Bakıda ictimai nəqliyyatın təşkilində ictimai maraqların müdafiəsi...

 

   Bayram Zülfiyev: "Deyim ki, "Bakı şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsinin böyük faydası oldu"

 

   Əsrlər əvvəl nəqliyyat növü kimi əsasən at arabalarından, dəvədən, suda isə qayıq, sal və gəmilərdən istifadə edilirdi. İnsanlar təkmilləşdikcə, təfəkkürləri inkişaf etdikcə, yeni kəşflər, ixtiralar barədə düşünür. Nəticədə atdan da, dəvədən də, qayıqdan da sürətlə hərəkət edən müasir nəqliyyat növləri icad edilib.

   Hazırda nəqliyyat vasitəsi kimi çeşidli minik növlərinin adlarını çəkə bilərik. Amma onların nə olduğu hər kəsə məlumdur.

   Bakıda nəqliyyat infrastrukturunun inkişafına həmişə ciddi fikir verilib. Bu gün də o ənənə davam etdirilir. Bakı şəhərində ictimai nəqliyyatın təşkili məsələsi gündəmdədir. Nəqliyyatın təşkilində ictimai maraqların nəzərə alınması ən vacib bir məsələdir. Bu mənada ki, həmin nəqliyyat növlərindən sadə vətəndaşlar istifadə edir. Hazırda avtobuslar, metro qatarları, eləcə də taksilər şəhərdaxili ictimai sərnişin daşıma işini həyata keçirir.

   Bakının inkişafı getdikcə geniş vüsət alır. Şəhərimiz günü-gündən gözəlləşib dəyişir. Bu da paytaxtda yeni ab-havanın yaranmasına gətirib çıxarır. Bakıda nəqliyyat sisteminin inkişafı, problemsiz işləməsi ictimaiyyətin həyatını yüngülləşdirən, istədikləri yerə rahat şəkildə gedib gəlmələrini təmin edən bir haldır. Dövlət də ictimaiyyətin nəqliyyatdan rahat formada istifadə etməsini təmin etmək üçün müxtəlif tədbirlər görür. Bilirik ki, son 10-12 ildə Bakı dünyanın ən inkişaf edən, mədəni, iqtisadi, sosial cəhətdən sayılıb seçilən bir şəhəri kimi diqqət mərkəzindədir. Məlumdur ki, şəhərimizin hərtərəfli gözəlləşməsi buranı bir sıra beynəlxalq tədbirlərin, idman yarışlarının, konsert və festivalların keçirildiyi doğma evə çevirib. Sevinirik ki, bu gün Bakıda dünya dövlətlərinin siyasət, mədəniyyət, iqtisadiyyat, texnologiya və s. sahədə keçirdiyi forum və zirvə toplantıları təşkil edilir. Bunlar hamısı şəhərimizin müsbət imicinin formalaşmasına xidmət edən amillərdir.

   Bəllidir ki, bütün böyük şəhərlərdə yaşanan nəqliyyat sıxlığı, tıxaclar nəticəsində xüsusən də ictimai nəqliyyatın hərəkətində yaranan problemlər ictimaiyyəti ciddi narahat edir. Təbii ki, dövlət də ictimaiyyətin qayğılarını nəzərə alıb şəhərin ictimai nəqliyyat sisteminin inkişafına çalışır. Azərbaycan müstəqillik əldə etdikdən sonra şəhərin nəqliyyat sistemində bir sıra köklü dəyişikliklər nəzərə çarpmağa başlayıb.

