İctimai nəqliyyatın
təşkili ictimai maraqlara
necə cavab verir?
"İctimai
nəqliyyatda ölüm hallarının 20-30 faizi..."
Bakı şəhərində
ictimai nəqliyyatın təşkili işinin və bu məsələdə
ictimai maraqların müdafiəsinin hansı səviyyədə
həyata keçirilməsi hər birimizi maraqlandırır.
Bakıda nəqliyyat sarıdan illər əvvəlki problem
yaşanmır. İndi demək olar ki, şəhərin istənilən
yerinə getmək üçün avtobus
qıtlığı yaşanmır.
Bu sahədə əhalini ən
çox narahat edən tıxaclardır. Sirr deyil ki, bu gün
Bakıda həm dövlət balansında olan, həm də
müstəqil servis və qurumlar tərəfindən müxtəlif
istiqamətlər üzrə xəttə buraxılan
marşrut avtobusları var. Avtobusların çoxluğu şəhərdə
ictimai nəqliyyat probleminin ictimaiyyətin maraqları müstəvisində
həllində böyük rol oynayır.
Azərbaycanda ictimai nəqliyyat
sisteminin inkişafı, yeni marşrut xətlərinin
açılması, əhaliyə yüksək səviyyədə
xidmət göstərilməsi və sairlə bağlı bir
sıra rəsmi qərarlar qəbul edilib.
Bakı şəhərində
ictimai nəqliyyat sarıdan yaşanan problemlərin xeyli dərəcədə
aradan qaldırılmasında rol oynayan 2000-ci illərin
ortalarından şəhərimizə gətirilən müxtəlif
markalı, iritutumlu marşrut avtobuslardır. "MAN",
"DAEWOO", "MAZ" və digər ictimai nəqliyyat
növlərinin şəhərimizdə görünməsi
ictimaiyyətin az qala hər gün üzləşdiyi problemə
müəyyən qədər son qoydu.
Nəqliyyat üzrə mühəndis
Bayram Zülfiyevin dediyinə görə, son bir neçə
ildə şəhərimizə və bölgələrimizə
gətirilən iritutumlu avtobuslar əhalinin tələbatını
ödəməyə hesablanıb. Bu nəqliyyat növlərinin
əsasən dövlət hesabına
alındığını deyən B.Zülfiyev hesab edir ki, bəziləri
ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar
yayır. Onun sözlərinə görə, bəzi
dırnaqarası şirkət və şəxslər xəbər
yayır ki, guya dövlət vəsaiti hesabına alınaraq
ölkəyə gətirilən və xəttə
buraxılan avtobuslar əhalinin tələbatına uyğun
deyil: "Belə xəbərlər adamı narahat edir. Şəhərimizə
gətirilən ictimai nəqliyyat növlərindən,
xüsusən də avtobuslardan hər birimiz istifadə edirik.
Çox rahat avtobuslardır. Bəzi adamlar yalan məlumat
yayır ki, onlar keyfiyyətsizdir, yaxud həddən artıq
baha alınıb, əhalinin tələbatını ödəmir.
Rəsmi məlumata görə, 2008-ci ildə ölkəyə
ictimai nəqliyyat növü olan avtobusların alınaraq gətirilməsinə
dövlət büdcəsindən 30 milyon manat ayrılıb.
Amma avtobusları özəl qurumlar gətirdiyinə görə,
onların da külli miqdarda vəsait ayırdığı
deyilirdi. Rəsmi deyilənə görə, hökumət xəttilə
ölkəyə 280 avtobus gətirilib. Az göstərici deyil
ki? Bu məlumatları müəyyən qüvvələr
şişirdib problem açırlar.
Bu yalanlar nəyə lazımdır?
Fakt budur ki, Bakıya çeşidli marşrut avtobusları gətirilib
və əhali də ondan istifadə edir. İctimai nəqliyyatın
çoxluğu problemlər də yaradır, amma məsələ
burasındadır ki, camaat onların çoxluğunu
razılıqla qarşılayır. "Transgeyt"lərin
şəhərə gətirilməsi uzun illərdən bəri
ictimaiyyətdə əsəb gərginliyi, qıcıq yaradan
bir məsələyə son qoydu. Artıq insanlar salonda
bir-birinə yapışmadan rahat gedə bilir. Çünki nəqliyyatın
içi genişdir. Ümumiyyətlə, ictimai nəqliyyatın
ictimaiyyətin maraqlarına uyğun tənzimlənməsi,
idarə edilməsi vacib amildir. Artıq yollarımız da
yenilənir. Körpülər, yol qovşaqları tikilir.
