Nizami rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və perspektivlər
Paytaxtımızın Nizami rayonunun
yaradılması ruhu və cismi ilə doğma Azərbaycana, ədəbi
irsi ilə bütün dünyaya məxsus olan dahi Nizami Kəncəvinin
adını əbədiləşdirmək üçün mərhum
Prezident Heydər Əliyevin hələ SSRİ dövründə-1980-ci
ildə milli maraqlarımıza xidmət edən qərarlarından
biri idi. Həmin vaxtda N.Kəncəvinin adına
çoxsaylı küçə, məktəb, kitabxana, kolxoz
və s. qurumlar olsa da, fəqət, bu qərar həm də
mütəfəkkiri özününküləşdirmək-farslaşdırmaq
istəyən dairələrə tutarlı cavab idi.
Nizami rayonu
sosial-iqtisadi inkişaf yolunda
Ərazisi 19,6 kv.km, əhalisi 1 oktyabr 2013-cü il tarixinə
191830 nəfər olan Nizami rayonu hazırda Bakı şəhərinin
inkişaf etmiş sosial-iqtisadi, biznes, təhsil, inzibati mərkəzlərə
və müxtəlif təyinatlı infrastruktura malik ərazi
vahidlərindən biridir.
Nizami rayonu paytaxtın ən kiçik rayonu
olmasına baxmayaraq, burada əhalinin sıxlığı
kifayət qədər yüksəkdir. Məncə,
bunun səbəblərindən biri də burada vətəndaşların
işlə təmin olunması istiqamətində RİH-nin
apardığı məqsədyönlü siyasətdir desək,
yanılmarıq. Rayonun
iqtisadiyyatının formalaşmasında istehsal sahələri
və xidmət sektoru mühüm rol oynayır.
Hazırda burada "Bakı Yağ Qida" fabriki, müxtəlif
növ şokolad məmulatları istehsal edən
"Ulduz" şokolad fabriki, dəmir-beton məmulatları
istehsal edən "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu,
"Körpü Tunel" ATSC, neft məhsulları istehsal edən
Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodu və s. istehsal müəssisələri fəaliyyət
göstərir.
Bakı şəhəri və rayonların hərtərəfli
inkişaf etdirilməsi üzrə dövlət proqramlarını
uğurla həyata keçirən Nizami Rayon İcra Hakimiyyətinin
fəaliyyəti əsasən sosial yönümlüdür.
Və bu tamamilə təbiidir.
Çünki müstəqil Azərbaycan dövlətinin əsas
prioriteti xalqa xidmət etmək - ölkə vətəndaşlarının
rifah halını yaxşılaşdırmaq, aztəminatlı
əhalinin sosial müdafiəsini yüksəltmək, yeni iş yerləri açmaq, vətəndaşların
sağlamlığının keşiyində dayanmaq, elm,
maarif və təhsilin keyfiyyətini yüksəltmək,
quruculuq-abadlıq işləri aparmaq və
yaşıllıqlar salmaq, minimum əməkhaqqı məbləğini
artırmaq və s. tədbirləri davamlı həyata
keçirməkdir.
Fəaliyyətini bu istiqamətdə quran Nizami
RİH keçən illərdə olduğu kimi, bu ilin 9
ayı ərzində də yeni uğurlara imza atıb.
Belə ki, cari ilin yanvar - sentyabr aylarında rayonda orta
aylıq əməkhaqqı 436,4 manat olub.
Həmin dövrdə 1450 yeni iş yeri açılıb.
Ümumiyyətlə, 2003-cü ildən bu günədək
22914 yeni iş yeri açılıb ki, bunun da 22817-ci daimidir.
Qeyd edek ki, 9 ay ərzində rayonda fəaliyyət
göstərən Məşğulluq Mərkəzində 549
nəfər işaxtaran qeydə alınıb. Onlardan 446 nəfəri işlə təmin olunub.
Bakı Biznes Universitetində keçirilən
Əmək Yarmarkasında 5 nəfər işə
götürülüb. Bu dövrdə 53
nəfərə işsizlik statusu verilib, 57 nəfərə
isə işsizlik müavinəti təyin olunub. 9 ay müddətində Nizami Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzində 3352 ailəyə
ünvanlı sosial yardım təyin edilib. Hazırda bu Mərkəzdən 4044 ailə
ünvanlı sosial yardım alır. Bundan
başqa, rayon ƏSMM-nin sosial məişət xidməti
sektorunda 480 nəfər tənha və kimsəsiz qocalara, əlillərə
evlərində sosial və məişət xidməti göstərilir.
