarizəsinə şahidlik edib. Bilirik ki, Azərbaycanda idman günü-gündən inkişaf edən, təkmilləşən sahələrdən biri kimi diqqəti cəlb edir.

 İdman eksperti Niyazi Salmanlı bizimlə söhbətində dedi ki, Azərbaycan dövlətinin ictimai maraqların müdafiəsi istiqamətində həyata keçirdiyi siyasətin başlıca prinsiplərindən biri idmanın inkişafıdır: "İdman inkişaf edirsə, bu o deməkdir ki, gənclərin yüksək fiziki hazırlığı formalaşır, onların mənəvi tərbiyəsi yüksəlir. Dövlətin apardığı idman siyasəti sayəsində respublikamız bir idman aləminə çevrilib. Ölkənin elə bir yeri yoxdur ki, orada idmanın irəliləməsilə əlaqədar tədbirlər həyata keçirilməsin. Ölkəmizin ən ucqar rayonlarında, qəsəbələrində belə, idman kompleksləri, stadionlar inşa edilib. Bu komplekslər, idman meydançaları uşaqların və gənclərin ixtiyarına verilib. Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı olan layihələrdə idmanın inkişaf etdirilməsi məsələsinə də xüsusi diqqət yetirilir. Regionlarda idmanın inkişafı əhalinin ürəyindən olan bir məsələdir. Ucqarlarda idman komplekslərinin yaradılması, bura gənclərin cəlb edilməsi, bir idman məktəbi kimi fəaliyyəti təqdirəlayiqdir".

   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Niyazi Salmanlının dediyinə görə, regionlarda idmanın inkişafına ayrılan diqqət gənclərin kütləvi olaraq sağlamlıq ünvanı olan idmana marağını artırır: "Azərbaycanın hər yeri bir idman ünvanına çevrilib. Bu da onunla bağlıdır ki, həm ölkədə güclü sosial-iqtisadi yüksəliş müşahidə edilir, həm də Azərbaycan dövlətinin idman siyasəti mükəmməldir. Azərbaycanda idman komplekslərinin inşa edilməsi gənclərin qarşısında yeni yollar açır. Bir neçə il əvvəl nəinki ucqarlarda, heç şəhər və rayon mərkəzlərində idman sarayları, salonları yox idi, var idisə də, bərbad vəziyyətdə idi. Amma bu gün hər şey dəyişib. Hər yerdə idman kompleksi var. Mən Astara rayonunda idman kompleksinin açılışını yaxından izlədim. Çox maraqlıdır ki, bir neçə il əvvələ qədər astaralıların heç ağlına gəlməzdi ki, idman kompleksləri olacaqonun da açılışında dövlət başçımız iştirak edəcək. Dövlət başçısı həmin tədbirdə dedi ki, bu, Astara rayonunun həyatında çox əlamətdar bir gündür: "Bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır. Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır".

   Prezident onu da vurğuladı ki, idmana Azərbaycanda çox böyük diqqət göstərilir və dövlətin siyasəti də idmanın inkişafına yönəldilib. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanır. Dünya çempionatlarında, olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır".

   Ekspert bildirdi ki, 2012-ci ilin "İdman ili" elan edilməsi Azərbaycanın idman həyatına daha parlaq rəng qatıb. Onun dediyinə görə, bunun da çox gözəl göstəricisi əldə olunan nailiyyətlərdir: "Bu onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. "İdman ili" çərçivəsində müxtəlif tədbirlər keçirilib. Dövlət başçısı həmin tədbirdə onu da qeyd etdi ki, "İdman ili"ndə idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirdilər. Ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib".

