Jurnalistlərin sosial-iqtisadi
qayğılarına dövlət dəstəyi layihələrinin
ictimai məzmunu...
Jurnalist ömrü hər zaman
qayğılarla, sosial çətinliklərlə
yüklü olub. Bu yükü təkbaşına
çəkmək, problemlərə sinə gərmək asan
məsələ deyil. Jurnalistlərin həyat
şəraitinin yaxşılaşdırılmasına
dövlətin verdiyi açıq dəstək ictimaiyyət tərəfindən
yüksək səviyyədə qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin jurnalistlərlə sıx ünsiyyəti göz
önündədir.
Elə bir neçə həftə əvvəl
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu"
mükafatının verilməsi jurnalist ictimaiyyətilə
ölkə başçısının dostluğunu bir daha təsdiq
edən məqamdır. Dövlət
başçısı jurnalistlərin həqiqi mənada
dostudur və bu dostluqdan jurnalistlərə daha böyük
fayda dəyir.
Axır illər ictimai müzakirəyə səbəb
olan məsələlərdən biri mətbuat işçilərinin,
jurnalistlərin mənzil problemi idi ki, bu da qismən dövlət
tərəfindən həll edilib. Azərbaycan
dövləti jurnalistlərin sosial rifahının
yaxşılaşdırılması, media orqanlarının
maddi-texniki bazasının müasir tələblərə
uyğun qurulması üçün bir sıra tədbirlər
həyata keçirib. Mediaya dövlət dəstəyi
siyasətinin kökündə mediamızın
inkişafı, ictimai və dövlət maraqlarına xas
şəkildə tərəqqi etməsi dayanır. Dövlətimiz ictimaiyyətlə dövlət
arasında böyük bir vasitə olan mediamıza və onun
təmsilçilərinə dəstək verməklə
onların öz əbədi qayəsinə sadiq qalmasına
kömək edir. İctimaiyyətdə
çox müsbət qarşılanan və həmkarlarımızın
həyatında mühüm səhifə açan bir hadisə
var ki, onun haqqında həyəcansız danışmaq
mümkün deyil. Bu, jurnalistlər
üçün tikilən mənzillərdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə 2010-cu ildə jurnalistlər üçün binanın
tikintisinə başlanıldı. Təbii
ki, bu, dövlətin evsiz jurnalistlərə böyük hədiyyəsi
olmaqla bərabər, həm də onları yaşadan, onlara
stimul verən bir hadisə kimi xarakterizə olunmalıdır.
Yaxşı bir söz var ki, yurdun, yuvan, evin
varsa, güclüsən, əzmlisən. Dövlətin
evsiz jurnalistlərin bir qisminə mənzil verməsi onları
yaşamağa, yazıb yaratmağa ruhlandırdı. 22 iyul tarixində Azərbaycan Prezidenti İlham
Əliyev jurnalistlər üçün tikilən binanın
açılışında iştirak etdi. Milli Mətbuat
Günü münasibətilə verilən mənzillərdən
əməkdaşlarımıza da pay
düşdü. Jurnalistlərin həyatında
mühüm rol oynayan bu binanın inşası doğrudan da
media tariximizdə parlaq bir səhifədir. Bilirik ki, 2 blokdan və 17 mərtəbədən
ibarət binanın ümumi yaşayış sahəsi 17 min
600 kvadratmetrdir. Məlumatlara görə,
bina qısa müddətə və yüksək keyfiyyətlə
inşa olunub. Ümumi sahəsi 22 min
kvadratmetrə yaxın olan binanın həyətində
geniş abadlıq-quruculuq işləri görülüb.
Həyətdə uşaq meydançası
quraşdırılıb, müxtəlif attraksionlar qoyulub.
Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı var.
Bilirik ki, artıq mənzil alan jurnalistlər,
media işçiləri dövlətin hədiyyə etdiyi mənzillərinə
köçüblər. Həmkarlarımızın
sevincinə şərik oluruq, yurd-yuvaları hər zaman
şadlıq içində olsun. Evsiz jurnalistlərin bir
qisminin evlə təmin olunması, az da
olsa, evsizlik problemini çəkən jurnalistlərin
sırasını seyrəltdi.
