Qarabağ problemilə bağlı təbliğat və dövlət maraqları...

 

Keçən əsrin səksəninci illərinin sonundan Qarabağ problemi haqqında danışılmağa başlanıb. Qarabağ torpaqları Azərbaycan dövlətinin tərkib hissəsi olub tarixən, lakin iyirmi ildən çoxdur ki, ermənilər tərəfindən işğal edilib. Azərbaycan dövləti Qarabağ torpaqlarını erməni qəsbkarlarından qorumaq, müdafiə etmək üçün minlərlə vətəndaşını, övladını şəhid verib.

   Vətənimizin, dövlətimizin ərazi bütövlüyünün pozulmasına, dövlət maraqlarımızın sarsılmasına görə ermənilərin böyük təbliğat maşını işləyir. Qarabağ problemi, hər zaman vurğulandığı kimi, Azərbaycan dövlətinin bir nömrəli problemidir. Bu problemin həlli dövlətimizin maraqlarına tam uyğundur. Qarabağ problemilə bağlı təbliğat dövlət tərəfindən uğurla aparılır. Xalqımızın da, dövlətimizin də məqsədi odur ki, bu problemin həlli tezliklə başa çatsın, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar ermənilərin əməllərini ifşa etsin. Ermənilərin Qərbi Azərbaycanda, Dağlıq Qarabağda törətdiyi cinayət əməllərinin, vandalizm aktlarının nə sayı var, nə də hesabı. Müstəqil Azərbaycan dövləti Qarabağ qayğısını aradan qaldırmaq, qaçqınları geri qaytarmaq üçün çoxsaylı işlər görür. Dövlət maraqları daxilində Qarabağ probleminin təbliği əsas yeri tutur. Odur ki, sadə vətəndaşdan tutmuş tələbəyə, vəzifəli şəxslərə, diplomatlara, mədəniyyət xadimlərinə qədər hər kəs Qarabağ problemini dövlət maraqlarımız çərçivəsində təbliğ etməlidir. Azərbaycanın tarixçiləri, elm adamları, yazıçıları, ictimai xadimləri dünyanın harasına gedirlərsə getsinlər, harada çıxış edirlərsə etsinlər, çıxışlarının ən təsirli hissəsini Qarabağ probleminə həsr etməli, ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi vəhşət əməllərini hər kəsə bildirməlidir. Müasir yazıçı və şairlərimizin əsərlərində Qarabağ probleminin təbliği, qaçqın və köçkünlərimizin başına gələn müsibətlər, şəhidlərimizin qətli, Xocalı soyqırımı, Daşaltı faciəsi tarixi faktlar, materiallar əsasında öz əksini tapmalıdır. Dövlət maraqlarından çıxış edib Qarabağ probleminin təbliğilə bağlı əsərlər yazanlar az deyil. Sadəcə, o əsərlər ermənilərin əleyhinə yazıldığı, daha doğrusu, onların cinayətkar əməlləri ifşa edildiyi üçün beynəlxalq aləmə çıxa bilmir. Burada ermənipərəst qüvvələr əməlli-başlı rol oynayır. Erməni vandallığını ifadə edən əsərlərin dünyanın nüfuzlu mətbu orqanlarında dərc edilməsinin qarşısına böyük sədd çəkirlər. Amma erməni maraqlarına xidmət edən, Azərbaycanın dövlət maraqlarına zidd olanQarabağ probleminin ermənilərin istəyinə uyğun həll edilməsinə tərəfdar olanlar bizim cəmiyyətdə də tapılır. Acınacaqlı olsa da deməliyik ki, Azərbaycan dövlətinin əksər təltiflərinə layiq görülən sabiq millət vəkili, xalq yazıçısı Əkrəm Əylisli bu yolu tutanlardandır. Ömrünün ahıl çağında erməni fitnəsinə uyan yazıçı Qarabağ dərdini çəkmir. Qaçqınların, şəhid ailələrinin,əzizləri itkin düşənlərin, yurdu yağmalananların kədərli taleyi, faciəsi yazıçını sanki maraqlandırmır.

   Bu yaxınlarda Moskvada "Drujba narodov" jurnalında rus dilində işıq üzü görən "Daş yuxular" romanı ölkədə böyük səs-küylə, tənqidlə qarşılanıb. Dövlət maraqlarımıza və Qarabağ probleminin həllinə zidd olduğu bildirilən əsərdə doğrudan da həm dövlət maraqlarımız tapdanıb, həm milli heysiyyətimizə toxunulub, həm yurd yerlərimiz erməniləşdirilib, həm də qədim alban abidələrimiz erməni məbədləri olaraq qələmə verilib.