Təqdirəlayiq haldır ki, bu xeyirxah işdə
yerli bələdiyyələr fəal iştirak edir. Bunu həmin qurumların dəstəyi ilə
Q.Qarayev 66 ünvanında yerləşən xeyir-şər
evində imkansız ahıllara yemək verilməsi də
sübut edir.
01
oktyabr 2013-cü il tarixində isə
bilavasitə rayon İH-nin təşkilatçılığı
ilə Heydər bağı park-bulvarda Beynəlxalq Ahıllar
Günü münasibətilə ahıllar arasında
stolüstü oyunlar keçirilib,
iştirakçıların hamısı
mükafatlandırılıb.
2012-2013-cü tədris ilində rayonun orta ümumtəhsil
məktəblərini 1828 şagird bitirib. Onlardan 961 nəfəri
ali məktəblərə daxil olub. Bu il tədris müəssisələrində beynəlxalq
əlaqələrin inkişaf etdirilməsi, müəllim heyətinə
optimal şəraitin yaradılması, təhsilin keyfiyyətinin
artırılmasında da uğurlar qazanılıb. Belə ki, 220 saylı məktəb-lisey Avropa
Şurasının ölkələrarası əməkdaşlıq
layihəsinə qoşulub. Rayon ərazisində
yerləşən tibb müəssisələri davamlı
olaraq əhaliyə tibbi xidmət göstərir ki, bu da bir
sıra infeksion xəstəliklərin sayını kəskin
surətdə azaldıb. 2013-cü ilin 9
ayı ərzində rayonun təhsil və səhiyyə
ocaqlarında Dövlət Proqramına uyğun olaraq təmir
işləri aparılıb, yenidənqurma və əlavə
korpusların tikintisi həyata keçirilib.
Bu
ilin noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın iştirakı ilə Fond tərəfindən
E.Süleymanov küçəsi 120a ünvanında inşa
edilən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin
açılması isə rayonun ictimai həyatında
mühüm hadisələrdən biri kimi yadda qaldı.
Rayonda su, qaz, kanalizasiya, işıq və istilik təsərrüfatlarının
işi yaxşılaşdırılıb.
Ordu sıralarına çağırışın
vəziyyəti və gənclərin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsi ilə bağlı görülən
işlər rayon İH-nin daim nəzarəti və diqqət mərkəzində
olub. Belə ki, hesabat dövründə
çağırışla əlaqədar Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti Bakı şəhəri
Nizami rayonu idarəsinə verilən plan-tapşırıq
müvəffəqiyyətlə yerinə yetirilib.
2013-cü ilin üç rübündə RİH-nə
sakinlərdən 1453 ərizə daxil olub. Ərizələrdə əsasən mənzil,
tikinti, torpaq, məişət problemləri, maddi yardım və
digər məsələlərə toxunulub. Vətəndaşların İcra Hakimiyyətinə
operativ müraciət etməsi üçün "qaynar xətt"
- 422-10-01 nömrəli telefondan istifadə olunur. RİH-nin saytı bu əlaqələrin daha da
genişləndirilməsinə şərait yaradıb. Bununla yanaşı, İH sakinlərin qəbuluna da
xüsusi diqqət ayırır. Mövcud problemlərin,
sakinlərin sosial əhəmiyyətli sifarişlərinin, tələb
və təkliflərinin öyrənilməsi məqsədilə
ayda iki dəfədən az olmayaraq yerlərdə
RİH başçısının sakinlərlə səyyar
görüşləri keçirilir. Cari ilin 9
ayı ərzində keçirilən 19 səyyar
görüşdə 92 müraciətə baxılıb.
Bununla yanaşı, 153 vətəndaş
bilavasitə RİH başçısı tərəfindən
Aparatda qəbul edilib.
Nizami RİH ölkə KİV-i ilə sıx əməkdaşlıq
edən azsaylı yerli icra orqanlarından biridir. Bunu 19
noyabr 2013-cü il tarixdə
(üçüncü dəfə) İH-nin "Yerli icra
hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf etdirilməsi"
mövzusunda keçirilən konfrans da sübut edir. Qeyd edək ki, konfransda çıxış edən
rayon İH-nin başçısı Tahir Budaqov gələcəkdə
də media ilə sıx əməkdaşlıq edəcəyini
bəyan etdi.