Düzdür, şəhərdə tikintinin geniş vüsət
alması, çox yeri əhatə etməsi iritutumlu
avtobusların hərəkətinə maneçilik törədir.
Amma bununla belə, iritutumlu avtobuslar ictimaiyyətin
razılıqla qarşıladığı nəqliyyatdır".
B.Zülfiyevin sözlərinə
görə, Bakıda hərəkət edən iri və
ortatutumlu avtobuslar əsasən Almaniya, Koreya, Çin və
Belorusdan alınıb. B.Zülfiyevin sözlərinə
görə, Bakıda ictimai nəqliyyat vasitələrinə
aid bəzi problemlər də var ki, onlar diqqətdən
qaçmır: "Mən nəqliyyat sisteminin yaxşı tərəflərini
hər zaman səmimiyyətlə etiraf etməyə
özümü bir mütəxəssis kimi borclu sayıram.
Yaxşını görüb qiymətləndirmək
lazımdır. Eyni zamanda da, nöqsanları demək yerinə
düşərdi. Son illər nəqliyyat sisteminin təkmilləşdirilməsi
üçün nazirliyin və aidiyyəti qurumların
göstərdiyi səyləri müsbət qiymətləndirirəm.
Amma müşahidə etmişəm ki, sərnişindaşıma
ilə məşğul olan avtobusların çoxunda nə
tibb çantası var, nə də yanğınsöndürmə
balonları. Əslində, bu çox vacib bir məsələdir.
Həm tibb çantası, həm də
yanğınsöndürmə balonu hər bir ictimai nəqliyyat
növündə olmalıdır. İstismarda olan
avtobusların sürücüləri, sahibləri bu
nöqsanı aradan qaldırmalıdır. Beş-altı dəfə
olub ki, müxtəlif marşrutlara minib "sizdə bint, yod,
spirt, ağrıkəsici dərmanlar, naşatır spirti
varmı? Yanğınsöndürmə balonunuz
hardadır?" - deyə soruşmuşam. Sürücülər
deyib ki, onlarda belə şeylər yoxdur. Onlar deyir ki, tələb
olunan bu vəsaitləri maşın sahibləri
almalıdır. Onlar da belə şeylərə əhəmiyyət
vermir. Halbuki bütün ictimai nəqliyyatda onlar
olmalıdır. Mən mütəxəssislərdən birinin
rəyini oxudum. O qeyd edir ki, ictimai nəqliyyat qəza törətdiyi
zaman ölüm hallarının 20-30 faizi ilk tibbi yardımın
zamanında göstərilməməsi ilə
bağlıdır. Yəni qəza baş verir,
yaralının yarasını sarımaq üçün
lazım olan tibbi vasitələr olmur. Təəssüf ki,
"Transgeyt" şirkətinin avtobuslarında bu vəsaitlərin
olmaması halları daha çox nəzərə
çarpır
Bu yaxınlarda gördüm ki, Nəqliyyat
Nazirliyi də mənim narahat olduğum bu məsələ ilə
bağlı rəsmi xəbər yayıb. Nazirlik təmsilçiləri
deyib ki, ilk tibbi yardım çantasının həm fərdi
minik vasitələrində, həm də ictimai nəqliyyatda
olması vacibdir. Nazirlikdən deyiblər ki, bu məsələyə
özəl avtobusların sahibləri xüsusi nəzarət
etməlidir. Nazirlik güman edir ki, ilk tibbi yardım
çantaları və təhlükəsizlik balonları yəqin
onların nəzərindən qaçıb. Nazirlik vəd
edib ki, bu problemin həllinə çalışacaqlar.
İnanıram ki, problem kökündən həll
olunacaq".
İctimai nəqliyyat sahəsində görülən böyük işlərdən birinin də London taksilərinin Bakıya gətirilməsi olduğunu deyən mütəxəssis bildirir ki, bu ictimai nəqliyyat vasitələri də ictimaiyyətin maraqlarının müdafiəsinə söykənir. B.Zülfiyevin xatırlatmasına görə, London taksisinin Bakıya gəlişi əsasən ölkəmizin paytaxtında keçirilən "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsilə bağlı olub: "Bənövşəyi taksilərin Bakıya gətirilməsi haqda xəbər yayılanda ictimaiyyətdə qəribə bir canlanma yarandı. Hamı bu taksiləri gözləməyə başladı. Bu taksilərin gəlişi camaatın ürəyincə oldu. Başlıcası genişliyinə görə camaatın ondan xoşu gəlir. Ölkəmizdə "Eurovision-2012" yarışması ilə bağlı gətirilən bu taksilərdən şəhərimizə gələn turistlər razı qaldılar. Əslində bu, şəhərimizin inkişafı ilə sıx bağlı olan bir məsələdir. Bu gün London taksilərinin sayı çoxalıb. Düzdür, bəzən camaat narazılıq edir ki, London taksilərinin sürücüləri sərnişinlərdən artıq pul alır. Ola bilsin belə problem var. Yaxşı olar ki, bununla üzləşən sərnişin bu cür sui-istifadə halına görə müvafiq qurumlara müraciət etsin. London taksilərinin gəlişi istismar üçün yararsız olan taksiləri sıradan çıxardı. Elə maşınlar vardı ki, ona minmək həm sərnişin, həm də sürücünün özü üçün böyük təhlükə yaradırdı. Amma bu gün onlar xətlərdə yoxdur. Deyim ki, London taksiləri "AVRO 4" standartlarına uyğundur".