   Tarixçi Qurban Zamanovun fikrincə, Ə.Əylisli dövlətə və onun maraqlarına, prinsiplərinə qarşı çıxmaqdansa, erməni şovinizmi əleyhinə bir əsər yazıb xalqın sevimli yazıçısı, dövlətin ləyaqətli vətəndaşı kimi mövqe tuta bilərdi. "Daş yuxular"ın Qarabağ probleminə atılan böyük bir daş olduğunu deyən tarixçi bildirdi ki, Ə.Əylisli bundan sonra Ermənistan vətəndaşı olmağa can atmalıdır: "Əkrəm Əylisli Azərbaycanın dövlət maraqlarına zidd hərəkət edib. Onun qəlbində Azərbaycan xalqına qarşı bu qədər kin - küdurət hardan qaynaqlanır görəsən? O, Azərbaycan dövlətinin ərazi bütövlüyünə niyə xain gözlə, ermənipərəstliklə baxır görəsən? Deyir ki, mən dövlət maraqlarına zidd, Qarabağ probleminin Azərbaycan dövlətinin xeyrinə həll edilməsinə qarşı heç bir görməmişəm. Bəs əsərdə göstərilənlər? Şükür Allaha, hamımız bu əsəri oxuyub onun hansı məqsədə qulluq etdiyini bilirik. Xalq yazıçısı Mövlud Süleymanlı yaxşı bir söz dedi. Bildirdi ki, Əkrəm Əylislinin "Daş yuxular"ı bu xalqa edilən ən böyük xəyanətdir. Bu xəyanətə görə onu xalqımız nə indi, nə də gələcəkdə bağışlayacaq. Əkrəm Əylisli dövlətimizin Qarabağla bağlı apardığı siyasətə düşmən mövqeyi sərgilədi. Eşitdiyimə görə, ermənilər onun xalqının əleyhinə yazdığı bu əsəri öz "böyük həqiqət"ləri kimi dünyada təbliğ edəcək. Təəssüflər olsun ki, o belə bir məsələyə qol qoydu. Azərbaycan Konstitusiyasında kimisə vətəndaşlıqdan çıxarmaq maddəsi yoxdur. Amma Milli Məclis üzvləri təkid edir ki, onu vətəndaşlıqdan çıxarıb ermənilərin yanına göndərmək lazımdır, qoy gedib kilsəyə xidmət etsin. Bundan sonra onun özü deyib ki, böyük məmnuniyyətlə İrəvana getmək istəyir. Yaxşı yol. Qarabağ probleminin üstündən xətt çəkib özünü süni, saxta sülh tərəfdarı kimi göstərmək yalnız ermənipərəst Əkrəm Əylisliyə gərəkdir. Dövlət öz problemini özü həll edəcək. Təki Əkrəm kimilər belə iyrənc əsərlərlə dövlətin gördüyü işlərə zərbə vurmaq istəməsin. Azərbaycanın dövlətçilik maraqlarını erməni şovinizminə qurban verən Əkrəm Əylisli yəqin ki, tezliklə ölkəni tərk etmək məcburiyyətində qalacaq. Çünki onu təkcə dövlət qurumlarında fəaliyyət göstərənlər tənqid etmir, həm ictimaiyyət, həm də həmkarları tənqid edir".

   Q.Zamanovun bildirdiyinə görə, Ə.Əylislinin bu romanı erməni dəyirmanına su tökməklə yanaşı, Qarabağ həqiqətlərinin üstündən qara bir xətt çəkməyə xidmət edir: "Əkrəm Əylisli Milli Məclisin üzvü seçilib keçmişdə, neçə il deputat olub. Bundan başqa, bir sıra nüfuzlu mükafatları var. Bu adamı nə bu mükafatlar, nə sahib olduğu deputat mandatı, nə yazıçı, nə də vətəndaş vicdanı bu dövlətə, dövlətçiliyə bağlaya bilib. O bildirir ki, "Daş yuxular"ı bir neçə il əvvəl yazmağa başlayıb və onu Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə çap etdirmək istəyib. Amma sonra fikrindən daşınıb. Anlaya bilmirəm, burada Xocalı qırğınından heç bir söhbət getmədiyi, az qala hər cümlədə Azərbaycan türkləri tənqid edildiyi halda, bu əsər necə Xocalı soyqırımının 20-ci ildönümündə çap oluna bilərdi? O bununla erməni terroruna dəstəkmi verdiyini bəyan etmək istəyirdi? Qarabağ probleminin üstündən sükutla adlayıb Sumqayıt hadisələrində azərbaycanlıları-Qərbi Azərbaycan türklərini "yeraz" adı ilə ittiham edir. Sumqayıt hadisələrində kimlərin günahkar olduğu bəllidir. Ermənilərin əli ilə törədilən bu hadisədən hər kəsin xəbəri var. Həqiqəti yazmaq əvəzinə ermənilərə yarınmağı üstün tutan Əkrəm Əylislinin günahı böyükdür. Bu həm tarixin saxtalaşdırılması, həm də mənəvi cinayətdir. O öz xalqına, dövlətinə qarşı cinayət işlədib, xəyanət edib".

