Azərbaycanın yeni
turizm proqramında nələr var?
Elxan Mikayılov: "Turizmin inkişafı üçün
dövlət tərəfindən
xüsusi proqram hazırlanıb"
"Dövlət
tərəfindən turizmə
verilən ən böyük dəstək bu sahəyə güzəştli kreditin ayrılmasıdır"
Turizm sənayesinin inkişafı
üçün zəngin
ehtiyatlara, əlverişli
iqtisadi-coğrafi mövqeyə
malik olan Azərbaycanda son illər bu sektorda yeniliklər
nəzərəçarpacaq dərəcədə artıb.
Turizm sektorunun inkişafı üçün
yeni proqram hazırlanır
Həmin proqrama əsasən, regionlarda turizmin inkişafını stimullaşdırmaq
üçün yeni layihələr hazırlanacaq.
Məlumata görə, İqtisadiyyat
və Sənaye Nazirliyi bu proqramın
həyata keçirilməsi
üçün xarici
ölkələrin təcrübəsini
öyrənir. Qeyd edək
ki, yerli mütəxəssislər Norveç,
Finlandiya, İsveçrə,
Yunanıstan, İspaniya,
İtaliya, Fransa, Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri
və digər dövlətlərin təcrübəsi
ilə maraqlanır.
Bu ölkələrin dövlət büdcəsinə
daxil olan gəlirlərin payında
turizmin böyük yer tutması reallıqdır. İspaniya,
İtaliya və Türkiyədə ölkəyə
daxil olan valyutanın portfelində turizm az
qala 40-50 faiz paya malikdir. Ona görə də qeyri-neft sektorunun gələcək əsas inkişaf sütunu olan turizmin inkişafına
dair ayrıca proqramın qəbul olunması nəzərdə
tutulur.
Ekspertlər turizm sahəsinin inkişafı üçün
adıçəkilən proqramın
qəbul olunmasının
vacib olduğunu düşünür.
Turizm sahəsi üzrə ekspert Elxan Mikayılov
"Bakı-Xəbər"ə açıqlamasında qeyd
etdi ki, turizmin inkişafı üçün dövlət
tərəfindən xüsusi
proqram hazırlanıb.
Onun fikrincə, dövlət tərəfindən turizmə
verilən ən böyük dəstək bu sahəyə güzəştli kreditin ayrılmasıdır.
Həmsöhbətimizin sözlərinə görə, yeni ildən elektron vizaya keçid bu sahə üçün
imkanlar açır.
Elektron viza sisteminə uyğun olaraq turistlər üçün sənədləşmənin
daha asan aparılması, viza xərclərinin azaldılması,
habelə vaxta qənaət edilməsi kimi məsələlər
həll olunacaq: "Cari il avqust
ayının 1-dən qüvvəyə
minən Miqrasiya Məcəlləsində də
turist vizalarının
elektron formada verilməsini nəzərdə
tutan bir sıra maddələr əksini tapıb. Mühüm yeniliklərdən biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir.
Bu məqsədlə yaradılmış yeni saytda vətəndaşlara
12 növ elektron xidmət göstərilir.
Nazirliyin
"e-hökumət" dövlət
informasiya sisteminə inteqrasiyası istiqamətində
də tədbirlər
görülür. Bundan başqa,
Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəran,
eləcə də İsmayıllının Lahıc
kəndində turistlərə
məlumatların çatdırılması
məqsədilə yaradılmış
turizm informasiya mərkəzlərində ziyarətçilərə
elektron xidmətlərin
göstərilməsi mümkündür".
Ekspert qeyd etdi ki, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında da turizmin inkişaf hədəfləri dəqiq əksini tapıb. Konsepsiya çərçivəsində 2020-ci ilədək turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmət sahələri dairəsinin genişləndirilməsi, sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi, turizmin ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahəyə dair qanunvericilik aktlarının və standartların təkmilləşdirilməsi, bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılması, informasiya-təbliğat işinin gücləndirilməsi, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlərin nəzərə alınması yolu ilə turizm marşrutlarının yaradılması təşviq ediləcək.
Günel CƏLİLOVA
Bakı xəbər.-2013.-24
dekabr.-S.12.