Mütəxəssis
bildirdi ki, bir müddət əvvəl Nəqliyyat
Nazirliyində Bakıda mövcud ictimai nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci
illər üçün Tədbirlər
Planının müzakirəsi keçirilib.
B.Zülfiyevin sözlərinə görə,
nəqliyyat nazirinin müavini
Musa Pənahovun rəhbərliyilə
keçirilən müzakirələrə Nəqliyyat
Nazirliyinə tabe olan
qurumların nümayəndələri də qatılıb: "Tədbirlər Planında yol
hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi
və hərəkət intensivliyinin
artırılması üçün
çoxzolaqlı yollarda eyni
səviyyəli piyada keçidlərinin ləğv
edilərək yeraltı və yerüstü
piyada keçidlərinin inşası,
yol-nəqliyyat hadisələrilə əlaqədar Dövlət Yol Polisi
ilə operativ əlaqə
yaradılması, həmçinin işıqfor obyektlərinin
daimi işlək vəziyyətini təmin
etmək üçün "qaynar xətt" əlaqə mərkəzinin
yaradılması, Bakı şəhərinin küçə
və prospektlərinin icazə olmadan
bağlanması hallarının qarşısının
alınması və sair məsələlər
öz əksini tapıb. Görürsünüzmü,
nazirlik səviyyəsində mütəmadi
olaraq ictimai nəqliyyat
sektorunun, sisteminin təkmilləşdirilməsi
üçün böyük
işlər görülür, təkliflər
irəli sürülür. Bundan əlavə,
Tədbirlər Planında parklanmanın təşkili üzrə
müəyyən tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur, o
cümlədən, Bakı şəhərində parklanmaya nəzarət xidmətinin
yaradılması, yol kənarında yerləşən
iri ticarət, ictimai-iaşə və sosial obyektlərə gələn nəqliyyat
vasitələri üçün parklanma yerlərinin müəyyən olunması
və tikilməsi də Tədbirlər Planında əks olunub. Habelə müvafiq
normativlərə uyğun olaraq
parklanma yerləri olmayan
yeni iri obyektlərin tikintisinin qadağan
olunması kimi məsələlər də
burada yer alıb. Tədbirlər
Planında ictimai nəqliyyat üzrə,
həmçinin Bakı şəhərində mövcud avtomobil
yollarının tikintisi üzrə də
müddəalar qeyd edilib.
Bu Tədbirlər Planı tam
olaraq yerinə yetirilsə, ictimai nəqliyyat sahəsində daha da böyük
uğurlar əldə olunar.
Burada ictimai nəqliyyatın
bütün mövcud
müasir problemlərinə toxunulur".
Nazirlik rəsmilərinə istinad edən müsahibimiz bildirdi ki, Tədbirlər Planı üç hissədən ibarət olacaq. Onun sözlərinə görə, birinci hissədə nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi qeyd edilir. Mütəxəssisin sözlərinə görə, ikinci hissə isə, Bakı şəhərində nəqliyyat infrastrukturunun dəqiqləşdirilməsidir: "Rəsmi məlumata görə, bura gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanlarının imkanlarının araşdırılması və tədbirlərin görülməsi aiddir. Bu sıraya olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, eyni zamanda da qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi, yeni yolların tikintisi, bütün yolların xətlənməsi, yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması da daxildir. Üçüncüsü isə, nəqliyyat xətlərinin idarə olunması və təşkili istiqamətidir. Bu istiqamətdə görüləcək işlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunan bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması aiddir.
Həmçinin burada nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zonaların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifəsində yerləşdirmək nəzərdə tutulur. Bu məsələlərin hər biri ictimaiyyətin maraqlarının müdafiəsinə aiddir. Hər bir tədbir ictimai və dövlət maraqlarının təmin olunmasına hesablanıb".
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-11 fevral.-S.12.