Filarmoniyada Azərbaycan aşıqları "Dastan gecəsi" keçirdi

 

    Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış aşıqların iştirakı ilə "Dastan gecəsi" keçirildi.

   Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxışının əvvəlində bu günlərdə vəfat edən tanınmış şair, aşıq Alqayıtın və iki gün əvvəl maşın qəzasında faciəli şəkildə dünyasını dəyişən 35 yaşlı gənc aşıq İslam Rzaoğlunun xatirələrini yad etməyi tədbir iştirakçılarından xahiş etdi. Daha sonra Z.Yaqub bildirdi ki, Azərbaycan xalqının mənəvi, ictimai, mədəni, estetik təfəkkürünün formalaşmasında nağıl və dastanlarımızın xüsusi yeri var. Z.Yaqubun sözlərinə görə, bizi bir millət kimi tarixən ayaqda saxlayan, var edən dastanlarımız özündə xalqımızın məişətini, əxlaq tərzini birləşdirir. Xalq şairi həmçinin dedi ki, Azərbaycanın "Leyli və Məcnun", "Alı xan və Pəri xanım", "Əsli və Kərəm", "Abbas və Gülgəz", "Koroğlu" və başqa dastanları qəhrəmanlıq, vətənpərvərlik, sədaqət və məhəbbət salnamələridir: "Azərbaycanda dastan axşamları çox zaman elə bu Filarmoniyada keçirilib. Vaxtilə biz burada ustad aşıqlarımızın ifasında dastanlarımızı çox eşitmişik. Bugünkü aşıqlar da onların varisi kimi dastanlardan parçalar danışacaq". Gecədə aşıq Gülarə Azaflı, aşıq Qələndər Zeynalov, aşıq Hakim Azaflı, aşıq Dəmir Vəliyev, aşıq Təbriz Vəliyev, aşıq Firudin Göyçəli, aşıq Bəhmən Göyçəli, aşıq Rakif Tatlı, aşıq Nəbi Şınıxlı və başqalarının ifasında Azərbaycan dastanlarından parçalar səsləndirildi. Sonda qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub bundan sonra dastan gecələrinin tez-tez keçiriləcəyini vəd etdi.

 

 

  İradə Sarıyeva.

 

  Bakı Xəbər.-2013.-1 fevral.-S.-14.