Dövlətin KİV-lərlə bağlı siyasəti,
xüsusən də jurnalistlərin mənzil təchizatının
yaxşılaşdırılması ilə bağlı
görülən tədbirləri ictimaiyyət bəyənir.
Jurnalistlər üçün tikilmiş
binanın istifadəyə verilməsi respublika həyatında
çox əlamətdar bir tarixə çevrildi.
Dövlət başçısı İlham Əliyev mətbuata
bundan sonra da böyük dəstək veriləcəyini deyib və
sözünə də əməl edib: "...Deyə bilərəm
ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir
ki, reallaşır. Şadam ki, Azərbaycan bu
sahədə də öz liderliyini göstərir. Çünki, bildiyiniz kimi, jurnalistlərin peşəsi
çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti
aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi.
Bu məqsədlə və eyni zamanda, öz sahəsində
peşəkarlıq göstərmiş, uzun illər mətbuatda
çalışmış jurnalistləri
mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs
ən məqbul yol idi. Mətbuat
işçiləri ilə görüşlərimin birində
jurnalistlər tərəfindən irəli
sürülmüş bu təşəbbüsə dərhal
dəstək verildi və qısa müddət ərzində
belə gözəl, yaraşıqlı bina tikilmişdir.
Əminəm ki, bu binanın ətrafında gələcəkdə
böyük bir kompleks yaranacaqdır. Çünki
binanın yerləşməsi də çox gözəldir,
buradan Dövlət Bayrağına gözəl mənzərə
açılır, bütün bu sahələr abadlaşacaq
və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə
tutulur".
Dövlətin mediaya verdiyi dəstək ümumən
mətbuatı əhatə edir, yəni siyasi mövqeyinə
görə heç bir media orqanı kənarda saxlanmır.
Xatırladaq ki, bunu dövlət
başçısı özü də qeyd edib. Onun
sözlərinə görə, jurnalistlər binasında mənzil
alan jurnalistlərin arasında müxtəlif
mətbu orqanların nümayəndələri, müxtəlif
siyasi baxışlara malik olan insanlar var: "Bu da təbiidir və
bu təşəbbüs, burada aparılan bölgü bir daha
göstərir ki, Azərbaycanda heç bir sahədə
ayrıseçkiliyə yol verilmir və yol verilməməlidir.
Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə
çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı,
onların ictimai rəydəki fəaliyyəti bu sağlam
ab-havanı daha da sağlam edəcəkdir. Azərbaycanda söz azadlığı tam şəkildə
təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər
Əliyev tərəfindən senzuranı ləğv etməklə
bağlı irəli sürülmüş təşəbbüs
azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan
söhbət gedə bilməzdi. Hesab edirəm
ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın
tam formalaşması başlamışdır və bu gün
Azərbaycanda söz azadlığı tam şəkildə təmin
edilir. Yüzlərlə mətbu orqan sərbəst
fəaliyyət göstərir, əlbəttə ki, senzuradan
söhbət gedə bilməz. Azərbaycan,
eyni zamanda, müasir texnologiyaların tətbiqində də
öz sözünü deyir. Bildiyiniz kimi,
bu gün internet jurnalistikası da çox sürətlə
inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.
İnternetin yayılması sürətlə gedir,
dövlət proqramları icra edilir, o cümlədən
Dövlət Neft Fondu tərəfindən genişzolaqlı
internet xətlərinin hər bir şəhərə gətirilib
çıxarılması layihəsi də icra ediləcəkdir.
İnternet istifadəçilərinin sayı 70
faizdən çoxdur".
Dövlət başçısının qeyd etdiyi
fikirlər ictimaiyyətdə müsbət
qarşılanır. Prezident söz verdiyi
kimi ikinci binanın da təməli qoyuldu. Bu
da dövlətin mediaya böyük qayğısıdır.
Bildiyimiz kimi, Bibiheybət qəsəbəsində
yerləşən jurnalistlər binasında mətbuatın
bütün sferalarında çalışan media mənsubları
mənzillə təmin olunub.