   Qeyd edək ki, millət vəkili Musa Quliyevin sözlərinə görə, Əkrəm Əylisli öz romanında Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırım törətməkdə ittiham edib, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb. Millət vəkili, həmçinin, Ə.Əylislini dövlətə və dövlətçiliyə qarşı çıxmaqda da suçlayıb.

   Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc isə bildirib ki, Əkrəm Əylislinin yazdıqları qarşıdakı yüz ildə ermənilərin əlində bayraq olacaq: "Biz Əkrəm Əylislinin çarmıxa çəkilməsini istəmirik. Amma onun xalq yazıçısı adı niyə qalırdı ki, uzun illər bundan bəhrələnib sonra da belə əsər yazaydı?!".

   Digər millət vəkili Qənirə Paşayeva da Ə.Əylislini tənqid edib. Xanım deputat deyib ki, Ə.Əylislinin romanı Azərbaycan həqiqətlərinin təbliğinə böyük zərbədir və ermənilər bundan istifadə edəcək: "Bu, xarici siyasətimizə zərbə olacaq. Bu roman erməni yalanlarına bəraət qazandırır".

   Xatırladaq ki, publika.az saytı bu romanın 2008-ci ildə 50 nüsxə çap olunduğunu və sonra üzə çıxarılmadığını yazır.

   Ə.Əylislinin ən böyük arzusu 2012-ci ilin fevralında Xocalı faciəsinin 20-ci ildönümündə Rusiyanın "Novoye vremya" jurnalında məlum romanı çap etdirmək olub. Əvvəlcə "Novoye vremya" romanın nəşrinə razılıq verib. Lakin məlum olmayan səbəblərdən jurnal romanın nəşrindən imtina edib.

   Əkrəm Əylislinin "Daş yuxular" romanını Qarabağ probleminin Azərbaycan dövlətinin, xalqının xeyrinə həll olunmasına zərbə hesab edən xalq şairi Fikrət Qoca hesab edir ki, bu əsəri Ə.Əylisli "Nobel" almaq üçün yazıb. F.Qoca deyib ki, əsərin Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində çap olunması səbəbsiz deyil: "Əsərin indiki məqamda çap olunması, şübhəsiz ki, təsadüfi deyil. Xocalı faciəsinin ildönümü və fevral ayı yaxınlaşır. Bu məsələlər də ordan qaynaqlanır. Soyqırım hadisəsi bir çox ölkələr tərəfindən qəbul edildi. Lakin Sumqayıt hadisələrini gündəmə gətirmək və inkar etmək üçün bu əsərdən istifadə edəcəklər. Baş vermiş qırğın və soyqırımdan öz mövqelərinə uyğun istifadə edəcəklər. Hətta indi də istifadə edirlər. Bu qədər təsadüf olması inandırıcı deyil... Bu əsər 2011-ci ildə kitab şəklində çıxıb. Orada hətta elə məsələlər var ki, ruslar və "Drujba narodov" jurnalı bunları verməkdən çəkinmişdi. Lakin ermənilərin xeyrinə olan hissə çap olunub. İş bu yerə çatdıqda isə "Drujba narodov" jurnalı da bu romanı çap edib. Mən bildiyimə görə, "Nobel" almaq üçün də təqdim edib".

   Yazıçı Əkrəm Əylislini bu romanına görə qınayanlar, fikrimizcə, yanılmır. Onlar azərbaycanlı bir yazıçını öz qələmini ermənilərin xeyrinə işlətməkdə suçlayır. Ə.Əylisli həqiqətən də Azərbaycanın dövlət maraqlarını tapdayıb, Qarabağ probleminin xalqımıza gətirdiyi bəlalardan, fəlakətlərdən yazmayıb.üçün yazmadığı yalnız özünə bəllidir...Fakt budur ki, "Daş yuxular" erməniləri əzilən, türkləri isə əzən bir xalq kimi təqdim edib. Ə.Əylislinin erməni şovinizminə xidmət etməsi həm ədəbiyyatımıza, həm də tariximizə düşən qara bir ləkədir.

 

 

   İradə SARIYEVA

 

  Bakı Xəbər.-2013.-5 fevral.-S.-15.