   Ekspertin sözlərinə görə, Azərbaycanda ən yüksək səviyyəli idman yarışının keçirilməsi üçün tələb olunan bütün qurğular, texniki vəsaitlər var: "Ölkəmizin kifayət qədər idman qurğuları var. Tikilməkdə olan, tikilmiş və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız, idman uğurlarımız var. Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır. Sosial infrastrukturun yaradılması prosesi uğurla gedir. Bunun nəticəsində bir sıra sahələr inkişaf edir. Müstəqillikdən bu yana Azərbaycanın idman həyatında çox böyük dəyişikliklər olub. Ölkə idmançıları bu sahədə böyük nailiyyətlər əldə edib. Biz haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək inkişafa istiqamətləndirilib. Cənab Prezident Astarada onu da dedi ki, Astarada da, başqa bölgələrdə də idmanın sürətli inkişafı çox gözəl hadisədir: "Mən ürəkdən sevinirəm ki, bu gün Astarada da idmanla məşğul olmaq üçün çox gözəl şərait yaradılıbdır. Ancaq eyni zamanda, bu gözəl Olimpiya Mərkəzi məhz əvvəlki dövrlərdə düzgün seçilmiş strategiya və taktikanın nəticəsində mümkün olmuşdur. Əgər biz iqtisadi gücü yaratmasaydıq, heç bir sosial infrastruktur, yaxud da ki, idman qurğusunun tikilməsinə imkanımız çatmazdı. Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, bu gün ölkəmizin dünyadakı mövqeləri bu qədər güclü olmazdı. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına arxalanırıq. Əldə edilmiş bütün uğurlar məhz Azərbaycan xalqının xidmətidir". Dövlət başçısının bu sonuncu cümləsi göstərir ki, Azərbaycan dövlətinin idman siyasəti ictimai maraqların təmin edilməsinə söykənir. Azərbaycan dövləti bu sahədə müstəqil siyasət aparır".

   Qobustan rayonunda açılan idman kompleksindən danışan ekspert dedi ki, ölkədə aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi idman qurğularının tikintisi nəzərdən qaçmamalıdır: "Azərbaycanda güclümüasir idman infrastrukturu formalaşıb, 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş hadisədir. Məlum olduğu kimi, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmanı inkişaf etdirmək üçün ilk növbədə idman infrastrukturunun yaradılmasının vacib olduğunu vurğulayaraq bu sahəyə xüsusi diqqət ayırdı. Bu siyasətdə xüsusi məqam isə ondan ibarət oldu ki, dövlət başçısı bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək, onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Nəticədə isə güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir olimpiya idman komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşır. Əldə edilən nəticələr, yaradılan infrastruktur, idmançılarımızın qazandıqları medallar, Bakının dünyanın idman mərkəzlərindən birinə çevrilməsi dövlət siyasətinin nə qədər doğru olduğunu göstərir. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyinin diqqətindən yayınmayıb. BOK-un prezidenti  Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini digər ölkələrin milli olimpiya komitələrinə nümunə göstərib. Məhz beynəlxalq idman təşkilatlarının arzusu və istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünyaAvropa çempionatları keçirilir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi tanınır. MOK-un xəttilə uşaq və gənclərin problemlərinin ardıcıl olaraq həll edilməsi, onların imkan və bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Yeri gəlmişkən, əksər beynəlxalq ekspertlər tərəfindən Azərbaycan idmançılarının favorit göstərilməsinin arxasında məhz həyata keçirilən böyükmiqyaslı dayanır. Məsələ ondadır ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Məhz bu kontekstdə Olimpiya hərəkatı geniş vüsət alıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında idmanın inkişaf etdirilməsini, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafı fonunda dəyərləndirmək lazımdır. Çünki ölkə iqtisadi cəhətdən inkişaf etməsə, ayrıca hansısa bir sahənin, o cümlədən, idmanın inkişafından danışmaq mümkün deyil. Ona görə də ulu öndər Heydər Əliyevin əsasını qoyduğubu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Yuxarıda da qeyd etdiyimiz kimi, bu inkişafdan idmana da pay düşüb.

   Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaq".

   Ekspert sonda onu da qeyd etdi ki, artıq Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün şərait yaradılır və müasir tipli Olimpiya Stadionunun inşası buna nümunədir.

   İdmana qayğı, bu sahədə baş verən sürətli inkişaf dövlət və ictimai maraqları tam olaraq əhatə edir.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2013.-23 dekabr. –S.15.