Ailə qanunvericiliyi barədə dövlət siyasəti ictimai

mənafelərin müstəsna ödəniş üsulu kimi...

 

 Cəmiyyəti hər zaman ayaq üstə saxlayan, çökməyə qoymayan amillərdən biri sağlam təməl üzərində pərvəriş tapan ailə institutudur. Ailə institutunun sağlam inkişafı cəmiyyətdə böyük rola malikdir. Ancaq elə hallar olur ki, ailələrin bir çoxunda ciddi problemlər yaşanır. Bu ciddi problemdir. Ancaq bu da var ki, Azərbaycan cəmiyyəti, Azərbaycan ictimaiyyəti dövlətin də ciddi dəstək verdiyi ailə institutuna çox böyük önəm və dəyər verir.    İctimaiyyət üçün maraqlı olan tərəflərdən biri ailə məsələlərinin, problemlərinin tənzimlənməsi üçün Azərbaycan dövlətinin yürütdüyü hüquqi siyasətdir.    Hüquqşünas Adilə Muradxanovanın dediyinə görə, ailə münaqişələrinin, münasibətlərinin dövlət qanunları ilə necə tənzimlənməsi, burada ictimai maraqların, onun tərkib hissəsi olan fərdlərin maraqlarının hansı şəkildə qorunması, müdafiə olunması cəmiyyəti ciddi düşündürür: "Bilirik ki, bu sahədə mövcud olan qanunvericilik aktları çoxdur və onların da bir çoxu günü-gündən təkmilləşdirilir. Ailə Məcəlləsinin ictimaiyyətin maraqlarına uyğun formada hazırlandığını deyən mütəxəssislər hesab edir ki, dövlətin bu yöndəki işləri alqışlanasıdır".    Hüquqşünas bildirdi ki, ailə münaqişələrinin və münasibətlərinin hüquqi tənzimlənməsi və burada ictimai maraqların müdafiə formalarına diqqət yetirilir. Onun sözlərinə görə, ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlikinkişaf meyarı sayılıb: "Bəşəriyyət ailəni tarixən hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvisaf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Ailə həm bioloji, həm sosial, həm də məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan kiçik "dövlət"dir. Ailə mədəniyyəti, ailə dəyərləri bu gün dünyadakı xalqların sayı qədər rəngarəng, müxtəlif və özünəməxsusdur. Hər bir xalq, etnos özünün tarixən formalaşmış mental dəyərləri əsasında ailə modeli yaradır. Bu ortaq dəyərlərlə yanaşı, hər bir ailənin özünün yazılmamış "qanunlar"ı, prinsipləri, özəllikləri var. Fəxrlə deyə bilərik ki, qədim Şərq və müasir Qərb mədəniyyətinin ən pozitiv cəhətlərini özünün zəngin adət-ənənələri, mental dəyərləri ilə sintez edən Azərbaycanda ailə institutuna böyük dəyər verilir. Azərbaycan folklorunun və ədəbiyyatının zəngin janr nümunələrində xalqın ailə institutuna necə önəm verdiyi konkret epizodlarla təsdiqini tapır. Bu nümunələrdə yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi təsvir edilmiş ailə eyni zamanda ülvi və müqəddəs dəyərlərin ifadəçisi kimi tərənnüm olunub. Azərbaycanlı milli düşüncə sistemində özünə yer tapmış qənaətlərdən biribudur ki, ailə başçısı kimi məsuliyyətini düzgün dəyərləndirməyən bir şəxs kamil insan və şəxsiyyət ola bilməz. Yalnız yüksək əxlaqi keyfiyyətlərə, xalqın çoxminillik milli dəyərlərinə ürəkdən bağlı olan insanlar ailənin cəmiyyətdəki rolunu hər zaman düzgün qiymətləndirə biliblər. Azərbaycan xalqının dini dünyagörüşündə - qəlbən tapındığı İslam dinində də ailə, dövlət və vətən məfhumları arasındakı assosiativ əlaqə xalqın mənəvi kamillik səviyyəsinin parlaq təcəssümünə çevrilib, onun genefondunun saflığını təmin edib. İslamda evliliyin məqsədi ailənin səadəti və cəmiyyəti sağlam nəsillə təmin etməkdir. İslama görə, evlilik aralarında evlənməyə mane olmayan qadınla kişinin şərtlərinə uyğun olaraq evlənmə əqdinin ortaya çıxaracağı hüquqiictimai nəticədir. Uca Tanrı müqəddəs "Qurani-Kərim"də buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! ("Rum" surəsi, 21)".    Ekspert bildirdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın nikah hüququ təsbit edilib, dövlətin ailəyə qayğı siyasətinin əsas prioritetləri müəyyənləşib: "Konstitusiyanın 17-ci maddəsinə əsasən, ailə və uşaqlar dövlətin himayəsi altındadır. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə yönəlmiş əsas norması hamının qanun və məhkəmə qarşısında bərabərliyini, kişi ilə qadının eyni hüquqlara və azadlıqlara malik olduğunu bəyan edən və "bərabərlik hüququ" adlanan 25-ci maddəsidir. Həmin maddənin III hissəsi, cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir. Əsas Qanunun nikah münasibətləri zamanı iradə azadlığını və ərlə arvadın hüquq bərabərliyini tənzimləyən 34-cü maddəsinin müddəaları da diqqətəlayiqdir. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnu müəyyən edən həmin maddənin II hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bu normanın III hissəsi həmçinin birmənalı olaraq ər ilə arvadın hüquq bərabərliyini təsbit edir.    Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi, Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. "Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçünmilli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır" - deyən dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında aztəminatlı ailələrə ünvanlı sosial yardımların, habelə gənc ailələrə ipoteka kreditlərinin verilməsi ümumilikdə ailə institutuna göstərilən qayğının tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi kimi Azərbaycanda ailə quran gənclərin sayı ildən-ilə artır, boşanmaların sayı isə azalır. Ümumiyyətlə, respublikamızda ailə dövlət tərəfindən qorunur və himayə edilir. Konstitusiya və qanunlarımız ailənin cəmiyyətdəki layiqli mövqeyinə təminat yaradır. Dövlətin bu sahədəki siyasətini özündə ehtiva edən Ailə Məcəlləsi isə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Məcəllə nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir. Eyni zamanda, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir".    Hüquqşünas qeyd edir ki, Ailə Məcəlləsinin 10.1 maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Məcəllənin 13.1 maddəsində göstərilir ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir: "Eyni zamanda, 29-cu maddənin müvafiq bəndlərində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdır. Məcəllənin 32.1 maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın buya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əmlak, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundanya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində bərabər hüquqa malikdir".    Azərbaycanda ailə məsələlərinin ciddi şəkildə qorunması, onun günü-gündən sağlam təməllər üzərində inkişafı dövlətin marağındadır. Bunu biz barəsində danışdığımız qanunvericilik aktlarının müvafiq bəndlərinin təhlilində də müşahidə etdik. Azərbaycan dövləti ictimai maraqlardan çıxış edərək ailə institutunun qorunmasında maraqlıdır.

    

   İradə SARIYEVA

   Bakı xəbər. - 2013.- 25 dekabr.- S.15.