Dövlətin media mənsublarına verdiyi dəstək
unudulmazdır. Azərbaycan dövləti mətbuata hər
zaman dost münasibəti bəsləyib. Bizim
mediamızın, mətbuat təmsilçilərinin müstəqilləşməsi,
azad, sərbəst şəkildə fəaliyyət göstərməsində
dövlət daha çox maraqlıdır. Keçən yazılarda da dövlətin mediaya dəstəyi
haqda danışdıq. İndi isə digər
bir dəstəkdən-jurnalistlərin mənzil probleminin həllindən
danışmaq istəyirəm. Jurnalistlər
binasının inşası doğrudan yaddaqalan hadisə oldu.
Mənzil alanlar sırasında elə jurnalistlər
var ki, onların nə zamansa mənzil sahibi olacaqları
ağıllarına belə gəlmirdi. Ancaq
bu gün onların evləri var. Dövlətin media mənsublarına
dəstəyi onların həyatında mühüm hadisə
oldu. İyulun 22-də ikinci binanın təməli
qoyuldu. Buradan da evsiz olan, hazırda kirayələrdə
yaşamaq məcburiyyətində qalan jurnalistlərə pay
düşər. Ev jurnalistə, qələm
əhlinə stimul verən mühüm bir amildir. Dövlət başçısının ölkədə
medianın inkişafı və azad fikrin formalaşmasına
verdiyi dəstək jurnalistləri daha sərbəst edəcək.
Dövlət başçısı jurnalistlər
binasının açılışında çox
maraqlı fikirlər söyləyib. O bildirib ki, Azərbaycanda
söz azadlığı maksimum dərəcədə təmin
edilir: "Bu, belə də olmalıdır. Çünki
biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə
çevrilməliyik və belə olan halda bütün meyarlar
Azərbaycanda yüksək səviyyədə
olmalıdır. İqtisadi, sosial və
eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi
meyarlar üzərində qurulmalıdır. Azərbaycanda azad jurnalistikanın rolu çox
böyükdür. Ölkəmizdə demokratik
cəmiyyətin formalaşmasında jurnalistikanın çox
böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm.
Əminəm ki, gələcəkdə də Azərbaycanda
söz azadlığı və bütün başqa
azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda
demokratiyanın inkişafında böyük addımlar
atılır, bütün azadlıqlar vardır - söz
azadlığı, sərbəst toplaşmaq
azadlığı. Bax bu yaxınlarda icazəli
mitinqlərin keçirilməsi üçün yer nəzərdə
tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri
işıqlandırması üçün böyük
problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar -
vicdan azadlığı, din azadlığı tam təmin
edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda
bu sahədəki işlərə yüksək qiymət verirlər.
Yəni, müasir dövlət prinsipləri elə
olmalıdır ki, biz hər bir sahədə qabağa gedək,
ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq
edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti,
sözün əsl mənasında, hərtərəfli
inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə
getməsi əlbəttə ki, bizim gücümüzü
artırır".
Bilirik ki, bir müddət əvvəl Azərbaycan
Respublikasının Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu jurnalistlər üçün yeni
binanın tikintisinin layihə-smeta sənədlərinin
hazırlanması ilə bağlı tender elan etmişdi.
Qeyd edək ki, bir neçə ay əvvəl
Prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin
sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda
bildirilirdi ki, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması və
onlar üçün növbəti yaşayış evinin
tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin
olaraq 5,0 (beş) milyon manat vəsait
ayrılsın. Maliyyə Nazirliyinə sərəncamda
nəzərdə tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etmək
tapşırılıb.
Ekspertlər hesab edir ki, media işçilərinə
bəslənən bu qayğı jurnalistikamızın
yaxın tarixinə baxdıqda bunun Azərbaycan dövlətinin
mətbuata yönəlik ardıcıl siyasətinin məntiqi
davamı olduğunu görmək mümkündür.
Düşünürük ki, jurnalistlərin, media
orqanlarında illərlə fəaliyyət göstərən
qələm adamlarının sosial, mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasında
dövlət gələcəkdə də böyük işlər
görəcək.
Leyla QARAXANLI
Bakı xəbər.-2013.-27-29
dekabr.-S.15.