   Nəqliyyat üzrə mühəndis Bayram Zülfiyevin sözlərinə görə, Bakının ictimai nəqliyyat sahəsində köklü dəyişikliklər son illər özünü daha aydın şəkildə göstərir. B.Zülfiyevin dediyinə görə, 15-20 il əvvəl Bakıda ictimai nəqliyyatın ictimaiyyətin tələblərini ödəməsi haqda söhbət gedə bilməzdi. Mütəxəssis deyir ki, vaxt vardı ki, paytaxtın nəqliyyat sektorunda yeganə normal işləyən metro olub, bu gün isə bu sahədə böyük irəliləyiş var: " 15-20 il qabaq Bakının ictimai nəqliyyat sahəsində çox ciddi problemlər vardı. Mərkəzi yerlərdə tramvay və trolleybuslar işləyirdi. Avtobusların çoxu sovet dövründən qalan sınıq-sallaq nəqliyyat vasitələri idilər. Bəzən sərnişin dayanacaqda saatlarla gözləyirdi ki, bəlkə onun gedəcəyi marşrut gəldi. Nəqliyyatımızın iflic durumda olduğu bir vaxtda Bakıda tramvay və trolleybus xətləri kəsildi, onların fəaliyyəti dayandırıldı. Bu da həm ekoloji, həm də sosial-iqtisadi cəhətdən şəhərimiz üçün böyük çətinliklər yaratdı. İctimai nəqliyyat böhranı sonrakı dövrdə yavaş-yavaş qaydasına düşməyə başladı. Yadınıza gəlirsə, keçən əsrin 90-cı illərində Bakı küçələrində yeni tipli ictimai nəqliyyat növləri peyda olmağa başladı.Belə demək mümkünsə, bu, nəqliyyat sahəsində başlanan ilk islahatların nəticəsi idi. Bu nəqliyyat növləri camaat arasında "Qazel", "Raf" adları ilə tanınırdı. Bu nəqliyyat neçə illər sərnişindaşımada böyük yer tutdu. Lakin onların salonunun həddən artıq darlığı, ictimai tələbatı tam ödəyə bilməməsi və bu sahədə problemlərin həllinə çox az təsir göstərməsi "Qazel" və "Raf"ları sıradan çıxardı. Düzdür, bu gün də ara-sıra onları xətdə görürük, amma artıq onların dövrü bitdiyindən, ictimaiyyətin nəqliyyatın bu növünə marağı azalıb. Bakıda ictimai nəqliyyat sisteminin inkişafı baş verdi. Təbii, burada ilk növbədə biz dövlət qayğısını nəzərə çatdırmalıyıq. Dövlət səviyyəsində ictimai nəqliyyatın inkişafı, yenilənməsi, bu sistemin daha faydalı olmasının təmin edilməsi üçün müxtəlif sənədlər qəbul edilib, Dövlət Proqramı haqda sərəncam imzalanıb. Yadınıza salım ki, hələ bir neçə il əvvəl "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair 2006-2015-ci illər Dövlət Proqramı" qəbul edildi. Bu proqramda iflic vəziyyətində olan ictimai nəqliyyat sisteminin tərəqqi yoluna aparılmasından söhbət gedirdi. Bir məqamı da qeyd edim ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahənin inkişafına ciddi önəm verməyə başladı. Bilirik ki, o, iqtisadiyyatın, xüsusən də onun bir qolu olan nəqliyyatın inkişafında maraqlı idi. Deyim ki, " Bakı şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamının da o zaman böyük faydası oldu. Sərəncamda deyilirdi ki, ölkənin dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin təşkilini şərtləndirir. Sənəddə həmçinin bildirilirdi: "Bu istiqamətdə zəruri olan kompleks tədbirlər həyata keçirilərək, sahənin dövlət idarəetməsində bir sıra islahatlar aparılıb, yeni normativ-hüquqi baza formalaşdırılıb, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər aparılıb. Son illərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığın genişləndirilməsi, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin vüsət alması nəqliyyat sisteminin fəaliyyətinə də öz təsirini göstərib. Belə ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə intensivləşdirib. Nəticədə Bakı şəhəri də bütün iri şəhərlərə xas olan nəqliyyat problemləri ilə üzləşib. Bunlardan mövcud küçə-yol şəbəkəsinin hərəkətin yaranmış gərginliyinin öhdəsindən tam gələ bilməməsi, buraxılış qabiliyyətinin aşağı düşməsi, Bakının nəinki mərkəzi hissəsində, eləcə də şəhərə girişi-çıxışı, tranziti təmin edən bütün istiqamətlərdə, xüsusilə pik saatlarında gündəlik həyat ahənginə mənfi təsir göstərən çoxlu tıxacların əmələ gəlməsi qeyd edilməlidir". Buradan da gördünüz ki, Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək məqsədilə Prezident qərar qəbul edib".