Həlli gözlənilən
işlər
Göründüyü kimi,
sadalanan və sadalanmayan xeyirxah işlər Nizami Rİ-nin son
3-5 ildəki uğurlarıdır. Ərazidəki park,
istirahət yerləri, yaşıllıq zolaqları,
abadlıq-quruculuq işləri sakinlərlə yanaşı
biz jurnalistləri də sevindirir. Təqdir
olunası haldır ki, rayon rahbərliyi görülən
işlərlə kifayətlənməyib, hər
hesabatında problem və nöqsanların həll edilməsi
yollarını gəstərir. Biz artıq
hər hesabatdan sonra bu nöqsanların həll olunduğunu
görürük. Ərazini gəzərkən bu
nöqsan və problemlərin bəziləri ilə biz də əyani
tanış olduq. Belə ki,
Keşlə dəmir yolu istiqamətində yerləşən
bəzi sənədsiz yaşayış binalarının
taleyi hələ də açıq qalmaqdadır.
Bakı metropoliteninin "Xalqlar dostluğu" stansiyası
yanında fəaliyyət göstərən və Heydər
Əliyev adına parkla üzbəüz
yerləşən eyniadlı yarmarka müasir tələblərə
cavab vermədiyi kimi, həm də parkın ümumi
görünüşünə kölgə salır. Hesab edirik ki, bu bazarın əvəzinə həmin
yerdə müasir ticarət mərkəzi tikilərsə, o,
Heydər Əliyev parkını daha gözoxşayan etməklə
yanaşı, sakinlərin həmin yarmarkadan daha səmərəli
istifadəsinə şərait yaradar. Nizami rayonunda bəzi
küçələrin, məsələn, müxtəlif
saylı 10-a yaxın Köndələn və Uzununa adlı
küçələrin adlarının dəyişdirilməsinə
də ehtiyac var. Qeyd edək ki, bu küçələrin
adlarının dəyişdirilməsi elə bir vəsait də
tələb etmir.
Lakin bu nöqsanlar RİH-nin məqsədyönlü,
davamlı fəaliyyətinə, görülən
abadlıq-quruculuq işlərinə heç vəchlə
kölgə sala bilməz. Şübhəsiz
ki, bu nöqsanları hamıdan daha çox rayon rəhbərliyi
görür, bilir və ümidvarıq ki, İH yaxın
vaxtlarda bu problemləri də uğurla həll edəcək.
Bu inam RİH-nin yaxın perspektivdə hədəflədiyi
işlərə start verməsindən doğur.
Perspektivlər
RİH bu ilin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri yekunlaşdırmaq üzrədir. Qeyd edək ki, bu işlərin bəziləri ümumşəhər infrastrukturu ilə əlaqəlidir. Məsələn, Şərifli, E.Süleymanov və Rüstəmov küçələrinin kəsişməsində tunel yolunun tikintisi; Babək prospektində yeraltı keçidlərin tikintisinin başa çatdırılması və s. İH öz imkanları hesabına ilin sonunadək 8-ci km yarımstansiyasından 7 saylı paylayıcı qurğuyadək 2 dövrəli hava xəttinin kabelləşdirilməsini, Keşlə qəsəbəsində su təchizatının yaxşılaşdırılmasını, istismar müddəti başa çatmış liftlərin dəyişdirilməsi, Heydər Əliyev bağı park-bulvarın C.Naxçıvanski küçəsindəki hissəsinin əsaslı şəkildə yenidən qurulması və digər işləri yekunlaşdırmaq üçün bütün imkanlarını səfərbər edib. Artıq rayonda beynəlxalq standartlara cavab verən Bakı Olimpiya Stadionunun tikintisi və ATS 421/422-nin müasir texnologiya əsasında rekonstruksiyası işləri yekunlaşmaq üzrədir. Rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əhaliyə müxtəlif növ sosial xidmətlərin təqdim edilməsi istiqamətində gördüyü tədbirlər də tamamlanmaq üzrədir.
Beləliklə, Nizami rayonundakı sosial-iqtisadi inkişafla əyani tanışlığımız, rastlaşdığımız problemlərin İH-nin diqqət mərkəzində olması və perspektivə hədəflənən səylər göstərir ki, bu rayon müstəqil Azərbaycanın inkişafı naminə layiqli töhfələr verəcək. Və jurnalist olaraq biz də əminik ki, Nizami Rİh keçən illərdə olduğu kimi, bu il də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu məsul işlərlə yanaşı, RİH hazırda Prezident İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın hazırlanması ilə əlaqədar təkliflər paketi hazırlayır. Bu tapşırıqların yerinə yetirilməsində Rayon İcra hakimiyyətinə uğurlar arzulayırıq.
Vaqif
CƏLİLOĞLU
Bakı xəbər.-2013.-18
dekabr.-S.12.