   B.Zülfiyev bildirdi ki, Prezident tərəfindən təsdiq edilən bu rəsmi sənədin bütün bənd və maddələri 2006-cı ildən üzü bu yana sürətlə icra edilməkdədir. Mütəxəssis bildirdi ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda ictimai nəqliyyat sektorunun ictimai maraqların müdafiəsinə uyğun şəkildə fəaliyyət göstərməsi dövlətin başlıca istəyidir. "Mən özüm yeniliklərdən danışmazdan əvvəl tarixə qayıtmaq istədim. Onsuz da ictimaiyyət nəqliyyat sahəsində keçmişdə yaşadığı problemləri yada salır. Amma yeri gəlmişkən, dövlət başçımızdan bir şey xahiş etmək istəyirəm. Tramvay və trolleybus nəqliyyat növlərinin bərpası ilə bağlı bir düşünsün. Bunun çox uğurlu nəticəsi ola bilər. Bakının ictimai nəqliyyat sektorunun sürətli inkişafı diqqət çəkir. Bu gün Bakıda nəqliyyat bolluğu yaşanır. Bu da bir tərəfdən yaxşı olsa da, o biri tərəfdən sıxlıq və problem yaradır. Bakının genişlənməsi, prospekt və küçələrin yenidən qurulması, təmir edilməsi şəhərdə yaşanan tikinti intibahının nəticəsidir. Yeni və müasir tipli körpülər, inşa edilən yol qovşaqları, piyadalar üçün keçidlər, quraşdırılan işıqforlar hamısı ictimai nəqliyyatın yüksək səviyyədə işləməsinə və ictimaiyyətin maraqlarına uyğun hərəkət etməsinə hesablanıb. Bilirsiniz ki, son 4-5 ildə Bakıda nəqliyyat sektorunun inkişafı, müasir tələblər üzrə qurulmasını dövlət və Nəqliyyat Nazirliyinin müvafiq qurumları həyata keçirməyə başlayıb. Biz Bakıya yeni tipli sərnişindaşıma avtobuslarının, xüsusən də "Transqeyt"lərin, "London" taksiləri adlandırılan nəqliyyat növlərinin gətirilməsindən sonra danışırıq. Yəni bu da inkişafın içində olan əsas məsələdir. Amma bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu da kadr problemidir. Təəssüflər olsun ki, hazırda nəqliyyat müfəttişliyində, sonra dispetçer vəzifəsində çalışanların bir qismi nəqliyyat sahəsində qeyri-peşəkarlardır. Yəni onların təhsili bu sahə ilə uzlaşmır. Bu da müəyyən problemlər yaradır. Əsasən də ictimaiyyətlə yaşanır bu anlaşılmazlıqlar. Bura onların kobudluğu, davranışlarının normal olmaması və başqa şeylər aiddir. Bu gün bizim Texniki Universitetdə nəqliyyatın idarə edilməsi sahəsindən tutmuş başqa sahələrə qədər ixtisaslar üzrə gənclərimiz təhsil alır. Onlar ali məktəbi istehsalata hazır vəziyyətdə bitirir. Yaxşı olardı ki, onlar ixtisaslarına uyğun olaraq bu sahəyə cəlb edilsin. İctimai nəqliyyat sahəsində peşəkarların sayı nə qədər çox olarsa, dövlətin bu sahədə qarşıya qoyduğu məsələlər bir o qədər dəqiqliklə yerinə yetirilər. İctimai nəqliyyat ictimaiyyətin tələblərinə cavab verməlidir. Şəhərdə ucsuz-bucaqsız tıxaclar baş verir. Saatlarla yolda qalmalı oluruq. Bunun bir səbəbi də sükan arxasında peşəkarların olmamasıdır. Bir də görürsən ki, naşı, pulla kateqoriya alan, vəzifə qazanan bir sürücü idarə etdiyi "Transqeyt"lə yolu kəsib. Səbəb isə vaxtında cəld tərpənib yolu keçə bilməməsidir.

   Bu da böyük tıxac yaradır. Amma peşəkar sürücü harada necə hərəkət etməli olduğunu yaxşı bilir. İddia etmirəm ki, tıxacların tamamilə səbəbkarı onlardır. Hər halda bu məsələdə onların da "əməyi" var. Qabaqlar ictimai nəqliyyatın avtobus növündə sürücülük edənlər ictimaiyyətdə ən hörmətli, dəyərli insanlar kimi qəbul edilirdi. Çünki onlar şəhər sakinlərinin təhlükəsiz bir yerdən başqa yerə getməsini təmin edirdilər. Məsələn, "D" kateqoriyası alan sürücü yüksək iyerarxiya pilləsində-sürücü elitasını təmsil edirdi. Amma indi dünən sürücülük vəsiqəsi alan, bu gün isə sükan arxasında əyləşib sərnişindaşıma ilə məşğul olanların çoxu ictimaiyyətin maraqlarına xidmət etmir..."

 

   Mövzunun ardı olacaq...

 

  

  İradə SARIYEVA

 

   Bakı Xəbər.-2013.-8-10 fevral.-S.-15.